29 Mart 2024

Cümə, 09:44

REALLIQLAR VƏ XƏYALLAR

Ermənistanın Qarabağ münaqişəsinin həllini özünə sərf edən məcraya yönəltmək cəhdləri iflasa uğrayır

Müəllif:

01.07.2018

«İnqilab eləmiş» Ermənistan Qarabağ münaqişəsinin nizamlanması prosesini öz xəyalları və iddialarına uyğun məcraya yönəltmək üçün uğursuz cəhdlərini davam etdirir. Ölkənin yeni lideri Nikol Paşinyan, hələ ki, böhrandan təngə gəlmiş əhalinin ona göstərdiyi inamdan tutub dayanır. Lakin onun kriminal Sarqsyan irsilə mübarizəni sona çatdırmaq vaxtına və resurslarının çatıb-çatmayacağına dair suallar səngimir. Üstəlik, bir yandan Ermənistanın yeni rəhbərliyinin xarici siyasi kursu Rusiyada suallar yaradır, digər tərəfdən Paşinyanın Qarabağ problemilə bağlı mövqeyi ölkə üçün yeganə şans olan Azərbaycanla nizamlamaya şans yeri qoymur.

 

«İnqilab»ın qisası və «qəhrəmanlar»ın əsl siması

Görünən odur ki, Paşinyanın hakimiyyətdə olduğu, təxminən, ayyarımda əhalinin inqilabdan sonra yaranmış gözləntiləri xeyli azalıb. Əslində, başqa cür ola da bilməzdi. Çünki özündən əvvəlki hakimiyyəti haqlı olaraq belə, yol verdiyi yanlışlıqlara və cinayətlərə görə ittiham etməklə hökumət başına keçmək mümkün olsa da, ölkədəki vəziyyəti kökündən dəyişmək asan məsələ deyil. Üstəlik, bu ölkə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edə bilməyən, iqtisadi böhran burulğanında olan Ermənistandırsa. Bu ölkənin vəziyyətində son dərəcə vacib islahatların həyata keçirilə biləcəyinə ümid etmək çətindir.

Məsələn, pensiya islahatları cəhdi ciddi fikir ayrılıqları ilə müşayiət olunub və bu, sonda əmək və sosial məsələlər naziri Mane Tandilyanın istefası ilə nəticələnib. Elə eyni problem üzündən Paşinyanın «Yelk» bloku ilə tərəfdaşları - «Daşnaksutyun» partiyası və «Sarukyanın bloku» arasında da ciddi ziddiyyət yaranıb.

Ermənistanın illərdir əziyyət çəkdiyi sistem böhranının aradan qaldırılması istiqamətində real addımlar atılmadığından, hər bir inqilabın ayrılmaz hissəsi olan «xalq düşmənlərilə mübarizə» başlayıb. Məsələn, günlərdir nümayiş keçirən kütlə İrəvan meri, keçmiş hakim partiya olan Respublika Partiyasının (ERP) İcraiyyə Komitəsinin üzvü Taron Marqaryanın istefasını tələb edir. Ermənistan KİV-nin yazdığına görə, İrəvandakı elit villalar, daşımalarla məşğul olan gəlirli şirkətlər merin ailəsinə məxsusdur.

«Qarabağ klanı»nın cinayətkar irsilə mübarizə etiraz aksiyaları ilə məhdudlaşmır. Proses artıq cinayət-prosessual müstəviyə də keçib. Bu gün Ermənistanda hər kəs Sarqsyanın yaxın ətrafından 200 kiloqram qızılın müsadirə olunduğundan danışır. Bundan başqa, Sarqsyanın qudası Ara Minasyana məxsus «Maarifpərvər Qriqori» tibb mərkəzində, həmçinin eks-prezidentin qardaşı Aleksandr Sarqsyanın himayə etdiyi və şəhərin küçələrini kameralarla təchiz edən «Sekyuriti drim» şirkətində yoxlamalar aparılır. Sonuncu hətta «qanunsuz silah gəzdirdiyi» üçün həbs də olunmuşdu. Lakin sonradan o, sərbəst buraxılıb. Bununla yanaşı, Aleksandr Sarqsyana yeni hökumət tərəfindən təzyiqlə üzləşməyəcəyinə dair heç bir zəmanət verilməyib.

