26 Aprel 2024

Cümə, 03:50

DİGƏRLƏRİNDƏN DAHA ARTIĞINI ETMƏK

ABŞ prezidenti, hələ ki, seçki öncəsi verdiyi vədlərinin çoxuna əməl edir

Müəllif:

15.07.2018

ABŞ-ın qeyri-adi prezidentinin əsasən izahı çətin olan addımları nə qədər şok rəylərlə müşayiət olunsa da, təhlil göstərir ki, onlar Donald Trampın seçki öncəsi Amerika ictimaiyyətinə verdiyi vədlərə tam uyğundur. Tramp prezidentlik mandatını xalqa məhz bu vədləri verməklə qazanıb.

 

«Amerika hər şeydən üstündür»

Donald Tramp prezident seçilməsinin 500-cü günü münasibətilə verdiyi bəyanatda bildirib ki, «çoxlarının fikrincə» o, istənilən digər Ağ Ev sahibindən daha çox nailiyyət əldə edib.

Tramp vergi islahatlarını, silahlı qüvvələrin inkişafını, cinayətkarlığın və qeyri-leqal miqrasiyanın azalmasını, sərhədlərin möhkəmləndirilməsini və iqtisadi artımı özünün nailiyyətləri sayır. Vergi islahatlarını Tramp uzun-uzadı müzakirələrin sonunda respublikaçı çoxluğun yer aldığı Konqresdən keçirə bilib. Amma ona bir nəfər də olsun demokrat səs verməyib. Vergi Siyasəti Mərkəzinin ekspertləri hesab edir ki, D.Trampın vergi islahatları Reyqanın dövründən bu yana sözügedən sahədə aparılmış ən miqyaslı islahatdır. Onların fikrincə, bundan qazanan Amerikanın ən yoxsul və ən zəngin insanlarıdır. Əslində isə o, ümumilikdə işləyən əhalinin xeyrinə olacaq. Vergi ödəyicilərinin, təxminən, 71%-i vergidə minlərlə dollar qənaət edə biləcək. Doğrudur, dövlət büdcəsi bundan 1,5 trilyon dollardan artıq vəsait itirəcək. Lakin islahat insanları işləməyə stimullaşdıracaq.

Donald Tramp qeyri-leqal miqrasiya ilə mübarizə məqsədilə həyata keçirdiyi və «sıfır tolerantlıq» adlandırılan immiqrasiya siyasətində də sərt müqavimətlə üzləşib. Lakin nəinki hüquq müdafiəçiləri, mətbuat və opponentlərinin, hətta həyat yoldaşının belə, sərt tənqidinə baxmayaraq, o, lazım bildiyi fərmanı imzalayıb. Sənədə əsasən, əgər miqrantın övladının, həqiqətən, ona məxsus olduğu, uşaqla qohumluqları təsdiqlənməzsə və ya uşağın təhlükəsizliyinə hər hansı təhdid olarsa, övlad valideynlərinin əlindən alınacaq. Bütün digər hallarda ailənin birgə yaşamasına icazə verilir.

Ali Məhkəmədə (AM) terror təhlükəsinin olduğu ölkələrdən immiqrasiyanın məhdudlaşdırılmasını da nəzərdə tutan bu qanunu yalnız mühafizəkar hakim N.Qorsaçın sayəsində təsdiqləmək mümkün olub. O, AM-ə Senat vasitəsilə məhz D.Trampın namizədi kimi daxil olub.

AM-in daha bir vacib qərarı ilə həmkarlar ittifaqı təşkilatları dövlət işçilərindən avtomatik ödəniş almaq hüququndan məhrum edilib. Bundan başqa, Tramp icbari tibbi sığorta haqda tələbləri də yox edə bilib. Onun fikrincə, bu, dərman preparatlarının ucuzlaşmasına yol açacaq. Prezidentin imzaladığı qanun, ölümcül xəstə olan pasiyentlərə hələ qeydiyyatdan keçməmiş təcrübi preparatlardan istifadə icazəsi verir.

Ağ Ev administrasiyası banklar, enerji şirkətləri, kommersiya əsaslı tədris ocaqları və digər korporativ strukturlar üçün mədudiyyətlərin yumşaldılması üçün də bir sıra tədbirlər görüb. Doğrudur, o, respublikaçı senator Con Makkeynin müqaviməti üzündən sələfi Barak Obamanın başlatdığı səhiyyə islahatlarını dayandıra bilməyib. Lakin qanunun bir sıra maddələri administrativ vasitələrlə ləğv olunub.

