24 Aprel 2024

Çərşənbə, 18:09

BAKIDAN BUENOS-AYRESƏ

Azərbaycan gimnastları yeniyetmələrin Olimpiya Oyunlarına daha bir vəsiqə qazandılar

Müəllif:

01.07.2018

Milli Gimnastika Arenasında növbəti mötəbər beynəlxalq yarışa ev sahibliyi etdi. Söhbət yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarından gedir. Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlandı.

İlin ən mötəbər turnirinə lisenziya uğrunda 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastı mübarizə apardı. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında yarışdılar. Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil etdi. Qeyd edək ki, qaydalara əsasən təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə etdilər.

54 kişi idman gimnastı arasında çoxnövçülükdə gedən mübarizədə əzmkar çıxışları ilə fərqlənən təmsilçimiz Səməd Məmmədli 77.931 xalla sıralamada 7-ci yerdə oldu. Gənc idmançımız çətin hərəkətləri ustalıqla yerinə yetirməklə məşqçiləri sevindirdi. Kişi gimnastları arasında digər təmsilçimiz Ağamurad Qəhrəmanov da öz layiqli çıxışları ilə komanda yoldaşından geri qalmadı. İdmançımız 6 alətdə göstərdiyi nəticələrə əsasən, ümumilikdə, 74.032 xalla 21-ci yerdə qərarlaşdı. Qadın idman gimnastlarının təsnifat yarışlarında isə Samirə Qəhrəmanova çoxnövçülükdə 43.665 xal toplayaraq, 41 gimnast arasında 28-ci oldu.

Qaydalara əsasən həm kişi, həm də qadın idman gimnastları arasında hər ölkədən yalnız 1 nəfər olmaqla ən yaxşı nəticəni toplamış 17 gimnast 2018-ci ilin 6-18 oktyabr tarixlərində Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etmiş sayılır. İlkin hesablamalara əsasən təmsilçimiz Səməd Məmmədli də ölkəmiz üçün bu oyunlara vəsiqəni təmin edib. Lakin lisenziyaların təyin olunması haqda rəsmi məlumatın gələn həftə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Turnirdən sonra Səməd Məmmədli təəssüratlarını “Region Plus”la bölüşüb: “Doğma arenada çıxış etmək həm məsuliyyətdir, həm də sevinc. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların dəstəyi bizə əlavə güc verir. Müəyyən mənada həyəcan var idi. Amma məşqçilərin sayəsində yaxşı hazırlıq keçmişdik. Ən güclülərin Bakıda mübarizə aparması rəqabəti artırdı. Mənə göstərilən dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasına, məşqçi heyətinə minnətdarlığımı bildirirəm. Mümkün qədər yaxşı çıxış etməklə yüksək xal qazanmağa çalışdım. Bundan sonra üzərimdə daha çox çalışacam”.

Təsnifat yarışlarının iştirakçısı, ispaniyalı gimnast Alba Petisco isə “Region Plus”a açıqlamasında təşkilatçılıq barədə danışıb: “Yarışlar haqqında təəssüratım çox yüksəkdir. İdmansevərlər hər bir gimnastı mübarizəyə səsləyir. Bir sözlə, yarışların keçirilməsi üçün çox gözəl şərait yaradılıb. Yarışlarda güclü rəqabət var”.

Gimnast öz çıxışları barəsində yüksək fikirdədir və Olimpiya oyunlarına vəsiqə qazanacağına ümid edir: "Ümumilikdə çıxışlar uğurlu alındı. Müxtəlif alətlərdə bəzi səhvlər oldu, ancaq bu nəticəyə təsir etmədi. Ümid edirəm ki, mən Buenos-Ayresdəki Olimpiadaya düşə biləcəyəm".

Rusiyalı gimnast Yuri Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb. Rus gimnast deyib ki, Bakıda ilk dəfə olur və burada çıxış etmək çox xoşuna gəlib: "Sizin gözəl arenanız və keyfiyyətli idman alətləriniz var. Yeniyetmələr üçün, demək olar ki, Buenos-Ayresə yol Bakıdan keçir. Ona görə son aylar ancaq Bakıdakı yarış haqqında düşünürdüm. Bütün səylərimizi lisenziya xarakterli turnirdə uğurla çıxış etməyə yönəltmişdim. Ümid edirəm ki, lisenziya qazananlar arasında mənim də adım olacaq”.

Xatırladaq ki, oktyabrda Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Yay Olimpiya Oyunları sayca üçüncü dəfə keçirilir. İlk dəfə 2010-cu ildə Sinqapurda, ardınca isə Çində təşkil olunan turnirdə 20-yə yaxın idman növü uğrunda mübarizə aparılır. Dörd ildən bir keçirilən yarışlarda cari ildə Azərbaycan ilk dəfə idman gimnastikasında təmsil oluna bilər. Ümumiyyətlə, Yeniyetmələrin Olimpiya Oyunlarında gimnastikanın 5 növü var. Azərbaycan bədii gimnastika üzrə artıq lisenziya qazanıb.



MƏSLƏHƏT GÖR:

373