Sarqsyanın mühafizəsinə rəhbərlik etmiş Vaçaqan Kazaryanın restoran biznesində də yoxlamalara başlandığı haqda xəbərlər yayılıb. Rəsmi məlumata görə, İstintaq Komitəsi oradan, təxminən, 1,5 milyon dollar nağd pul götürüb.

Ən səs-küylü qisas aksiyası isə parlamentin deputatı, «Yerkrap» könüllülər ittifaqının sədri, müdafiə nazirinin sabiq müavini, general Manvel Qriqoryanın həbsidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq, qanunsuz yolla silah-sursat əldə edib və saxlayıb. Qeyd edək ki, son dönəmlərə qədər Qriqoryan faktiki olaraq Eçmiədzinin (şəhərin meri onun oğlu Karen idi) və bütünlükdə Armavir əyalətinin hökmdarı sayılırdı. O, bu bölgədən ERP-yə və şəxsən sabiq prezidenti Serj Sarqsyana səs gətirirdi.

Yeni baş nazir Nikol Paşinyan isə Manvel Qriqoryanın həbsinin yalnız silah saxlaması ilə əlaqədar olmadığını bildirib. Onun sözlərinə görə, sabiq nazir müavini «aprel müharibəsi» zamanı əsgərlər üçün nəzərdə tutulmuş yardımı mənimsəyib. Qriqoryanın İrəvanda və Qarabağdakı malikanəsində aparılmış axtarış zamanı külli miqdarda əsgərlər üçün nəzərdə tutulmuş ət konservi, siqaret, alt paltarı, hərbi geyim, gigiyena vasitələri, həmçinin döyüş sursatı, nəqliyyat vasitələri, o cümlədən aeroxizək, xizəkli-tırtıllı avtomobil aşkarlanıb. Evdən 2016-cı ilin aprel savaşı zamanı uşaqların əsgərlərə yazdıqları məktublar da tapılıb.

Lakin Qriqoryanın cinayətkar mahiyyəti Paşinyanın hakimiyyətə gəlişindən xeyli əvvəl bilinən işdir. Qarabağ müharibəsi illərində o, dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, əsir götürülməsi, həmçinin azərbaycanlıların Qarabağdakı dağılmış evlərinin talan olunması ilə yadda qalıb. Hüquq müdafiəçiləri onu Qarabağda fəaliyyət göstərmiş Azərbaycan banklarının da pul və qızılını mənimsəməkdə günahlandırır. Qriqoryanın özü isə müharibədən sonra Ermənistana yüzlərlə əsirlə qayıtdığını, onlardan birini öz evində qul kimi işlətdiyini etiraf edib.

Beləliklə, Manvel Qriqoryanın həbsi erməni «qəhrəman»larının, Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı törətdikləri cinayətlərə görə «təriflənərək göylərə qaldırılmış» insanlarının əsl simasını bir daha ortaya qoyub.

Sarqsyan rejiminin ən mənfur nümayəndələrilə mübarizədə, əlbəttə ki, siyasi məqsədlər də var. Bu, ERP-nin nüfuzunu tamamilə yox etməyə, «Qarabağ klanı»nın Robert Koçaryan və Serj Sarqsyanın prezidentlikləri dönəmində qurduğu siyasi strukturun birdəfəlik məhvinə hesablanıb. Ermənistanın «inqilabçı» hakimiyyəti bu işin öhdəsindən gəlməzsə, onun heç bir perspektivi olmayacaq.

Amma onun gələcəyi daha ciddi amillərdən də asılıdır. Bunlardan biri Rusiya ilə münasibətdir.

 

«Qaranlıq məqamlar»

Məlum olduğu kimi, Nikol Paşinyan baş nazir olmazdan əvvəl dəfələrlə Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması məsələsini qaldırmışdı. O, hətta Rusiyanın Gümrüdə yerləşən hərbi bazası haqda sərt fikirlər belə, səsləndirirdi. Bu bəyanatları ilə Paşinyan Ermənistanın gələcəyini Avratlantik məkana inteqrasiyada gördüyünü nümayiş etdirirdi.

Baş nazir postunu tutduqdan sonra isə onun antirusiya ritorikası xeyli zəifləyib. Amma aparıcı vəzifələrə təyin etdiyi kadrlar yenə də baş nazirin qərbpərəst olduğunu göstərir. Yeni hökumətdə yer alan nazirlərin mütləq əksəriyyəti Qərb dairələrinə yaxın şəxslərdir. Bununla yanaşı, Paşinyan Rusiya ilə bağlı addımlarında son dərəcə ehtiyatlı davranır. Onun Rusiya səfərləri və bu ölkənin rəhbərliyilə əlaqələri də bu qəbildən olan gedişdir.

