28 Mart 2024

Cümə axşamı, 12:56

AKADEMİKDƏN QİYMƏT

Əfsanəvi Roys Qreysi: “Azərbaycanla tanışlıq məni valeh etdi. Bütün idman növlərində uğurlarınız var”

Müəllif:

01.08.2018

Qarışıq döyüş növlərinin əfsanəvi təmsilçisi Roys Qreysi Bakıya səfər edib. Braziliya ciu-citsunun ən tanınmış siması Ultimate Fighting Championship (Mütləq Döyüş Çempionatı) Şöhrət Zalının üzvüdür və MMA tarixində ən nüfuzlu fiqurlardan biri sayılır.

Braziliyalı Roys Qreysinin ulduzu UFC-nin ilk illərində parlayıb. Boy və çəkidə rəqiblərindən ciddi şəkildə fərqlənən Qreysi UFC turnirinin ilk qalibi olmaqla yanaşı, ardıcıl üç dəfə mütləq çempionluq sevinci yaşayıb.

Bakıya dördgünlük səfəri zamanı dünya idmanının ulduzu Azərbaycan Taekvando Federasiyasında seminar keçirib və bir sıra görüşlərə qatılıb. Səfər zamanı Qreysi bizim jurnala eksklüziv müsahibə verməyə də vaxt tapdı.

- Azərbaycana səfərinizlə bağlı danışmaq istərdik. Səfərin məqsədi bizə çox maraqlıdır?

- “Godzilla” promoşn qrupu dörd günlük səfərlə Azərbaycana gəlməyimi istədi. Ölkəniz haqqında məlumatım çox olmadığından dərhal cavab verə bilmədim. Müəyyən axtarışlardan sonra razılaşdım. Əslində, internetlə məlumat əldə etməyi xoşlamıram. Bəzən yalan informasiyalarla rastlaşırıq. Ona görə Azərbaycanda olan dostlarımla əlaqə saxladım. Ölkəniz və idmançılarınız haqqında xoş sözlər eşitdim.

- Səfərin əsas məqsədi Azərbaycanla tanışlıqdı?

- Həm tanışlıq, həm də gələcəkdə burada döyüş akademiyası açmaq barədə düşünürəm. Braziliyada ciu-citsunu öyrədən döyüş sənəti məktəbim var. Daha doğrusu, ailəvi məktəb sayılır. Çünki Qreysi nəsli Braziliya ciu-citsunun yaradıcıları hesab olunur. Ciu-citsuya özünəməxsus fəndlər, fəlsəfə və düşünmə tərzi gətirdik. Azərbaycanla tanışlıq məni valeh etdi. Bütün idman növlərində uğurlarınız var. Amma döyüş növlərinə xüsusi yanaşmanızı hiss etdim. Bir sıra planlarımız var. Gələcəkdə həm döyüş məktəbi açmaq, həm də yarış keçirmək mümkündür.

- Söhbət hansı yarışdan gedir?

- Nüfuzlu “Bellator” turnirini Bakıda keçirmək mümkündür. Bu barədə hazırda danışıqlar gedir. “Bellator”u təşkil etmək üçün bir sıra tələblərə cavab vermək vacibdir. İnanıram ki, mötəbər yarışı Azərbaycanda yüksək səviyyədə təşkil etmək olar.

- UFC 25 il əvvəl və indi. Ümumiyyətlə, bu yarış dünya idmanını necə dəyişdi?

- Çox maraqlı sualdır. 1993-cü ildə UFC adlı təşkilat bir yarış keçirmək qərarına gəldi. Bir yarış olmalı idi, vəssalam. Böyük diqqət olduğuna görə dedilər daha bir turnir keçirək. Getdikcə UFC yaradıcıları böyük marağın artdığını izlədi. Nüfuzlu TV-lər teleyayıma görə böyük pullar xərcləmək istəyirdi. Silsilə yarışlardan sonra UFC məşhur döyüş turnirlərini təşkil edən brend oldu. Hər bir idmançı bu yarışda iştirak edə bilməz. UFC ancaq təcrübəli idmançıları dəvət edir. İştirakçılara böyük pullar qazanmaq imkanı yaranır. UFC həm də müxtəlif idman növlərində çıxış edən idmançıları bir-birinə rəqib edir. Hamıya maraqlıdır boksçu qalib gələr, yoxsa cüdoçu? Yəni tamaşaçıda müxtəlif növlərin güclü təmsilçisini rinqdə görmək istəyir.

25 il ərzində çox dəyişiklik olub. Deyərdim köklü dəyişikliklər baş verib. Bizim vaxtda qaydalar bu səviyyədə deyildi. Onda demək olar ki, qaydasız mübarizə gedirdi. İndi artıq qaydalar tətbiq edilib. Müəyyən fəndlər qadağan edilib. Üstəlik, UFC indi nüfuzlu brend sayılır. Bu yarışda uğur qazanan idmançı gələcəyini təmin edir. Bu yarışlar dünya idmanına böyük pullar, həm də geniş maraq kütləsi gətirdi.

