19 Aprel 2024

Cümə, 18:38

PENDİR VER, MAŞIN AL

Yaponiya ilə Aİ rüsumsuz ticarətə keçir

Müəllif:

01.08.2018

Avropa İttifaqı (Aİ) tarixinin ən nəhəng azad ticarət zonasının (ATZ) yaradılmasına dair müqaviləni imzalayıb. O, özündə dünyanın ÜDM-nin, təxminən, dörddə üçünü, beynəlxalq ticarətinsə 40%-ni cəmləyəcək. Söhbət dünyanın 3-cü nəhəng iqtisadiyyatı olan (ABŞ və Çindən sonra) Yaponiya ilə iqtisadi tərəfdaşlıq sazişindən (Economic Partnership Agreement EPA) gedir.

İyulun 17-də imzalanmış sənəd geniş çeşiddə mal və xidmətlərə görə gömrük rüsumlarının tədricən sıfıra endirilməsini və ya dərhal aradan qaldırılmasını nəzərdə tutur. Söhbət kənd təsərrüfatı, əczaçılıq məhsullarından tutmuş, yüngül və ağır maşınqayırmayadək bir çox sahələri əhatə edir.

Avropa şirkətləri Yaponiyaya ildə ümumi dəyəri 58 milyard avrodan artıq olan mal və 28 milyard dollarlıq xidmət ixrac edir. Təxminən, eyni məbləğ Aİ-dən Yaponiyaya ixraca da aiddir. Ekspertlərin hesablamalarına görə, yeni razılaşma hər iki tərəfdən olan şirkətlərə nəinki illik 1 milyard avrodan artıq vəsaitə qənaət etmək imkanı verəcək, həm də qarşılıqlı ixracın 30-35% artmasına şərait yaradacaq.

 

 

İnqilabi addım

Yeni sazişi zarafatca, «maşın-pendir mübadiləsi» adlandırırlar. Aİ üçün əsas hədəf ət, şərabçılıq və süd məhsullarına görə gömrük rüsumlarının azaldılması idisə, Tokio Avropaya avtomobil və onun ehtiyat hissələrinin tədarükündəki maneələrin aradan qaldırılmasını istəyirdi. Hazırda Yaponiyanın ərzaq məhsullarına tətbiq etdiyi rüsum kifayət qədər yüksəkdir: şərabçılıq məhsullarına 15%-dən başlayaraq, pendirə isə 30-40%. Aİ-də isə xaricdən gətirilən avtomobillər üçün gömrük rüsumu 10% (məsələn, ABŞ-da bu, 2,5%-dir) təşkil edir. İndi bu rəqəm Yaponiya üçün tədricən azaldılacaq və 10 ildən sonra ümumiyyətlə, aradan qaldırılacaq.

Yaponiya Aİ ilə razılaşmanın birliyi tərk etmiş Böyük Britaniyaya da aid olmasını arzulayır. Lakin bunun reallaşdırılması yolları heç kəsə bəlli deyil.

EPA Avropa İttifaqı haqqında sazişin qüvvədə olduğu ərazilərə aiddir. Aİ-Yaponiya razılaşmasında Aİ üzvləri müstəqil tərəf deyil və sənədi onlar imzalamır. Beləliklə, sazişin «Brexit»dən sonra Böyük Britaniyaya necə tətbiq oluna biləcəyi aydın deyil. Onun üçün sazişə xüsusi şərtlər daxil edilə bilərdi. Amma bu, edilməyib. Britaniyanın Yaponiya ilə eyni şərtlərlə ayrıca saziş imzalayacağını isə gözləməyə dəyməz. Çünki onun bazarı Aİ bazarı ilə müqayisədə qat-qat kiçik və demək, daha az cəlbedicidir.

EPA artıq ikitərəfli razılaşmalar kontekstində inqilabi addım kimi qiymətləndirilib. Çünki o, bir neçə konkret məhsul və tariflə məhdudlaşmır. Sənəddə işçilərin hüquqların, ətraf mühitin mühafizəsindən tutmuş, investisiya məhkəmələri və iqlim dəyişiklikləri kimi geniş geosiyasi problemlərə də toxunulur.

Sazişin artıq gələn ilin yazından qüvvəyə minəcəyi gözlənilir. Çünki onun Aİ-nin, təxminən, 40 milli və regional parlamentində ratifikasiya olunmasına ehtiyac yoxdur.