Paşinyan baş nazir postunu tutar-tutmaz, Soçiyə yollanıb və orada AAİ-yə üzv dövlət başçılarının görüşünə qatılıb. Səfər çərçivəsində Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə də görüşüb.

İyunun ortalarında Ermənistanın baş naziri futbol üzrə Dünya Çempionatının açılış mərasiminə qatılmaq məqsədilə Rusiyaya növbəti səfərini edib. Rusiya rəhbərliyilə görüşlərdə Moskva-İrəvan münasibətlərinə dair səsləndirdiyi müsbət bəyanatlar Paşinyana Putinlə aralarında “problemsiz münasibətlər» haqda nağıllar söyləməyə əsas verdi. Lakin tərəflər arasında ən yüksək səviyyədə baxılan konkret məsələlər ikitərəfli əməkdaşlıqda kifayət qədər «qaranlıq tərəf»in olduğunu təsdiqləyir. Məsələn, götürək erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana məxsus olan, «Ermənistan elektrik şəbəkələri» şirkətinin səhmlərinə sahib «Taşir» şirkətlər qrupunun bu ölkənin bölüşdürücü şəbəkəsinin tikintisi və müasirləşdirilməsinə investisiya yatıracağına (söhbət 90 milyon dollardan gedir) dair anonsu. Paşinyanın Rusiya hökumətinin başçısı Dmitri Medvedyevlə görüşünün yekununda bu planın elan olunması ilə paralel, Ermənistan energetika və təbii resurslar naziri Artur Qriqoryanın dililə «Taşir»lə razılaşmanın ləğv olunduğunu bəyan edib. Üstəlik, Paşinyan bu işin «tez həll olunmasını» da tapşırıb.

Görünən odur ki, Ermənistan iqtisadiyyatının bütün vacib sahələrinin Rusiya biznesinə məxsus olması Paşinyan hökumətinin ürəyincə deyil. Bəs, o, Rusiyanın maraqlarına zidd gedərək mülkiyyətin yenidən bölüşdürülməsinə qərar verə biləcəkmi? Əgər Ermənistanın yeni rəhbərliyi «qaranlıq məqamlarsız» dialoq pərdəsi altında Moskvaya açıq-aydın qapını göstərəcəksə, Rusiyanın buna reaksiyası necə olacaq? Nəzərə alsaq ki, Rusiya hələ də Ermənistanın «təhlükəsizliyinin qarantıdır» və İrəvan Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün bu zəmanətdən həyasızcasına istifadə edir, sual ritorik görünə bilər.

Başqa sözlə, Paşinyan Ermənistanı Rusiyanın nəzarətindən çıxarmağa çalışdığını göstərir. Lakin bununla yanaşı, hərbi-siyasi sahədə Moskvanın dəstəyini də itirmək istəmir. Bu, kifayət qədər çətin işdir - Ermənistanın yeni rəhbərliyinin Qarabağ münaqişəsinin həlli prosesinin məğzini dəyişmək istəyi kimi.

 

«Lazım olanda, əmr də olacaq»

Paşinyan durmadan «DQR»in tamhüquqlu tərəf kimi, danışıqlar prosesində iştirakının vacibliyindən dəm vurur. Bu zaman Ermənistanın Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrlərilə nizamlanma prosesinin əsas məqamlarını müzakirə edə bilməyəcəyi gündəmə gətirilir. Guya, erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması kimi vacib məqamlar Ermənistan baş nazirilə deyil, tanınmamış «DQR»in rəhbərliyilə müzakirə olunmalıdır.

Tanınmamış rejimin danışıqlar prosesinə qoşulmasına israr edən Ermənistan hakimiyyəti bunu 1994-1995-ci illərdə üçtərəfli danışıqların aparıldığı, nəticədə, atəşkəs razılaşmasının əldə olunduğu, həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsinə dair razılaşmanın imzalandığı ilə əsaslandırmağa çalışır. Lakin Paşinyan indi 1995-ci yox, 2018-ci ilin olduğunu unudur. İndi Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış status-kvonun qorunub saxlanması üçün əlindən gələni edən Ermənistanın qarşısında güclü, Qarabağı işğaldan azad etmək və 1 milyondan artıq qaçqınını bu regiona qaytarmaq əzmində olan Azərbaycan dayanır. Azərbaycan ərazilərinin işğalına görə məsuliyyət daşıyan Ermənistan «üçtərəfli danışıqların effektivliyi» kimi cəfəngiyyatla bundan qaça bilməyəcək. İndi, bunu danışıqlar prosesini fəallaşdırmağa çalışan beynəlxalq vasitəçilər də anlayır.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana bu yaxınlarda etdikləri səfərin yekununda «Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə əsasən, sülh yolu ilə həll olunması üçün tərəflərə yardım göstərməkdə israrlı olduqlarını» təsdiqləyiblər. Vasitəçilər bildirib ki, problem «güc tətbiqi və ya güc tətbiqilə hədələməyə yol vermədən, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında çözülməlidir».

