25 Aprel 2024

Cümə axşamı, 23:25

MEKSİKA ÜFÜQÜNDƏ SUPERULDUZ

Obradorun hakimiyyətə gəlişilə ölkədə az qala 100 ildir davam edən birpartiyalı idarəçilik sona çatdı

Müəllif:

15.07.2018

Andres Manuel Lopes Obrador, yaxud meksikalıların əksəriyyətinin adlandırdığı kimi, AMLO Meksika prezidenti seçilməyə iki uğursuz cəhddən sonra (2006 və 2012-ci illər), nəhayət, iyunun 1-də rəqiblərini sarsıdıcı məğlubiyyətə uğradıb. Bundan başqa, onun Milli Dirçəliş Hərəkatı (ispanca - Movimiento Regeneracion Nacional, Morena) parlamentin aşağı palatasında çoxluğu ələ alıb, Senatdakı yerlərinsə yarısını qazanıb. Hərəkat yerli özünü idarəetmə orqanlarına seçkinin keçirildiyi region və şəhərlərin də əksəriyyətində qələbə qazanıb.

Lopes Obradorun ölkəsində nə qədər populyar olduğunu, hətta meksikalı siyasətçilərə qarşı görünməmiş kollektiv eyforiyanın səviyyəsini ən azı bir fakt təsdiqləyirdi: seçki kampaniyası dövründə (2017-ci ilin sentyabrından) sosial şəbəkələrdə ən populyar heşteq #AMLOVE olub.

Meksikanın ən tanınmış nəşrlərindən olan «Milenio» qəzeti əvvəllər yeni seçilmiş prezidentlərə xüsusi rəğbət göstərmirdisə, budəfəki səsvermənin səhəri günü belə bir başlıqla çap olunub: «Lopes Obrador, Superulduz». Yazıda bildirilir ki, «tariximizdə yeni dövr başladı - sülh, harmoniya və ümidlər dövrü».

Doğrudur, «başladı» sözü o qədər də doğru deyil. Çünki ölkə Konstitusiyasına görə, yeni dövlət başçısının inauqurasiya mərasimi 5 ay sonra - dekabrın 1-də keçiriləcək. Meksika Konstitusiyasının bəzi hissələri Amerikanın əsas qanunundan «köçürülüb». ABŞ-da da vaxtilə seçkilə inauqurasiya arasında 5 aydan çox vaxt olurdu. Sonradan Birləşmiş Ştatlar mərasimin vaxtını aprelin 30-dan martın 4-nə keçirib (1801-ci il), sonda isə o, yanvarın 20-nə (1981-ci il) təyin olunub.

Meksikada isə onilliklər idi ki, hakimiyyət bir əldə - İnqilabi İnstitusional Partiyanın (İİP) əlində idi və keçid dövrünün qısaldılması məsələsi heç kəsi maraqlandırmırdı. Lakin 2014-cü ildə keçirilmiş islahatlar zamanı 2024-cü ildən bu müddətin 3 ayadək azaldılmasına qərar verilib. Odur ki, Lopes Obrador Meksikanın inauqurasiyasını 5 ay gözləməli olacaq son prezidentidir.

 

Həyat təhlükəsiz deyil

Meksikalılar inanırlar ki, AMLO-nun hakimiyyətə gəlişilə İİP-in, təxminən, 100 ildir davam edən hakimiyyəti sona çatacaq. Qeyd edək ki, İİP 1910-1920-ci illərin inqilabları və vətəndaş müharibələri dövründə, Porfirio Diasın 30 illik diktaturasının devrilməsi və 15 milyon əhalisi olan (o dövr üçün) Meksikada 2 milyonadək insanın həyatına son qoymuş qanlı vətəndaş müharibəsi zamanı yaradılıb.

