28 Mart 2024

Cümə axşamı, 13:29

ÇİNİN AFRİKA MARAQLARI

ÇXR tədricən qitədə real hakimiyyəti ələ alır

Müəllif:

15.09.2018

Sentyabrın ilk ongünlüyündə Pekində keçirilmiş yeddinci Çin-Afrika (FOCAC) sammiti 18 illik tarixinin ən çox iştirakçısı olan toplantısı kimi yadda qalıb. Toplantıda qitədə Tayvanla diplomatik əlaqələri qoruyub saxlayan sonuncu dövlət olan Esvatini (keçmiş Svazilend) istisna olmaqla, 54 Afrika dövlətinin 53-nün lideri iştirak edib. Sammitə BMT-nin baş katibi Antoniu Qutyerreş də qatılıb.

Çin Afrikanın «istila»sında ilk və o qədər də cəsarətli olmayan addımlarını hələ ötən əsrin 70-ci illərində atmağa başlamışdı. O zaman Pekin bu qitənin ticarət tərəfdaşlarının siyahısında ən son yerlərdə qərarlaşırdı. Həmin dövrdə qitənin investorları arasında favorit ABŞ, Sovet İttifaqı və Avropa ölkələri idi.

Lakin o vaxtdan çox şey dəyişib. Artıq SSRİ yoxdur, onun bütün xarici aktivlərinin varisi olan Rusiya isə mövqelərinin əksəriyyətini itirib. Başı daxili problemlərinə qarışmış Avropa da indi, Afrikaya daha az diqqət ayırır. ABŞ-a gəlincə, onun yeni administrasiyası xarici ölkələrə humanitar və digər yardımları dayandırmaq qərarına gəlib. Ağ Ev hər kəsdən ticarətdə ona qarşı ədalətli olmağı tələb edir və bu da Vaşinqtonun Afrika ölkələrilə əməkdaşlığını zəiflədib. Ümumiyyətlə, 2008-ci il böhranından sonra Afrikada Qərb investisiyaları o qədər də nəzərə çarpmır.

 

Ticari disbalans

Bütün bunların fonunda «Qara qitə»də Çin investisiyalarının ciddi artımı göz qarşısındadır. 2008-ci ildən Afrikanın ən nəhəng iqtisadi tərəfdaşı məhz Pekindir. Son 40 ildə isə tərəflər arasında ticarət dövriyyəsi həcmi, ən azı 200 dəfə artıb - əgər 1978-ci ildə həmin göstərici 765 milyon dollar təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 170 milyard dollara çatıb. 2018-ci ilin ilk yarısında ikitərəfli ticarəti dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq, 98,8 milyard dollar təşkil edib.

Bütün bu dövr ərzində Çin Afrika ilə əməkdaşlıq strategiyasına bir neçə dəfə «əl gəzdirib». «Qara qitə»yə əsasən çox işlənən malların satış yeri və xammal mənbəyi kimi yanaşılmasına son qoyulub və Çin burada sənaye və kənd təsərrüfatının inkişafının onun maraqlarına uyğun olduğu qərarına gəlib.

Məsələ ondadır ki, Afrika ölkələrilə Çin arasında ticarət dövriyyəsinin artımı onun balanslı şəkildə genişlənməsindən xəbər vermir. ÇXR bu gün Afrika ölkələrinə ixracda ilk yeri tutsa da, idxal cüzidir. Bir istiqamətə xammal, emal olunmamış materiallar, digər istiqamətdə isə sənaye malları, ucuz çox işlənən məhsullar daşınır. Məsələn, Uqanda üçün Çinlə idxal-ixrac nisbəti 22:1 nisbətindədir. Qitənin ən nəhəng neft hasilatçısı olan Nigeriya belə, Çinə hər 1 dollarlıq ixracın əvəzində oradan 11 dollarlıq idxal edir.

 

Asan pullar

Çin bu yaxınlaradək əsasən, Afrikanın kreditoru kimi çıxış edirdi. Qitə dövlətləri ondan məmnuniyyətlə borc alırdı. Çünki bunun üçün korrupsiya ilə mübarizə, ətraf mühitin mühafizəsi, insan haqlarına əməl olunması, söz azadlığının təmini və s. kimi vədlərə ehtiyac duyulmurdu. Üstəlik, əksər hallarda kreditin ayrılması üçün girov da tələb olunmur, bu, sadəcə, dövlət zəmanətilə həyata keçirilirdi.