Bu yeniliklər sayəsində nəinki Trampın ölkə daxilindəki reytinqi rekord həddə qalxıb, üstəlik, ABŞ-ın Fond bazarında 50%-lik yüksəliş baş verib. Bu isə öz növbəsində, onun opponentlərinə, radikal əleyhdarlarına ciddi zərbədir. Çünki bu, sadəcə, Trampın deyil, həm də onun siyasi bazasının qələbəsidir. Bundan başqa, respublikaçılar Konqresə bu ilin noyabrında keçiriləcək seçkidə qələbə qazanmaq üçün artıq Trampla həmrəylik nümayiş etdirməyə başlayıblar.

Trampın uğuru seçkiqabağı vədlərini ardıcıllıqla yerinə yetirməsindədir. Amerikalı analitiklərin özləri də etiraf edir ki, bu, ABŞ tarixində çox nadir haldır.

Maraqlıdır ki, bu strategiyanı «Amerika hər şeydən üstündür» prinsipini öz konsepsiyasının əsası elan etmiş Tramp kimi qeyri-sistemli siyasətçisi həyata keçirir.

 

Yığımcıl

Donald Trampın Birləşmiş Ştatların dünyadakı rolu ilə baxışlarını sələflərindən fərqləndirən əsas məqam budur. Əgər Barak Obama Amerikanın liderliyindən danışırdısa, Tramp diqqətin daha çox daxili məsələlərə ayrılmalı olduğunu düşünür. Qarşıya qoyulmuş bu məqsədə nail olunması üçün isə o, onilliklər boyu qüvvədə olmuş bütün qaydaları dəyişməyə hazırdır. Əslində, burada təəccüblü heç nə yoxdur. İstənilən hakimiyyətin prioriteti gəlirli dövlət yaratmaqdır. Prezident Tramp isə kifayət qədər uğurlu biznesmendir. Odur ki, marksizmin klassik «iqtisadi baza və siyasi üstqurum» postulatı, bəlkə də, Trampın həyatının mənasıdır.

Onun müəssisələrin ABŞ-a qaytarılması yolu ilə 100 minlərlə yeni iş yeri yaradacağına dair vədi real sektorun inkişafı ilə iqtisadi qüdrətin artırılmasını nəzərdə tutur. Prinsipcə bu, ölkə iqtisadiyyatının yenidən sənayeləşdirilməsini, sırf spekulyativ maliyyə iqtisadiyyatından imtinanı nəzərdə tutur. Milli maraqlar sənayenin ABŞ-a qaytarılmasını, yeni iş yerlərinin açılmasını və amerikalıların rifahının yüksəldilməsini tələb edir.

Trampın xalqa ilk müraciətində səsləndirdiyi iqtisadi proqramını rəyi soruşulanların 72%-i məhz bu üzdən dəstəkləmişdi. Bu mənada Tramp qənaətcil ev sahibi kimi, «yığımcıllıq» prinsipinə sadiqdir. Onun Səudiyyə Ərəbistanı və Qətərlə imzaladığı və dəyəri 100 milyardlarla dollar olan sazişlər Trampı Amerika şirkətlərinin sifarişlərini təmin edən praktik biznesmen kimi xarakterizə edir. Lakin ekspertlərin əksəriyyəti onu da deyir ki, Amerika prezidentinin hər kəsə qarşı geosiyasi və iqtisadi (rüsum-tarif) savaşı qeyri-müəyyənliyi artırır.

Bütün bunlardan xüsusilə özlərini ABŞ-ın müttəfiqi sayan dövlətlər narazıdır. Amma görünən odur ki, Vaşinqtonun əsl müttəfiqləri yalnız Böyük Britaniya ilə İsraildir.

