24 Aprel 2024

Çərşənbə, 02:12

SOĞAN OLSUN, NAĞD OLSUN, YOXSA..?

Azərbaycan hökuməti ölkədə nağdsız ödənişlərin inkişafı üçün stimullaşdırıcı tədbirlərə keçir

Müəllif:

15.09.2018

Son illərdə nağdsız ödənişlərin daha geniş tətbiqi üçün Azərbaycan hökumətinin göstərdiyi səylər ölkədə bank kartı istifadəçilərinin sayının nəzərəçarpacaq səviyyədə artmasına, POS-terminallar və elektron sistemləri vasitəsilə ödəniş prosedurlarının sadələşdirilməsinə səbəb olub. Ancaq bir sıra statistik məlumatlar göstərir ki, bu sahədə ümumi vəziyyət, hələ ki, idealdan uzaqdır. Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin 7 ayının yekunlarına dair statistik məlumatına görə, dövriyyədə olan plastik kartlarının və onlara xidmət edən POS-terminalların sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, keçən illə müqayisədə nağdsız ödənişlərin toplam məbləği azalıb. Səlahiyyətli strukturların nümayəndələri qeyd edirlər ki, Azərbaycanda nağdsız ödənişlərin inkişafı prosesində sanksiyalardan stimullaşdırıcı üsullara keçidin vaxtı çatıb.

 

Kart rekordu

Əslində, 1 yanvar 2017-ci il tarixdə Azərbaycanda "nağdsız əməliyyatlar haqqında" qanun qəbul edilib və nəzəri cəhətdən, bu sahədə hüquqi boşluqların əksəriyyəti aradan qaldırılmalı idi. Keçən müddət ərzində görülən tədbirlər elə də pis olmayan statistik nəticələr verib: Mərkəzi Bankın 2018-ci ilin iyul ayının sonuna olan məlumatına görə, bank ödənişlərinin sayı rekord həddə - 6,174 milyon ədədə çatıb, ötən ilin əvvəli ilə müqayisədə bu, 15,6% artım deməkdir.

Bank "plastiki"nin hesabat dövründə əsas artımı debet (sosial, əməkhaqqı və s.) kartlarının həcminin 22,6% artaraq 1,9 mln. ədəd təşkil etməsi hesabına baş verib. Bu, başadüşüləndir - bu qanunun güclü tərəflərindən biri əməkhaqqının ödənilməsi və təsərrüfat fəaliyyətində qarşılıqlı hesablaşmaların həyata keçirilməsi zamanı nağdsız üsuldan istifadə edilməsinin tələb edilməsi və həmin tələbin həyata keçirilməsi üzərində ciddi nəzarət mexanizmlərinin yaradılmasıdır.

Yəni əvvəllər maaş kartları yalnız büdcə təşkilatlarının və böyük biznes strukturlarının işçilərində olardısa, bu gün, demək olar ki, bütün işəgötürənlər işçi heyəti kartlarla təmin ediblər. Vergilər Nazirliyindən etiraf ediblər ki, bu, əməkhaqlarının tam şəkildə leqallaşdırılması məsələsini həll etməsə də, vacib bir addım atılıb. Sonrakı önəmli mərhələ gəlir vergisi islahatları olacaq, vergi orqanları vəd verirlər ki, ondan sonra işəgötürənlərin işçilərin gəlirlərinin tam məbləğini göstərməməsi üçün heç bir səbəb qalmayacaq.

Bəllidir ki, artıq bir neçə ildir pensiya, müavinət və sosial ödənişlərin verilməsi nağdsız əsasa keçirilib və demək olar ki, bütün dövlət strukturları bu prosesə cəlb olunub və bütün hesablaşmaları bank vasitəsilə həyata keçirməyə çalışırlar. Belə ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu ilin fevral ayından etibarən ilk dəfə olaraq ləğv edilmiş «DəmirBank» əmanətçilərinə nağdsız formada ödənişlər etməyə başlayıb. Bununla yanaşı, fond ləğv olunmuş bankların müştəriləri üçün kreditlərin "ASAN ödəniş" və "Hökumət ödəniş portalı" elektron sistemləri vasitəsilə ödənilməsi üçün fürsət yaradıb.

