20 Aprel 2024

Şənbə, 16:00

ENDŞPİL?

Suriyanın müharibə meydanında nəhəng xarici mərkəzlərin təsirilə ciddi dəyişikliklər baş verir

Müəllif:

01.08.2018

İllərdir müharibə burulğanında yaşayan Suriya sülhə heç zaman olmadığı qədər yaxındır. Bu qanlı münaqişənin episentrlərindən olan cənub-qərbi əyalətlər - Daraa və Əl-Kuneytrin terrorçu təşkilatlardan azad olunması əməliyyatı başa çatır.

 

İsraillə İran arasında

Suriyanın hökumət qüvvələri Daraanın vacib strateji məntəqəsi olan Bəsrə əş-Şam, Naya və Mahaca şəhərlərini azad edib. Nəticədə, Dəməşqdən İordaniya paytaxtı Əmmana gedən yol nəzarətə götürülüb, bu ölkə ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrinin fəaliyyəti bərpa olunub. Bu, qaçqınların vətənə qayıtmasına imkan yaradıb.

Bundan başqa, Suriya ordusu Holan yüksəkliyinin mərkəzi hissəsində yerləşən Nəbə əl-Səhr, Macdoliya və Maşirfə şəhərlərini də ələ keçirib. Bundan sonra terrorçuların İsraillə sərhədin şimal hissəsinə çəkilməsinə imkan yaradılıb.

Maraqlıdır ki, Holan yüksəkliyinin qərbinə nəzarət edən İsrail belə bir anda Suriyanın cənub rayonlarından «Ağ kaskalar» təşkilatının üzvləri və ailə üzvlərindən ibarət 827 nəfərin təxliyyə edildiyini açıqlayıb. «Ağ kaskalar» Suriya hökumətinin bir sıra şəhərlərdə dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyinə dair məlumat yaymaqla tanınıb. Lakin bu xəbərə dünya ölkələrinin heç də hamısı inanmayıb. Məsələn, Rusiya təşkilatı yalan məlumat yaymaqda ittiham edib.

Yaranmış vəziyyətə gəlincə, İsrail qruplaşma üzvlərinin hökumət qüvvələrinin azad etdiyi Suriya rayonlarından ABŞ, Kanada və bir sıra Avropa ölkəsinin istəyilə çıxarıldığını bəyan edib. Xilas olunmuş «kaskalılar»ın bir hissəsi İordaniya ərazisinə aparılıb, bir neçə qrupuna isə Kanada ilə Almaniya «qucaq açıb».

Güman ki, Bəşər Əsəd rejiminə düşmən olan qüvvələrdən sayılan bu təşkilatın xilası ilə bağlı razılaşma ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putinin iyulun 16-da Helsinkidə baş tutmuş görüşündə əldə edilib. Amma bu, Suriyada nəhəng kənar qüvvələrin təsirilə baş verən dəyişikliklərin cüzi hissəsidir.

Bu kontekstdə İsrail amilinə xüsusi diqqət yetirmək lazımdır. Suriyanın cənub-qərbində, İsraillə sərhədin bilavasitə yaxınlığında terrorçulara qarşı miqyaslı hərbi əməliyyatlara yəhudi dövlət son dərəcə təmkinli yanaşır. Yəqin ki, bu, Suriya ordusunun Rusiyanın dəstəyilə həyata keçirdiyi əməliyyatlarda İran qüvvələrinin iştirak etməməsilə bağlıdır.

İsrail son illər ərzində Suriya ərazisinə, xüsusilə İranla bu və ya digər formada bağlı olan hərbi aerodromlara dəfələrlə zərbələr endirib. Məsələn, iyulun 22-də İsrail hərbi aviasiyası Suriya ordusunun Hama əyalətinin Masəf şəhərciyindəki obyektini bombalayıb. KİV-in məlumatına görə, oradakı elmi tədqiqat mərkəzinə 4 İsrail təyyarəsi zərbələr endirib. İsrail kəşfiyyatının məlumatına görə, orada iranlı mütəxəssislər Suriya üçün nüvə reaktorları hazırlayırmış.

