19 Aprel 2024

Cümə, 21:20

STRATEJİ AZALMA

Azərbaycan yaxın yeddi il ərzində xarici borcların həcmini azaltmağı planlaşdırır

Müəllif:

01.09.2018

Azərbaycan iqtisadiyyatı öz inkişafında bundan sonra da dünyanın bir çox ölkələrində olduğu kimi xarici dövlət borcunun azaldılmasına əsaslanacaq. Bu mövqe bir daha Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət borcunun orta və uzunmüddətli idarə edilməsi üçün Strategiyası"nda əks olunub. Yaxın illərdə hökumət xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbətini təhlükəsiz səviyyədə, yəni 25-50% arasında saxlamağı nəzərdə tutur, həm də onu əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

 

Nikbin proqnozlar

2017-ci ilin sonunda Azərbaycanın xarici borcu 9,4 milyard dollara və ya ÜDM-in 22,8 faizinə çatıb. Müqayisə üçün, keçən il ABŞ-da dövlət borcu 20,5 trilyon dollara çatmış və bu, ÜDM-in 105,6%-nə bərabər olub. Avropa İttifaqı ölkələrində vəziyyət bir qədər yaxşıdır, xüsusilə Almaniyada - 64,1%, İrlandiyada - 68%, Macarıstanda - 73,6% təşkil edir. Halbuki Yunanıstan kimi ölkələr var ki, elə də uzaq olmayan keçmişdə kəskin borc böhranı yaşayıb və 2017-ci ili 178,6% səviyyəsində başa çatdırıb. İtaliya (131,8%), Portuqaliya (125,7%) və hətta Belçikada (103%) vəziyyət bir qədər yaxşıdır. «Avrostat»ın göstəricilərinə görə, orta hesabla, 19 avrozona ölkəsi üçün dövlət borcu ÜDM-in 86,7%-ni, 28 Avropa İttifaqı ölkəsi üçün isə ÜDM-in 81,6%-ni təşkil edib.

Azərbaycana gəldikdə isə, bu gün xarici borcun 35,5%-i xarici valyuta ilə dövlət qiymətli kağızlarında saxlanır, önəmli hissə olan 58,6% isə bilavasitə hökumətin cəlb etdiyi kreditlərdir və 5,9% isə şərti öhdəliklərdir.

Qeyd edək ki, Azərbaycanın dövlət borcunun sürətlə artması məhz 2017-ci ilin sonuna təsadüf edir, əvvəlki 2016-cı illə müqayisədə, təxminən, 35,9% çoxdur ki, bu, obyektiv olaraq bir neçə regional və yerli layihənin tamamlanması ilə bağlıdır. Məsələn, son illərdə "Cənub Qaz Dəhlizi" layihəsinin gerçəkləşdirilməsi üçün 3,2 milyard $ həcmində xarici maliyyə resursu cəlb edilib, "Azərenerji" ASC 928,2 milyon $, "Azərbaycan Dəmir Yolları" QSC 478,99 milyon $, ARDNŞ - 460,6 milyon dollar, digər dövlət şirkətləri isə 778,3 milyon dollar xarici borc alıblar.

Nəticədə, Azərbaycan hökuməti 2015-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin aşağı olması üzündən yaranmış əlverişsiz xarici konyunktura baxmayaraq, neft-qaz sənayesi və nəqliyyat sektoru üzrə regional layihələrdə xarici tərəfdaşlar qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirib. Dövlət zəmanəti altında götürülmüş xarici kreditlər Azərbaycan iqtisadiyyatının real sektoruna yönəldilib ki, bu da son nəticədə Azərbaycan iqtisadiyyatının artım templərinin yüksəlməsinə səbəb olub.  

Eyni zamanda qeyd edək ki, əgər 2017-ci ilin yekununa görə ölkə ÜDM-i nominal olaraq 0,1% artıbsa, hökumət proqnozuna görə, milli iqtisadiyyatın artımı cari ildə 2%-ə çatacaq və 2021-ci ildə 2,4% olacaq. İdeyaca, ümumi daxili məhsulun artımı təhlükə həddini keçmədən xarici borcun artırılmasına səbəb ola bilər.

