29 Mart 2024

Cümə, 14:41

MERKELİN 3 HƏDƏFİ

Azərbaycan bütün parametrlərinə görə Almaniyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır

Müəllif:

01.09.2018

Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza avqustun 23-25-də etdiyi işgüzar səfər çərçivəsində Azərbaycanda olub. O, indiyədək Azərbaycan Prezidenti İlham Əliyev ilə beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşüb. Azərbaycanla Almaniyanın mədəni və humanitar münasibətlərinin tarixi köhnədir. Lakin bu, kanslerin Bakıya ilk səfəri idi. Səfər proqramının kifayət qədər zəngin olduğunu deyə bilərik - tərəflər siyasi, iqtisadi, ticari və mədəni əlaqələr, regional məsələlər və demokratik inkişafa dair müzakirələr aparıblar. Tərəflər arasında konkret və çox şey vəd edən danışıqlar keçib. 

 

Çoxşaxəli əlaqələr

Hər iki lider Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşının Azərbaycan olduğunu (ümumi ticarət dövriyyəsinin, təxminən, 70%-i) bildirib. Bu gün Azərbaycanda 150-dək alman şirkəti çalışır, Almaniyanın xarici ticarət palatası fəaliyyət göstərir. Almaniya və Azərbaycanın biznes dairələrinin görüşündən sonra bu rəqəmlər, yəqin ki, daha da artacaq.

Azərbaycanın sənayesinin qeyri-neft sektorunu, kənd təsərrüfatını, infrastrukturunu, turizm və İKT sahələrini inkişaf etdirməyə çalışdığı indiki vaxtda dünyanın ən önəmli 4-cü iqtisadiyyatı olan Almaniya Bakıya ciddi yardım edə bilər. Merkelin sözlərinə görə, artıq tikinti və infrastruktur, o cümlədən tikinti materiallarına dair layihələri var. «Biz aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, həmçinin rəqəmsal və təhsil sahələrində fəaliyyət göstərə bilərik», - deyə kansler Bakıda bildirib.

Lakin iqtisadi münasibətlərdə Almaniya üçün ən vacibi Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsindəki roludur. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP-ın istismara verilməsindən sonra xüsusi əhəmiyyət qazanıb. Məhz bu layihələr Merkelin Bakı səfəri zamanı əsas müzakirə mövzularından olub. Kansler hələ Gürcüstanda olarkən Rusiya qazının Avropaya ucuz başa gəldiyini, lakin «bütün yumurtaları bir qutuya» yığmaq kimi riskə getmək istəmədiklərini söyləyib. Bu isə Cənub Qaz Dəhlizinin aktuallığını artırır. Bununla yanaşı, Aİ-nin enerjiyə olan tələbatını və bu tələbatın getdikcə artdığını nəzərə alsaq, Azərbaycan qazı, təbii ki, Rusiya qazına rəqib deyil. Yeri gəlmişkən, xüsusilə bu günlərdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından sonra Cənub Qaz Dəhlizinə Türkmənistanın da qoşulacağı istisna deyil. Amma bu qərarı Aşqabad verməlidir. İlham Əliyevin sözlərinə görə, Xəzərin şərqində təbii qazın Azərbaycan vasitəsilə nəqlinə qərar verərlərsə, Bakı «bu məsələyə maraqla yanaşa və öz sözünü deyə bilər».

 

Əsas təhlükəsizlikdir

Bütün bunlar Avropa ilə Asiyanın kəsişməsində yerləşən, İran, Rusiya və Türkiyə ilə həmsərhəd və Xəzərə çıxışı olan Azərbaycanın geostrateji əhəmiyyətini, tranzit imkanlarını ortaya qoyur. Bu qədər müxtəlif ölkələrin yer aldığı regionda istənilən layihənin icrası üçün, əlbəttə ki, əsas şərt təhlükəsizlikdir. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin bir hissəsinin uzun illərdir Ermənistanın işğalı altında olduğunu bir daha Merkelin nəzərinə çatdırıb. O, bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrildiyini xatırladıb.

Angela Merkel isə Ermənistan və Azərbaycana səfərdən sonra problemin təcili həllinin vacibliyi haqda təsəvvürünün yarandığını deyib, Almaniyanın münaqişənin siyasi yolla həlli üçün daha fəal olacağını söyləyib. «Ermənistanda yeni hökumətin qurulması faktı, bəlkə də, bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər» - deyən Kansler detallara varmayıb. Bəlkə də, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması ATƏT-in Minsk qrupunun səylərinə çoxdan gözlənilən impuls olacaq.

Angela Merkel ilə İlham Əliyev humanitar və mədəni əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Məsələn, Azərbaycanda alman yaşayış məntəqəsinin salınmasından 200 il ötdüyünü çoxları bilmir.

Səfər çərçivəsində insan haqları və demokratik quruculuq məsələləri də müzakirə olunub. Yeri gəlmişkən, mətbuat konfransının məhz bu hissəsində Almaniyanın «Deutsche Welle» nəşrinin jurnalisti yanlışlığa yol verib və bu, yerli KİV-də və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Almaniyalı qonaq faktiki olaraq, harada olduğundan xəbərsizliyini nümayiş etdirib - o, Azərbaycanla Əfqanıstanı səhv salsa da, dövlət başçılarına demokratiya ilə bağlı «dolaşıq» sual verməyi lazım bilib. Bu yerdə İlham Əliyevin jurnalist xanımı yol verdiyi yanlışlığa görə insanların gözü qarşısında utandırmaq istəməməsi də diqqət çəkib. Dövlət başçısı Azərbaycanın demokratik standartlara əməl etdiynə, ölkədə əsas azadlıqların təmin olunduğuna dair konkret faktları sadalamaqla kifayətlənib.

