29 Mart 2024

Cümə, 16:26

XƏZƏRİN «KONSTİTUSİYA»SI

Xəzəryanı dövlətlər 20 il sonra dənizin hüquqi statusu ilə bağlı razılığa gəldilər

Müəllif:

01.09.2018

Qazaxıstanın Aktau şəhərində 2018-ci il avqustun 12-də Xəzəryanı dövlət başçılarının 5-ci sammiti keçirilib. Sammitdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiyanın dövlət başçısı Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan lideri Qurbanqulu Berdımuhammedov və İran prezidenti Həsən Ruhani iştirak ediblər. Toplantının son dərəcə vacib nəticəsi kimi, Xəzərin hüquqi statusuna dair Konvensiyanın, həmçinin bir çox lokal saziş və protokolun imzalanmasını göstərmək olar.

Bütün bunlar 20 ildən artıqdır davam edən uzun, əziyyətli işin nəticəsidir. Bu dövrdə sahilyanı dövlətlərin nümayəndələrindən ibarət xüsusi qrupun 52 iclası, XİN başçılarının 12 görüşü, dövlət başçılarının iştirakı ilə isə 4 toplantı keçirilib. Bu toplantılarda Xəzər probleminin müxtəlif aspektlərini tənzimləyən razılaşmalar əldə olunub. Siyasətçilər, diplomatlar və ekspertlərin konstruktiv mövqeyi sonda baza razılaşması ilə bağlı bütün tərəflərin qəbul etdiyi kompromisin əldə olunmasına imkan verib. Beləliklə, Aktauda dövlət başçılarının imzaladıqları Konvensiya ilə yanaşı, bu sənədlərə də imza atılıb: Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol.

Xəzəryanı dövlət başçılarının hər biri çıxışında qəbul olunmuş Konvensiyanı yüksək qiymətləndirib, onu tarixi, çox əhəmiyyətli hadisə adlandırıb. Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev hətta sənədi obrazlı şəkildə «Xəzər dənizinin Konstitusiyası» kimi ifadə edib. O, qəbul olunmuş Konvensiyaya hərbi sahədə etimad tədbirlərinə dair xüsusi sazişin əlavə olunmasına da çağırıb.

Rusiya prezidenti Vladimir Putin isə qəbul olunmuş razılaşmaların inkişaf etdirilərək «Xəzər beşliyi»nin iqtisadi forumunun yaradılması təklifilə çıxış edib.

İran və Türkmənistan prezidentlərinin çıxışı da konstruktiv ruhda olub.

Azərbaycanın dövlət başçısı İlham Əliyev isə öz növbəsində, sahilyanı dövlətlərin artıq əldə olunmuş əməkdaşlıq səviyyəsini, qarşılıqlı inam və əməkdaşlığını yüksək qiymətləndirib. Ekoloji məsələlərə toxunan İ.Əliyev bildirib ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi bütün neft-qaz əməliyyatları beynəlxalq ISO standartlarına cavab verir. Azərbaycanın reallaşdırdığı regional infrastruktur layihələri kontekstində Xəzərin nəqliyyat imkanlarına da diqqət çəkən prezident «Şərq-Qərb» dəhlizini nümunə göstərib. Bu dəhliz nəinki Azərbaycanın Qazaxıstan və Türkmənistana tranzit xidməti göstərməsinə imkan yaradıb, həm də Asiya ilə Avropanın dəmir yollarını birləşdirib. Hazırda reallaşdırılmaqda olan «Şimal-Cənub» dəmir yolu nəqliyyatı dəhlizinin də böyük potensialı var. Məhz bu dəhlizlə Azərbaycan vasitəsilə İrandan Rusiyaya və əks istiqamətə yüklər daşınacaq, gələcəkdə isə o, Hindistanla Pakistanı Şimali Avropa ilə birləşdirəcək.

Sahilyanı dövlətlər Xəzər üçün xüsusi hüquqi status müəyyənləşdirib. Bu status Xəzəri eyni zamanda həm dəniz, həm də göl kimi nəzərdə tutur. Bununla yanaşı, BMT-nin Dəniz Konvensiyasının bir sıra maddələri də yeni sənədə uyğunlaşdırılaraq qəbul edilib.

Sammit ərəfəsində dünyanın diqqəti əsasən Xəzər sahilində yerləşməyən dövlətlərin bölgədə hərbi mövcudluğu və transxəzər boru xətlərinin çəkilməsi məsələsinə yönəlmişdi. Məlumdur ki, Moskva ilə Tehran bu iki məsələyə qarşıdır. Qazaxıstan, Azərbaycan və Türkmənistan Rusiya ilə İranın istəyinə qarşı çıxmayıb, bölgədə kənar dövlətlərə aid hərbi bazaların yerləşdirilməsinə, onların hərbi mövcudluğuna qadağa qoyulmasına razılaşıb. Əvəzində, Tehranla Moskva transxəzər boru kəmərlərilə bağlı mövqelərini yumşaldıblar.

