23 Aprel 2024

Çərşənbə axşamı, 21:16

«KATASTROFİK» VACİBLİK

Bu il aqrar sığorta üzrə yeni qanunun qəbulu, həm də Aqrar Sığorta Fondunun yaradılması gözlənilir

Müəllif:

01.07.2018

Azərbaycanın sığorta bazarı neft qiymətlərinin düşməsi və milli valyutanın üç il əvvəl ciddi bank böhranına səbəb olmuş devalvasiyasının yaratdığı tənəzzülün təsirlərini bütövlükdə dəf edib. İqtisadiyyatın qeyri-neft sektorunda hələ keçən ildən müşahidə olunan müsbət meyillər sığortaçılara 2017-ci ildə qeydə alınmış müsbət artım tendensiyasını davam etdirməyə və bu ilin ilk beş ayında sürətli artımı təmin etməyə yardımçı olub. Buna baxmayaraq, mükafatlarının 90%-nin aparıcı 10 sığorta şirkətinin payına düşdüyü sahədə hələ də hiss edilən çatışmazlıqların aradan qaldırılmasına ehtiyac var. Beləliklə, sığortaçıların ixtisaslaşmasını gücləndirmək, daha çox əhatə olunmamış sahələrin, o cümlədən aqrar sığortanın da inkişafını təmin etmək lazımdır.

 

Strateji məqsəd

Məlum olduğu kimi, sığorta bazarı da ölkənin bütün maliyyə sektoru kimi 2015-2016-cı illərdə baş vermiş enerji böhranı, devalvasiya və qeyri-neft iqtisadiyyatının azalmasının yaratdığı mənfi təsirlərdən qaça bilmədi. Bu və bir sıra digər amillər sığorta bazarının zəif həlqələrinin bazardan çıxarılmasına səbəb oldu: Azərbaycan sığorta şirkətlərinin sayı 27-dən 22-yə endi. «Standard & Poor 's» (S&P) beynəlxalq reytinq agentliyinin assosiativ direktoru Yekaterina Tolstovanın sözlərinə görə, sığorta şirkətlərinin çoxunun sahibləri banklardır və böhranın əvvəlindən onların devalvasiyaya görə qarşılaşdığı problemlər sığorta sektoruna da təsir etdi: «2013-2017-ci illərdə Azərbaycanda sığorta gəlirləri dollar ifadəsində 38% azalıb, manatla isə 37% artıb. Bu, milli valyutanın mövqeyi ilə bağlıdır»,- deyə S&P ​​nümayəndəsi vurğulayıb. Sığorta sahəsində davamlı müsbət meyil yalnız 2016-cı ilin sonunda peyda olmağa başladı və 2017-ci ilin sonunda Azərbaycanda ümumi sığorta yığımları 12%-dən çox artaraq 556,9 mln. manat təşkil etdi.

Son üç ildə həyata keçirilən iqtisadi islahatlar qeyri-neft sektorunun artım templərinə dinamika verdi, ixracatın artırılmasına və ticarət balansı rəqəmlərinin önəmli dərəcədə yaxşılaşdırılmasına imkan yaratdılar. Bu tədbirlər, eləcə də mənzil tikintisi sahəsində dövlətin dəstəyi ilə həyata keçirilən layihələr, sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsinin artımı sığorta şirkətlərinə itirilmiş imkanları sürətlə bərpa etməkdə yardımçı oldu. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında Azərbaycan sığorta şirkətlərinin toplam yığımları 350.8 mln. manat olub ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 46.11% çoxdur.

Lakin sığorta haqqı yığımı üzrə rekord artım templərinə baxmayaraq, ölkənin ümumi ölkə ÜDM-ində payı hələ də çox aşağıdır və yalnız 0.8% təşkil edir. "Azərbaycan ölkənin qeyri-neft ÜDM-də sığorta yığımlarının payını artırmalıdır. Bizim strateji məqsədimiz bu göstəricini 8%-ə qədər artırmaqdır. O cümlədən 2018-ci ilin sonuna qədər biz sığorta yığımlarının payını 1,4%-ə qədər artırmaq niyyətindəyik", - deyə MBNP-nin icraçı direktoru İbrahim Alışov bu yaxınlarda keçirilmiş "Azərbaycanda sığorta: yeni perspektivlər" adlı konfransda bildirib.  