- Dəfələrlə UFC turnirinin çempionu olmusunuz. Üstəlik, ilk qalib kimi adınızı tarixə yazmısınız. Maraqlıdır, Roys Qreysinin qələbəsində əsas rolu hansı amil oynayıb?

- 1993-cü ildə keçirilən ilk yarışda üç idmançıya qalib gələrək çempion olmuşam. İlklər həmişə yadda qalır. UFC kimi nüfuzlu turnirdə qələbə qazanmaq həyatımı dəyişdi. UFC-də uğur qazanmasaydım, Azərbaycana dəvət olunmazdım. İdman insanın həyatını dəyişir. Uğur qazanmaqla həm də gələcəyimi təmin etdim. Bu gün müxtəlif ölkələrdə seminarlar keçirirəm, ciu-citsu üzrə akademiyamın fəaliyyətinə nəzarət edirəm. İdmandan ayrılmağı düşünmürəm. Qələbəmdə əsas rolu xarakter oynadı. Çünki qələbə qazanmağı çox arzulayırdım. Ciu-citsunu dərindən bilməyim rəqiblərə başağrısı oldu. Bu idman növünü bacaran idmançı boksçu, cüdoçuya qalib gəlmək gücündədir.

- Hazırda UFC-də ən güclü idmançı kimdir?

- Bu barədə danışmaq çətindir. Qalib ən güclüdür. Heç vaxt qalibi mühakimə etmək olmaz. Müxtəlif dövrlərdə çempionlar fərqli olub. İlk illərdə braziliyalı idmançılar sözünü deyib. UFC tanındıqca bütün dünyanın idmançıları çempion olmağa can atdılar. Hazırda UFC yarışları 130 ölkədə yayımlanır. Böyük auditoriya UFC-ni izləyir. Bu yarışın yüksək səviyyədə təşkil olunması deməkdir.

- Roys Qreysi müasir dövrdə çıxış etsəydi, yenidən UFC-də çempion ola bilərdi?

- Bu çətin sualları haradan almısınız? Dəqiq cavab söyləmək çətindir. İstənilən dövrdə çıxış etsəydim, qalib olmağa çalışardım. Hər dövrün öz qaydaları var. İdmançıda gərək xarakter olsun. Xarakter olmadan çempionluq zirvəsinə yüksəlmək çətindir. Zədəli halda belə ağrımı deyil, rəqibi düşünmüşəm. Mənim üçün rinqdə yalnız bir nəticə olub - qələbə. İdman hazırda çox inkişaf edib. Artıq zədələri sağaltmaq daha rahatdır. Tibb çox irəliyə gedib. 20-25 il əvvəl kiçik zədələr idmançını 2-3 ay yarışdan kənarda qoyurdu. Biz zədəli olduğumuz halda mübarizədən qaçmırdıq. Çünki qələbə qazananda bütün ağrılar unudulur.

- Bu səfərdən sonra Azərbaycanı necə xatırlayacaqsınız?

- İnanıram ki, yenidən Azərbaycana gələcəm. Döyüş növlərinə olan marağa valeh oldum. Səfər zamanı idmançılara seminar təşkil etdim. İdmançıların gözləniləndən çox olması seminarın 1 saat gec başa çatmasıyla nəticələndi. Bu məni çox sevindirdi. Çünki onlar məni başa düşürdü. Ölkənizi xoş fikirlərlə xatırlayacam.

- Azərbaycanda UFC səviyyəsində döyüşçü yetişdirmək üçün nə lazımdır?

- Müxtəlif idman növlərində uğurlarınız var. Gələcəkdə UFC-də azərbaycanlı döyüşçünü görmək istərdim. Akademiyamız Bakıda fəaliyyət göstərəcəyi halda biz nüfuzlu yarışlarda ölkənin idman nüfuzunu qorumağa qadir idmançılar hazırlayacağıq. Fürsətdən istifadə edərək mənə burada göstərilən diqqətə görə hamıya təşəkkür edirəm. “Region plus” jurnalına uğurlar diləyirəm.

 

 

BIZIM ARAYIŞ

Müasir dünyada qarışıq döyüş növlərini təbliğ edən nüfuzlu təşkilatlardan biri UFC-dir. Tərcümədə Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı anlaşılan UFC-nin əsası 1993-cü ildə qoyulub. 25 il əvvəl yalnız bir yarış keçirmək barədə düşünən təşkilatçıları fikrindən dörd saatlıq turnirə olan böyük maraq daşındırıb. Yarışa olan böyük diqqət UFC-nin silsilə döyüş gecələri keçirməyə vadar edib. Tədricən UFC dünyanın aparıcı şirkətləriylə sponsorluq müqavilələri imzalayıb. Bununla da, UFC-də çıxış etmək hər bir idmançının ən böyük arzusuna çevrilib. Hazırda UFC yarışları 20 dildə tərcümə olunmaqla 130 ölkədə nümayiş etdirilir.


MƏSLƏHƏT GÖR:

307