19 Aprel 2024

Cümə, 06:05

BRÜSSEL İRƏLİLƏYİŞİ

Azərbaycanın Aİ ölkələri və NATO üçün strateji əhəmiyyəti artır

Müəllif:

15.07.2018

«Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı, onun əsas seqmentlərindən olan Transanadolu qaz kəmərinin (TANAP) istismara verilməsi, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı toplantısı, Azərbaycan və Rusiya prezidentlərinin görüşü, Türkiyə prezidentinin Bakıya səfəri və s. Son dönəmdə Azərbaycanın xarici siyasi həyatında baş verən vacib hadisələrə ölkə başçısı İlham Əliyevin Brüsselə səfəri də əlavə olunub. O, NATO-nun baş katibi Yens Stoltenberqin dəvətilə Şimali Atlantika Alyansının sammitində iştirak edib.

Sammitdə qəbul olunmuş yekun kommunikedə NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə bir daha dəstək ifadə edib, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında çözülməli olduğunu bildiriblər. «2006-cı ildən başlayaraq, NATO üzvləri sammitlərdə qəbul edilmiş yekun bəyanatlarda hər zaman Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verib», - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

NATO-nun Brüsseldə təşkil olunmuş sammitində Avropa İttifaqı ilə yeni əməkdaşlıq sazişi də paraflanıb. «Tərəfdaşlıq prioritetləri» adlı sənədin paraflanması Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun iştirakı ilə baş tutub. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Avropa Komissiyasının vitse-prezidenti, xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissar Federika Moqerini imzalayıblar.

Sənəd tərəflər arasında 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişini yeni reallıqlar, ümumi hədəflər və çağırışlar nəzərə alınmaqla əvəz edəcək.

Aİ Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu, enerji layihələrinin reallaşdırılmasına töhfə verdiyini bildirir. Qeyd olunur ki, əsas prioritetlər sırasında «Cənub Qaz Dəhlizi» layihəsinin tezliklə tam reallaşdırılması, nəticədə, Avropa bazarlarına təbii qaz ixracına başlanılması da var. Bundan başqa, paraflanmış sənəddə Azərbaycanla Aİ arasında viza rejiminin ləğvi perspektivi haqda da danışılır.

Diqqətçəkən məqamlardan biri də «Tərəfdaşlıq prioritetləri» sənədinin ilk maddəsindəcə tərəflərin nəinki ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsiplərinə, həm də beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə sadiq olduqlarına dair fikrin yer almasıdır.

«Bakı Aİ-nin və NATO üzvlərinin «Aİ ilə Azərbaycanın tərəfdaşlıq prioritetləri» sənədində, həmçinin NATO sammitinin Brüssel kommunikesində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına bir daha hörmət ifadə etməsini alqışlayır», - deyə Azərbaycan XİN-nin bununla bağlı bəyanatında bildirilir.

 

Vasitəçilərin «hədiyyə»si: İrəvan oyundankənar vəziyyətdə

İrəvanın əsas narahatlığı da məhz bununla bağlı idi. İnqilab dalğası sayəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan NATO və Aİ-ni hədələyərək, region ölkələrinin ərazi bütövlüyü məsələsinin növbəti dəfə yekun sənədlərə daxil ediləcəyi təqdirdə toplantılara qatılmayacağını bildirmişdi. Amma o da bəlli idi ki, Ermənistanın qərbpərəst yeni baş naziri heç bir halda Şimali Atlantika səhnəsində dolaşmaq şansını əldən verməyəcək.

Maraqlıdır ki, buna cavab olaraq Ermənistan NATO və Aİ-dən «hədiyyə»sini Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilmiş görüşü ərəfəsində alıb. Bu, Elmar Məmmədyarovun erməni həmkarı Zoqrab Mnasakanyanla ilk görüşü idi və bu üzdən o, sadəcə, tanışlıq xarakteri daşıyırdı. Lakin yayılmış məlumatlara görə, nazirlərin tanışlığı düz 4 saat çəkib və sonda yaxın zamanlarda daha bir görüşün keçirilməsinə dair razılığın əldə olunması faktı nəticə sayıla bilər. Bundan başqa, Minsk qrupu həmsədrlərinin bəyanatına əsasən, tərəflər görüşdə «gələcək addımları, substantiv danışıqların bərpası parametrlərini» müzakirə edib. AZƏRTAC agentliyinin Azərbaycan XİN-in rəsmisi Hikmət Hacıyevə istinadən verdiyi məlumatda isə bildirilir ki, görüşdə «danışıqların mövcud formatda davam etdiriləcəyi» də vurğulanıb. Yəni Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı qurumun danışıqlar prosesinə cəlbindən söhbət belə gedə bilməz.

