29 Mart 2024

Cümə, 16:23

SOVET «QEYRİ-SOVETLİYİ»

Sosialist realizmi dövrünün Azərbaycan rəssamlarının əsərlərində zaman özünün dahiyanə əksini tapıb

Müəllif:

15.07.2018

"XX-XXI əsrlərin Azərbaycanın incəsənəti" muzeyində "Əmək, istirahət və arzular" adlı sərgi keçirilir. Ekspozisiyada yaradıcılığı sovet dövrünə təsadüf edən və ölkənin bədii irsinə çevrilmiş Azərbaycan rəssamlarının əsərləri təqdim edilir. Bəlkə də, postsovet dövründən ötən uzun illər sonra ilk dəfə bu rəssamların işləri bir araya gətirilib. Böyüklərin yaradıcılığını izləmək xoşdur. Daha xoş olanı isə sərginin 2019-cu il yanvarın 6-na qədər açıq olmasıdır.

 

Abşeron avanqardı və bir çox başqa mövzular

Sənətşünaslar üçün bu, Azərbaycan rəssamlıq prosesində və eləcə də, hər bir rəssamın fərdi yaradıcılığında yeni istiqamətlərin necə ortaya çıxdığını görmək və təhlil etmək imkanıdır, bizim üçünsə bu, Zamanın kətanda əksindən başqa bir şey deyil. Sərbəst vaxtını rəsm əsərləri mühitinə sərf etmək istəyənlər isə bilməlidir ki, onlar bizim müəlliflərin muzey anbarlarından çıxarılmış nadir əsərlərini görmək üçün unikal imkan əldə ediblər. Bəzi əsərlər nadir hallarda sərgilənir. Məsələn, Maqsud Tağıyevin "Bakının tikilməsi".

Nərgiz Əbdürrəhmanova bələdçi-sənətşünasdır, Yaradıcılıq adlı prosesi bilir və sevir. O, qonaqlar üçün maraqlı tur keçirdi və onun sayəsində biz öyrəndik ki,

sosialist realizmi rəssamları arasında Azərbaycanın sovet dövrünün "qeyri-sovet incəsənətinin" görkəmli nümayəndələri də var. Abşeron avanqard məktəbinin parlaq nümayəndələri nəzərdə tutulur. Məsələn, Nadir Əbdürrəhmanov ("Səhər") və Cavad Mircavadov ("Şərq miniatürləri mövzusunda improvizasiya"). Rəssamlar arasında belə bir fikir dolaşır ki, Cavad əsərlərindəki "antisovet" məzmunu üzündən onların həbsindən qorxaraq, işlərini Abşeron qumlarında basdırıb və sonra gizlətdiyi yeri tapa bilməyib.

Sərgidəki hər bir əsərin öz müəllifinin taleyi kimi maraqlı taleyi var. Əgər siz tələsmədən bələdçi ilə birlikdə bütün zalları dolaşsanız, hər bir əsər və onun müəllifinin həyatından maraqlı və faktiki təfsilatlar eşidə bilərsiniz. Onda bir daha başa düşəcəksiniz ki, siz çox istedadlı insanların ölkəsində yaşayırsınız, Tanrı vergisi ilə ətrafımızdakı dünya fəzasını bizim üçün açmağı bacaran xüsusi insanların ölkəsində!

Hətta indi, illər keçəndən sonra, sosialist realizmi üslubundakı işlərə baxanda şahidi oluruq ki, əslində, kətan üzərində gördüyümüz insanlar üçün həmin dövr elə də pis olmayıb! Məsələn, Əşrəf Muradın ("Bizim qızlar", "Musiqiçilər"), İqor Jukun ("Kolxozçu portreti", "Balıqçı portreti"), Mikayıl Abdullayevin ("Qız qalası", "Dağlarda göl "), Tağı Tağıyevin ("Natürmort, Səhər yeməyi ") və s. əsərlərindəki kimi.

Portret yaradıcılığı ilə təmsil edilən sosialist realizmi rəssamlarının əsərləri xüsusi yerləşdirilib. Bunun sayəsində biz Səttar Bəhlulzadə (rəsmin müəllifi Böyükağa Mirzəzadə), Elmira Şaxtaxtinskaya (Altay Sadıxzadə), ilk qadın rəssam Maral Rəhmanzadə (Xalidə Səfərova) kimi məşhurların ruh halını və əsl təbiətini görmək imkanı əldə edirik. Məktəblərin, istiqamətlərin, metod və üsulların çoxçeşidliliyi göstərir ki, müəllif bədii fikri sosialist realizminin sərt qaydalarına baxmayaraq inkişaf edib və Azərbaycan sovet təsviri incəsənətinə parlaq ifadə olunmuş individualların təkrarsız çalarını əlavə etməklə, milli təsviri incəsənətin qızıl fondunun tərkib hissəsinə çevrilib.

