20 Aprel 2024

Şənbə, 16:38

ƏLAMƏTDAR DÖVRÜN KOLORİTİ

AXC dövrünü çoxəsrlik Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələ saymaq olar

Müəllif:

01.08.2018

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təhsil, milli mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafında böyük nailiyyətlər qazanıb. Onun mövcud olduğu 23 ay ərzində mədəniyyət sahəsinin inkişafında sözün əsl mənasında nəhəng iş görülüb.

 

Prioritet təhsildir

AXC hökuməti müharibələr, daxili qarışıqlıqlar nəticəsində dağılmış orta məktəb təhsili sistemini və ümumilikdə xalq maarifçiliyini bərpa etmək üçün qəti addımlar atmışdı. Bununla yanaşı, prioritet təhsil ocaqlarının milliləşdirilməsi, təhsil və maarifçilik sahəsinin milli ideallara, Azərbaycanın dövlətçilik maraqlarına uyğunlaşdırılması idi.

AXC hökumətinin ilk addımlarından biri təhsil ocaqlarının milliləşdirilməsi olub. Nazirlər Şurasının 1918-ci il 28 avqust tarixli qərarı ilə bütün ilkin tədris ocaqlarında şagirdlərə öz ana dillərində dərs keçilməsinə icazə verilib. Lakin onlarda Azərbaycan (türk) dilinin tədrisi vacib idi. O, hələ həmin ilin 27 iyununda dövlət dili elan olunmuşdu. Beləliklə, ilkin təhsil ocaqlarında və orta məktəblərdə dərs dövlət dilində keçilirdi. Dövlət dilində olmayan bütün hazırlıq siniflərisə ləğv edilmişdi.

Xalq Maarifi Nazirliyinin qərarı ilə 1919-cu il sentyabrın 7-dən orta məktəblərdə azərbaycanlı uşaqları hazırlığa və 1-ci sinfə yalnız doğma dildə hazırlıq üçün qəbul olunurdu. Bu uşaqların rus dili siniflərinə qəbulu yalnız müstəsna hallarda nazirliyin qərarı ilə mümkün idi.

AXC-nin mövcud olduğu dövrdə şagirdlər arasında azərbaycanlıların sayı xeyli artmışdı. Əgər 1914/15-ci tədris ilində orta məktəblərdəki 9643 şagirdin (müəllimlik seminariyası istisna olmaqla) 1137-si azərbaycanlı idisə, 1919/20-ci tədris ilində 9611 şagirddən 3115-i azərbaycanlı idi.

Hökumət məktəb şəbəkəsinin bərpası məqsədilə köhnə məktəblərin təmiri, yenilərinin tikintisi üçün vəsait də ayırmışdı (məsələn, Zaqatala dairəsində, Göyçay və Şuşa qəzalarında yeni məktəblər açılmışdı).

Qızların təhsilinə xüsusi diqqət ayrılırdı. Məktəbə gedən qızların sayı da artmışdı. Məsələn, 1918/19-cu tədris ilində Gəncə gimnaziyasında 4 azərbaycanlı qız təhsil almışdısa, 1919/20-ci tədris ilində onların sayı 296-ya çatmışdı.

Dövlət maarifçilik sahəsində çalışanların maddi təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görürdü. 1919-cu ilin sentyabrında parlament Azərbaycan Respublikasında qulluqçuların maaşının artırılması haqda qərar qəbul etmiş, burada müəllimlərə də ciddi güzəştlər nəzərdə tutulmuşdu.

Azərbaycan hökuməti pedaqoqların hazırlanmasına ciddi önəm verirdi. Bu məqsədlə Xalq Maarifi Nazirliyi ilə 4 seminariyanın açılmasına qərar vermişdi. Bundan başqa, Qori Seminariyasının müsəlman şöbəsi Qazaxa köçürülmüş və müstəqil seminariyaya çevrilmiş, 1919-cu ilin sentyabrında isə Bakıda kişilər seminariyası açılmışdı. Parlamentin 1919-cu il iyulun 19-da qəbul etdiyi qanuna əsasən, Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə 2 aylıq pedaqogika kursları da fəaliyyətə başlamış, bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyon 390 min rubl ayrılmışdı.

