29 Mart 2024

Cümə, 13:44

TAM DÖZÜMSÜZLÜK?

ABŞ-ın BMT İnsan Haqları Şurasını tərk etməsi təşkilatın onsuz da zəifləmiş nüfuzuna daha bir zərbədir

Müəllif:

01.07.2018

Amerika Birləşmiş Ştatları BMT İnsan Haqları Şurasından (İHŞ) çıxdığını bəyan edib. O, bu qərarını təşkilatın «siyasi qərəzliliyin tüğyan etdiyi zibil qutusu», «yalnız öz maraqlarını güdən, insan haqlarını gülüş obyektinə çevirmiş riyakar qurum» olması ilə əsaslandırıb. ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli məhz belə deyib. Ölkənin dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-nin Vaşinqtonun milli maraqlarına zidd fəaliyyət göstərdiyini söyləyib.

Şuranı nüfuzlu «The Wall Street Journal» da tənqid edib. O, təşkilatı «qüsurlu qurum», onun tərkibinisə «əclaflar qalereyası» adlandırıb. Yazıda bildirilir ki, qurumun üzvləri araşdırmaların aparılmasına, məruzələrin hazırlanmasına mane olur, həmçinin ən dəhşətli cinayətlər törətmiş şəxslərin adlarının açıqlanmasına, məsuliyyətə cəlb edilməsinə imkan vermir. Amerika tərəfi beynəlxalq hüquq müdafiəsi təşkilatlarının fəaliyyətində də narazıdır. İddialara görə, İHŞ-də islahatların aparılmasına məhz onlar mane olur.

Lakin Ağ Ev administrasiyasını ən çox qəzəbləndirən «xroniki antiisrail tendensiyası»dır ki, bunu da bir müddət əvvəl Heyli də dilə gətirmişdi. Onun sözlərinə görə, gündəliyində 7-ci maddə (hər iclasda İsrail-Fələstin münaqişəsinin müzakirəsini tələb edir) olan və İsrailin tənqid olunduğu 70-dən artıq qətnamə qəbul etmiş Şura bununla yanaşı, məsələn, Venesuelada insan haqlarının vəziyyətilə bağlı heç bir müzakirə aparmır, İranla bağlı isə bu günədək cəmi 7 qətnamə qəbul edib.

Qeyd edək ki, sadalanan narazılıqlar yeni deyil. ABŞ İHŞ-yə yaranmasından yalnız 3 il sonra qoşulub, Buş administrasiyası isə onun işini elə Tramp administrasiyasının səsləndirdiyi səbəblərdən boykot etmişdi.

Bütün bunlarla yanaşı, ABŞ əmin edir ki, o, bundan sonra da bütün dünyada insan haqlarını fədakarcasına müdafiə edəcək, çünki amerikalılar üçün bu, «olduqca böyük önəm daşıyır».

Ağ Ev bildirir ki, o, 1948-ci ildə Ümumdünya insan hüquqları bəyannaməsinin məhz ABŞ-ın rəhbərliyilə yaradıldığını xatırlayır və bununla qürur duyur. Vaşinqton bu sahədə bu günədək dünya lideri olaraq qaldığını da iddia edir.

Beləliklə, arzulayanları bu məsələdə ona qoşulmağa çağıran Ağ Ev bildirir ki, İHŞ ABŞ-ın qurumda yer almasına «layiq olmaq üçün» mütləq islahatlar aparmalıdır.

Bu nikbin bəyanatlara baxmayaraq, ABŞ-ın qərarı bütün dünyada təəssüf və ciddi tənqidlə qarşılanıb. BMT-nin baş katibi Antoniu Qutyerreş bildirib ki, o, Vaşinqtonun İHŞ-də qalmasını istərdi. Qurumun insan haqları üzrə komissarı Zayd Raad əl-Hüseyn isə Ağ Evin qərarından məyus olduğunu, lakin təəccüblənmədiyini söyləyib. Məsələyə BMT Baş Assambleyasının sədri Miroslav Layçak da münasibət bildirib. Onun fikrincə, hüquq müdafiəsinin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlıq vacibdir. HRW hüquq müdafiəsi təşkilatı isə Trampın insan haqları sahəsindəki siyasətini «birölçülü» kimi qiymətləndirib.

