20 Aprel 2024

Şənbə, 17:42

HÜCUM FUTBOLU DÖVRÜ

Roberto Bordini: “Neftçi” qarşınıza yeni komanda kimi çıxacaq”

Müəllif:

15.07.2018

Futbol üzrə Azərbaycan çempionatının yekun nəticələri ölkənin ən köklü klubu “Neftçi”nin qayıdışıyla yadda qaldı. Doğrudur, mövsüm ərzində Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda bürünc medala layiq görülsə də, rəhbərlik nəticədən razı qalmadı. Əhmədovla müqavilə artırılmadı, onun əvəzinə isə kluba italiyalı mütəxəssis dəvət olundu.       

Qısa axtarışlardan sonra “Neftçi”nin “sükan”ı Roberto Bordinə tapşırıldı. Azərbaycana böyük ümidlərlə dəvət olunan məşqçiylə iki illik müqavilə imzalandı. Onun istədiyi bütün futbolçuların transferi həll edildi.  

“Region Plus” Antalyadakı hazırlığı başa vuran “Neftçi”nin baş məşqçisi Roberto Bordinlə söhbətləşərək, onun planları və komandanın perspektivləri ilə maraqlanıb.

- “Neftçi”dən təklif alana qədər bu klub haqda məlumatınız var idimi?

- Avrokuboklardakı oyunlardan tanıyırdım. Milan “İnter”i ilə oynadıqlarını xatırlayıram. Görüşən kimi klub prezidenti ilə ortaq fikirlər səsləndirdik, bir-birimizi başa düşdük. Görüşümüz zamanı klub rəhbərliyi bizə “Neftçi”nin tarixi barədə də yetərincə informasiya verdi. Həmçinin klubun nailiyyətlərindən, məqsədlərindən danışdıq. Əlavə nəyəsə ehtiyac olmadı və təklifi qəbul etdim.

- “Neftçi” tarixində heç bir əcnəbi mütəxəssis çempion ola bilməyib. Bunu bacarsaz, ilki gerçəkləşdirmiş olacaqsız. Bundan xəbəriniz var?

- Mən ambisiyalı insanam. İnanıram ki, gərgin iş nəticəsində “Neftçi”də uğur qazana biləcəm. Neçə illərdir ki, bu sahədəyəm. Bir neçə ölkədə çalışmışam. Məsuliyyətimi də tam dərk edirəm. Böyük sevinclə bu yükü üzərimə götürürəm.

- “Neftçi”dən təklif aldıqdan sonra komandanın oyunlarını izləmisinizmi? Hansı mövqelərə oyunçu transferinə ehtiyac görürsüz?

- Komandanın bir neçə oyununu izləmişəm. Heyətlə bağlı məsələləri klub rəhbərliyi ilə qismən müzakirə etmişik. Az da olsa, dəyərləndirmə aparmışıq. Müəyyən fikirlərimiz var. İşin gedişində transfer mövzusunda rəhbərliklə fikir mübadiləsi aparmışıq. Demək olar ki, artıq əksər transferləri həll etmişik.

- Qarşınıza çempionluq hədəfi qoyulub? Belədisə, sizə yaxşı tanış olan “Qarabağ”ı necə üstələyəcəksiz?

- Son çempion “Qarabağ” olsa da, “Neftçi” də dəfələrlə çempion olub. Tarix bunu deyir. Klubun xeyli titulları var. Qarşıdan yeni mövsüm gəlir. Artıq keçmişdən yox, gələcəkdən danışmalıyıq. Biz də uğurlu olmağa çalışacağıq. Ancaq düşünmürəm ki, çətinliyi yalnız biz yaşayacağıq.  

- “Şerif”dən tanıdığınız hansısa futbolçunu “Neftçi”yə gətirmək fikriniz var?

- Əsas o deyil ki, kim, hansı ölkədən gələcək. Ən əsası odur ki, futbolçu komandamızın ruhuna uyğun gəlsin. Mənim üçün önəmli meyar budur.

- Moldova çempionu ilə müqayisə etsək, daha zəngin, yoxsa aşağı büdcəylə işləyəcəksiz?

- Mənim vəzifəm baş məşqçi funksiyasını yerinə yetirməkdən ibarətdir. Bu sualı cavablamağım düzgün olmaz. Ümumi şəkildə isə deyə bilərəm ki, klub rəhbərliyi ilə birgə hədəflərə çatmağa çalışacağıq.

- Hazırda hər iki qapıçı azərbaycanlıdır. Əcnəbi qolkiperə ehtiyac duyursunuzmu?

- Bizdə 3 yerli qapıçı var ki, hamısından razıyıq. Onlardan birinin yaşı 21-ə qədərdir. Əlavə əlcək sahibinə ehtiyac duymuruq.

- İtaliyalı mütəxəssislər etibarlı müdafiə futbolu ilə tanınırlar. “Neftçi” isə hücum futboluna üstünlük verən komanda kimi ad qazanıb. Hansı dəst-xətti seçəcəksiz?

- Əmin olun ki, 11 oyunçunu müdafiəyə çəkməyəcəm. Futbola baxışım aqressiv oyun üslubuna söykənir. Sözsüz ki, müəyyən epizodlarda dəyişikliklər edilə bilər. Ancaq hücum futbolunu sevirəm və tətbiq edirəm. Həmçinin oyundan-oyuna fərq olacaq.