 

Başqa gündəm

Maraqlıdır ki, enerji məsələsi Gürcüstanda da müzakirə edilib və Merkel orada qaz anbarının tikintisinə 150 milyon avroluq kreditin ayrılmasına dair sənəd imzalayıb. Anbar yayda qazla doldurulacaq ki, qışda tədarükdə yarana biləcək fasilələr problem yaratmasın.

Ümumilikdə, A.Merkelin Gürcüstan səfərində əsas məqsəd postsovet məkanındakı köhnə tərəfdaşın ruhlandırılması idi. Lakin bunun alınıb-alınmadığı hələ bəlli deyil. Kansler Cənubi Qafqazın bu ölkəsində son dəfə 10 il əvvəl - 2008-ci ilin avqust müharibəsindən dərhal sonra olmuşdu. Həmin münaqişə bu səfər zamanı da geniş müzakirə edilib. Cənubi Osetiya ilə inzibati sərhədə yollanan Merkel durbinlə orada yerləşdirilmiş Rusiya hərbi bazasını müşahidə edib. Mövcud durumu ədalətsiz adlandıran kansler bildirib ki, o, münaqişənin həlli prosesinin hələ uzun çəkəcəyini düşünür. Tbilisinin NATO-ya mümkün üzvlüyündən də danışan Angela Merkel 10 il əvvəl olduğu kimi, bu dəfə də heç kəsi ani nəticələr gözləməməyə səsləyib: «Belə işlər bir anda olmur. Hazırda Qərbi Balkanlar Aİ-yə qoşulmağa hazırlaşır. Tezliklə Böyük Britaniya ittifaqı tərk edəcək. Bu üzdən Gürcüstanın üzvlüyü ilə bağlı qərarın qəbulu çətindir».

Bəzi KİV-in məlumatına görə, hazırda Berlin Şengen ölkələrilə Gürcüstan arasında viza rejiminin liberallaşdırılmasının narahatlığını yaşayır. Bu, almanlarda həm də qıcıq yaradır. Çünki viza rejiminin liberallaşdırılmasından bu yana Gürcüstandan Almaniyaya sığınacaq almaq üçün üz tutan insanların sayı kəskin şəkildə artıb. Bu isə Berlinin miqrantlarla bağlı onsuz da çətin olan işini bir qədər də ağırlaşdırır.

Ermənistana səfərə gəlincə, orada Merkelin əsas hədəfi, güman ki, şəxsi görüş sayəsində yeni baş nazir Nikol Paşinyan haqda təsəvvürə yiyələnmək olub. Çünki Paşinyan bunadək Aİ-nin ünvanına yersiz tənqidlər səsləndirməklə gündəmə gəlmişdi.

Kanslerlə görüşdə Avropanın Ermənistanla bağlı mövqeyinin tam aydın olmadığından şikayətlənən Paşinyanın nə demək istədiyi əslində bəllidir: «Brüssel bizə az pul verir». Paşinyan Merkellə görüşdə İrəvan-Berlin münasibətlərində «keyfiyyət dəyişiklikləri»nə ümidini dilə gətirsə də, kanslerin bəyanatları göstərib ki, Berlin Ermənistanın yeni rəhbərliyilə bağlı hələ ki, heç bir qərar qəbul etməyib. Odur ki, Paşinyanın bundan sonra da şikayətlənməsi üçün səbəb var.

Merkelin Rusiya prezidenti Vladimir Putinlə Berlində keçirdiyi görüşdən cəmi 1 həftə sonra baş tutmuş Cənubi Qafqaz səfərini Moskva da ciddi diqqətdə saxlayıb. Rusiyanın aparıcı KİV-i Almaniyanın əvvəllər Cənubi Qafqaza xüsusi diqqət göstərmədiyini, indi isə burada əsas xarici oyunçulardan birinə çevrilmək qərarına gəldiyini yazır. Bu mənada kanslerin regionun əsas ölkəsi kimi, Azərbaycana səfərini tarixi hadisə saymaq olar.

Güman ki, Əliyevlə Merkelin görüşündə qlobal siyasi məsələlər də müzakirə olunub. Bakı ilə Ankaranın yaxın münasibətləri, ABŞ-ın Azərbaycanın qonşusu olan İranla nüvə razılaşmasından çıxması, Almaniyanın özündə Vaşinqtona qarşı mənfi münasibətin getdikcə güclənməsi bunu zəruri edirdi. Lakin ən önəmlisi, əlbəttə ki, iqtisadiyyat, enerji tədarükünü də və qeyri-neft sektoruna dair layihələrdir. Deyəsən, biz Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələyə başlanmasının şahidi oluruq. Bu, həm də bütünlükdə Aİ ilə münasibətlərə aiddir. Bu gün Bakı Aİ tərəfindən maraqlı, dəyərli, hörmətli tərəfdaş və müttəfiq kimi qəbul olunur.



MƏSLƏHƏT GÖR:

287