28 Mart 2024

Cümə axşamı, 16:04

GƏRGİNLİK

Tramp NATO-nu sınağa çəkir

Müəllif:

15.07.2018

NATO-nun Brüssel sammitinin əsas nyusmeykeri gözlənildiyi kimi, ABŞ prezidenti Donald Tramp olub. Əslində, görüşün asan keçməyəcəyini əvvəldən hər kəs gözləyirdi. Səbəb ABŞ və Aİ ölkələri arasında Vaşinqtonun İranla nüvə razılaşmasından çıxması, həmçinin Amerikanın polad və alüminə rüsum tətbiq etməsi üzündən yaranmış fikir ayrılıqları idi. Amma üstəlik, sammitin gedişində Tramp alyansdakı tərəfdaşlarından narazılığını o qədər sərt dilə gətirib ki, ortaya daha bir narahatlıq çıxıb: ən yaxşı halda yekun bəyannamənin taleyi, pis halda isə ABŞ-ın NATO-da qalıb-qalmayacağı. Sonda qorxulu heç nə baş verməyib: ABŞ prezidenti NATO-nun zəif cəhətlərini açıqlasa da, Şimali Atlantika Alyansı əvvəlkitək, dünyanın ən qüdrətli hərbi blokudur.

 

Girov Almaniya

Ən böyük gözlənilməzlik Trampın Almaniyanı tənqid atəşinə tutması olub. Ağ Ev sahibi hesab edir ki, almanlar «Şimal axını-2» layihəsinin reallaşdırılmasına razılıq verməklə «Rusiyadan asılı vəziyyətə düşüb». Qeyd edək ki, «Şimal axını-2» layihəsi Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyayadək 2 qaz xəttinin çəkilişini nəzərdə tutur. Bu xətlər ildə 55 milyard kubmetr qaz nəql etmək gücündə olacaq. Tramp administrasiyasının bu layihəyə sırf iqtisadi cəhətdən etiraz etdiyi deyilir. Məsələ ondadır ki, ABŞ özü Avropaya mayeləşdirilmiş təbii qaz ixrac etmək istəyir və bu işdə ona rəqib lazım deyil. Məhz bu üzdən Tramp Berlinin Rusiya qazına «milyardlar ödəməsindən» qəzəblənib. O, Almaniyanın «Şimal axını-2» layihəsini gerçəkləşdirdiyini, amma NATO çərçivəsində müdafiəyə pul xərcləmək istəmədiyini deyib. Trampın sözlərinə görə, bu üzdən müdafiə sahəsində bütün yük Vaşinqtonun çiyninə düşür. Bu sahəyə ayrılan maliyyənin 90%-i ABŞ-a məxsusdur. Həqiqətən də, 2017-ci ildə Almaniya Rusiyadan 19,8 milyard avroluq neft və qaz alıb.

«Deyilir ki, biz sizi Rusiyadan qoruyuruq. Belədirsə, siz niyə enerji üçün Rusiyaya milyardlar ödəyirsiniz? Niyə NATO üzvləri, konkret desək, Almaniya Rusiyadan bu qədər enerji resursu alır? Almaniya Rusiyanın girovudur. Çünki o, kömür sənayesindən, atom elektrik stansiyalarından imtina edib, əvəzində Rusiyadan nəhəng həcmdə neft və qaz alır. Mən hesab edirəm ki, NATO buna diqqət yetirməlidir», - deyə Tramp alyansın baş katibi Yens Stoltenberqlə görüşdə birmənalı şəkildə bildirib.

Baş katib ona cavab vermək üçün söz seçməyə başlayıb, NATO üzvləri arasında fikir ayrılıqlarının mümkünlüyünü söyləyib. Bununla yanaşı, Stoltonberq deyib ki, «tarix onların (NATO üzvlərinin) birlikdə daha güclü olduqlarını təsdiqləyib».

«Ölkələrdən biri sizin qorunmağa çalışdığınız insandan və ya qrupdan enerji resursları alırsa, siz necə birlikdə ola bilərsiniz?» - deyə Tramp yenidən emosionalcasına sual verib. Stoltenberq cavabında, sadəcə, qaz kəməri tikintisinin milli qərar olduğunu, belə məsələlərin NATO formatında həll olunmadığını söyləyə bilib. Daha sonra o, Trampla danışıqlar estafetini Almaniya kansleri Angela Merkelə ötürüb.

