28 Mart 2024

Cümə axşamı, 22:19

FRANSIZLAR MOSKVANI NECƏ FƏTH ETDİLƏR

İyirmi ildən sonra Fransa yığması yenidən futbol üzrə dünya çempionu oldu

Müəllif:

01.08.2018

Vaxtilə Napoleonun edə bilmədiyini Fransa futbolçuları etdi. Əsasən miqrant oyunçulardan ibarət Fransanın futbol üzrə milli komandası Moskvadan vətənə zəfər yürüşü ilə döndü. İyirmi ildən sonra dünya futbolunun əsas trofeyi yenidən Fransaya aparıldı.  Ölkə tarixində ikinci dəfə dünya çempionu titulunu qazanmış qəhrəmanları alqışlamaq üçün milyonlarla fransalı Paris küçələrinə axın etmişdi. Yelisey çöllərində baş tutan zəfər yürüşündən sonra milli üzvləri Emmanuel Makronun iqamətgahına yola düşdü. Prezident öz xanımı və 1 300 nəfər qonağı ilə birlikdə artıq iki saat idi ki, çempionları gözləyirdi.      Fransa mətbuatının yaydığı məlumata görə, E. Makron yığmanın baş məşqçisi Didye Deşam və onun yetirmələrini 2018-ci il Dünya Çempionatındakı qələbəyə görə Fransanın ən mötəbər Fəxri Legion ordenləri ilə mükafatlandırmaq qərarına gəlib. Jurnalımız çapa hazırlanarkən mükafatı verilmə tarixi sirr saxlanılırdı.   

 

Cücəni payızda sayarlar

XXI dünya çempionatında bukmeykerlərin əsas favoriti yarışın son qalibi Almaniya millisi idi. Yoahim Lövün rəhbərlik etdiyi kollektivin çempionluq əmsalı üçün 5.00 uyğun görülmüşdü və bu da təbii idi. Bundestim indiyədək dörd mundialın mükafatçıları sırasına düşmüş ilk və hələ ki, yeganə komandadır. Alman yığmasının 2002-ci ildə başlamış zəfər yürüşü 2014-cü il çempionatında qızıl mükafatla yekunlaşdı.

Bu dəfə isə ciddi islahatlara ehtiyacı olan komanda Moskvada ümidləri doğrultmadı. Bundestimdə hədəfə vuran vahid heyət hiss olunmadı. Mario Qomes - Timo Verner - Tomas Müller hücum “üçlüy”ü rəqiblərə başağrısı ola bilmədi. Millinin əsas futbolçularından sayılan Mesut Özül və İlkay Gündoğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükləri üçün alman azarkeşlərın qəzəbinə tuş gəlməsi də komandaya titulla vidalaşmaq bahasına başa gəldi. Biz həmişə izlədiyimiz lider bundestimi görmədik.

Almanlarla yanaşı Braziliya, Fransa, İspaniya, Argentina favoritlər siyahısında göstərilirdi. Yekunda favorit “beşlik”dən yalnız biri mükafatçılar sırasına düşə bildi. Əvəzində, Xorvatiya və Belçika milliləri tarixlərində ilk dəfə müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxdılar.

İspaniyalıların çempionatın startına bir gün qalmış baş məşqçi Xulen Lopeteginin Fernando Yerro ilə əvəzlənməsindən sonra “qızıl savaşı”nda yer almayacaqları aydın görünürdü. Argentinalıları da siyahıdan silmək üçün çox gözləməyə gərək qalmadı. İlk turda İslandiya ilə 1:1-lik heç-heçə, ardınca Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra Lionel Messinin əsas söz sahibi olduğu komandanın ən yaxşı halda qrupdan çıxa biləcəyi sezilirdi.

Dünya Çempionatı üçün geniş heyət seçimi olan Braziliyaya ümidlər böyük idi. Ancaq lider Neymarın Rusiyaya futbolçu deyil, aktyorluq bacarığını nümayiş etdirməyə gəlməsi “sambaçıların yolunda ən böyük əngəl oldu. PSJ-nin forvardı nə gözlənilən futbolu oynadı, nə də sambaçılara oynamaq imkanı verdi. Çempionat həm də çoxlu sayda sürprizlərlə zəngin oldu. Təşkilatçı ölkə Rusiya milli komandası proqnozların əksinə, nəinki qrupda qalmadı, hətta Avropa və dünya çempionu İspaniyanı məğlub edərək dörddə bir finala qədər irəlilədi. Dörddə bir finalda isə xorvatlara yalnız penaltidə yenildi.  