Bundan başqa, yaxın zamanlarda Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüşün mümkünlüyü də vurğulanıb. Görüşdə, güman ki, iki dövlətin başçıları - İlham Əliyev ilə Nikol Paşinyanın görüşünün təşkili məsələsi müzakirə ediləcək (onlar Moskvada Rusiya ilə Səudiyyə Ərəbistanı milliləri arasındakı futbol matçından sonra tanış olublar).

Beləliklə, həmsədrlər danışıqların iki tərəf - Ermənistanla Azərbaycan arasında davam etdiriləcəyini təsdiqləyiblər. Bu yerdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Zoqrab Mnasayanla görüşdən sonra verdiyi açıqlamanı da xatırlatmaq yerinə düşər: «Ermənistanla Azərbaycan Dağlıq Qarabağın yenidən danışıqlarda iştirakına dair razılığa gələrsə, bu onların qərarı olacaq və biz qərara hörmətlə yanaşacağıq».

Bakı isə təbii ki, marionet işğalçı rejimin danışıqlara qoşulmasının əleyhinədir. O, Ermənistanla, ilk növbədə, Dağlıq Qarabağın və bitişik 7 rayonun işğaldan azad olunmasına dair substantiv danışıqlara başlamağa hazırdır.

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının bu günlərdə Bakıda rəsmi səfərdə olmuş sədri Vyaçeslav Volodin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı hər zaman «doğru və konstruktiv mövqe tutduğunu» bildirib. «Münasibətlərin pisləşməsinə çalışan hər kəs xalqın dinc şəraitdə yaşamaq arzusunu görməyənlərdir və onlar, əlbəttə ki, gərginlik yolu ilə gedir. Biz bu yolu bağlamaq üçün əlimizdən gələni etməliyik», - deyə o, qeyd edib.

Beləliklə, «üçtərəfli formatın bərpası»ndan söhbət belə, gedə bilməz. Ermənistanın öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən dinc şəkildə çıxarması isə İrəvanın özünün də maraqlarına uyğundur. Bu yaxınlarda Naxçıvanda Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla, 26 ildir erməni işğalçılarının nəzarətində olan 11 hektarlıq ərazini azad etməklə gücünü bir daha nümayiş etdirən Azərbaycanın ilkin tələbi də məhz budur.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkənin Silahlı Qüvvələrinin 100 illik yubileyinin qeyd olunduğu günlərdə bildirib ki, Milli Ordu qarşısında duran əsas vəzifənin - işğal olunmuş torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası - öhdəsindən gəlməyə hazır olduğunu bir daha göstərib. «Azərbaycan Ordusu istənilən an bu vəzifənin öhdəsindən gəlməyə hazırdır. Bu vəzifənin icrasına başlanılması əmrinin verilməsi siyasi məsələdir və bu əmr beynəlxalq siyasi vəziyyət nəzərə alınmaqla, ən uyğun vaxtda veriləcək», - deyə nazir bildirib.

Bu bəyanat da öz-özlüyündə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüşə tam hazır olduğunu təsdiqləyir. Bir sözlə, Azərbaycan Qarabağı azad etmək üçün müharibəyə başlamağa hazırdır. Bakının Milli Ordunun 100 yaşının qeyd olunduğu günlərdə verdiyi mesaj da bundan ibarət olub.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin həlledici mərhələyə qədəm qoyduğuna şübhə yoxdur. Bunu, ilk növbədə, gündən-günə güclənən Azərbaycan dövlətinin sarsılmaz iradəsi təsdiqləyir. Azərbaycan Silahlı Qüvvələri sadəcə, Ali Baş Komandanın əmrini gözləyir.



MƏSLƏHƏT GÖR:

344