Lakin «asan» pul elə asan da gedir - oğurlanır, nəzarətsiz və bir çox hallarda mənasız layihələrə xərclənir. Zaman keçir, borc yığılırdı. Nəhayət, borclular onu qaytarmağın o qədər də asan olmayacağını anlayır

Konqo Respublikası, Zambiya və Cibuti kimi bir sıra ölkələrdə Çinin krediti borc böhranına belə, səbəb olub. Çünki, məsələn, Cibutidə ÜDM-in 75%-ni məhz bu pullar təşkil edir. Üstəlik, proqnozlara görə, yaxın illərdə onun dövlət borcundakı payı 82%-dən 91%-ə qalxacaq.

Keniya da vəziyyət bundan yaxşı deyil. Xarici ölkələrə borcu 50 milyard dollara çatmış Keniya bu məbləğin 72%-ni məhz Pekinə qaytarmalıdır.

Anqolanın isə, demək olar ki, bütün nefti Çinə olan 25 milyard dollarlıq borcun ödənməsinə sərf edilir.

Çin bunu yaxşı başa düşür və zaman-zaman borcun restrukturizasiyasına əl atır. Son sammitdə də ÇXR sədri Si Cinpin bildirib ki, 2018-ci ilin sonunadək daha az inkişaf etmiş, həmçinin dənizə çıxışı olmayan ölkələr, kiçik ada dövlətləri faizsiz dövlət istiqrazlarının ödənişindən azad olunacaqlar.

 

Dörd təklif

Çinlə ticarətdə balanslaşdırma Pekinin son illərdəki investisiyaları artırmaq, Afrikada istehsalatı təşviq etmək cəhdlərinə də yardım göstərəcək. Bu məqsədlə Pekin Afrikada yerli istehsal müəssisələrini almağı və ya yenilərini yaratmağı düşünür. Bununla da, o, istehsal olunacaq məhsulları həm Çinə, həm də digər bazarlara ixrac etməyi düşünür.

Artıq, təxminən, 3100 Çin şirkəti Afrikada nəqliyyat, enerji, telekommunikasiya, hasilat və emal sənayesi, kənd təsərrüfatı, su təchizatı, səhiyyə, təhsil kimi sahələrə investisiya yatırıb. «McKinsey» təşkilatı xəbər verir ki 2017-ci ildə Afrikada fəaliyyət göstərən Çin müəssisələrinin sayı 10 mini ötüb.

Məsələn, Çinin «Hua Jian» şirkəti Efiopiyada ayaqqabı fabriki tikib və bu gün onun məhsulları əsasən ABŞ-a ixrac olunur. Bununla yanaşı, Çin bu ölkədə soya ixracı sahəsində də çalışır. Bununla, Pekin soyaya olan tələbatını ABŞ-ın hesabına ödəməkdən xilas olmağa çalışır.

Bütün bunlarla yanaşı, Afrika ölkələri liderləri arasında Çinin atdığı addımların disbalansı aradan qadırmağa kifayət etməyəcəyini düşünənlər də var. Onlar Pekindəki sammitdə bu problemin həll olunması tələbilə çıxış ediblər. Bu tələbə cavab olaraq, Si Cinpin 4 təklif irəli sürüb.

Birincisi, Afrika məhsullarının Çin daxilində «irəliləməsinə» yardım. Məsələn, elektron kommersiyanın tətbiqi, müntəzəm olaraq ixtisaslaşmış ticarət sərgilərinin təşkili və digər marketinq tədbirləri. İlk addım kimi, Afrika dövlətlərinə noyabrda Şanxayda açılacaq «China International Import Expo»da pulsuz iştirak vəd olunub.

İkincisi, Çin hökuməti Afrika ölkələrinin hər biri üçün ticarətə dəstək proqramı hazırlamağa hazırdır. Söhbət xüsusilə gömrük prosedurlarını tənzimləyəcək proqramlardan gedir.

Üçüncüsü, Afrikadan idxalın maliyyələşdirilməsi üçün 5 milyard dollarlıq yeni fondun yaradılması təklif olunur.

Dördüncüsü, Pekin orta səviyyəli gəliri olan ölkələrlə azad ticarətə keçidlə bağlı danışıqlara başlamağa razılıq verib. Hazırda qitənin daha az inkişaf etmiş ölkələrinin məhsullarının 97%-i Çin bazarlarına rüsumsuz çıxarılır.