Beləliklə, əminliklə söyləmək olar ki, bu gün, demək olar ki, hər bir azərbaycanlı ailəsi ən azı bir bank kartına malikdir, yəni nağdsız ödənişə giriş imkanına sahibdir. Amma vətəndaşlar daxilolmaları 1 tranzaksiya ilə tam nağdlaşdırmadan bu imkanı təyinatı üzrə nə səviyyədə istifadə edirlər - bu, başqa bir məsələdir və ölkəmizdə bu hissə ilə bağlı problem və boşluqlar var.

 

Dünya göstəricilərinə doğru

Mərkəzi Bankın və Vergilər Nazirliyinin yeni layihələri də nağd pul dövriyyəsinin artımına hesablanıb. Belə ki, Mərkəzi Bank nağdsız ödənişlərə keçid üçün yeni proqram həyata keçirmək niyyətindədir. Mərkəzi Bankın ödəniş sistemlərinin inkişafı və nəzarəti şöbəsinin müdiri Ramil Mahmudov qeyd edib ki, təmsil etdiyi qurumun əsas məqsədlərindən biri ölkədə nağdsız ödənişlərin səviyyəsini dünya göstəriciləri səviyyəsinə gətirməkdir. Qeyd edək ki, nağdsız ödənişlər üzrə dünya liderləri İsveç və Norveçdir, bu gün norveçlilərin yalnız 6%-i mal və xidmətlərin haqqını nağd ödəyir. Bu ölkələrdə əhali əmindir ki, nağd əməliyyatlarda maliyyə cinayət komponenti var. Buna görə insanlar satınalmaların nağdsız ödəniş hesabına alınmasına maksimum can atırlar.

Əlbəttə ki, Azərbaycanın göstəriciləri Skandinaviya ölkələrininkindən çox uzaqdır. Yalnız qeyd etmək kifayətdir ki, iyulun sonuna olan nəticələrə görə, ölkənin pərakəndə ticarət dövriyyəsi 3 mlrd. manat təşkil edib ki, bunun yalnız 4%-i nağdsız ödənişlərin payına düşüb. Aydın olması üçün qeyd edir ki, həmin ay bankomat və POS-terminallar vasitəsi ilə 1,3 milyard manat nağdlaşdırılıb ki, bu da bank kartlarının bütün daxilolmalarının 91,3%-nə bərabərdir. Yəni kart sahibləri nağdsız hesablaşmalara etibar etmirlər, gəlirlərini sürətlə nağdlaşdırmağı üstün tuturlar.

Mərkəzi Bankda hesab edirlər ki, bu problemləri həll etmək üçün bir sıra sahələrdə işləmək lazımdır. İlk növbədə, nağdsız hesablaşmaların inkişafı ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, vergidən yayınma faktlarının azaldılmasına və vergi inzibatçılığının təkmilləşdirilməsinə kömək edir. Çünki kölgə iqtisadiyyatının olduğu yerlərdə innovativ ödəniş üsullarından danışmaq mümkün deyil. Digər mühüm istiqamət elektron ticarətin inkişafıdır - ekspertlərin fikrincə, burada inkişaf üçün böyük potensial olmasına baxmayaraq, səviyyə hələ ki çox aşağıdır.

 

Bank marağı

Nəhayət, əsas amil bank sektorunun aktivləşdirilməsi və inkişafıdır. Axı, əhalinin vəsaitləri sürətlə nağdlaşdırmaq istəyi əsasən banklara, xüsusilə son bir neçə il ərzində bir sıra bankların bağlanması fonunda artan inamsızlıqla bağlıdır. Məhz bankların bağlanması mövcud POS-terminalların sayının azaldılmasının əsas səbəbidir. Avqustun əvvəlində ölkədə 65,7 min POS-terminal olub ki, bu, ilin əvvəlində olandan 5,5 min ədəd və ya 8,3% azdır. Bununla belə, Mərkəzi Bankdan etiraf edirlər ki, POS-terminalların olması heç də onlardan istifadə edilməsi demək deyil - çox vaxt ticarət obyektlərinin sahibləri kartları qəbul etməkdən imtina edirlər - cihazın xarab olduğunu deyirlər və ya digər səbəblər göstərirlər. Belə problemlərin kökündə sahibkarlıq subyektlərinin mühasibat uçotunun tam leqallaşdırılmasından yayınmaq və biznesin iki müxtəlif profili subyekti arasında maliyyə əməliyyatlarının uçotu üzrə boşluqların olmasıdır.