İstər NATO, istərsə də Aİ-nin bu qərarları həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan Minsk qrupunun həmsədrləri olan ABŞ ilə Fransanın mövqeyini əks etdirir. Minsk qrupunun üçüncü həmsədri olan Rusiyanın mövqeyinisə bu ölkənin nüfuzlu nümayəndələrinin Azərbaycanın erməni işğalından 2016-cı ili aprel döyüşləri zamanı azad etdiyi torpaqlarında səsləndirdikləri bəyanatdan bəllidir. «Dağlıq Qarabağ və işğal altındakı digər 7 rayon azad olunmalı və hər hansı əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır», - deyə Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savalyov bildirib. Rusiyalı deputat Aleksey Yezubov isə vaxtilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişənin həllinə dair «yol xəritəsi»ni razılaşdırdıqlarını, onun əvvəlcə işğal altındakı rayonlardan 5-nin Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu söyləyib.

Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin hökumətin bu günlərdə keçirilmiş iclasında dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli tezisi Bakının imzaladığı bütün ikitərəfli və çoxtərəfli sənədlərdə öz əksini tapıb.

Bakının diplomatiya sahəsindəki ardıcıl fəaliyyətinə ölkənin iqtisadi imkanlarının, regional nüfuzunun və hərbi qüdrətinin artmasından ayrı yanaşmaq olmaz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilmiş hərbi paraddan və Azərbaycan Ordusunun miqyaslı hərbi təlimlərindən sonra Ermənistanın beynəlxalq səviyyədə qaldırdığı isteriyaya nəzər salmaq kifayətdir.

Bütün sadalananlara Ermənistanın yeni hakimiyyətinin qərbpərəst mövqeyinin Moskvanı qıcıqlandırdığını da əlavə etsək, Qarabağ münaqişəsinin həlli prosesinin erməni tərəfinin xeyrinə olmadığını əminliklə söyləmək mümkündür.

 

Azərbaycan-ABŞ: yeni pillə

Azərbaycan lap əvvəldən dünyanın bütün mərkəzlərilə balanslı siyasət yürüdür və bunun üçüncü tərəfin maraqlarına zidd olmasına imkan vermir.

Son hadisələrsə Azərbaycanın istər qonşuları, istərsə də Aİ və ABŞ üçün strateji əhəmiyyətinin artdığının təsdiqidir. Azərbaycan Prezidenti də bu ilin ilk yarısında Bakı-Vaşinqton əlaqələrinin yeni pilləyə yüksəldiyini təsadüfən qeyd etməyib. «Amerika prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlayıb. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilib və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək», - deyə İ.Əliyev qeyd edib.

Bununla yanaşı, NATO-nun Brüssel sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ştatların dövlət katibi və müdafiə naziri Mayk Pompeo və Ceyms Mettislə görüşüblər. Məlumatı «İnterfaks-Azərbaycan» Azərbaycan XİN-nə istinadən yayıb.

«Elmar Məmmədyarov və Zakir Həsənov görüş zamanı amerikalı həmkarlarını Azərbaycana səfərə dəvət ediblər. Amerika tərəfi dəvəti qəbul edib», - deyə məlumatda bildirilir.

İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə səsləndirdiyi faktlar da çox şeydən xəbər verir. O, Azərbaycanın bu missiya çərçivəsində 2018-ci ilin yanvarından Əfqanıstandakı sülhməramlılarının sayını 30% artırdığını söyləyib.

«Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən «ASAN xidmət» Əfqanıstanda tətbiq olunur. Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib», - deyə prezident bildirib.

Azərbaycana ən yaxın NATO üzvü olan Türkiyənin dəstəyi də ayrıca diqqətəlayiqdir. Görünür, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan məhz Brüssel sammiti ərəfəsində ilk xarici səfərini təsadüfən Bakıya etməyib. «İstəyirəm ki, NATO sammiti çərçivəsində baş tutacaq görüşlərdə də biz bir sıra ümumi problemləri qaldıraq və həll edək», - deyə o, Bakıda verdiyi bəyanatında bildirmişdi.