EPA-yə investisiya mübahisələrinin nizamlanması mexanizmini və investisiyaların qorunması standartlarını daxil edilməyib. Tərəflər belə məsələlərin ayrılıqda və daha uzun müddətə həll olunmasına dair razılığa gəlib. Nəticədə, Aİ-nin ratifikasiyası sadəcə, məsələyə Avropa İttifaqı Şurasının (Aİ-yə üzv dövlətlərin liderləri) və Avropa Parlamentinin «hə» deməsilə həll olunur.

Yeri gəlmişkən, EPA Aİ-nin Kanada ilə azad ticarət sazişindən (CETA) də məhz bununla fərqlənir. CETA ilə bağlı danışıqlar 2014-cü ildə yekunlaşıb və 2016-cı il oktyabrın 30-da o, imzalanıb. Lakin sənədi hələ də bütün tərəflər ratifikasiya etməyib və bu üzdən o, yalnız qismən qüvvəyə minib.

 

Dəyişkən dünya

Azad ticarətə dair razılaşma hər iki tərəfi yalnız iqtisadi deyil, həm də siyasi baxımdan qane edir. Aİ bununla növbəti dəfə özünü möhkəm dövlətlər ittifaqı, azad ticarətin, mütərəqqi qloballaşmanın tərəfdarı kimi təsdiqləyir, Yaponiya isə beynəlxalq ticarətdə getdikcə daha vacib oyunçuya çevrildiyini göstərir.

Yaponiya-Aİ razılaşması qlobal ticari və iqtisadi əlaqələrdəki dəyişiklikləri də nümayiş etdirir. ABŞ prezidentinin Vaşinqtonun Aİ, Böyük Britaniya, Yaponiya və Kanada kimi yaxın müttəfiqlərinin ünvanına sərt bəyanatlar səsləndirməsi, BMT və ÜTT-nin zəifləməsinə istiqamətlənmiş addımları, Trans-Sakit okean Tərəfdaşlığından çıxması, Paris İqlim Sazişini imzalamaqdan boyun qaçırması və s. bir çoxlarında müharibədən sonrakı qlobal düzənin dayanıqlılığı ilə bağlı narahatlığa səbəb olub. Bundan başqa, Birləşmiş Ştatlar idxal olunan məhsulların geniş çeşidilə bağlı gömrük siyasətini də sərtləşdirib ki, bu da əksəriyyət tərəfindən ticarət müharibəsinə başlanılması kimi dəyərləndirilib.

EPA ilə bağlı danışıqlara 2013-cü ildə başlanılmış, Donald Trampın Ağ Evə gəlişindən sonra isə nəzərəçarpacaq dərəcədə sürətləndirilmişdi. Dünyada yaranmış qeyri-sabitliklə bağlı narahatlıq Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının rəhbəri Tonald Tusk və Yaponiyanın baş naziri Sindzo Abenin Tokioda imzaladıqları birgə bəyanatda da hiss olunur. Sənəddə deyilir: «Aİ ilə Yaponiya azad, ədalətli, qaydalarına əsaslanan ticarətə ciddi dəstək verir, proteksionizmə etiraz edir. İqtisadi əməkdaşlıq sazişi dünyaya Aİ ilə Yaponiyanın azad ticarət bayrağını uca tutmaq əzmini nümayiş etdirir».

Hamburq Dünya İqtisadiyyatı İnstitutunun (HWWI) direktoru professor Henninq Fyopel hesab edir ki, dünyanın gözü qarşısında «yeni beynəlxalq iqtisadi düzən yaranır». Bir vaxtlar, demək olar ki, bütün qlobal layihələrin təşəbbüskarı kimi çıxış etmiş ABŞ isə özünə qapanır, nəinki təşəbbüskarlığını və nüfuzunu, həm də dostlarını və tərəfdarlarını itirir.

Yaponiyanın Trans-Sakit okean Tərəfdaşlığını (bu ilin fevralında 11 ölkə tərəfindən imzalanıb) artıq ABŞ-ın iştirakı olmadan yeniləmək cəhdləri, ASEAN-ın 10 üzvü, həmçinin Avstraliya, Hindistan, Çin, Yeni Zelandiya, Koreya və Yaponiya arasında azad ticarətə dair razılaşmanın hazırlanmasındakı fəallıq (bu il imzalanacağı gözlənilir) da bununla izah olunur.