"Lakin biz ticarət obyektlərinin nağdsız ödənişlərdən istifadəyə marağının artması meylini müşahidə edirik ki, bu da bazarda artan rəqabət ilə bağlıdır ", - deyə R.Mahmudov vurğulayıb.

Mərkəzi Bankın nümayəndəsi həmçinin qeyd edib ki, tənzimləyicinin prioritetləri arasında həmişə nağdsız hesablaşmaların təhlükəsizliyin artması əsas olur. «Nağdsız hesablaşmaların təhlükəsizliyinin artırılması daim Azərbaycan Mərkəzi Bankının prioriteti olub. Bu yaxınlarda biz plastik kartlardan istifadə üzrə bizim qaydalara dəyişikliklər layihəsi hazırlamışıq. Bu layihələrdən biri onlayn ödənişlər zamanı təhlükəsizliyin artırılması ilə bağlıdır. Kartlarla bağlı bu yaxınlarda aşkar edilən fırıldaqçılıq faktları göstərir ki, fırıldaqçılıq vektoru tədricən elektron ticarətə keçir, çünki burada belə möhtəkirlik faktlarını yerinə yetirmək yetərincə asandır. Belə halların qarşısını almaq üçün bankların lazımi hazırlığı, risklərə qarşı adekvat addım üzrə dayanıqlı siyasət olmalıdır. Biz öz tərəfimizdən banklarla işləyirik, qaydalara zəruri dəyişikliklər edirik. Paralel olaraq, Azərbaycan Banklar Assosiasiyasının xüsusi işçi qrupu da banklarla iş aparır»,- deyə R.Mahmudov bildirib.

 

İqtisadi təsir

Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş sanksiya tədbirlərindən sonra nağdsız ödənişlərin inkişafı istiqamətində atılacaq növbəti addım stimullaşdırıcı tədbirlər, həmçinin əhalinin maliyyə savadının yaxşılaşdırılmasına yönələn tədbirlər olacaq. Belə ki, AMB-nin planlarına "Kartla ödə - kartda qazan" kimi stimullaşdırıcı lotereya kampaniyasına başlamaq daxildir ki, bunun son məqsədi nağdsız ödənişlərin dövriyyəsini artırmaqdır. Vergilər Nazirliyi, öz növbəsində Vergi Məcəlləsinə dəyişiklik etməyi planlaşdırır, Məcəlləyə biznes tərəfdaşları ilə nağdsız əlaqələrə üstünlük verən sahibkarları təşviq etmək məqsədi ilə ayrı-ayrı maddələr əlavə ediləcək.

Beynəlxalq ekspertlərin hesablamalarına görə, təkcə Bakıda nağdsız ödənişlərin tam tətbiqi gəlirlərin 1,9 milyard $ artmasına səbəb olacaq. O cümlədən biznesin gəliri 1,4 milyard $, hökumətin gəlirləri 400 milyon $, istehlakçıların gəlirləri isə 100 milyon $ artacaq. Bu proses 15 il müddətinə məşğulluğun 3,5% artmasına imkan verəcək. Ən əsası, nağdsız ödənişlərin 1% artması ÜDM-in 10% artımı deməkdir.

Başqa sözlə, nağdsız dövriyyənin artımının sürətləndirilməsi bütövlükdə iqtisadiyyatın səmərəliliyinin artırılması üçün son dərəcə vacibdir. Bu seqmentə hökumət tərəfindən yatırılan istənilən sərmayə gələcəkdə özünü tam doğruldacaq - ödənişlərin şəffaflığının artırılması son nəticədə büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasına, uyğun olaraq dövlətin iqtisadi və sosial imkanlarının artmasına gətirib çıxaracaq.


MƏSLƏHƏT GÖR:

324