15 Noyabr 2018

Cümə axşamı, 06:29

VALYUTA

“BİRLİKDƏ BAKIYA”

AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının Bakı finalı haqqında «R+»a danışdı

Müəllif:

01.09.2018

Avqustun 31-də Monakoda yeni mövsüm üçün UEFA Avropa Liqasının final mərhələsinin püşkü atılıb. Elə həmin gün Avropa Liqasının gələn il mayın 29-da Bakıda keçiriləcək final matçının yeni loqosu ictimaiyyətə təqdim olundu.

Qitənin ikinci ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu ildə Azərbaycan paytaxtında təşkil olunacaq ən böyük tədbirlərdən biridir. Final matçı 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.  

Oyunun təşkilinə hazırlıq artıq indidən başlayıb. Ev sahibləri bütün dünyadan böyük azarkeş axını gözləyirlər. Final görüşü həmçinin 50-dən çox ölkədə canlı yayımlanacaq.  

Bakı finalına hazırlığın gedişatı və bu idman tədbirinin ölkə üçün əhəmiyyəti barədə “R+”un suallarını AFFA-nın baş katibi Elxan Məmmədov cavablandırıb.

- Azərbaycan paytaxtı tarixinin ən böyük futbol matçlarından birini qəbul edəcək. Qitənin ikinci nüfuzlu klub turniri Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkə futbol ailəsi üçün nə deməkdir?

- Nəinki Avropanın, hətta ümumilikdə futbol dünyasının iki ən böyük klub turnirindən birinin final oyununun paytaxtımızda təşkil olunması ölkəmizin futbol ictimaiyyəti, azarkeşlər üçün əsl futbol bayramıdır. İlk növbədə, iki mötəbər komandanın final oyununa şahidlik edəcəyik. Bakı şəhərinin adı Avropa Liqasının final oyunlarının keçirildiyi şəhərlərin siyahısına daxil olacaq.

- Maraqlıdır Bakı Avropa Liqasının final matçına necə hazırlaşır?

- Qarşılaşmanın ən yüksək səviyyədə təşkil olunmasını qarşımıza məqsəd qoymuşuq. Artıq oyuna hazırlıq prosesinə start verilib. Yerli təşkilat komitəsi fəaliyyətə başlayıb. Təkcə biz yox, Avropa futbol qurumunu təmsil edən həmkarlarımız da bu prosesə çox ciddi yanaşır. Bu günə qədər artıq UEFA tərəfindən final oyunu ilə bağlı infrastruktura üç dəfə baxış keçirilib. Eyni zamanda müvafiq strukturlar, müvafiq şöbələr final oyunu ilə bağlı konsepsiyalar üzərində çalışmaqdadırlar.  

Bir məqam xüsusi qeyd edilməlidir. Azərbaycan dövlətinin, Prezident cənab İlham Əliyevin bütün bu işlərin həyata keçirilməsində hər zaman böyük dəstəyini, diqqət və qayğısını hiss edirik. UEFA İcraiyyə Komitəsinin üzvləri final oyununun Bakı şəhərində keçirilməsinin lehinə səs verərkən, tender sənədləri ilə tanış olduqları zaman, xüsusilə cənab Prezidentin zəmanət məktubu vacib rol oynadı. Avropa futbolunda söz sahibi olan şəxslər Azərbaycan dövlətinin, dövlət başçısının dəstəyini gördükləri üçün Bakının namizədliyini tərəddüd etmədən dəstəklədilər. Cənab Prezident tərəfindən Avropa Liqasının final oyununun yüksək səviyyədə keçirilməsi üçün müvafiq sərəncamlar imzalanıb. Bu dəstəyə, xüsusi diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə ölkəmizin futbol ictimaiyyəti adından təşəkkür edirik.

- Avqustun 31-də Monakoda keçirilən püşkatmada yaddaqalan hadisələrdən biri də Bakı-2019 UEFA Avropa Liqasının yeni loqosunun təqdimatı oldu. Xüsusilə loqonun milli elementləri əks etdirməsi hər kəs tərəfindən maraqla qarşılandı...