Aİ rəhbərliyi Tokioya yollanmazdan 1 gün əvvəl Çin sədri Si Cinpinlə Pekində keçirdikləri görüşdə bir neçə qarşılıqlı anlaşma memorandumu da imzalayıblar. Sənədlər ticarət, investisiya və tənzimləmə sahələrində əməkdaşlığı nəzərdə tutur. Bu ilin yazında isə Aİ Meksika ilə azad ticarətə dair yeni sazişin imzalanması haqqında prinsipial razılıq əldə edib. Avropa Komissiyasının açıqlamasında bildirilir ki, yeni razılaşmadan sonra Meksika ilə bütün malların ticarəti rüsumsuz həyata keçiriləcək.

Aİ eyni mövzuda Cənubi Amerikanın ticarət bloku olan Merkosur (Argentina, Braziliya, Paraqvay və Uruqvay) ilə də danışıqlara başlayıb.

Beynəlxalq siyasi və iqtisadi proseslərdən Afrika qitəsi də kənar deyil. Bu ilin martında orada da Azad Ticarət Zonasının (CFTA) yaradılması haqqında saziş imzalanıb. Ona qitənin 55 dövlətinin hamısı qoşularsa (hələlik sənədi 44 dövlət imzalayıb), bu, dünyanın ən nəhəng analoji razılaşması olacaq.

ABŞ kənarda qalır

Sürətlə yaradılmaqda olan yeni azad ticarət zonaları ABŞ-ı kənarda qoymaqla yanaşı, gələcəkdə Ağ Evin ikitərəfli ticari razılaşmalar əldə etməsini də çətinləşdirə bilər. Çünki hər hansı azad ticarət zonasına cəlb edilən dövlətlərin sayı aydan-aya azalır. Bu sənədləri imzalayan hər bir dövlət razılaşma üzvləri üçün nəzərdə tutulmuş öhdəliklərə əməl etməlidir. Beləliklə, ABŞ ilə mümkün ikitərəfli razılaşma zamanı belə, qarşı tərəfin ATZ çərçivəsində üzərinə götürdüyü öhdəliklər nəzərə alınmalıdır. Yəni bundan sonra şərtlər yalnız ABŞ tərəfindən diqtə olunmayacaq. Ola bilsin ki, prezident Tramp bunu nəzərə almır.

ABŞ üçün daha bir çətinlik var. Məsələn, Aİ-Yaponiya razılaşması bu ATZ çərçivəsində tarifləri aşağı salacaq. Bu zaman ABŞ məhsulları istər Aİ-də, istərsə də Yaponiyada rəqabət qabiliyyətini itirəcək.

Amerikanın hazırda Aİ-yə ixracda 10%-lik tariflə üzləşmiş avtomobil istehsalçıları da Avropa və Yaponiya bazarlarında rəqabət qabiliyyətlərini itirəcək. Amma bu da son deyil. Avropada avtomobillərlə bağlı təhlükəsizlik standartları Yaponiya və ABŞ-da olduğundan xeyli sərtdir. EPA isə bu məsələdə Avropa standartlarının əsas götürülməsini nəzərdə tutur. Demək, ABŞ-ın avtomobil sənayesi Yaponiya bazarında məsələn, «BMW» və ya «Audi» ilə rəqabət apara bilmək üçün çox iş görməli olacaq.

Aİ ilə Yaponiya şübhəsiz ki, öz istehsalçılarına aid ticarət markalarının hüquqlarının qorunmasına da ciddi nəzarət edəcək. Demək, Amerikanın adını Avropadan götürmüş məhsullarının («Parmezan» və «Feta» pendirləri, Kaliforniyanın «Şampan», «Burqundiya» şərabları və s.) Yaponiyaya yolu bağlanacaq.

Nəzərə alsaq ki, artıq demək olar, bütün qitələrdə ABŞ-ın iştirak etmədiyi ATZ haqda saziş mövcuddur və ya hazırlanmaq üzrədir, «ticarət müharibələrini qazanmaq asandır», «hər kəsdən öncə Amerika» deyən Trampın ölkəsini hansı gələcəyin gözlədiyini təxmin etmək olar.

Hazırda faktiki olaraq, dünyanın gələcəyilə bağlı iki baxış arasında əsl qlobal savaş gedir - proteksionizm, yoxsa azad ticarət? Hər zaman olduğu kimi, güclü qalib gələcək. Son zamanlar ATZ ilə bağlı sazişlərə marağın artımı da bununla bağlıdır. Birlikdə qələbə qazanmaq daha asandır.



MƏSLƏHƏT GÖR:

342