Nəticədə, yekun bəyannamədə ayrıca maddə kimi, bir bəyanat yer alıb: «Enerji sahəsində müəyyən hadisələr ciddi siyasi nəticələr verə, NATO üzvlərinin təhlükəsizliyi baxımından fəsadlara yol aça, eyni zamanda bizim tərəfdaşlarımıza da təsir göstərə bilər».

Lakin alyansın birgə sənədində Berlinin ünvanına konkret «Şimal axını-2» ilə bağlı heç bir irad yer almayıb. Buna baxmayaraq, Berlinin Trampın sözlərini unutması asan olmayacaq. Əksər Qərb KİV-nin yazdığına görə, «Şimal axını» məsələsinin qaldırılması tərzi Amerikanın «qitədəki ən zəngin və güclü müttəfiqi» Almaniya üçün kifayət qədər kobud və təhqiredici olub. Trampın sözlərində məntiq və həqiqət olsa belə…

 

Təhlükəsizlik neçəyədir?

Burada, həqiqətən də, məntiq var. Tramp avropalı həmkarlarına deyir ki, kollektiv öhdəliklərlə yanaşı, şəxsi biznes də varsa, onda təhlükəsizliyə də mal kimi baxmaq lazımdır. Kim bilməsə də, uğurlu sahibkar olan Tramp belə işləri yaxşı bilir. Ağ Ev sahibi iradlarını hər zaman olduğu kimi, «Twitter» vasitəsilə ifadə etməyə başlayıb. O, sosial şəbəkədəki səhifəsində yazıb ki, NATO ölkələri dərhal müdafiə sahəsinə ÜDM-lərinin 2%-i qədər vəsait ayırmağa başlamalıdırlar. Üstəlik, bu rəqəm getdikcə artırılmalıdır. Jurnalistlərin məlumatına görə, Tramp bunun ÜDM-in 4%-i dərəcəsində müəyyənləşdirilməsini istəyir. Doğrudur, bu məsələ toplantıda rəsmən qaldırılmayıb, lakin, güman ki, görüşlərdə əsas müzakirə mövzularından olub. KİV-in də ən geniş yer verdiyi məsələlərdən biri məhz budur.

Trampın bu istəyini dəstəkləyən yoxdur. Çünki bu, qeyri-realdır. 2%-lə bağlı qərar hələ 2014-cü ildə NATO-nun Buxarestdə keçirilmiş sammitində qəbul olunsa da, 2017-ci ilin iyun qiymətləndirməsinə görə, blokun 29 üzvündən yeni qaydaya yalnız ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya, Rumıniya və Polşa əməl edir. Yəni 4% haqda düşünməyə belə, dəyməz.

Bununla yanaşı, əksər müşahidəçilər hesab edir ki, Amerika prezidenti ölkəsi üçün maksimum iqtisadi mənfəət əldə etmək üçün ABŞ ilə Aİ arasındakı gərginliyi daha da artırmaq kimi bir riskə gedir. Trampın məsələlərə sahibkar yanaşması NATO-nun əsas prinsipi olan birlik prinsipinə ziddir. Məsələn, ABŞ-ın Moskvadakı sabiq səfiri Maykl Makfol bildirir ki, SSRİ ilə Rusiya 70 il NATO-ya Trampın prezident olduğu 18 ayda verdiyi zərərdən daha az zərbə vurub.

Birləşmiş Ştatların sabiq dövlət katibi Con Kerri isə açıq şəkildə deyib ki, Trampın NATO sammitindəki «qəribə və qeyri-məhsuldar» bəyanatları «dünyada ABŞ-ın imicinə mənfi təsir edir». «Bu, fəlakət idi, biabırçılıq idi. Bu, ABŞ-ın maraqlarına tam ziddir», - deyə o, «Twitter» hesabından yazıb.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə Amerika prezidentinə məhz təhlükəsizlik məsələsində hər şeyin pulla ölçülmədiyini xatırladıb. O, Aİ əsgərlərinin ABŞ hərbçilərilə birlikdə Əfqanıstanda xidmət apardığını yada salıb.