Bu gün baş tutmamış Trans-Sakit okean Tərəfdaşlığı (TST) və ya Şimali Atlantika Alyansından tərəfdaş olan ölkələr Trampın əməllərindən şikayətlənsələr də, bu və ya digər formada onun siyasətinə uymaq məcburiyyətində qalırlar. Çünki birincisi, TST ABŞ iqtisadiyyatının yenidən sənayeləşmə siyasətinə, yeni iş yerlərinin açılmasına əsas maneə idi. Bunu Tramp hər yerdə açıq-aşkar dilə gətirirdi. İkincisi, 1995-ci ilin əvvəllərində beynəlxalq ticarətin liberallaşdırılması, üzv dövlətlər arasında ticari-iqtisadi münasibətlərin tənzimlənməsi məqsədilə yaradılmış (Tariflər və ticarət haqqında Əsas Razılaşma əsasında) Ümumdünya Ticarət Təşkilatı (ÜTT) artıq Vaşinqton üçün lazım olan missiyasını gerçəkləşdirib. ÜTT ABŞ-a məhz dünya iqtisadiyyatının lideri olduğu, məhsullarının satışı üçün nəhəng bazarlara ehtiyac duyduğu dönəmdə lazım idi.

Bu gün vəziyyət kökündən dəyişib və Çin ÜDM-in səviyyəsinə görə dünyada liderliyə yüksəlib. Bu gün Çin məhsulları milli valyutanın məzənnəsinin aşağı olması və ucuz işçi qüvvəsi fonunda Amerika bazarlarını belə, doldurub. Tramp bu vəziyyəti proteksionizm kimi qiymətləndirir və ÜTT-nin tələblərinin yerinə yetirilməsini vacib saymır. Üstəlik, bu təşkilat hüquqi baxımdan beynəlxalq qurum da deyil.

Analoji yanaşma ABŞ-ın BMT-nin İnsan Hüquqları Şurasını (İHŞ) tərk etməsində də özünü göstərib. Obamanın dövründə Vaşinqtonun sevimli «insan haqları» mövzusu ilə Yaxın Şərqdə məqsədlərinə satmasından sonra, İHŞ qəflətən «riyakar təşkilat»a çevrilib. Səbəb isə qurumda artıq ABŞ-ın özünün ünvanına insan haqlarının pozulması ilə bağlı ciddi ittihamların səsləndirilməyə başlanmasıdır. İnsan haqlarına kimin əməl edib-etmədiyinə qərarın Vaşinqtonun verdiyi bir vaxtda hansısa təşkilat amerikalılara bu sahədəki çatışmazlıqlarını göstərməyə çalışır. Bu, Trampı son dərəcə qıcıqlandırıb və o, belə qənaətə gəlib ki, ABŞ-ın hədəflərinə çatmasında BMT İHŞ-nin missiyası bitib.

Onu da qeyd etmək lazımdır ki, Amerika demokratları ilə respublikaçılarının xarici siyasətdə istifadə etdikləri «alət»lər bir-birindən kəskin şəkildə fərqlənir. Əgər demokratlar bu və ya digər dövlətə təzyiq göstərmək üçün «insan haqları» məsələsini ortaya atırsa, respublikaçıların sevimli mövzusu nüvə silahının yayılması və terror təhlükəsidir - bu, ABŞ-ı hərbi yola əl atmağa «məcbur» edir. Odur ki, D.Trampın İHŞ-ni tərk etmək qərarı bu çərçivədə atılmış addımdır.

Avropanın Trampın əməllərindən narazılığına gəlincə, vaxtilə B.Obamanın ABŞ ilə Aİ arasında azad ticarət zonasının yaradılması təklifini məhz Avropa liderləri və üstəlik, müəyyən təkəbbürlə rədd etmişdilər. Eyni davranışı Tramp göstərdikdə isə avropalılar dialoqun, razılaşdırılmış addımların atılmasının vacibliyindən danışmağa başlayıb.