- Düzdür, loqoda Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələrimiz əks olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov qüllələri, Qız qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur abidələrimizin təsvirini görə bilərik. Bir sözlə, yeni loqo Bakı şəhərinin qədim və müasir xüsusiyyətlərini əks etdirir. Azərbaycan dünyada “Odlar diyarı” kimi tanınır. Bundan irəli gələrək, loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilmişdir.

“Buta” naxışı isə milli geyimlərimizdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində sıx istifadə edilir. Bundan ilhamlanaraq, UEFA Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanmışdır.  

- “12-ci oyunçu”nu da unutmaq olmaz. Bakı böyük azarkeş dalğasını qəbul etməyə hazırdırmı?

- Paytaxtımız böyük idman turnirlərinin təşkili ilə bağlı kifayət qədər təcrübəyə malikdir. Azarkeşlərin hər cür rahatlığının təmin olunması üçün yerli təşkilat komitəsi fəaliyyətini davam etdirir. Müxtəlif ölkələrdən Bakıya təşrif buyuracaq fanatlar ən yaxşı qonaqpərvərlik nümunələrinin şahidi olacaqlar. Bu prosesin həyata keçirilməsində daha çox könüllülərin xidmətindən faydalanacağıq.  

- Azarkeşləri Bakıda nələr gözləyir?

- Qeyd etdiyim kimi, azarkeşləri əsl futbol bayramı, xalqımıza xas olan yüksək qonaqpərvərlik və ümid edirəm ki, son dərəcə maraqlı keçəcək final oyunu gözləyir. Əminəm ki, Bakının qədim tarixi abidələri ilə modern, müasir infrastrukturunun vəhdəti hər bir əcnəbi azarkeşi, turisti valeh edəcək.

- Yəqin ki, sizin də azarkeşi olduğunuz bəlli komandalar var. Hansı iki komandanın qarşılaşmasını Bakı Olimpiya Stadionunda izləmək istərdiniz? Belə deyək, finalın ilk proqnozunu azarkeş qismində sizdən eşidək.

- Təbii ki, ilk növbədə, final oyununda Azərbaycan təmsilçisi olan komandanın iştirakını arzulayardım. Amma bu mümkün olmayacağı təqdirdə, Avropanın çox böyük azarkeş kütləsinə malik olan iki komandasının Bakıya gəlməsini istəyərdim. Bu məsələdə digər vacib bir məqam məsafədir. Azarkeşlərin paytaxtımıza daha çox və rahat gələ bilməsi üçün coğrafi baxımdan ölkəmizdən çox da uzaqda olmayan ölkələrin təmsilçilərinin final oyununa yüksəlməsi bizim üçün məqbul variant olardı. İstənilən halda, ən böyük arzumuz Bakı Olimpiya Stadionunda final qarşılaşmasının anşlaqla keçməsidir.

- Final matçını izləmək üçün məşhur futbolçuların Bakıya səfəri gözlənilirmi? Və ən əsası final matçına biletlərin satışı nə vaxtdan başlayacaq?

- Əlbəttə, belə bir gözləntimiz var. Hazırda bu istiqamətdə müəyyən danışıqlar da aparılır. Final oyununun biletlərinin satışa çıxarılması ilə bağlı ictimaiyyətə müvafiq resurslar vasitəsilə ətraflı məlumat veriləcək.

- UEFA Avropa Liqasının final matçından Azərbaycan futbolu nələr qazanacaq?

- Daha əvvəl də qeyd etdiyim kimi, UEFA Avropa Liqasının final oyunu çox mötəbər futbol tədbiridir. Belə bir nüfuzlu turnirin ən vacib qarşılaşmasının, mövsümün qalibini müəyyənləşdirəcək oyunun Bakıda keçirilməsi ölkəmizdə futbola yeni bir maraq dalğasının yaranmasına, futbol hərəkatının daha geniş vüsət almasına təkan ola bilər. Eyni zamanda bu qarşılaşmanın Azərbaycanda keçirilməsi UEFA üçün nüfuzlu klub turnirlərinin final qarşılaşmasının keçirildiyi ərazilərin coğrafiyasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.



MƏSLƏHƏT GÖR:

22