Lakin bir vaxtlar inqilabın Konstitusiyanın qazandırdığı nailiyyətləri müdafiə edən bu proqressiv hərəkat küt, tamamilə korrupsiyalaşmış nəhəng bürokratik maşına çevrilib. O, ölkəyə nəzarəti müxalifətçi Milli Birlik Partiyası (MBP) nümayəndələrinin prezidentlik etdiyi 2000-2012-ci illərdə də əlində saxlayıb. 2014-cü ildə hazırkı prezidenti Enrike Penya Nyketo (İİP) jurnalistlərə yarı zarafat, yarı gerçək, bildirib ki, korrupsiya meksikalıları DNT-sinin bir hissəsidir və onu məhv etmək mümkün deyil. Onun sözlərinin təsdiqi kimi, elə həmin il ölkədə prezidentin həyat yoldaşı və yaxın ətrafının da adının hallandığı nəhəng korrupsiya qalmaqalı baş verib.

Meksikada nə qədər ciddi iqtisadi islahatlar aparılsa da - xarici kapitalın cəlbi, özəl sahibkarlığın təşviqi, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi - iki ciddi problem bu ölkəni həyat üçün təhlükəli məkana çevirib. Söhbət korrupsiya və narkotik ticarətindən gedir. Ötən ilin yekunlarına görə, Meksikanın Los-Kabos şəhəri dünyanın ən təhlükəli 50 şəhəri sırasında ilk yeri tutub. Siyahıda daha 11 Meksika şəhəri var.

Onilliklər ərzində hökumət cinayətkarlıqla mübarizə aparmağa çalışsa da, o, durmadan artıb. 2006-cı ildə mütəşəkkil cinayətkarlığa qarşı ordu və ağır silahların da cəlbilə əsl müharibə elan olunub. O, bu gün də davam edir. Bu savaş 200 mindən artıq insanın həyatına son qoyub, 30 min nəfər itkin düşüb. Qurbanların sayı isə ildən-ilə artır. 2018-ci il də istisna deyil. Bu gün ölkədə bütün cinayətlərin, təxminən, 95, qətllərinsə 98%-dən çoxunun üstü açılmayıb.

Hər prezident seçkisində namizədlər iqtisadi artım və sosial rifah vəd etsələr də, korrupsiya və mütəşəkkil cinayətkarlıq problemini dilə gətirmirlər. Onlar bu bəlalarla mübarizənin yolunu bilmədiklərindən susmağa üstünlük verirlər.

Bu susqunluq fonunda Lopes Obradorun vədləri əsl partlayış effekti verib. O, ölkənin ən ciddi 2 probleminə son qoyacağını bəyan edib. Nəticədə, böyük fərqlə - 53%-dən çox səs yığaraq qalib gəlib.

Bu qələbə ilk baxışdan göründüyündən daha çəkilidir. Çünki Morena koalisiyası yalnız siyasi opponentlərilə deyil, həm də kriminal dairələrlə mübarizə aparırdı. Çoxsaylı cinayətkar qruplar nüfuzlarını qoruyub saxlamaq ümidilə seçkiqabağı kampaniya dövründə «inadkar» saydıqları, əksəriyyəti AMLO-nun silahdaşı olan bir çox namizədi məhv edib. Bu dövr ərzində ölkədə ən azı 145 siyasətçi, o cümlədən şəhər meri, qubernator vəzifələrinə, deputatlığa namizədlər qətlə yetirilib. Siyasətçiləri qətli bilavasitə seçki günü də davam edib.

 

Vədlər

Lopes Obrador hakimiyyət uğrunda mübarizə apararkən xalqa, bəlkə də, Meksikanın müasir tarixinin ən səs-küylü vədini verib - ölkənin az qala dördüncü tarixi tranformasiyasına dair proqramın hazırlanması. Onun sələfləri İspaniya ilə 1810-cu ildə başlamış 10 illik müstəqillik müharibəsi, 1867-ci ildə Fransadan müstəqillik qazanılması və 1910-cu il inqilabıdır.

Doğrudur, görünən odur ki, hələlik AMLO-nun dəqiq fəaliyyət proqramı yoxdur. Lakin bu, yeni prezidentin tərəfdarlarının onun ölkədəki vəziyyəti kökündən dəyişmək iqtidarında olduğuna inamına təsir göstərmir.

