19 Aprel 2024

Cümə, 06:52

ŞƏFFAF, SABİT, RİSKSİZ

Qeyri-neft sektorunun inkişafında biznesin rolunun artırılması üçün Azərbaycanda islahatlar davam etdiriləcək

Müəllif:

15.07.2018

İqtisadi islahatların dərinləşdirilməsi, maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsi, sahibkarların fəallığının artırılması - bunlar yaxın aylar üçün Azərbaycan hökumətinin qarşısında duran əsas məsələlər kimi prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında səsləndirilib. «Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin», - deyə dövlət başçısı bildirib.

 

Tam şəffaflıq

Prezident İ.Əliyev bildirib ki, qeyri-neft sektorumuza daha böyük həcmlə xarici sərmayə qoyuluşu üçün şəffaflıq dərinləşdirilməlidir. «Bu sektora xarici sərmayənin lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir. Eyni zamanda qanunvericilikdə də əlavə tədbirlər görülməlidir»,- deyə dövlət başçısı bildirib.

Vergi və gömrük sistemində məhz göstərilən istiqamətlərdə islahatlar aparılır, burada əsas məqsəd onların fəaliyyətinin dünyanın inkişaf etmiş ölkələrinin müvafiq orqanlarının səviyyəsinə gətirilməsidir.

«Bütün dövlət qurumları, eyni zamanda sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq»,- deyə İ.Əliyev vurğulayıb.

Əslində, sahibkarlar da qarşılıq verməlidirlər - gözlənilən fiskal yumşalma məhz vergidən yayınma faktlarına son qoymaq məqsədi daşıyır. Belə ki, vergidən yayınmaq üçün ən "populyar" dərəcələrin elə dəyişdirilməsi nəzərdə tutulur ki, sahibkarlar cərimə verməkdənsə, vergi ödəməyə meyilli olsunlar. «Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa, dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq»,- deyə Azərbaycan Prezidenti bildirib.

Onun sözlərinə görə, bununla bağlı, bu istiqamətdə dünya təcrübəsi nəzərə alınmaqla korrupsiya və rüşvətxorluqla müharibə güclənəcək.

 

Gözləniləndən aşağı inflyasiya

Ümumiyyətlə, həm 2018-ci ilin birinci yarısı üzrə əsas makroiqtisadi göstəriciləri, həm dövlət büdcəsinə artım istiqamətində yenidən baxılması, eləcə də ölkə Mərkəzi Bankının uçot dərəcəsinin üç dəfə azalması, nəzəri cəhətdən, işgüzar fəallığın artımı üçün kifayət qədər stimul rolu oynaya bilərdi.

Qeyd edək ki, cari ilin 6 ayı üzrə statistik məlumatlara görə, ÜDM-in artımı 1,3% təşkil edib, o cümlədən qeyri-neft sektorunda artım 2%, qeyri-neft sənayesində isə 8,8% olub. Prezident İ.Əliyevin də vurğuladığı kimi, bu göstərir ki, "qeyri-neft sektoruna qoyulan sərmayələr, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir". Eyni zamanda kənd təsərrüfatında artım 7,6% təşkil edib.

Bəlkə də, inflyasiya bu il özünü ən maraqlı şəkildə nümayiş etdirən makroiqtisadi göstəricidir. Ötən aylar ərzində o, cəmi 3% təşkil edib, halbuki 2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 12,9% səviyyəsində olub. Hökumət və Mərkəzi Bank bu il onun tək rəqəmə qədər azalacağını proqnozlaşdırmışdılar, lakin, görünür, belə aşağı rəqəm onların özləri üçün də sürpriz olub. Hər halda, Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib ki, payızda Mərkəzi Bank inflyasiya proqnozunu yenidən nəzərdən keçirəcək.

"Qiymətlərin müşahidə edilən azalması mövsümi xarakter daşıyır. Yay mövsümünün sonuna müəyyən malların qiymətləri əvvəlki səviyyəsinə qayıdacaq. Düşünürəm ki, bu ilin ilk 9 ayının nəticələrinə görə, biz 2018-ci il üçün inflyasiya proqnozuna yenidən baxa bilərik", - deyə AMB rəhbəri bildirib, həmçinin qeyd edib ki, AMB-nin qarşısında duran əsas vəzifə "inflyasiyanı birrəqəmli səviyyədə saxlamaqdır".

Yada salaq ki, daha əvvəl Mərkəzi Bank 2018-ci il üçün Azərbaycanda orta illik inflyasiya göstəricisini 6-8% həcmində qiymətləndirmişdi, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozu isə 6,1% olmuşdu.

Məsələ burasındadır ki, istehlak qiymətləri indeksinin həddindən artıq aşağı artım tempi - bir tərəfdən əhali üçün çox əlverişli göstəricidir, digər tərəfdən iqtisadi nəzəriyyəyə görə, işgüzar fəallığı templərinin mümkün azalmasının siqnalıdır, yəni uzunmüddətli zaman kəsiyində iqtisadi problemlər yarada bilər. Məhz inflyasiya şirkətləri qiymətlərin yüksəlməsini və istehsal üçün əlverişli şərait gözləyərək vəsait toplamaqdan uzaq tutur və onları iqtisadiyyata sərmayə yatırmağa yönəldir.

Yuxarıda qeyd edildiyi kimi, işgüzar fəallığın stimullaşdırılması üçün AMB bu il üç dəfə uçot dərəcəsini aşağı salıb. Sonuncu dəfə iyunda 11% -dən 10%-ə endirib və bu zaman faiz dəhlizinin aşağı həddi 8% saxlanıb, yuxarı isə 14%-dən 12%-yə kimi endirilib. Yada salaq ki, ilin əvvəlində uçot dərəcəsi 15% təşkil edib.