D.Trampın NATO ilə bağlı tənqidi fikirlərisə konkret olaraq, Vaşinqtonun avropalı müttəfiqlərinin təhlükəsizliyini bundan sonra da təkbaşına təmin etmək istəməməsilə bağlıdır. İkinci Dünya müharibəsindən bu günədək Avropanın təhlükəsizliyinin memarı və qarantı məhz Birləşmiş Ştatlardır. Buna baxmayaraq, SSRİ-nin dağılmasından sonra NATO üzvü olan Avropa ölkələri müdafiə xərclərini ildən-ilə azaltmağa başlayıb. Halbuki onların bu büdcənin ÜDM-in 2%-dən az olmamasına dair öhdəliyi var. Nəticədə, bu gün NATO-nun müdafiə xərclərinin, təxminən, 72%-i yalnız ABŞ-ın üzərinə düşür və bu, pulun qədrini bilən Trampı çox qıcıqlandırır. Onun blok rəhbərliyinə etirazı, ilk növbədə, bununla izah olunur. Doğrudur, bu narazılıq hələ B.Obamanın dövründə də nəzakətli şəkildə də olsa, dilə gətirilirdi. Obama administrasiyası avropalıları yeni yaranan qlobal təhlükələr qarşısında hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa çağırırdı. Tramp isə daha inadkar mövqe nümayiş etdirərək, NATO-dakı tərəfdaşları qarşısında konkret tələblər qoyur: ya təhlükəsizliyinizin təmini üçün maliyyə ayırın, ya da Vaşinqton bu yükü amerikalı vergi ödəyicilərinin çiynindən götürəcək. Məhz bu baxımdan, NATO artıq ABŞ-ın milli maraqlarına əvvəlki qədər cavab vermir. Bu gün Tramp hesab edir ki, artıq avropalılar Amerikanın təhlükəsizliyinin təminindəki xidmətlərini qiymətləndirməlidir. Polşanın potensial Rusiya təcavüzünə qarşı ərazisində ABŞ hərbi bazasının yaradılmasına 1,5-2 milyard dollar ayırmağa hazır olması buna bariz nümunədir. D.Tramp əmindir ki, fövqəldövlət varını müttəfiqlərinə dağıtmalı deyil, əksinə statusundan ciddi dividendlər qazanmalıdır.

Bütün bunlarla yanaşı, Ağ Ev sahibi çoxtərəfli, xüsusilə beynəlxalq təşkilatlarda əməkdaşlıqdansa, ikitərəfli əməkdaşlıqlara üstünlük verir. Çünki digər hallarda qərarlar konsensus əsasında qəbul edilir və bir sıra hallarda bu, Vaşinqtonun hegemonluğu ilə ziddiyyət təşkil edir.

Ümumiyyətlə, Donald Trampın millətlərüstü strukturların zəifləməsinə, Vestfal sisteminin bərpasına yönəlmiş antiqlobalist siyasəti təsadüf deyil. Vaşinqton qloballaşma siyasətindən və millətlərüstü strukturlardan da istədiyini maksimum qazanıb. İndi onlar ABŞ-ın dünya düzənini yenidən yaratmaq istəyinə əsas maneədir. Bu mənada ən azı BMT TŞ-yə nəzər salmaq kifayətdir. Vaşinqtonun əsas opponentləri olan Çin və Rusiya orada veto hüququna malikdirlər. Opponentlərin belə imkanlara malik olmayacağı yeni millətlərüstü institutların yaradılması üçün isə əvvəlcə mövcud olanlar ləğv edilməlidir.

ABŞ-ın siyasətindən narazılara, o cümlədən Vaşinqtonun müttəfiqlərinə gəlincə, onlar Birləşmiş Ştatların oyun qaydalarını qəbul etməyə məcburdurlar. Çünki onların qarşısında Amerikanın ən azı 3 aşkar üstünlüyü var. Birincisi, hər kəsin ciddi ehtiyac duyduğu yüksək texnologiyalar. İkincisi, hərbi güc. Üçüncüsü və ən əsası, pul münasibətlərinin, ticarət hesablaşmalarının tənzimləndiyi Bretton-Vud beynəlxalq sistemi. Bu sistem məhz ABŞ dollarının hökmranlığı əsasında qurulub və bütün dünya iqtisadiyyatını Birləşmiş Ştatların milli valyutasından asılı vəziyyətə salıb.

Bütün sadalananlar sübut edir ki, Trampın hər kəsdə təxminedilməz, hətta müəmmalı təəssürat yaradan siyasəti əslində məqsədyönlü siyasətdir və onun dəqiq hədəfləri var. Prinsip isə aydındır: «Heç kəsə prinsiplərimizi zorla qəbul etdirmirik. Bizim təhlükəsizliyimizə təhdid yoxdursa, qoy, istədikləri kimi yaşasınlar. Buna pul xərcləməyə dəyməz». Tramp siyasətinə əsasını məhz bu fikir təşkil edir. Sadəcə o, açıq oynamaqla, opponentlərini tərk-silah edir və beynəlxalq münasibətlərdə yeni atmosfer yaradır.

Seçki öncəsi verdiyi vədləri ardıcıllıqla yerinə yetirməsi bütün bu keyfiyyətlərilə birlikdə Trampın istədiyi işə başlamasına və qalib gəlməsinə imkan verir.



MƏSLƏHƏT GÖR:

352