25 Aprel 2024

Cümə axşamı, 21:53

«İNKİŞAF GÖRÜNTÜSÜ»

Politoloq Bakar Berekaşvili: «Kvirikaşvili ölkədəki ağır sosial reallığı dəyişə biləcək siyasətçi deyildi»

Müəllif:

01.07.2018

Gürcüstanda ictimai-siyasi həyat 2 aydır ki, fasiləsiz olaraq «qaynayır». Hökumət başçısı Georgi Kvirikaşvilinin bu ilin iyununda istefa verməsi ölkə parlamentinin binası qarşısında bitmək bilməyən etiraz aksiyalarının məntiqi sonluğu sayıla bilər. Lakin xüsusilə böyük turist axını ilə əhalinin rifah halının yaxşılaşdığı fonu yaransa da, ölkə iqtisadiyyatında, xüsusilə isə sosial həyatında vəziyyət heç də yaxşı deyil.

Beləliklə, Gürcüstanın iqtisadi problemləri bu qonşu ölkədəki siyasi sabitliyə də öz təsirini göstərib. Gürcüstan Azərbaycanın Cənubi Qafqazdakı vacib tərəfdaşıdır. Bakıdan çəkilən strateji enerji və nəqliyyat yolları onun ərazisindən keçir və keçəcək. Oradakı siyasi kataklizmlər isə təbii ki, bütünlükdə Cənubi Qafqaz regionunda sabitliyə təhlükədir.

Gürcüstandakı mövcud vəziyyət, region üçün mümkün risklər haqda Gürcü-Amerikan Universitetinin politologiya və tənqidi nəzəriyyə müəllimi, Gürcüstan İctimai Televiziyasının siyasi icmalçısı Bakar BEREKAŞVİLİ ilə söhbətləşmişik.

- Gürcüstanda bir neçə aydır ki, müxtəlif şüarlarla etiraz aksiyaları keçirilir. Onlar hansısa vahid mərkəzdən idarə olunur, yoxsa söhbət ayrı-ayrı etirazçı hərəkatlardan gedir?

- Etirazlar xaotik xarakter daşıyırdı və müxtəlif sosial, siyasi motivlərlə bağlı idi. Mayda keçirilən nümayişlər gənclərin aksiyası idi və polisin Tbilisinin gecə klublarında narkotiklə mübarizə sahəsində keçirdiyi reydlərə qarşı idi. Yəni bu, gənclərin təşkil etdiyi sosial etiraz idi və ona siyasi partiyalar qarışmırdı.

İyunda keçirilən nümayişlərə gəlincə, o, Tbilisi məktəblərindən birində baş vermiş mübahisənin qurbanı olmuş yeniyetmənin ailəsinin təşəbbüsü ilə başlamışdı. Ailə iddia edir ki, hökumət bu faciəvi hadisənin lazımi səviyyədə araşdırılmasında maraqlı deyil. Aksiya bir ailənin təşəbbüsü olsa da, sonradan müxalifət liderləri və siyasi partiyalar onun əsas oyunçularına çevrildi. Təəssüf ki, müxalifət bu faciədən siyasi məqsədlər üçün istifadə etdi.

- Bəs, prezident Georgi Marqvelaşvilini Kvirikaşvilinin başçılıq etdiyi Nazirlər Kabinetini istefaya göndərməyə nə vadar etdi? Bunun mitinqlərdən başqa, hər hansı daxili və xarici siyasi səbəbləri də varmı?