 

Hər kəsi razı salmaq mümkün deyil

Əlbəttə ki, bu və ya digər ölkənin regional və beynəlxalq məsələlərdə artan rolu eyni vaxtda hər kəsi qane edə bilməz. Bu işdə öz maraqlarına təhlükə görən, bu üzdən də prosesə mane olmağa çalışan qüvvələr də tapılır. Azərbaycanda baş vermiş son təxribatlara da bu kontekstdə yanaşmaq lazımdır.

İyunun əvvəlində Rusiya vətəndaşı olan azərbaycanlı, vaxtilə Suriyada qanunsuz olaraq döyüşlərdə iştirak etmiş radikal islamçı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edib. Bu zaman o, odlu silahdan açdığı atəşlə, Vəliyevlə yanaşı, cangüdənini də yaralayıb. Lakin hansısa qüvvələr terrorçuluqda şübhəli bilinən bu şəxsdən «qəhrəman» düzəltməyə çalışır. Guya, o, «sosial zülmə» qarşı çıxıb.

Bu azmış kimi, «Gəncə qisasçısı»na dəstək aksiyası təşkil olunub və bu zaman təxribatçılar vəzifə borcunu yerinə yetirən 2 yüksək rütbəli polis zabitini qətlə yetirib. Yerli polis zabitləri polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov soyuq silahla öldürülüb, daha bir polis zabiti yaralanıb. Baş verənlər bütün cəhətlərilə terror aktıdır. Azərbaycanın hüquq mühafizə orqanları da baş verənləri belə qiymətləndirib.

Bəs, baş verənlərin arxasında kim dayanır və Azərbaycanda sabitliyi pozmaq hansı qüvvələrə lazımdır? «Yusif Səfərovun həyat yoldaşının videomüraciətindən, istər yerli, istərsə də xarici mediada bir neçə dəfə yer almış materiallardan aydın olur ki, o, bu əməli şəxsi motivlər əsasında, qisas məqsədilə və ya bəzilərinin dediyi kimi, «sosial zülmə» etiraz olaraq törətməyib. Görünən odur ki, Səfərov bu əmələ Suriyada uğrunda döyüşdüyü «ideallar»a görə - şəriət dövlətinin qurulması arzusu ilə gedib», - deyə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov gərginliyin yaradılması üçün xarici dini saytların xüsusi canfəşanlıq göstərdiyini deyib, onların «son zamanlar Azərbaycan dövlətinə və onun müstəqil siyasətinə qarşı sistemli ideoloji təxribatla məşğul olduqlarını» söyləyib.

Maraqlıdır ki, baş verənlər özünü dünyəvi, qərbpərəst göstərən müxalifətin də işinə yarıyıb. «Biz separatçıların, radikal dindarların, həmçinin yalnız pul və rahat həyat naminə çalışan «iaşə müxalifət»in dövlətimizə qarşı sinxron ideoloji təxribatı ilə üz-üzəyik. Xarici antiazərbaycan qüvvələrinin bu iyrənc əməllərini haradasa anlamaq olar. Lakin onları daxildən dəstəkləyənlərin, polis əməkdaşlarının qətlinə haqq qazandırmağa çalışanların, yaxud xaricə qaçaraq erməni pulunun əsiri olanların canfəşanlığını anlamaq mümkün deyil», - deyə Əli Həsənov qeyd edib.

Azərbaycanda dini zəmində narazılıqdan danışmaq mümkün deyil. Bunu ölkənin müsəlman icmasının ən nüfuzlu nümayəndələri də birağızdan bəyan edir. Azərbaycan dünyəvi dövlətçilik düzəninin islam idealları ilə sülh şəraitində mövcud olduğu, sünnilərlə şiələrin birgə ibadət etdiyi nadir ölkələrdəndir. Ötən il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan olunub, bu il isə Naxçıvan islam mədəniyyətinin paytaxtı elan edilib. Ölkənin hər tərəfindən yeni, gözəl məscidlər tikilir. Odur ki, dini motivlər sadəcə, terror üçün, ölkədəki sabitliyin pozulması üçün bir bəhanədir.

İstənilən halda, Azərbaycanın rəsmi strukturları milli maraqlarımıza zidd çağırışlara cavab vermək üçün baş verənlərdən lazımi nəticəni çıxarır. Son proseslər ümumilikdə göstərir ki, Azərbaycanın ətrafındakı beynəlxalq atmosfer, onun iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi vəziyyət Bakının dünya siyasətinin bərabərhüquqlu iştirakçısı kimi mövqeyini daha da gücləndirməsinə yol açır.



MƏSLƏHƏT GÖR:

404