Bu qərar üçün səbəb kimi AMB valyuta ehtiyatlarının artımını, dövlət sərmayələrinin artırılması hesabına iqtisadi artımın stimullaşdırılmasını, tədiyyə balansında müsbət dinamikanın qorunmasını və s.-i göstərib. Bundan başqa, Elman Rüstəmov bildirib ki, AMB uçot dərəcəsini azaltmağı davam etdirməyi planlaşdırır. "Əgər cari inflyasiya səviyyəsi nəzərə alınarsa və göstərici ilin sonuna kimi qalarsa, uçot dərəcəsinin 8% olması komfort hesab olunur. Ancaq əgər uçot dərəcəsi ilin ikinci yarısında proqnozlaşdırılan 8-10 faiz intervalında olarsa, nəzərə almaq lazımdır ki, ilin sonuncu rübündə qiymət artımı fəallaşır, onda komfort zonası arta bilər", - deyə ölkənin baş bankiri bildirib.

Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması, ilk növbədə, maliyyə bazarının iştirakçılarına müxtəlif əməliyyatlar, ilk növbədə, kreditlər üzrə faiz dərəcələrini azaltmaq üçün bir siqnaldır. Aşağı faizlər, öz növbəsində, sahibkarları cəlb edir və onları öz işlərini genişləndirməyə stimullaşdırır. Düzdür, hələ istənilən təsirə nail olmaq alınmır, banklar kreditlər üzrə dərəcələri yenidən nəzərdən keçirmək məsələsində hələ də ehtiyatlıdırlar, çünki əvvəlki illərdəki kredit bumu onlara yetəricə baha başa gəlib və problemli borclar portfelinin çəkisi qorxulu səviyyyədə artıb. "Kreditlər üzrə faiz dərəcələrinin azaldılması mürəkkəb prosesdir və burada bir sıra digər tədbirlər də tələb olunur", - deyə AMB rəhbəri hesab edir.

 

Sabit manat

Həm bankların, həm də biznesin iş fəallığına mane olan digər mühüm amil devalvasiya gözləntiləridir. Məlumdur ki, dünyanın istənilən bir ölkəsində, qısamüddətli də olsa, valyuta bazarında böhran, hətta sabitləşmə başladıqdan sonra da bir müddət iqtisadiyyatın ümumi vəziyyətinə mənfi təsir etməkdə davam edir. Burada söhbət daha çox əvvəlki fəaliyyətin bərpası üçün maliyyə və biznes mühitinə olan inamın bərpasından gedir. Bütün bu amillər Azərbaycanda müşahidə olunsa da, bank sektoru və özəl sektor 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra valyuta bazarı proqnozlarına ehtiyatla yanaşırlar, halbuki artıq ikinci ildir manat praktiki olaraq sabit qalır. Lakin hər bir görüşdə media təmsilçiləri Mərkəzi Bankın rəhbərinə həmişə milli valyutanın devalvasiyasının mümkünlüyü barədə sual verirlər və o da səbirlə bunun üçün fundamental səbəblərin olmadığını deyir, adətən, bu sıraya xarici amillər - neft qiymətlərinin kəskin düşməsi, yaxud tərəfdaş ölkələrin iqtisadiyyatında kskin dəyişikliklər və s. aid edilir.

Belə ki, hazırda neftin orta illik qiyməti 70 dollardır ki, bu da ötən ilin eyni dövründəkindən 30 faiz çoxdur. "Yüksək neft qiymətləri ölkənin strateji valyuta ehtiyatlarının və Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb olub.

Nəticədə, strateji valyuta ehtiyatları 2 milyard $ çox artıb. Daxili bazarda valyuta ehtiyatlarının artımı göstərir ki, təklif tələbi üstələyir. Buna görə də, təklif tələbi 2 milyard $-dan artıq üstələdiyi şəraitdə manatın devalvasiyasından söhbət belə gedə bilməz",- deyə E.Rüstəmov son mətbuat konfransında bildirib.

Eyni zamanda ölkənin baş bankiri əmindir ki, 2018-ci ilin yenilənmiş dövlət büdcəsi çərçivəsində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə köçürmələrin artımı valyuta bazarına təsir etməyəcək. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bu yaxınlarda təsdiqlənmiş dəyişikliklərə əsasən, ARDNF-dən köçürmələr 1,75 milyard manat artacaq və təxminən, 11 milyard manat təşkil edəcək. E. Rüstəmovun sözlərinə görə, sərmayə xərclərinin müəyyən hissəsi xarici valyutada gerçəkləşdirilir, buna görə də Neft Fondunun köçürmələri bazarda heç bir təzyiq etməyəcək.

Xatırladaq ki, düzəlişlər dövlət büdcəsinin gəlir və xərc hissəsinin 2 milyard manatdan çox artırılmasını nəzərdə tutur.

Beləliklə, bu gün Azərbaycan iqtisadiyyatında sabitliyin bütün mühüm komponentləri mövcuddur və iqtisadiyyatda yalnız böyük deyil, orta və kiçik biznes investisiyalarının artması üçün əlverişli şərait var. Yalnız ilin sonuna qədər gözləmək lazımdır ki, sahibkarlığın adekvat cavabını əks etdirən yeni makroiqtisadi göstəricilər açıqlansın.



MƏSLƏHƏT GÖR:

318