 

Öz gözündəki tir

Maraqlıdır ki, ABŞ-ın qərarı Ağ Evin ünvanına daxili və xarici tənqidlərin artması fonunda qəbul olunub. Söhbət onun qeyri-leqal miqrantların ailəsinin dağıdılmasına yönəlmiş və «dözümsüzlük» adlandırılan siyasətinin yaratdığı tənqiddən gedir. Məsələ ondadır ki, Amerika qanunvericiliyinə görə miqrantların uşaqlarını xüsusi müəssisələrdə 20 gündən artıq saxlamaq olmaz. Halbuki qeyri-leqallarla bağlı məsələlərin həlli, adətən, aylarla çəkir. Odur ki, Amerika-Meksika sərhədlərini qanunsuz keçmiş şəxslərdən çağırılan zaman məhkəməyə gələcəklərinə dair vəd alınaraq, azadlığa buraxılırlar. Təbii ki, onların əksəriyyəti sonda vədinə əməl etmirdi və bu üzdən, ABŞ prezidenti Donald Tramp ölkəsinin «miqrantlar üçün düşərgəyə və qaçqınlar üçün sığınacağa» çevrilməyəcəyini bəyan edərək, qaydaları dəyişib. Onu bu məsələdə daxili təhlükəsizlik naziri Kirsten Nilsen də dəstəkləyib. Nazir bildirib ki, miqrantlar sərhədi qeyri-qanuni yolla keçməklə, özləri öz övladlarını riskə atır. Nəticədə, hasarlanmış anbarları və ya supermarketləri xatırladan təcridxanalarda 2 minədək uşaq var. «ProPublica» araşdırma təşkilatının məlumatına görə, 4-10 yaşlı uşaqların fiziki, xüsusilə emosional durumuna çox pis təsir göstərir.

Baş verənlər ABŞ ictimai rəyini, demək olar ki, iki yerə bölüb. Əksəriyyət, əlbəttə ki, uşaqların əziyyət çəkməsindən narazıdır. Trampın qərarını 2005-ci ildə Yeni Orleanı və Missisipinin bir hissəsini bürüyərək faciələrə yol açmış, bununla da, oğul Buşun reytinqinə ciddi zərbə vurmuş qasırğanı nəzərdə tutaraq, «Tramp Katrinası» adlandıranlar da var. ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın nədənsə valideynlərindən ayrı düşmüş miqrant uşaqları ilə görüşə kürəyində «Mənim vecimə də deyil. Bəs, sizin?» sözləri yazılmış gödəkcə ilə getməsi isə odun üzərinə yağ töküb.

Sözün açığı, «dözümsüzlük» Trampın seçki qərargahının Rusiya ilə əməkdaşlıq etdiyinə dair ittihamları belə, kölgədə qoyub. Son zamanlar Rusiya ilə əməkdaşlıq məsələsi KİV-in yadına düşmür.

Nəticədə, Tramp, nəhayət, geri çəkilmək məcburiyyətində qalıb. Lakin o, istənilən halda özünü prosessual tələyə salıb: necə edəsən ki, uşaqları incitməyəsən, amma eyni zamanda valideynlərini cəzalandırasan, onların «amerikan arzusu»nun üzərindənsə xətt çəkəsən?

Bununla yanaşı, istər Trampın özünün, istərsə də ABŞ-ın nüfuzuna gəlmiş xələl də öz yerində. Vaşinqtonun tənqidçiləri deyir ki, Amerika özünü insan haqlarının müdafiəsində lider kimi göstərsə də, ondan narazılıq kifayət qədərdir. Buraya irqi ayrı-seçkilik, qadınların reproduktiv sağlamlığı, tibbin əhalinin bütün təbəqələri üçün əlçatan olmaması, ölüm hökmü və ABŞ-ın ən çox məhbusa malik dövlət olması ilə bağlı tənqidlər daxildir.

 

 

Səhv yanaşma

Bütün bunların fonunda bəzi müşahidəçilərin ABŞ-ın İHŞ-ni tərk etməsilə bu qurumun qalan nüfuzunu, mənəvi çəkisini də itirəcəyi, dünyada insan haqları ilə bağlı vəziyyətin daha da pisləşəcəyi haqda dedikləri əsaslıdır, lakin başqa tərəfdən. Əsas problem ABŞ-da deyil. Problem ondadır ki, Ümumdünya insan hüquqları bəyannaməsində insan haqlarının universallığı prinsipi əks olunsa da, əslində o, belə deyil. Bu üzdən də, çoxları ona öz prizmasından yanaşır, ABŞ isə burada lider yox, sadəcə, «onlardan biri»dir.