 

Qaliblər mühakimə olunmur

Bu arada favoritlərin kölgəsində qalan Didye Deşamın rəhbərlik etdiyi Fransa millisi sakitcə hədəfə doğru irəlilədi. Baş məşqçi əlində geniş seçim olmasına rəğmən, oyun üslubunu rəqibə görə müəyyənləşdirdi. Fransalılar heç bir matçda plansız hücuma atılmadılar, topu nə vaxt özlərində saxlamağı, nə vaxt rəqibə verməyi yaxşı bildilər. Əksər hallarda müdafiə olunan zaman 4-4-2, hücuma keçəndə isə 4-3-3 sxemi üzrə hərəkət etdilər.

İstənilən halda, qaliblər mühakimə olunmur. Fransa millisi, həqiqətən, çempionluğa ən layiqli kollektiv idi. İndi Deşamın komandasını yalnız bir məqama görə məzəmmət edirlər - əksəriyyət çempionluğu fransızların deyil, miqrant ailələrin uşaqlarından formalaşmış kollektivin əldə etdiyini yazır. Bu, doğrudan da, belədir. Heyətdə yer alan 23 futbolçudan 17-si (!) fransız deyil. Amma bu, onların qazandıqları çempionluğa kölgə salmır.

Didye Deşamın rəhbərlik etdiyi Fransa dünya çempionu olmaqla qarşıdakı yarışlarda da baş mükafata əsas namizəd olacağını göstərdi. Deşam həm futbolçu, həm də məşqçi kimi dünya çempionu olmaqla adını futbol tarixinə yazdı.    

 

“Tarixin ən yaxşı çempionatı”

Final matçından əvvəl FİFA prezidenti Canni İnfantino turnirin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. O, bu çempionatın turnirin tarixində ən yaxşı çempionat olduğunu söylədi. Onun dediyinə görə, Rusiyada keçirilən çempionat ərzində stadionlar 98 faiz dolub. DÇ-ni izləmək üçün ölkəyə 1 milyondan çox turist gəlib. DÇ-nin matçlarını 3 milyarddan çox adam televiziyadan izləyib. Rusiyanın şəhərlərindəki azarkeş festivallarına 1 milyondan çox adam qatılıb. Bütün bunlar yüksək göstəricidir.

2018-ci ilin Dünya Çempionatı mundial tarixində ilk dəfədir ki, bütün turnir boyu qolsuz bərabərliklə bitən cəmi 1 oyun oldu. Yeniliklərdən biri isə VAR sistemi idi. Matç zamanı qayda pozuntularına yenidən monitorda baxmaq imkanı. Hakimin şübhəli qərar verməməsi üçün yaradılan bu sistem ilk dəfə bu mundialda tətbiq olundu. Məhz bu sistemin sayəsində çempionatda daha çox penaltilər verildi. Final matçında xorvatların qapısına ikinci qolun səbəbi məhz bu VAR sistemi idi. Digər yenilik isə matça əlavə vaxta ehtiyat dördüncü oyunçunun daxil olmasına icazə verilməsi idi. Beləliklə, dördilliyin əsas futbol turniri başa çatdı. Növbəti dünya çempionatı Qətərdə keçiriləcək. İlk dəfə olaraq mundial yayda deyil, 2020-ci ilin payızında (noyabr-dekabr) baş tutacaq. Lakin bundan əvvəl, elə həmin ilin yayında daha bir futbol bayramı - Avropa Çempionatı baş tutacaq. Qitə Birinciliyinin 60 illiyi münasibətilə ilk dəfə olaraq oyunlar dünyanın 12 ölkəsinin 12 şəhərində keçiriləcək. Çempionata ev sahibliyi edəcək şəhərlərdən biri də Bakıdır. Paytaxtımız qrup mərhələsinin üç oyunu və dörddə bir finalın bir oyununu qəbul edəcək. Beləliklə, azərbaycanlı azarkeşlər müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatları, Avropa Oyunları, Formula-1 yarışları ilə yanaşı, Bakının Olimpiya Stadionunda Aropanın ən güclü futbolçularının mübarizəsini seyr edə biləcəklər. Əlbəttə, bu çempionatda Azərbaycan yığmasının oyununu izləmək ikiqat bayram olardı. Xüsusən də, nəzərə alsaq ki, Avro-2020-nin seçmə mərhələsinin yeni formatı Azərbaycan futbolçularına da bu mötəbər yarışın iştirakçıları sırasına düşməyə imkan verir.



MƏSLƏHƏT GÖR:

317