 

Təhlükəsizlik

Yəqin ki, Afrikanın təbii resurslarından asılılıq, bu regiona o cümlədən «Bir kəmər - bir yol» beynəlxalq layihəsi (onda qitənin 37 ölkəsi iştirak edir) çərçivəsində investisiyaların fəal şəkildə artması Pekini aktivlərinin təhlükəsizliyinin təmini istiqamətində addımlar atmaq məcburiyyətində də qoyur. Bunun üçün isə bir neçə real vasitə var: öz ordusu, Çinin iqtisadi maraqlarının olduğu dövlətlərin silahlı qüvvələri, həmçinin BMT sülhməramlıları. Pekin onların hər birindən istifadə edir.

Artıq ötən il Çin Cibutidə xaricdəki ilk hərbi bazasını yaradıb. 10 minədək hərbçinin yer alması mümkün olan bu bazanın ardından Pekinin Sudan, Keniya və bir sıra digər Afrika ölkələrində də eyni addımı atacağı gözlənilir.

Bu ilin iyun-iyul aylarında Pekində müdafiə və təhlükəsizlik sahəsində düz 2 həftə davam edən Çin-Afrika forumu da keçirilib. Foruma Afrikanın 50 ölkəsinin nümayəndələri qatılıb. Bu, qitədə asayişin qorunmasında səylərin koordinasiyası baxımından gözəl imkan kimi qiymətləndirilir. Toplantıda Çin Afrika Şurasına 100 milyon dollarlıq hərbi yardım göstərməyə hazır olduğunu da bəyan edib.

Çinin BMT-nin sülhməramlı kontingenti kimi ilk silahlı birləşməsi isə Liberiyada hələ 2003-cü ildə peyda olub. Sonradan Pekin BMT TŞ-nin 5 daimi üzvü arasında Afrikadakı sülhməramlı missiyaların ən fəal iştirakçısına çevrilib. Piratlara qarşı mübarizə üzrə beynəlxalq proqramın iştirakçısı kimi, ÇXR 2008-ci ildən Hərbi Dəniz Qüvvələrinin gəmilərini Şərqi Afrika sahillərinə göndərir.

Ümumilikdə, 2010-cu ildən Çinin sülhməramlı kontingenti BMT-nin ən böyük sülhməramlı kontingentinə çevrilib. BMT-nin sülhməramlı missiyalara xərcinin 10%-dən çoxunu Pekin ödəyir. Üstəlik, o, bu işə 10 ildə 10 milyard dollar xərcləməyə hazır olduğunu bəyan edib.

 

«Afrikaya sülh gətirmişəm»

Sammit və hərbçilərin görüşü bu il baş tutmuş yeganə nəhəng Çin-Afrika tədbirləri deyil. Yayda daha 2 forum keçirilib və orada Afrika qitəsində təhsil, səhiyyə, yoxsulluqla mübarizə kimi məsələlər müzakirə edilib. Tərəflər KİV ilə əməkdaşlıq forumu da təşkil edib. Noyabrda isə investisiya konqresinin keçirilməsi nəzərdə tutulur.

Beləliklə, ucuz milyardlarla kredit investisiya, sosial və təhsil proqramlarının maliyyələşdirilməsi, əhalinin bütün təbəqələri ilə intensiv iş Çinin qitədə tədricən real hakimiyyəti ələ keçirməsinə kömək edir.

2015-ci ildə Pekin müharibə aparan Sudanla Cənubi Sudan arasında sülhə nail ola bilməyib. O zaman onun gördüyü ən böyük iş hər iki tərəfdən Çinə məxsus neft infrastrukturlarına hücum olunmayacağına dair zəmanət alması olub. Əvəzində, ÇXR BMT TŞ-nin iki ölkənin dövlət məmurlarına sanksiyalar tətbiq etməsinə veto qoyub.

Lakin artıq bu ilin iyulunda Çin Eriteriya ilə Efiopiya arasında 22 il idi davam edən müharibəni dayandıraraq, iki tərəfin liderlərini danışıqlar masası arxasına əyləşdirib. Çinə bu regionda sülh lazımdır. Çünki Efiopiya-Eriteriya-Cibuti üçbucağı qitə ilə artan ticarət dövriyyəsində vacib nəqliyyat dəhlizinə çevrilməlidir. ÇXR bu ölkələrə ciddi təsir imkanından istifadə edərək, buna nail olub.

Bu gün Pekin bütün vasitələrlə Afrikaya yalnız xoş niyyətlə gəldiyini sübut etməyə çalışır. Bəlkə də, bu, həqiqətən, belədir. Lakin onun bu qitədə inhisarçılığa can atması bir qədər narahatlıq yaradır.

Borca girməyin axırı yaxşı qurtarmır. Başqa yol qalmırsa, barı, riskləri diversifikasiya edin…



MƏSLƏHƏT GÖR:

312