- Məşqçilər korpusunda neçə nəfər yer alacaq və yerli mütəxəssis olacaqmı?

- Bir italiyalı məşqçi gəlib ki, o da fiziki hazırlıqla məşğul olacaq. Köməkçilərim arasında yerlilər də nəzərdə tutulub.        

-“Şerif”dən ayrılmağınıza səbəb nə oldu?     

- “Şerif”lə uğurlu nəticələr əldə etdik. Sadəcə, özüm qərar verdim ki, iş yerimi dəyişim.

- Avroliqada mümkün uğursuzluq “vaxtım az olub” bəhanəsinə zəmin yaratmayacaq?

- Doğrudur, təsnifat mərhələsinə qədər vaxtımız az olub. Ancaq çalışmışıq ki, zaman qısa olsa da, hazırlaşa bilək.      

- Yəqin ki, komanda barəsində ümumi təəssüratınız formalaşıb. Biri var nəzəri cəhətdən bilmək, hansısa videogörüntülərlə tanış olmaq, biri də var komandanı məşqə çıxarmaq.     

- Komandanın daxilində olmaq, canlı məşqlərini görmək, təbii ki, ayrı bir şeydir. Hazırlığın ümumi gedişatından razıyam. Komandamız daha yaxşı nəticələrə doğru irəliləmək üçün məşqlərdə səylə çalışır. Ola bilsin ki, hələ oyunçular hazır deyillər. Onu da nəzərə alaq ki, bu, həmişə gördükləri məşqlər deyil. Bəzi məşqlərə öyrəşməyiblər. Buna görə ola bilər ki, bəzi problemləri olsun. Ümumiyyətlə, baza hazırlıqları qaydasındadır, gücləri var. Biz də əsas onun üzərində çalışırıq ki, gündən-günə artıraq, fiziki hazırlıqlarını daha da yaxşılaşdıraq. Ancaq indiki vəziyyətləri də qənaətbəxşdir. Çalışırıq ki, hər gün məşqləri ağırlaşdıraq. Ümumilikdə razıyam.  

- Avrokuboklarda püşkdə indiyədək belə bəxtsizlik yaşamışdınız?

- Nəyə görə belə deyirsiniz?

- İkinici mərhələdəki rəqibi nəzərdə tuturam. “Sevilya”nın potensial rəqibiniz olması sizi sevindirir?

- “Sevilya” II təsnifat mərhələsində rəqibdir. Hələ ilk mərhələni keçməmişik. Qarşıda “Uypeşt” səddi var. Mübarizəyə bu komandayla ev oyunu ilə başlayacağıq. İlk rəqibi kənara qoyub ikincini fikirləşə bilmərik. İlk növbədə, macarlarla oyunu uğurla başa vurmaq üçün hazırlaşırıq. Artıq bundan sonra ikinci rəqibə keçərik. İndidən fikirləşsək ki, artıq ilk rəqibi keçmişik, böyük bir səhv edərik.

- Onu da nəzərə alaq ki, heç “Uypeşt” də ilk mərhələ üçün arzulanan rəqib deyil...

- Doğrudur, macarlarla bəzi yoldaşlıq görüşlərimiz olub. Sərt oynayan futbolçulardır. Macarıstan futbolu, rəqibimiz haqda məlumatım var.  

- Onların sərt oynamasından savayı hansı komponentlərini qeyd edə bilərsiniz ki, təhlükəlidir? Və eyni zamanda hansı zəif mövqelərindən istifadə edərək “Uypeşt”i zərərsizləşdirmək olar?

- Onları təhlil etməyə çox imkanım olmayıb. Bəzi oyunlarının görüntülərindən belə nəticə çıxara bilərəm ki, sürətli, daim hərəkətdə olan komandadır. Elə olur ki, hücuma 6 nəfərlə çıxırlar. Bir neçə futbolçu öz oyunları ilə fərqlənir ki, digərlərinə nisbətən daha güclü, daha aktiv oyunçulardır.  

Söhbətə Azərbaycan futboluyla yekun vurmaq istərdik. Rəhbərliyin sizin “Neftçi”ni liderliyə qaytaracağınıza inam böyükdür. Yeni mövsümdə yeni “Neftçi” görəcəyik?

- Qısa müddətdə “Neftçi”nin yalnız çempionluğa layiq olduğunu anlamışam. Bu komandada ikinci-üçüncü yer tutmaq uğur sayılmır. Sözsüz ki, yeni komanda görəcəksiniz. Çempionluq uğrunda mübarizə aparacayıq. Əsas rəqibimizin “Qarabağ” olacağı məlumdur. Biz “Qarabağ”a qarşı layiqli mübarizə aparacayıq. Azarkeşlərdən komandamıza dəstək olmağı xahiş edirəm. İlk növbədə, Avropa Liqasında mümkün qədər irəli getməyə çalışmalıyıq.

  

DOSYE

Adı: Roberto Bordin     

Doğum tarixi: 10.01.1965         

Doğum yeri: Ez-Zaviya, Liviya  

Vətəndaşlığı: İtaliya     

Boyu: 172 sm  

Ampluası: yarımmüdafiəçi       

Baş məşqçi karyerası: Triestina (İtaliya, 2016), Şerif (Moldova, 2016-18)

Uğurları: iki dəfə Moldova çempionu (2016, 2017), Moldova kubokunun qalibi (2017), Moldova Superkubokunun qalibi (2017).


MƏSLƏHƏT GÖR:

366