19 Aprel 2024

Cümə, 09:19

UĞURSUZ MÖVSÜM

Klublarımızın Avrokuboklardakı məğlubiyyətinə sözardı

Müəllif:

01.09.2018

Futbol üzrə Azərbaycan çempionatında hökm sürən rəqabətsizlik, gözlənildiyi kimi, komandalarımızın avrokuboklardakı çıxışlarına da təsirsiz ötüşmədi. Təəssüf, amma bədbin proqnozlar doğruldu. Üç klubumuz Avropa Liqasının ilk təsnifat mərhələsində məğlubiyyət acısı yaşadı.

Cavab görüşlərində “Keşlə” “Baltsan”ı, “Qəbələ” “Proqres”i yensə də, ilk oyundakı məğlubiyyət səbəbindən ümumi hesabda üstünlük qazanmaq mümkün olmadı. “Neftçi” isə əksinə, evdə qazandığı inamlı qələbənin doğurduğu eyforiyanın acısını Macarıstanda yaşadı və “Uypeşt”ə yenilərək, avrokubokla vidalaşdı.  

Düzdür, dörd komandamızın elə birinci mərhələdəcə mübarizəni dayandırması faktnı hələ 11 il öncə yaşamışıq. Öncə “Bakıİntertoto kubokunda, ardınca “Xəzər- Lənkəran” Çempionlar Liqasında, “Neftçi” və “MKT-Araz” isə UEFA kubokunda sıradan çıxmışdı. Ayrıca Avropa Liqasından danışırıqsa, üç təmsilçimizin birinci təsnifat mərhələsində dayanması Azərbaycan futbolu tarixində ilk belə haldı.

Hər yarışın iddialısı da olur, ortababı da, autsayderi də. Ancaq söhbət cəmi səkkiz komandanın iştirak etdiyi birincilikdən gedirsə, burada qüvvələr nisbətini qeyd etdiyimiz bölgü əsasında ayırmaq və rəqabətdən danışmaq mümkün görünmür. Əvvəllər mükafatlar uğrunda 7-8 komanda yarışırdısa, indi heyəti, büdcəsi və ənənəsi ilə seçilən klubların, demək olar, hamısı mübarizəsiz-filansız məqsədinə nail olur. “Qarabağın son illərdə “təkayaqla” qalib olması, çempionluqları sıralaması buna sübutdur. Ağdamlıların son 3 “futbol ili”ndə ən yaxın təqibçisi üzərində üstünlüyü ikirəqəmli ədədlə ifadə olunub. Geridə qoyduğumuz mövsümdə “Qəbələ” “Qarabağ”dan nə az, nə çox - düz 16 xal az topladı.  

Seçilən, azarkeşləri sevindirən, məhsuldarlıq nümayiş etdirən futbolçudan isə ümumiyyətlə, danışmağa dəyməz. Son dörd mövsümün bombardiri 15 qolluq səddi keçə bilməyib. Azarkeş marağı da azalıb.

“Qarabağın uğurunun ilk səbəbi sabitlikdir. Eyni rəhbərlik və baş məşqçi 10 ildir birgə çalışır. Elə komandada da hər transfer dövründə yüngülvari kosmetik dəyişiklik olur. Amma gəlin “Neftçi”, “Qəbələ” və “Keşlə”yə nəzər salaq. Sadıq Sadıqovun dövründən bu yana flaqmanımız 3-4 rəhbər, 5-6 baş məşqçi dəyişib.  

Zaman göstərdi ki, komandanı Avroliqaya çıxaran Tərlan Əhmədovu istefaya göndərib “Şerif”dən ayrılan məşqçinin “Neftçi”yə dəvət olunması düzgün qərar deyildi. “Qəbələ” 3 il yarım Roman Qriqorçukla əməkdaşlıq sayəsində ardıcıl iki mövsüm Avroliqanın qrupuna düşsə də, sonradan nüfuzunu itirdi. Sənan Qurbanovdan isə bundan artığını tələb etmək yersizdir.  