Maraqlıdır ki, Moskva Suriyaya istənilən kənar təcavüzə son dərəcə sərt reaksiya versə də, İsrailin əməllərinə o qədər də tənqidi yanaşmır. Belə təəssürat yaranır ki, Moskva, sadəcə, İsrailin Suriya-İran hədəflərinə raket zərbələri endirməsinə göz yumur. Yəni bunun Rusiyanın maraqlarına, onun Suriya ərazisindəki hərbçilərinə təhlükə yaratmadığını düşünür. Rusiya susmaqla hər kəsə göstərir ki, onu düşündürən əsas hədəfə nail olunmasıdır. Söhbət Suriya hökumətinin bütün ölkəyə nəzarətinin bərpasından gedir. Hazırda bu, ilk növbədə, Suriyanın cənub-qərbi - İsrail və İordaniya ilə sərhədidir.

İsrailsə İranın onun sərhədləri yaxınlığında mövcudluğu ilə barışmayacağını dünyaya az qala, hər gün nümayiş etdirir. Bu mövqenin nümayişi Tehranla müttəfiq olan Dəməşqin İsraillə sərhəddəki Daraa əyalətinə nəzarəti tam ələ keçirməyin bir addımlığında olduğu vaxt xüsusi aktuallıq qazanıb. Bu yerdə Moskvanın İsrailin hərbi əməliyyatlarına göz yumması daha bir səbəbdən irəli gələ bilər. Ola bilsin ki, Suriya hökumətinin və ölkənin ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində hərbi əməliyyatları uğurla bitirən Rusiya bu ərəb ölkəsində iranlıların davamlı qalmasında maraqlı deyil. Yəni Moskva anlayır ki, Bəşər Əsəd rejimi öz-özlüyündə İsrailin hədəfi deyil, çünki o, yəhudi dövlətinə təhlükə yaratmır. İranın isə xarici siyasətinin əsas istiqamətlərindən biri məhz İsraillə qarşıdurmadır.

Rusiya prezidenti Vladimir Putin Daraa və Kuneytr əyalətlərində həyata keçirilən hərbi əməliyyatlarla Əsədə problemlərinin İranın birbaşa yardımı olmadan da çözülə biləcəyini göstərib. Bu isə İsraili ruhlandırıb. Bu üzdən, yəhudi dövləti Moskvanı İrana təzyiqləri artırmağa razı salmağa çalışır, bununla da, iranlıların Suriyadan gedişinə ümid edir. Bunu İsrailin baş naziri Binyamin Netanyahu Rusiyaya bu yaxınlarda etdiyi səfəri zamanı da birmənalı şəkildə dilə gətirib. Yeri gəlmişkən, bu, Netanyahunun Rusiyaya son dövrlərdə etdiyi üçüncü səfər idi.

Lakin Moskva Tehrana təsir imkanlarının məhdudluğunu, Suryiada İran qüvvələrinin olmayacağına zəmanət verə bilməcəyini anlayır. Bu üzdən də, o, heç olmasa, Suriyanın şimal hissəsinin İranın hərbi-siyasi nüfuz dairəsindən çıxmasına çalışır. Hər halda, Rusiya XİN-nin təklif etdiyi variant iranlıların Suriya-İsrail sərhədinə 60 mildən çox yaxınlaşa bilməməsini nəzərdə tutur. Moskva düşünür ki, İsrail üçün prinsipial əhəmiyyət daşıyan iranlıların onun ərazisinə Suriyadan raket zərbələri endirə bilməməsidir. Məhz bu məsələlərin müzakirəsi üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov İsrailə səfər də ediblər.

Netanyahunun dəftərxanasından verilən məlumata görə, Lavrov və Gerasimovla danışıqlar zamanı baş nazir yəhudi dövlətilə Rusiya arasındakı mövcud əlaqələri «son dərəcə vacib» adlandırıb. Lakin İsrail KİV-nə inansaq, İran məsələsində tərəflərin fikirləri haçalanıb.  Doğrudur, Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin yazılanları təkzib edib. Onun sözlərinə görə, Rusiyanın İran əsgərlərinin Suriyada qalması, lakin Holan yüksəkliyindəki atəşkəs xəttindən 100 kilometr aralıda yerləşməsi haqda təklifinin Netanyahu tərəfindən rədd edildiyinə dair xəbərlər həqiqəti əks etdirmir. Lakin bununla bağlı rəsmi açıqlamanın olmaması məsələnin müzakirə mərhələsində olduğunu təsdiqləyir. Beləliklə, xüsusilə Suriya münaqişənin çoxdan gözlənilən məntiqi sonluğuna çatmaq üzrə olduğunu nəzərə alsaq, bu danışıqların uğurla bitmək şansı qalmaqdadır.