- Baş nazir Kvirikaşvili və kabineti Gürcüstanda sosial-iqtisadi vəziyyətin ağırlaşması üzündən istefaya göndərilib. Təəssüf ki, Kvirikaşvili ölkədəki ağır sosial reallığı dəyişə biləcək siyasətçi deyildi. İllər əvvəl Saakaşvilinin qurduğu neoliberal sistemdə dövlət nəzarətinin minimuma endirilməsi və nəhəng kapitalın tiranlığı əsas məqam idi. Beləliklə, Gürcüstanda iqtisadi inkişaf, əslində, sadəcə, görüntü idi. Yəni ölkənin inkişaf etdiyinə dair xəyal qurulur, əslində isə əhalinin əksəriyyəti yoxsulluq şəraitində yaşayırdı. Artıq 6 ildir ki, gürcülər hökumətdən əvvəlki siyasi rejimin qurduğu bu antisosial sistemi dəyişməsini gözləyir. Lakin sosial siyasət sahəsində (xüsusilə İvanişvilinin baş nazir oduğu dövrdə) bir sıra vacib addımlar atılsa da, Gürcüstan hələ də son dərəcə yoxsul ölkə olaraq qalır. Kvirikaşvili isə vaxtilə Saakaşvilinin qurduğu neoliberal sistemi pozmaq iqtidarında deyildi. Bu üzdən Kvirikaşvilinin islahatlarından məyus olan «Gürcü arzusu»nun lideri Bidzina İvanişvili vəziyyətdən narazı olduğunu, Kvirikaşvilinin sağmeyilli siyasətini bəyənmədiyini elan etdi.

- Bəs, sabiq prezident Mixail Saakaşvilinin və Vahid Millət Hərəkatındakı silahdaşlarının baş verənlərdə rolu varmı?

- Mixail Saakaşvili gürcülərin əksəriyyəti üçün marginal siyasətçidir. Onun partiyasının sosial legitimliyi çox az olsa da, hələ də siyasi hakimiyyətə qayıtmağı arzulayır. Hazırkı şəraitdə bu, tamamilə mümkünsüz görünür. Çünki onun qurduğu sistem hələ də «göz deşir». Gürcülərin nə vaxtsa Saakaşvilinin hakimiyyətə qayıtmasını arzulayacağını düşünmürəm. Onun sistemilə bağlı mənfi fikirlər hələ də ictimaiyyəti tərk etməyib. Onun ideyaları, təcrübəsi əksəriyyət tərəfindən qəbul olunmur. Bütün bunları nəzərə alsaq, Saakaşvilinin hakimiyyətə qayıdış cəhdləri qeyri-real və puçdur.

Gürcüstan hökumətinin əsas məqsədisə sosial reallığın dəyişdirilməsi yollarının tapılmasıdır. O, bir çox istiqamətlərdə siyasətinə yenidən baxmağı düşünür. Əhali də həyat şəraitlərini yaxşılaşdıracaq islahatlar gözləyir. Ölkədə belə köklü islahatları yalnız Bidzina İvanişvili kimi siyasətçi apara bilər.

- Kvirikaşvili baş nazir olduğu dövrdə ABŞ-a səfərinin ardından ilk dəfə Gürcüstanın NATO-ya üzv olacağı tarixi açıqlamışdı - 2021-ci il. Ölkənin NATO-ya üzvlüyünün strateji prioritet olduğunu yeni baş nazir də dilə gətirib. Bəs, NATO Gürcüstanı qəbul etməyə nə qədər hazırdır və bu, Gürcüstan-Rusiya münasibətlərində yeni gərginliyə yol açmayacaqmı?

- NATO-nun Gürcüstanı qəbul etməyə hazır olduğuna ciddi şübhəm var. Görünən odur ki, bu məsələdə Şimali Atlantika Alyansı Rusiyanın maraqlarını nəzərə alacaq. Onlar xüsusilə Trampın dövründə, çətin ki, Rusiyanı qəzəbləndirmək istəsinlər.

- Gürcüstanda prezident seçkisinədək hadisələr necə cərəyan edəcək? Hər hansı gözlənilməz hadisə baş verə bilərmi? Fikrinizcə, qələbə şansı ən real namizəd kimdir?

- Bu ilin payızında keçiriləcək prezident seçkisinədək Gürcüstan siyasətində hər hansı xüsusi hadisənin baş verəcəyini düşünmürəm. «Gürcü arzusu», hələ ki, prezidentliyə namizədini müəyyənləşdirməyib. Aydındır ki, hakim partiya böyük mənəvi keyfiyyətlərə və nüfuza malik namizəd tapmalıdır. Bu gün Gürcüstanın son dərəcə güclü iradəyə, köklü dəyişiklikləri həyata keçirəcək, bunun üçün sərt qərarlar verə biləcək liderə ehtiyacı var. Ölkənin siyasi sistemində prezident ən güclü siyasi fiqur olmasa da, Gürcüstan üçün hələ də siyasi idealları olan prezident vacibdir.


MƏSLƏHƏT GÖR:

443