Məsələn, Obrador korrupsiyanın kökünü hansısa kompleks tədbirlərlə deyil, şəxsi nümunə hesabına kəsəcəyini deyir. O, özünün və dövlət məmurlarının əməkhaqqını 50% azaltmaq, prezident sarayında yaşamaqdan imtina etmək, onu İncəsənət Mərkəzinə vermək niyyətindədir. Bundan başqa, yeni dövlət başçısı prezident təyyarə və vertolyotlarını, həmçinin avtomobillərini satışa çıxarmağı və s. planlaşdırır. Lopes Obrador deyir ki, «korrupsiyanın kökü kəsiləcək, çünki prezident korrupsiyaya bulaşmayacaq». «Zəngin hakimiyyət, yoxsul xalq ola bilməz. Biz yuxarıdakıların əməkhaqqını azaldacağıq ki, aşağıdakıların maaşını artıraq», - deyə o, qeyd edib. Lakin skeptiklər əməkhaqqı azaldılacaq məmurların rüşvət almayacağına şübhə ilə yanaşır.

«Mən mühafizəçilərin əhatəsində gəzmək istəmirəm. İstəyirəm ki, qayğıma siz qalasınız, insanlar qalsın», - deyə AMLO mitinqlərindən birində bildirib.

Siyasi Araşdırmalar Mərkəzinin eksperti Xose Krespo isə bu fikri «tam məsuliyyətsizlik aktı» adlandırıb: «Bu, elementar demaqogiyadır. Deyir ki, «mənim heç bir üstünlüyüm yoxdur, mən də hər kəs kimiyəm». Halbuki o, adi vətəndaş yox, prezidentdir. Ölkədə sabitlik, qanunun aliliyi ondan asılıdır».

AMLO ölkədə cinayətkarlığın səviyyəsini 50% azaltmaq niyyətindədir. Amma bunu güc yolu ilə deyil, dialoq vasitəsilə etməyi düşünür. Prezident bu işə Roma Papasını da cəlb edəcəyini deyir. O, dialoq xətrinə terror aktlarında iştirak etməmiş cinayətkarlar haqqında amnistiya belə, verməyə hazırdır. Obrador düşünür ki, bu, həmin insanlara yeni həyata başlamaq imkanı yaradılması baxımından vacibdir. Lopes Obrador hesab edir ki, sələfləri cinayətkarlıqla mübarizədə yalnız güc yoluna əl atmaqla, düzgün strategiya seçməyib: «Əslində, müdafiəsizliyi, zorakılığı yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Bu hallarla ən effektiv və insanpərvər mübarizə qeyri-bərabərsizliklə, yoxsulluqla mübarizədir».

Əhalini daha çox ruhlandıran vədlərdən biri də mərkəzi ştatların fermerlərinə pulsuz gübrə, ucuz yanacaq, kənd təsərrüfatı istehsalçıları üçün minimal qiymət zəmanətinin veriləcəyidir. Obrador hesab edir ki, bu, kənd rayonlarında iqtisadiyyatın canlanmasına yol açacaq, insanları işlə təmin edəcək və ABŞ-a axının qarşısını alacaq.

 

Bəs, plan varmı?

Çoxları onun yaşlılar və əlillər üçün pensiyanı, tələbələr üçün təqaüdü artıracağına, səhiyyə və təhsil sistemini dirçəldəcəyinə dair vədlərinə şübhə ilə yanaşır. Çünki yeni prezident bütün bu işləri korrupsiya üzərində qazanılacaq qələbə və dövlət xərclərinin azaldılmasından əldə olunacaq gəlir hesabına görmək fikrindədir.

Başqa mənbə yoxdur və bunu Lopes Obradorun özü də etiraf edir. Doğrudur, 2019-cu il üçün federal büdcə artıq onun prezidentliyi dövründə (15 dekabr) və siyasi təşkilatının çoxluqda olduğu parlamentdə qəbul ediləcək. Lakin seçkiqabağı vədlərin yerinə yetirilməsi üçün büdcədə hər hansı dəyişikliklərə getmək çətin mümkün olsun.