 

Gündəlikdə İdlibdir?

Hazırda əsas məsələ Daraanın tam təmizlənməsindən sonra baş verəcəklərdir. Guman ki, terrorçuların bu müqavimət ocağının, həmçinin Holan yüksəkldiyinin Dəməşqin nəzarətində olan hissəsinin tam təmizlənməsindən sonra diqqət Suriyanın şimal-qərbinə, daha konkret desək, İdlibə yönəldiləcək. Bəzi məlumatlara görə, bu əyalətdə 40 minədək silahlı terrorçu var və onlar kifayət qədər güclüdür. Orada əsas rol İdlibi hələ 2015-ci ildə ələ keçirmiş «Cəbhat ən-Nusra» təşkilatındadır. Barışıq razılaşmasına əsasən açılmış humanitar dəhliz vasitəsilə müxtəlif radikal qruplaşmalara aid yaraqlılar məhz bu əyalətə axışıb. Söhbət Hələbdə, Homsda və Şərqi Qutda Suriya hökumətinə tabe olmaqdan boyun qaçırmış qüvvələrdən gedir. İndi Daraa və Əl-Kuneytrdə məğlub olmuş yaraqlılar da oraya üz tutur.

Ötən il İdlib Türkiyənin cavabdeh olduğu şimal barış zonasına daxil olub. Ankara Rusiya və İranla birlikdə Suriyada barışığın qarantıdır. Söhbət Astana prosesi çərçivəsində əldə edilmiş barışıqdan gedir. Yeri gəlmişkən, Astana danışıqları iştirakçılarının növbəti görüşü iyulun sonlarında Soçidə keçiriləcək. Problemin gedişinə məhz həmin görüşün nəticələri ciddi təsir göstərə bilər.

Soçi görüşü ərəfəsində Ankaranın İdlibdəki vəziyyətin sülh yolu ilə sahmana salınmasına dair yeni təşəbbüslə çıxış etmək niyyətində olduğu açıqlanıb. Söhbət Suriyanın şimal-qərbinə toplanmış qanunsuz silahlı birləşmələrin buraxılmasını, İdlib əyalətinə nəzarətin Türkiyə hərbçilərinin yaratdığı «Suriya Milli Ordusu»na verilməsini nəzərdə tutan plandan gedir. Bu məqsədlə İdlibdə mülki administrasiyanın qurulacağı da bildirilir.

İran isə rəsmi Dəməşqlə kürd silahlı birləşmələri arasında aparılacaq danışıqların qarantı kimi çıxış etməkdə maraqlı olduğunu gizlətmir. Bəlkə də, Tehran kürdlərin müəyyən muxtariyyət əldə etmələri qarşılığında Vaşinqtonun dəstəyindən imtina edə biləcəyinə bel bağlayır. Məsələ ondadır ki, Türkiyə ABŞ-ın təzyiqi ilə kürdlərin «Xalq özünümüdafiə dəstələri»nin Manbicdən çıxarılmasına razılıq verib. Üstəlik, Türkiyə ordusunun uğurlu «Zeytun budağı» əməliyyatı zamanı kürd qüvvələri Afrin kantonundan sıxışdırılaraq çıxarılıb. Bütün bunlar isə kürdlərin açıq narazılığına səbəb olub. Odur ki, İran kürdlərin bu narazılıq fonunda onların təklifini qəbul edəcəklərinə ümidlidir.

Soçi konfransının nəticəsi barışığın qarantı olan Rusiya, Türkiyə və İranın son təşəbbüslərini nə dərəcədə razılaşdıra bildiklərini göstərəcək. Bu razılaşma olmazsa, tərəflər sonsuz müharibədən nə qədər bezsələr də, suriyadaxili qüvvələr arasındakı danışıqların uğurla nəticələnəcəyini gözləmək çətindir.



MƏSLƏHƏT GÖR:

354