Palatanın icraçı direktorunun sözlərinə görə, həmçinin ölkənin maliyyə aktivlərinin ümumi həcmində sığorta bazarının aktivlərinin payını artırmaq lazımdır. Bu göstərici bu gün 2%-dən artıq deyil və son iki ildə onun artımını təmin etmək mümkün olmayıb. Bir sıra ekspertlərin fikrincə, sığorta bazarının dövriyyəsinin artırılması inkişafı hazırda mövcud potensiala cavab verməyən bir sıra sahələrin daha geniş əhatəsi hesabına mümkündür. Bu, məsələn, yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlakın sığortasının, məcburi tibbi sığortanın, habelə kənd təsərrüfatı sektorunda sığorta xidmətlərinin əhatə dairəsinin dəfələrlə çoxalması hesabına mümkündür.

 

Risklər var - heç bir sığorta yoxdur

Xüsusilə, bu tədbirlər «Azərbaycanda maliyyə xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsində» nəzərdə tutulur. "Yol xəritəsi"nin perspektivli istiqamətlərindən biri aqrar risklərin sığortasının inkişafıdır - bu seqment hələ də sığorta bazarının küncdə qalan hissəsidir. Aqrar sektorda sığorta şirkətlərinin fəallığının aşağı olmasının bir neçə səbəbi var və burada Azərbaycan banklarının bu sektora marağının zəif olmasının rolu böyükdür. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı sahəsində sığorta məhsullarına tələbat bank kreditləşməsi ilə yaxından bağlıdır, çünki banklar, adətən, məhsulu və ya heyvanlarını sığorta etdirməyən fermerlərə kredit vermirlər. Ancaq Azərbaycanda belə bir (bank - sığortaçı) əlaqəsinin olması, demək olar ki, müşahidə olunmur.  

Bu təəccüblü deyil, nəzərə alsaq ki, cari ilin ilk dörd ayında Azərbaycan banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) 11,8 milyard manata bərabər ümumi kredit portfelindən yalnız 455.9 milyon manat kənd təsərrüfatının və aqrar emal sektorunun payına düşüb.  

Yəni banklar və BOKT-lar tərəfindən ayrılan kreditlərin ümumi həcminin yalnız 3,9%-i aqrar sahəyə yönəldilib. Ölkədə əmək qabiliyyətli əhalinin, təxminən, 40%-i kənd təsərrüfatı sahəsində çalışır, həmçinin aqrar emal qeyri-neft sənayesinin strukturunda və ölkənin qeyri-neft ixracında aparıcı yerlərdən birini tutur.

Lakin bank sektorunun maraqlarından kənar aqrar sektor subyektlərinin sığorta məhsullarına ehtiyacı varmı? Aydındır ki, var, nəzərə almaq lazımdır ki, Azərbaycan riskli kənd təsərrüfatı zonasında yerləşir: quraqlıq və suvarma üçün su çatışmazlığı, şoranlaşma və torpaq eroziyası, mütəmadi daşqınlar və sellər - bunlar, yerli fermerlərin, demək olar ki, hər il üzləşdiyi risklərin tam siyahısı deyil.

Sığorta şirkətlərinin kənd təsərrüfatı sektoruna cəlb edilməsi üzrə cəhdlər hələ 2002-ci ildə ölkədə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun qəbul olunması ilə edilib. Qanun çərçivəsində hazırlanmış qaydalar sığorta haqqının (sığorta tarifinin) 50%-nin sığorta şirkətinin hesabına dövlət büdcəsindən vəsait ödənilməsi ilə təmin edilməsini nəzərdə tutur. Beləliklə, dövlət təbii fəlakətlərdən - yanğın, dolu, daşqın, don, quraqlıq və s.-dən sığorta xərclərinin yarısını öz üzərinə qəbul etməyə hazırdır.  

Eyni güzəştli sığorta həmçinin xüsusi təhlükəli zərərvericilərin, həmçinin bitki və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılması halı üçün də nəzərdə tutulub. Bitkiçilik məhsulların sığortalanması üzrə ödənişlər məhsulun dəyərinin ən azı 70%-i təşkil edir. Heyvandarlıqda bu, 80%-ə çatır, lakin əmlak, avadanlıq və kənd təsərrüfatı maşınları üçün sığorta ödənişlərinin həcmi onların ümumi bazar dəyərinə bərabərdir. Dövlət büdcəsi hesabına sığortalanan kənd təsərrüfatı bitkilərinin siyahısı buğda ilə yanaşı arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru və digər bitkilər daxildir. Azərbaycanda kənd təsərrüfatı sığortası üzrə orta tarifi ildə, təxminən, 1500 manat (5% / hektar) təşkil edir, bu zaman hektar başına orta illik gəlir 25 min manat götürülür.