Nəhayət, Tramp gözlənildiyi kimi, Vaşinqtonun alyansa sadiq olduğunu təsdiqləyib. Amma bunu da öz üslubunda edib. "Vaşinqton əvvəlkitək NATO-ya çox sadiqdir. Bunu bizim əlavə ödənişlərimiz də təsdiqləyir. Biz blokun büdcəsinə əlavə olaraq 33 milyard dollar ödəmişik», - deyə Ağ Ev sahibi mətbuat konfransında bildirib.

 

«Dörd otuz»

NATO-nun yekun bəyannaməsində Rusiyaya da çox yer ayrılıb. Lakin tərəflərin münasibətlərində heç bir yenilik olmayıb. Alyans hesab edir ki, «Rusiya beynəlxalq qaydalara meydan oxuyur, beynəlxalq hüququn tələblərini pozur, təxribatçı hərbi əməllərə əl atır, NATO institutlarını dağıtmağa və pərakəndəlik yaymağa çalışır». Bununla yanaşı, ittihamlar bir yandan alyansın Moskva ilə dialoqa hazır olduğunun bildirilməsilə yumşaldılıbsa, digər tərəfdən Moskvanın hərbi imkanlarının məhdudlaşdırılmasına yönəlmiş qərarlarla daha da sərtləşdirilib. Söhbət artıq yeni «Dörd otuz» proqramı çərçivəsində Rusiya sərhələrinə NATO qoşunlarının yerləşdirilməsindən gedir. Onun məğzi NATO qüvvələrinin 2020-ci ilədək 30 alay , 30 hərbi gəmi və 30 eskadriliya yaratmaq niyyətindədir. Lazım gələrsə, onlar 30 gün ərzində operativ olaraq hazır vəziyyətə gətiriləcək.

Bundan başqa, alyans üzvləri ABŞ və Almaniyada 2 yeni komanda mərkəzinin yaradılması haqda da razılığa gəlib. Onlar Hərbi Hava Qüvvələrinin sürətlə hərəkət etmə qabiliyyətini də artırmağı düşünür. Buraya NATO Hərbi Dəniz Qüvvələrinin Baltik və Qara dənizlərdə mövcudluğunun artırılması planını da əlavə etmək lazımdır.

Sammitin digər nəticələri arasında NATO-nun Ukraynanın alyansa üzvlüyünə növbəti dəfə dəstək ifadə etməsini göstərmək olar. Gürcüstana gəlincə, bildirilib ki, o, «gələcək üzvlüyə hazırlaşmaq üçün bütün praktik alətlərə malikdir». Yens Stoltenberq «Gürcüstanın NATO üzvü olacağını» şəxsən bəyan edib. Lakin o, konkret müddət göstərməyib.

Şimali Atlantika Alyansına üzvlük şansı ən real olan ölkə isə Makedoniyadır. Bu ölkənin adı ilə bağlı məsələ həll olunan kimi, onun alyansa qəbulu təsdiqlənəcək.

NATO üzvləri kollektiv müdafiə prinsiplərini də təsdiqləyiblər. Onlar buna «hibrid müharibə» halında da əl ata biləcəklərini bəyan edib, uyğunlaşdırılmış komandanlıq strukturunun və kiberəməliyyatlar mərkəzinin yaradılması haqda qərar çıxarıblar. İraq hökumətinin xahişi ilə bu ölkədə beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə təlim missiyasının yaradılmasına, Əfqanıstanın təhlükəsizlik qüvvələrinə yardımın artırılmasına da qərar verilib. Söhbət oraya daha çox təlimatçı göndərilməsindən və daha böyük həcmdə maliyyə yardımının ayrılmasından gedir.

Maraqlıdır ki, sammitin yekun bəyannaməsi elə toplantının açılış günündə imzalanıb. Yəqin, avropalı liderlər Trampın ağlına hər an yeni fikir gələ biləcəyindən ehtiyatlanıblar. Beləliklə, Brüssel görüşünün heç-heçə başa çatdığını demək olar. Tramp avropalı müttəfiqlərindən heç nə «qopara» bilməyib, maliyyə məsələsi həll edilməyib, yekun sənəd isə kifayət qədər əhəmiyyətli alınıb. Orada sanki konkret fəaliyyət istiqamətləri və planlar yer alır. Və əlbəttə ki, NATO üzvləri alyansın «heç zaman olmadığı qədər birləşdiyini» bəyan ediblər.



MƏSLƏHƏT GÖR:

338