Beləliklə, Xəzərin hüquqi statusuna dair Konvensiya burada sahildə yerləşməyən hər hansı dövlətin hərbi mövcudluğunu qadağan edir. Bu, Silahlı Qüvvələri Xəzər hövzəsində hökmranlıq edən Rusiya ilə İranın nə vaxtsa burada ABŞ və NATO hərbi infrastrukturunun peyda ola biləcəyinə dair narahatlığını aradan qaldırmalıdır. Transxəzər boru kəmərləri məsələsinə gəlincə, Konvensiyaya görə, bu, kəmərin keçəcəyi sektorun sahibinə aid məsələdir. Lakin ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən, istənilən nəhəng boru xətti və ya neft-qaz emalı layihəsi 5 dövlətin hər birinin razılığı ilə həyata keçirilə bilər. Beləliklə, Moskva ilə Tehran transxəzər boru xətlərinin çəkilişini qadağan edə bilməz. Onlar, sadəcə, onun icrasını həqiqi və ya xəyali ekoloji risklər bəhanəsilə uzada bilər.

Bütün bunlarla yanaşı, Xəzərin hüquqi statusuna dair konvensiya Çərçivə Konvensiyasıdır. O, sahilyanı dövlətlərin ərazi suları və iqtisadi sektorları arasında sərhədi konkret göstərmir. Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan Xəzərin şimalında razılığa gəlsələr də, dənizin cənub hissəsində Azərbaycan, Türkmənistan və İran arasında dilimitasiya məsələləri hələ ikitərəfli və üçtərəfli formatda həll olunmalıdır. Bu ilin noyabrında sahilyanı dövlətlərin XİN rəsmilərindən ibarət işçi qrup Bakıda toplanaraq Xəzərdə düz xətlərin müəyyən edilməsi metodologiyasının hazırlanması üçün danışıqlar aparacaq. Qrup V Xəzər sammiti çərçivəsində yaradılıb. Danışıqların asan keçməyəcəyi aydındır. Lakin qəbul olunmuş Konvensiyanın maraqlarının razılaşdırılması üçün hüquqi bazaya çevrilməsi, formatı müəyyənləşdirməsi vacibdir. Qarşılıqlı güzəştlər olarsa, kompromis variantın əldə edilməsi mümkündür.

Azərbaycan Xəzərdə əməkdaşlığa sadiqdir. Bunu ölkə başçısı İlham Əliyev sammitdəki çıxışında da təsdiqləyib. O, qonşu dövlətlərə bu işdə Azərbaycanın təcrübəsindən, texniki və logistik imkanlarından yararlanmalarını təklif edib. Dünyada ən qədim neft laboratoriyası, dənizdə neft hasilatının pioneri olan Azərbaycanın Xəzərdə xüsusi yeri var. Müstəqillik illərində isə yenə də Azərbaycan aparıcı transmilli şirkətlərlə tərəfdaşlıq halında Xəzərdə ilk olaraq nəhəng neft və qaz yataqlarının işlənməsinə başlayıb. Söhbət «Azəri-Çıraq-Günəşli» neft və «Şahdəniz» qaz yataqlarından gedir.

Bundan başqa, Azərbaycan nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini reallaşdırıb, strateji əhəmiyyətli Cənub Qaz Dəhlizinin tikintisi isə başa çatmaq üzrədir. Bu layihələr Xəzərdən neft və qazın dünya bazarlarına danışmasını təmin edir.

Odur ki, Xəzəryanı ölkələr özlərinə aid sektorlarda neft-qaz yataqlarının kəşfiyyatında, işlənməsində Azərbaycanın müasir üzən qazma platformalarından, geofiziki və digər gəmilərindən istifadə etməklə, bu işi xeyli tez və ucuz başa gətirə bilər.

Bir sözlə, Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu yalnız sahilyanı dövlətlər arasında qarşıdurma, ziddiyyət riskini aradan qaldırmır, həm də Azərbaycanın kilometrlərlə uzanan dəniz sərhədində əlverişli vəziyyət yaradır, onun Rusiya və İran üçün enerji, nəqliyyat sahələrində vacib tərəfdaş kimi, geosiyasi çəkisini artırır. Ermənistan da aşkar narahatlıqla məhz bu məqama diqqət çəkir. Erməni ekspertlərin, parlamentarilərin bu haqda şərhlərini qısa ifadə etsək, onlar Konvensiyanın imzalanmasını Azərbaycanın rolunun artması, Ermənistanın geosiyasi əhəmiyyətinin azalması kimi qiymətləndirirlər. Bu, əlbəttə ki, gec-tez Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də öz təsirini göstərəcək.

Regional və beynəlxalq KİV-də Xəzərin hüquqi statusu haqda Konvensiyanın qəbulundan kimin daha çox qazandığına dair çox sayda şərhlərə, analitik qiymətləndirmələrə rast gəlinir. Onların hamısında birmənalı şəkildə deyilir ki, prosesdən ən qazanclı çıxanlar Azərbaycanla Qazaxıstandır. Lakin sahilyanı dövlətlərin heç biri özünü məğlub saymır. Demək, bu istiqamətdə çalışmış diplomatlar yaxşı işləyib. Hər halda, razılaşma iştirakçılarının hər biri sazişdən özünün daha çox qazandığını düşünürsə, demək, tərəflər kifayət qədər uğurlu kompromis tapa bilib. Lakin heç kəs Konvensiyanın qəbulu ilə bütün mübahisəli məsələlərin həllini tapdığı xülyasını da qurmur. Gələcəkdə mövcud və yeni ortaya çıxacaq problemlərin həlli üçün də cidd-cəhdlərə ehtiyac olacaq. Əsas odur ki, hüquqi baza yaradılıb və ona əsaslanaraq irəliləmək, Xəzərin sülh və əməkdaşlıq dənizi statusunu təmin etmək mümkün olacaq.



MƏSLƏHƏT GÖR:

295