Lakin, dövlətin qanunvericilik üzrə və maddi səylərinə baxmayaraq, fermerlərin və sığorta şirkətlərinin kənd sığortasına olan marağı hələ də cüzidir. Bu bariz fakt ölkənin Kənd Təsərrüfatı Nazirliyinin statistikası ilə təsdiqlənir. Məsələn, 2007-2015-ci illərdə dövlət büdcəsində aqrar sığorta məqsədləri üçün 7,5 mln. manat nəzərdə tutulur, lakin bu məbləğdən yalnız 60 min manat ödənilib, yəni büdcə ayırmalarından 0,8%-dən artığı işlədilməyib.  

 

Son iki il yarım ərzində vəziyyət əhəmiyyətli dəyişikliklər olmadan qalıb: sığorta şirkətləri minimal səviyyədə kənd təsərrüfatı sığortası üzrə xidmətlər təqdim edir, fermerlər özləri isə əsasən ona maraq göstərmirlər. Belə ki, MBNP-nin göstəricilərinə görə, 2018-ci ilin yanvar-may aylarında aqrar sığorta bazarı üzrə yığımlar 1,56 milyon manat təşkil edib, sığorta halları üzrə ödənişlər isə 282.9 min manatı olub. Bu sahədə ödənişlərin və yığımların çoxu kənd təsərrüfatı heyvanlarının sığortasının payına düşüb - yığımlar 947,7 min manat təşkil edib.

Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ekspertlərinin fikrincə, Azərbaycanda əkinə yararlı ərazilərinin 75%-i kiçik fermerlər tərəfindən istifadə edilir və onların hər birinin payına, orta hesabla, 2 hektar torpaq düşür. Aztorpaqlı fermerlərin bazar dövriyyəsinin aşağı olması və kiçik gəlirlilik onlar üçün sığorta məhsullarını əlçatmaz edir, eyni zamanda kiçik və orta fermer təsərrüfatlarında sığortanın inkişaf etməməsi onları bank maliyyələşdirilməsinə çıxışdan məhrum edir, ümumiyyətlə, kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi mənbələrinin şaxələndirilməsinə mənfi təsir göstərir.

Vəziyyət həm də ona görə mürəkkəbləşir ki, pis hava şəraiti məhsula təsir edir və istehsalçının krediti ödəməsində problem yaranır. Nəticədə, bankların problemli kreditlərinin payı artır. Əslində, çox vaxt məhz buna görə, ölkənin bank sektoru yerli fermerlərin maliyyələşdirilməsi məsələsinə çox ehtiyatlı və mühafizəkar yanaşır.  

Kənd təsərrüfatı sığortasının az inkişaf etməsinin digər bir səbəbi də bu sahədə qanunvericilik bazasının və inzibatçılıq mexanizmlərinin mükəmməl olmaması ilə əlaqədardır. Fermerin sığorta şirkətinə, onun da öz növbəsində Maliyyə Nazirliyinə müraciət etdiyi mexanizm bütün riskləri əhatə edə bilməz və həm də təkrar sığorta baxımından məhduddur. Bununla yanaşı, yüksək itkiləri qeyd etmək lazımdır ki, nəticədə, sığorta şirkətləri bu sahəyə maraq göstərmirlər. 2016-cı ildə kənd təsərrüfatı sığortası sahəsində yalnız beş şirkət fəaliyyət göstərib və zərərlilik 136% olub. 2017-ci ildə isə şirkətlərin sayı dördə enib və zərərlilik 96%-ə enib.

 

Yeni qanun layihəsi

Son bir neçə il ərzində, BMK mütəxəssisləri Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə Azərbaycanda yeni aqrar sığorta sisteminin tətbiqi layihəsi, məhz bu sahədə qanunvericiliyin yaxşılaşdırılması, eləcə də risklərin qiymətləndirilməsi və yeni məhsulların işlənməsi üzərində işləyiblər. Xüsusilə də, institusional baza modelinin, yəni aqrar sığorta sahəsini kurasiya edəcək bir təşkilat seçilməsi üzrə işlər görülüb. Ehtimal var ki, bu qurum sığorta hövzəsi əsasında yaradılacaq və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərini əhatə edən fond kimi çıxış edəcək. Bu məqsədlə ABŞ, İspaniya, İsrail, Kanadanın aqrar sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə öyrənilib, nümunə kimi Türkiyənin TARSİM adlandırılan aqrar sığorta modelinə baxılıb. Bu işin nəticəsi kənd təsərrüfatı sığortası üzrə yeni qanunun qəbul edilməsi və növbəti addım - aqrar sığorta fondunun yaradılması olmalıdır ki, bu, sığorta etdirən aqrar-sənaye kompleksi istehsalçılarının sayını ən azı üç dəfə artırmalıdır.