AXC-nin ən vacib mədəni tədbirlərindən biri, əlbəttə ki, Bakı Dövlət Universitetinin yaradılması olub. Parlament müvafiq qanunu 1919-cu il sentyabrın 1-də qəbul edib. Universitetin işçilərinin təmin olunması və təsərrüfat xərclərinin ödənilməsi üçün, təxminən, 11 milyon rubl ayrılmışdı.

AXC hökuməti istedadlı gənclərin təhsil ardınca dünyanın ən yaxşı ali məktəblərinə göndərilməsi kimi nəcib missiyanı da həyata keçirirdi. Bu layihə çərçivəsində 100 tələbə müxtəlif xarici universitetlərə qəbul olunmuşdu. Bu işin görülməsi üçün Xalq Maarifi Nazirliyinə 7 milyon rubl ayrılmışdı.

Azərbaycan hökumətinin ən vacib işlərindən biri sayılan əlifba islahatı da maarifçilik məqsədi daşıyırdı. Əlifba islahatlarının aparılması üçün 1919-cu ilin mayında Xudadat bəy Məlikaslanovun rəhbərliyi ilə xüsusi komissiya da yaradılmışdı.

 

Milli ruhun daşıyıcıları

AXC dövrü milli teatrın inkişafı sahəsində görülmüş işlərlə də yadda qalıb. Ölkədə «Nicat» və «Səfa» maarif cəmiyyətlərinin dəstəyilə yaradılmış «Müsəlman artistləri cəmiyyəti» Azərbaycan aktyorlarının mədəni və yaradıcı inkişafının qayğısına qalırdı. 1918-ci ilin oktyabrında isə Bakıda Hacıbəyov qardaşlarının rəhbərliyilə yeni teatr truppası yaradılmışdı. O, Azərbaycanın səhnə sənətinin nümayəndələrini özündə cəmləşdirirdi.

Bir müddət sonra Azərbaycan hökuməti müsəlmanların teatr qrupunu öz himayəsinə alıb, Nazirlər Kabinetisə Dövlət Türk Opera-Dram Teatrının yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Teatrın repertuarında Nəriman Nərimanovun «Nadir şah», Əbdürrəhim bəy Haqverdiyevin «Bəxtsiz cavan», Üzeyir bəy Hacıbəyovun «Yağışdan çıxdıq, yağmura düşdük», «O olmasın, bu olsun», «Arşın mal alan», Zülfüqar Hacıbəyovun «50 yaşlı cavan», «11 yaşlı arvad» kimi əsərləri vacib yer tuturdu.

Baş redaktorlarından biri dahi bəstəkar, yazıçı və publisist Üzeyir bəy Hacıbəyov olmuş «Azərbaycan» qəzetində tez-tez Milli Ordunun həlak olmuş hərbçilərinin ailələrinə aid teatr tamaşaları ilə bağlı elanlara rast gəlinirdi. Dövlət Teatrının direktoru Zülfüqar Hacıbəyovun təşkil etdiyi bu tamaşalar hesabına dünyasını dəyişmiş hərbçilərin ailələrinə 22 292 rubl 80 qəpik vəsait ayrılmışdı. 1919-cu ilin martında Qazax seminariyasında təhsil alanlar üçün təşkil olunmuş «Nadir şah» pyesinin nümayişindən 4485 rubl toplanmış və vəsait yoxsul tələbələrə verilmişdi.

Bundan başqa, əlamətdar tarixi günlərdə Mirzəbala Məmmədzadənin «Bakı uğrunda müharibə», Cəfər Cabbarlının «Bakı müharibəsi», İsa bəy Aşurbəyovun və digərlərinin vətənpərvərlik ruhunda yazılmış əsərləri də səhnəyə qoyulurdu.