Pyena Nyeto administrasiyası artıq 2019-cu il üçün gəlir və xərcləri qəbul edib. Üstəlik, bu ilin ilk yarısında hakim İİP-in təşəbbüsü ilə həyata keçirilən yoxsulluq və israfçılıqla mübarizəyə dair proqramın reallaşdırılması ilə federal defisit kəskin artıb. İİP onu seçkidə qələbə qazanmaq məqsədilə həyata keçirirdi. Lopes Obrador isə büdcə kəsirini azaldacağını vəd edir. Odur ki, onun öz sosial proqramlarını icra etmək üçün maliyyə tapması çətin olacaq. Yox, yeni prezident büdcənin xərclər bölümünü artırarsa, peso buna mənfi reaksiya göstərə bilər və bu halda ölkədə inflyasiyanın nəzarətdən çıxacağı istisna deyil.

Yeni prezidentin bəyanatlarını son onilliklər ərzində Meksika iqtisadiyyatına 100 milyardlarla dollar sərmayə qoymuş beynəlxalq investorlar da diqqətlə müşahidə edir. Çünki o, zaman-zaman gah ölkə iqtisadiyyatının həyati əhəmiyyətli sektorlarının milliləşdirilə biləcəyini, gah Meksikaya sərf etməyən müqavilələrin ləğv olunacağını, gah da xalqın yoxsullaşmasına imkan verməmək üçün qiymətlərin tənzimlənməsilə məşğul olacaqlarını deyir. Meksikaya ciddi investisiyalar qoymuş AT&T, «Ford», GE, «Boeing» və «Delta» kimi şirkətlər hazırda çaşqınlıq içərisindədir və növbəti il onları nəyin gözlədiyini bilmir.

Bütün skeptik yanaşmalarla yanaşı, Lopes Obradorun prezidentliyilə bağlı bir ciddi arqument var - o, ölkə paytaxtı Mexikoya 5 il (2000-2005) kifayət qədər uğurla rəhbərlik edib. Obradorun həmin dövrdə həyata keçirdiyi innovativ sosial və mədəni proqramlar, şəhərini nəqliyyat infrastrukturunun yenidən qurulmasına uğurla investisiya cəlb etməsi və digər layihələr ölkədə ona böyük populyarlıq qazandırıb. Elə o zaman da tənqidçilər onun layihələrini tənqid edir, populist adlandırır, lakin ölkənin digər hissələrində eyni layihələri həyata keçiridilər.

2004-cü ildə Lopes Obradoru 2006-cı ildə keçiriləcək prezident seçkisində rəqibi olmaması üçün saxta korrupsiya qalmaqalı ilə mühakimə etmək istəmişdilər. O zaman Mexikonun 1 milyondan çox sakini merə dəstək olaraq paytaxt küçələrinə axışmış, nəticədə, ittihamlar geri götürülmüşdü.

Lakin korrupsiyanın kökünü kəsmək, mafiyaya qalib gəlmək üçün sadəcə gözəl ideyalar kifayət deyil. Ölkənin güclü dövlət institutlarına, müstəqil məhkəmələrə və sayıq mətbuata ehtiyacı var. Kommunist Partiyası, mühafizəkar yevangelist «Sosial görüş» partiyası, liderləri heç də hər zaman təmiz olmayan həmkarlar ittifaqı təşkilatlarının liderləri, İİP və MBP-nin keçmiş aparat işçiləri, həmçinin başqa müxtəlif baxışlı siyasətçilərdən ibarət qarışıq Morena koalisiyası qarşıdakı aylar ərzində, ilk növbədə, liderlərinin səs-küylü vədlərinin yerinə yetirilməsinə imkan verəcək dəqiq fəaliyyət proqramı hazırlamalıdır. Kütlənin sevgisi əbədi deyil. Lopes Obradorun vədləri sadəcə təbliğat vasitəsi olaraq qalarsa, o, «superulduz»dan asanlıqla vətən xaininə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

339