"Kənd təsərrüfatı sığortasının təşviqi üzrə yeni qanun layihəsi artıq hazırlanıb və baxılmaq üçün hökumətə təqdim edilib, biz ümid edirik ki, sənəd bu ilin sonunadək parlament tərəfindən qəbul ediləcək", - deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bu yaxınlarda keçirilmiş "Azərbaycanda sığorta: yeni perspektivlər" adlı konfransda bildirib.

Qanun layihəsinin qəbulundan sonra konkret sığorta qaydaları üzrə iş başlayacaq, onlar tarifləri, onların hesablanmasını, sığorta mükafatlarını, risklərin analizi üsullarını, sığorta şirkətləri tərəfindən ödəniləcək komissiyaları və digər mexanizmləri əhatə edəcək. Yeri gəlmişkən, kənd təsərrüfatı sığortasının təşviqi üzrə yeni qanun layihəsi ilə nəzərdə tutulmuş mexanizmlər kifayət qədər sadədir və təkrar sığortaçılar üçün bazarın cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.

"Yeni modelə əsasən, fermer sığorta vasitəçisi rolu oynayan sığorta şirkətinə müraciət edəcək. Sığorta şirkəti Aqrar Sığorta Fondunun adından müqavilə bağlayacaq. Sığorta haqqının bir hissəsi fonda fermer tərəfindən ödəniləcək, qalan hissə isə dövlət büdcəsindən daxil olacaq", - Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentinin aparıcı mütəxəssisi Firdovsi Ağaşirinov ehtimal edir.  

Ağaşirinov qeyd edib ki, sığorta halı yaranan zaman fermer həmçinin sığorta şirkətinə müraciət edəcək, o da öz növbəsində fonda məlumat verəcək. Bundan sonra müstəqil ekspert təyin ediləcək. O, hadisəni araşdıracaq və Aqrar Sığorta Fonduna məlumat verəcək, müsbət qərar qəbul edilməsindən sonra hadisə sığorta ödənişləri birbaşa fermerin bank hesabına köçürüləcək. Yəni bu modeldə olan sığorta şirkətlərinə agent rolu verilib, onlar heç bir risk daşımırlar, bağlanmış müqavilələrə görə faiz alırlar. Bundan əlavə, sığorta şirkətləri fondda müqavilələrin təkrar sığortasını apara bilərlər, lakin bu zaman, əlbəttə ki, təkrar sığorta üçün müəyyən risklər daşıyacaqlar.

Göründüyü kimi, mərkəzləşdirilmiş sığorta mexanizminə yönəldilən belə bir sxemin də müəyyən çatışmazlıqları var. Belə ki, Rusiya Aqrosığortaçılar Milli Birliyinin prezidenti Korney Bijdovun fikrincə, bu cür mexanizm sığorta şirkətlərinə passiv rol verir: sığorta şirkətinin vəzifələri agent funksiyalarına qədər azaldılır, onlar, demək olar ki, riskləri qiymətləndirmirlər, zərərlərin tarifləşdirilməsi və iddiaların həlli ilə məşğul olmurlar. Digər tərəfdən fəlakətli zərərlər olan halda dövlət Aqrar Sığorta Fonduna vəsait əlavə edəcək, yəni rezerv yaradılması imkanı və sığorta kapitalının iştirakı burada tamamilə istisna edilir.

Bu gün yeni qanunun və Aqrar Sığorta Fondunun fəaliyyətinin kənd təsərrüfatı subyektlərinə sığorta xidmətlərinin göstərilməsi sahəsinə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Ümid edək ki, Azərbaycanda yeni aqrar sığorta mexanizmləri xərcləri azaltmağa, sığortaçıların tarif siyasətini balanslaşdırmağa, sığorta məhsullarının vahid xəttini yaratmağa, onları kənd təsərrüfatı sektorunda istehsalçıların daha böyük hissəsi üçün əlçatan etməyə imkan verəcək. Həmçinin kənd təsərrüfatı sığortasının təşkili və keçirilməsi üçün ümumi standartların işlənməsinə, o cümlədən dəyən zərərin müstəqil qiymətləndirmə sisteminin qurulmasına yardımçı olacaq.


MƏSLƏHƏT GÖR:

362