Buna görə də, muzeyin zallarında asanlıqla və problemsiz şəkildə Toğrul Nərimanbəyov və Tahir Salahov, Ucal Haqverdiyev və Böyükağa Mirzəzadə, Gennadi Brijatyuk və Qacar miniatür məktəbinin nümayəndəsi Qayur Yunus kimi müxtəlif rəssamların əsərləri yanaşı nümayiş olunur. Gennadi Brijatyukun "Mərdəkan peyzajları" gizli, sirli kədərinə (bəlkə ağrıya, ruhi yarasına) baxmayaraq, axıcı pozitivi heyran qoyur. O, parlaqdır və bu dünyaya qarşı sonsuz xeyirxahdır. O, müdrik və dözümlüdür. O, böyük bir sevən ürəkdir. Buna görə də, onun peyzajları kiçik və böyük Vətənə bir himndir, o Vətənə ki, bu parlaq cənub günəşi altında nəhəng Kainatın yalnız kiçik bir hissəciyi kimi görünür, buna görə də xüsusi kövrək, qiymətli və sevimlidir.

 

«Bahar»

Səttar Bəhlulzadə. Heyrətamiz şairanə əsərdir, Natəvanın, Səməd Vurğun və Hidayət Orucovun poeziyası ilə assosiasiya yaradır, çünki onlar da öz torpaqlarının gözəlliyini vəsf ediblər, vətənpərvər hisslərinə sonsuz və lütfkar bir məhəbbət gətiriblər.

 

"Müharibə veteranı"

Rasim Babayev. Bu, avtoportretdir. Qarşımızda yaşı böyük oğlan durur, dalaşqandır, yaşını hiss etmir, onun qaydalara, standartlara, ideyalar, normalara uyğun olmamaq arzusunu sevməyən hər kəsi döyüşə çağırır. Bu, bizə pencək geyinmiş və sağ əlində bağ qayçısı olan höcət, ayaqyalın qəhrəmanı təqdim edən şən epatajdır. Pencəyinin yaxasında mükafatları taxılıb. Yaşlanmış veteran gənclik maksimalizmini itirməyib! Həyata və onun sevinclərinə olan məhəbbətini itirməyib. Bu veteran qəsdən göstərilən hər şeyin qiymətini bilir, buna görə hisslər və emosiyaların təbii ifadəsinə yüksək dəyər verir!

 

«Rita»

Böyükağa Mirzəzadənin çəkdiyi bir portret. Qadının üzünün gözəl cizgilərinə baxanda ağla gələn ilk şey sual vermək olur: Bu kimdir? Bu portretin real prototipi varmı? Əgər varsa, o, haradadır? Bu qız Bakıda yaşayırmı və bilirmi ki, uzun illərdən sonra onun portreti və gözəlliyi Bakı sakinlərini və şəhərin qonaqlarını heyran edir? Avropadan olan bir ailə bələdçi ilə birlikdə uzun müddət bu portretin önündə dayandı. İngilis dilində əla danışan bələdçi qız portret önündə onlarla birlikdə uzun müddət qaldı.

 

«İstirahətdə»

Qacar ​​miniatür məktəbinin nümayəndəsi Qayur Yunus diqqətimizə gənc qadınları təqdim edir. Onlar ağac kölgəsi altında istirahət etməyə hazırlaşırlar. Bu iş Pirosmaninin əsərlərini xatırladır. İlk baxışdan, primitivizm məktəbinə bənzəyir. Əslində isə Qacar miniatür məktəbidir. İzahat üçün Nərgizə təşəkkür edirik! Diqqətimizi gənc qadınların və uşaqların gözünün ifadəsi, eləcə də rəssamın təsvir etdiyi detallar cəlb edir: üzüklər, muncuqlar, geyim parçalarının üzərindəki rəsmlər. Bir sözlə, zaman və xarakterlər, bu süjetin qəhrəmanları arasında münasibətlər haqqında fikir verən hər şey.

Sərginin işi haqqında, müəlliflərə və hər bir rəssamın özünəməxsus istedadını çoxtərəfli təzahür etdirmiş dövrünə heyranlıqdan usanmadan, çox danışmaq olar.

Yeri gəlmişkən, onların hamısı, bir neçə nəfər istisna olmaqla, bizim Əzim Əzimzadə adına orta ixtisas rəssamlıq məktəbini bitirmişlər. Onların hər biri parlaq şəxsiyyətdir: predmetlərin məğzinə və zaman probleminə maraqlı baxışları ilə ki, milli təsviri incəsənətin formalaşması və inkişaf tarixində bu, həm də ən pis sayılmır. Çünki mhz bu dövr bizə peşəkarlığın, bədii düşüncənin, cəsarətli forma axtarışının, eksperimental yaradıcılığın gözəl çuğlaşmasını bəxş etdi ki, bu da Azərbaycanın təsviri incəsənətinə dünya təsviri incəsənəti sıralamasında layiqli yer tutmağa imkan verdi.

Yalnız yada salmaq qalır ki, Muzey Heydər Əliyev Fondu tərəfindən yaradılıb, 2015-ci ildə açılıb və Dövlət Bayrağı Meydanının ərazisində yerləşir. Həm də bu sərgi təşkilatçılarına minnətdarlıq bildirmək lazımdır. O cümlədən onun kuratoru Suad Qarayeva-Malekiyə bələdçi-sənətşünasların ixtisas hazırlığına və ölkənin milli sərvəti olan mədəni irsinin populyarlaşdırılmasına görə təşəkkür düşür.



MƏSLƏHƏT GÖR:

387