1919-cu il sentyabrın 15-də Bakının azadlığı uğrunda həyatından keçmiş türk və azərbaycanlı hərbçilərin şərəfinə memarlıq kompleksinin tikintisinə başlanılmışdı. İnşaat işlərinin 1920-ci il sentyabrın 15-nə, yəni Azərbaycan paytaxtının azad olunmasının ildönümünə hazır olması planlaşdırılırdı

1918-1920-ci illərdə Azərbaycanda kinematoqrafiya sahəsi də inkişaf edib. Bakıda 16 kinoteatr (kinematoqraf) fəaliyyət göstərirdi. 1918-ci ildə isə Üzeyir bəy Hacıbəyovun «O olmasın, bu olsun» operettası ekranlaşdırılmışdı.

AXC dövrünü çoxəsrlik Azərbaycan ədəbiyyatının da inkişafında yeni mərhələ saymaq olar. Görkəmli şair və yazıçılar - Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əliabbas Müznib, Salman Mümtaz, Üm Gülsüm və digərləri məhz o dövrdə adlarını Azərbaycanın müstəqillik ideyasının, milli ruhunun daşıyıcıları kimi təsdiqləyiblər.

 

«Allaha şükür ki, bizim öz tariximiz, ədəbiyyatımız, musiqimiz, teatrımız və digər mədəni nailiyyətlərimiz var!»

Milli ruhun yüksəlməsi sayəsində AXC-də milli mədəniyyətin, tarixin, ənənələrin araşdırılması və təbliğinə maraq da son dərəcə artmışdı. Məhz bu üzdən Müsavat Partiyası nümayəndələrinin də iştirakı ilə «Türk axşamları» adı altında Azərbaycan musiqisi konsertləri təşkil olunurdu. Belə axşamların bədii hissəsinə rəssam Əzim Əzimzadə, ədəbi-vokal hissəsinə isə «Yaşıl qələm» ədəbi cəmiyyəti rəhbərlik edirdi. Konsertlərə məsul rəhbər Məhəmməd Əmin Rəsulzadə idi.

Görkəmli xadim Yusif Vəzir Çəmənzəminli o dövrdə yazırdı: «Allaha şükür ki, bizim öz tariximiz, ədəbiyyatımız, musiqimiz, teatrımız və digər mədəni nailiyyətlərimiz var! Bütün bunlar haqda yazsaq, biz həm özümüzü dərk edəcək, həm də əcnəbilərə bizi tanımaq imkanı verəcəyik. Vətənimizdə çox sayda tarixi abidə var. Onların hər biri haqda ətraflı məlumat verilməsi vacibdir».

Azərbaycan mədəniyyətinin təbliği missiyasını 1919-cu ildə cəmi 6 dəfə çap oluna bilmiş «Övrəqi-nəfisə» jurnalı öz üzərinə götürmüşdü. O, Azərbaycan tarixində ədəbiyyat və incəsənətə həsr olunmuş ilk dövri nəşr idi.

Yeri gəlmişkən, AXC dövrü, ümumilikdə, Azərbaycan mətbuatının da yüksəliş və çiçəklənmə dövrü olub. Ölkədə müxtəlif istiqamətli, demək olar ki, bütün siyasi qüvvə və ictimai qrupların baxışlarını əks etdirən çox sayda qəzet və jurnal sərbəst şəkildə çap olunurdu.

Azərbaycan hökuməti kitabxanaçılıq işinin inkişafına da böyük dəstək verib. Parlamentin 1919-cu il sentyabrın 16-da qəbul etdiyi qanuna əsasən, Xalq Maarifi Nazirliyinə məktəblərin kitabxanalarına türk dilində yeni kitabların alınması üçün 1 000 000 rubl ayrılmışdı. Artıq 1920-ci ilin aprelində AXC-də 11 kitabxana, 95 000 nüsxədən ibarət Kitab Fondu var idi.