Mənzil-qərargahı Cenevrədə olan İŞH BMT sistemində beynəlxalq hüquq müdafiəsi təşkilatı elan olunub və bu işdə İnsan haqları komissiyasını əvəzləyib. Şuraya 47 ölkə daxildir (13 Afrika ölkəsi, 13 Asiya, 6 Şərqi-Avropa, 8 Latın Amerikası, 7 Qərb dünyası). Onlar 3 il müddətinə seçilirlər. Vaşinqtonun İHŞ-də insan haqları sahəsində imici şübhəli olan dövlətlərin də yer aldığına dair narazılığı ilə razılaşmamaq mümkün deyil. Hakimlərin bitərəfliyi və seçim meyarları ilə bağlı razılığa gəlmək isə daha çətindir.

Bu arada ABŞ-ın hakim statusuna çata bilməməsi siyasi rişxənd üçün əsas olmamalıdır. Amma Vaşinqtonu sevməyənlər məhz belə edir. Əslində, baş verənlər Birinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin haraya və hansı sürətlə yuvarlanmaqda olduğu haqda düşünmək üçün ciddi əsasdır.

Düşünmək olar ki, bu, məktəblinin də anladığı sadə həqiqətdir. İnsan haqlarının müdafiəsi sahəsində ikili, üçlü və s. standartlar qəbuledilməzdir. Bir dövləti ən sərt şəkildə cəzalandırarkən, digərlərinin BMT qətnamələrinə məhəl qoymamasına göz yummaq, bununla da, müxtəlif beynəlxalq qurumların sənədlərinə əksini tapmış 100 minlərlə insanın hüququnu pozmaq olmaz. Siyasi rəqiblərin cəzalandırılması üçün insan haqları prinsiplərilə manipulyasiya edilməsi də yolverilməzdir.

Təcrübədə isə bütün bunların tam əksini görürük. Məsələn, bu gün sosial şəbəkələrdə belə bir fikir var ki, ABŞ-ın İHŞ-ni İsrailə qarşı olmaqda günahlandıraraq tərk etməsi, əslində, Trampa Obamanın siyasi mirasından qurtulmaq, yəhudi elektoratı arxasında cəmləmək üçün lazımdır. Bu həqiqətdirsə, əlbəttə ki, burada söhbət qətiyyən insan haqlarının qorunmasından getmir.

Müşahidəçilər onu da deyir ki, Ağ Evin İHŞ-ni tərk etmək qərarı amerikalıların bir sıra beynəlxalq təşkilatlardan uzaqlaşmaq siyasətinin ardıcıllığını göstərir. Vaşinqtonun indiyədək tərk etdiyi belə razılaşmalardan ən vacibi kimi, Paris İqlim Sazişini göstərmək olar.

Bütün bunlar sonda BMT-ni daha da laxladır. Hər halda, İHŞ bu təşkilatın bir hissəsidir və o, ədalətli, azad dünyanın qurulmasında, bəşəriyyətin vacib siyasi və sosial-iqtisadi problemlərinin həllində bütün ölkələrin səylərini birləşdirəcək qurum kimi yaradılıb. BMT işinin öhdəsindən gələ bilməyib. İnsan haqları doktrinası isə nəzəri baxımdan çox yaxşı olsa da, təcrübədə tətbiq edilmir.

Bu, onsuz da bəlli idi. Sadəcə, ABŞ-ın son qərarı hər kəsin bildiyi həqiqəti bir daha gündəmə gətirib. Amerikalıların İHŞ-yə ünvanladığı bütün ittihamlar geosiyasi mövqeyindən və digər amillərdən asılı olmayaraq, istənilən dövlət tərəfindən təkrarlana bilər. Odur ki, Vaşinqtonun bu qərarı hansı səbəbə qəbul etdiyindən asılı olmayaraq, o, bir şeydə haqlıdır- nə qədər ki, BMT-nin strukturları özlərini tam gözdən salmayıb, dərin islahatlara başlanmalıdır. Bu, həmin strukturların yalnız ABŞ-ın deyil, digər ölkələrin də orada yer almasına layiq olmaları üçün vacibdir.



MƏSLƏHƏT GÖR:

353