O ki qaldı “Keşlə”yə, “İnter” adıyla çıxış etdiyi dönəmdə bəlli siyasəti olan və sabitliyi ilə seçilən klub da son iki-üç ildə dəyişikliklərdən əziyyət çəkir. Zaur Axundov gəldi, Zaur Svanadzeni göndərib Ramiz Məmmədovu gətirdi, onu yola salıb Yuri Maksimovla anlaşdı, ancaq bu da uzun çəkmədi.

Strateji yanlışlıqları sadaladıqdan sonra uğursuzluqları fərdlərə bağlamaq kiməsə məntiqsiz görünə bilər, amma həm “Neftçi”, həm “Qəbələ”, həm də “Keşlə”nin bir oyun udduqlarını nəzərə alsaq görərik ki, mübarizənin yarımçıq dayandırılmasında subyektiv səhvlər də böyük rol oynadı. 

Götürək Sənan Qurbanovun “Proqres”ə yanaşmasını. Gənc mütəxəssis hələ ilk oyun ərəfəsində açıqlama verdi ki, rəqibi izləyə bilməyib, nə oyununu görüb, nə də hansısa futbolçusunu tanıyır. Bundan başqa, ehtiyatsızlıq nəticəsində özünü məşqdə zədələyən Cavid Hüseynovun “Qəbələ” üçün nə qədər vacib oyunçu olduğu cavab görüşündə bir daha göründü. Təmkin Xəlilzadənin vacib anda rəqibi vurub qırmızı vərəqə alması da qeyd olunmalıdır. “Keşlə”nin mübarizəni dayandırmasını isə klub prezidenti ilə baş məşqçi arasında yaşanan fikir ayrılığı şərtləndirdi. “Neftçi” arxayınlığın qurbanı oldu. Oyundan sonra da Roberto Bordin taktiki dəyişikliyə yol verdiyini etiraf edib, məsuliyyəti üzərinə götürdü.

Ölkə futbolunun əsas ümidi sayılan Azərbaycan çempionu “Qarabağ” da özünə bənzəmədi. Yayda qapıçı İbrahim Şehiç, Riçard Almeyda, Pedro Enrike kimi əsas oyunçularla vidalaşan Ağdam təmsilçisi Çempionlar Liqasında (ÇL) tarixi təkrarlaya bilmədi.  

ÇL-də ilk təsnifat mərhələsində Sloveniyanın “Olimpiya”, ardınca Albaniyanın “Kukesi” klublarına qalib gələn Qurban Qurbanovun yetirmələri üçüncü təsnifat duelində Belarusun BATE klubuna uduzdu. Bakıda 0-1 hesablı məğlubiyyətdən sonra səfərdə heç-heçə (1-1) rəqibi pley-offa çıxardı. “Qarabağ” isə bəxtini və gücünü Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə (Moldova) oyunlarda sınamalı oldu.

Etiraf etmək lazımdır ki, bu ötən mövsüm izlədiyimiz “Qarabağ” deyil. Baş məşqçi Qurban Qurbanov da başa düşür ki, komanda oyun baxımından geriləyib. Səbəblər müxtəlifdir. Milli çempionatda rəqabətsizlik, səviyyəli legionerlərin klublarımızda oynamaq istəməməsi və əsası yerli futbolçuların inkişafdan geri qalması. Bu və digər səbəblər BATE qarşısında məğlubiyyətimizi qaçılmaz etdi.

İstənilən halda, klublarımızın Avroliqadakı uğursuzluğu yığmaya da təsirsiz ötüşməyəcək. Qarşıda UEFA Millətlər Liqası gəlir. Avrokuboklardakı uğursuzluqdan sonra Millətlər Liqasında qələbə qazanmaq çətin görünür.



MƏSLƏHƏT GÖR:

316