Lakin yuxarıda göstərilən strategiyaya əsasən, hökumət əsaslı şəkildə əks yol seçib və 2025-ci ilin sonlarına kimi xarici borcun 12%-ə qədər azalmasını qarşısına məqsəd qoyub.

 

Təmkinli dinamika

Beləliklə, hökumətin proqnozlarına görə, 2019-cu ildə xarici borc 10,1 milyard $-a bərabər zirvəyə çatdıqdan sonra 2025-ci ilin yekunlarında 6,5 milyard $-a düşəcək. Dövlət borcunun idarə edilməsi üzrə strategiyaya görə, Azərbaycan hökuməti 8 il (2018-2025-ci illər) ərzində 2,075 mlrd. $ xarici borc cəlb etməyi planlaşdırır ki, bu, təkcə 2017-ci ildə alınmış vəsaitlərdən azdır.

"Qeyri-sabit neft qiymətləri və bununla bağlı Azərbaycanın icmal büdcəsinin gəlirlərinin azalması xarici valyutada yeni borc öhdəliklərinin yaranmasına daha çox diqqət etməyi tələb edir. Buna görə də, bu və sonrakı illərdə yalnız prioritet layihələrə kreditlər cəlb etmək planlaşdırılır", - deyə strategiyada vurğulanır.

Şimal - Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi nəzərə alındıqda dövlət zəmanəti altında vəsait cəlb edilən sahələrindən biri nəqliyyat sektoru olacaq. O cümlədən, Bakı - Yalama (Rusiya sərhədi) dəmir yolunun tikintisinə və "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinin təkmilləşdirilməsinə 325 milyon $ cəlb etmək planlaşdırılır. Həmçinin, Asiya İnkişaf Bankından (AİB) cəlb ediləcək 500 milyon $ məbləğində kredit iqtisadi islahatların həyata keçirilməsi üçün istifadə olunacaq.

Azərbaycan hökumətinin dövlət borcu ilə bağlı bu cür ehtiyatlı siyasət aparması dövlət büdcəsinə artan yükü ilə bağlıdır. Bu çərçivədə, 2018-2021-ci illərdə dövlət büdcəsində xarici borclara xidmət (əsas borcun və ona faizlərin ödənilməsi) xərcləri bütün büdcə xərclərinin 10,1-11,3%-ni təşkil edəcək.

Belə ki, imzalanmış kredit sazişlərinə xidmət xərcləri 2024-cü ildə kəskin şəkildə artacaq. Bu, onunla bağlıdır ki, hökumət 2014-cü ildə beynəlxalq maliyyə bazarlarında buraxılmış və nominal dəyəri 1,25 milyard $-a bərabər qiymətli kağızların qaytarılması üçün birdəfəlik ödəniş həyata keçirməlidir. Hətta bununla belə, xarici borcun illik xidmət xərclərinin ümumi dinamikası kifayət qədər təmkinlidir ki, bu da büdcə xərcləri artımının qarşısını alır.

 

Daxili borclar  

Bununla yanaşı, dövlət borcunun strukturuna xarici borclarla yanaşı, daxili borclar da daxil olur. Belə ki, dövlət büdcə kəsirinin maliyyələşdirilməsi və daxili maliyyə bazarının inkişafı üçün hər il dövlət qiymətli kağızlarının emissiyası təmin edilir və bu istiqrazlar investorlara bazar prinsipləri əsasında satılır. Qeyd edək ki, bu günə qədər qısamüddətli (1 il) və ortamüddətli (2 və 3 il) dövlət istiqrazlarının buraxılışı həyata keçirilib. Güman edilir ki, bu qiymətli kağızlar tam olaraq 2023-cü ilə qədər geri alınacaq, lakin paralel olaraq onların buraxılışı davam etdiriləcək, özü də onların xidmət xərcləri ödənənə qədər təmin ediləcək və 100 mln. manatlıq əlavə buraxılacaq. Beləliklə, hökumət daxili borc məbləğini artırmaq niyyətindədir, lakin bu, dövlət büdcəsinin xərc hissəsinə risk yaratmadan gerçəkləşdiriləcək.  

Bildiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərinin alınması və idarə edilməsi üçün dövlət zəmanəti altında buraxılmış 10 milyard manatlıq istiqrazın əsas borcu üzrə ödənişlər 2020-ci ildə başlayacaq. Qeyd etmək lazımdır ki, bu funksiya strategiyada "Aqrarkredit" ASC-yə həvalə edilib, lakin bu təşkilatın bu öhdəliklərin öhdəsindən gələcəyi şübhə doğurur və bunu böyük ehtimalla dövlət büdcəsi hesabına etmək lazım gələcək…  

İstənilən halda, hökumət yerli maliyyə bazarlarını dəstəkləməkdə, ölkədə təkrar qiymətli kağızlar bazarının formalaşmasında, dövlət qiymətli kağızlarının buraxılış müddətini artırmaqda maraqlıdır. Bütün bunlar son nəticədə xarici borcların azalmasına səbəb olmalıdır. Beləliklə, Azərbaycanın (xarici və daxili) birbaşa dövlət borcu 2019-cu ilin sonu üçün 10,9 mlrd. $ (ÜDM-in 24,7%) təşkil edəcək və 2025-ci ilə kimi 7,7 milyard $-a (14,1%-ə) qədər azalacaq.

 

Əsas məqsədlər

Yuxarıda qeyd edildiyi kimi, 2025-ci ilədək dövlət borcunun idarə edilməsi strategiyasının əsas məqsədi olaraq hökumət dövlət borcunun dayanıqlılığını və ÜDM-dəki payının tədricən azalmasını seçib. Borc yükünün nələrə səbəb ola biləcəyini Yunanıstanın nümunəsində təsəvvür edə bilərsiniz, sosial proqramları azaltmaq üzrə edilən bütün fədakarlıqları baxmayaraq ki, Avropa İttifaqı üzrə ən yüksək dövlət borcuna malik olmaqda davam edir - ÜDM-in 180%-i səviyyəsindədir.

Bu ölkədə gənclərin 60%-i işsizdir, ümumiyyətlə, bu göstərici bütünlükdə 20% ətrafındadır.  

İtaliya iqtisadiyyatı da eyni maliyyə sarsıntısı ərəfəsindədir və bu ölkənin müflis elan edilməsi avrozonanın çökməsinə gətirib çıxara bilər. İndi italyan lirəsinin dövriyyəyə qayıtmasını təklif edən bəzi İtaliya siyasi ekspertlərinin səsi daha gur çıxır.  

Azərbaycan neft və təbii qazın dünya bazarlarında satılmasından əldə edilən valyuta gəlirlərinin ölkədə səmərəli istifadəsi səbəbindən milli iqtisadiyyatın həddindən pessimist inkişafından uzaqdır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci ildəki fəaliyyəti üzrə 2018-ci il avqustun 27-də dərc olunmuş və beynəlxalq auditor şirkəti PWC tərəfindən təsdiq edilmiş maliyyə hesabatında bildirilir ki, fondun vəsaitləri 2,7 mlrd. $ və ya 8,02% artaraq 35,8 milyard $ olub.  

Azərbaycan hökumətinin hesablamalarına görə, yüksək neft qiymətləri ilə bağlı olaraq Dövlət Neft Fondunun vəsaitləri 2018-ci ildə daha 4 milyard $ artacaq və 40 milyard dollara çatacaq. Əgər nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 31 iyul 2018-ci il tarixdə 5,546 milyard dollar təşkil edib, onda Azərbaycanın ümumi borcu 2018-ci ildə ARDNF və Mərkəzi Bankın ölkənin valyuta ehtiyatlarından 4,5 dəfə az olacaq.

Yəni hökumət bir daha bəyan edir ki, Azərbaycan ani faydaya nail olmaq üçün borc yükündən və ya Dövlət Neft Fondunda yığılmış vəsaitlərinin artmasından istifadə edərək milli iqtisadiyyatın artımını sürətləndirməyə çalışmayacaq. Strategiyanın məqsədi ölkənin gələcək nəsillərinə heç bir borc yükü olmadan, milli iqtisadiyyatın dayanıqlı inkişaf şəraitində həyat təmin etməkdir.


MƏSLƏHƏT GÖR:

318