Azərbaycan xalqının milli özünüdərkinin canlanması ilə tarixi yerlərin, şəhərlərin və digər yaşayış məntəqələrinin adları da bərpa olunurdu. Hökumətin 1918-ci il 30 iyun qərarı ilə Yelizavetpol şəhəri yenidən Gəncə, Karyagin qəzası Cəbrayıl adlandırılmışdı. Küçələrə, şəhərlərə görkəmli şəxsiyyətlərin, yazıçı və şairlərin adları verilirdi.

AXC-nin mədəniyyət sahəsindəki fəaliyyəti zamanı ölkənin çoxmillətli əhalisinin bütün təbəqələrinin istəyi nəzərə alınırdı. Məsələn, Nazirlər Kabinetinin qərarı ilə Rus Milli Şurasına yeni məktəblərin açılması, dərsliklərin alınması üçün 500 000 rubl ayrılmışdı. Hökumət yəhudi məktəblərinə müntəzəm olaraq maddi dəstək olurdu. 1919-cu il sentyabrın 1-dən Qarabağdakı erməni xalq məktəblərində xüsusi təftişə başlanılmışdı. Hökumətin 1918-ci il 7 sentyabr tarixli qərarı ilə respublikanın bütün məktəblərində qeyri-müsəlman üçün İlahi qanun tədris olunurdu.

AXC-də Bakı Rus Xeyriyyə Cəmiyyəti, Bakı Erməni Mədəniyyət İttifaqı, Erməni Şagirdlər İttifaqı və milli azlıqlara aid digər təşkilatlar sərbəst şəkildə fəaliyyət göstərirdi. Burada söhbət rus, erməni təşkilatları ilə yanaşı, həm də yəhudi, polyak, alman təşkilatlarından gedir.

Beləliklə, AXC mədəniyyətin inkişafı, maarifçilik istiqamətində çox iş gördü.

 

 

ÜZEYİR BƏY HACIBƏYOV

(1885 - 1948)

Dahi bəstəkar, Azərbaycanın müasir peşəkar müsiqi sənətinin banisi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ən görkəmli ictimai xadimlərindən biri Üzeyir bəy Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub.

1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərindəki teatrında Üzeyir bəyin «Leyli və Məcnun» operasının səhnələşdirilməsilə nəinki Azərbaycanda, ümumilikdə, müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Bununla yanaşı, çoxsaylı musiqi əsərinin müəllifi olan Üzeyir bəy Hacıbəyov həm də istedadlı dramaturq, publisist və tərcüməçi kimi tanınıb.

Geniş istiqamətli zəkasını doğma xalqının azadlığına, inkişafına həsr etmiş Hacıbəyov AXC-nin yaradılmasını böyük sevinclə qarşılamışdı. O, istər bədii yaradıcılığında, istərsə də ictimai fəaliyyətində hər zaman müstəqil Azərbaycan ideyasını əsas tuturdu. Üzeyir bəy Azərbaycan xalqının milli ruhunun oyanışında, milli özünüdərkinin yüksəlişində, onun tarixinin və mədəniyyətinin təbliğində son dərəcə böyük rol oynayıb. Bu mənada onu AXC-nin əsas ideoloqlarından biri saymaq olar.

Üzeyir bəy Hacıbəyovun publisist əsərləri respublikanın aparıcı nəşri olan «Azərbaycan» qəzetində dərc olunurdu. Yeri gəlmişkən, ilkin dövrlərdə qəzetin baş redaktoru onun kiçik qardaşı Ceyhun bəy Hacıbəyov idi. Ceyhun Hacıbəyovun Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndə heyətinə daxil olmasından sonra isə baş redaktor vəzifəsini Üzeyir bəy Hac<span lang="EN-US" style="font-size: 10.0pt; font-family: 'Arial TUR',sans-serif; mso-bidi-font-family: 'Arial TUR'; ms



MƏSLƏHƏT GÖR:

346