19 Aprel 2024

Cümə, 13:57

BİRLİK BAYRAMI

100 il əvvəl Azərbaycan-Türkiyə birgə ordusu Bakını düşmən hakimiyyətindən azad edib

Müəllif:

15.09.2018

Azərbaycanın və onun gənc respublikasının taleyi 1918-ci ilin sentyabrında həll olunurdu - 1917-ci ilin sonlarında qurulmuş və Azərbaycanın müstəqilliyinə qarşı olan Bakı Soveti hakimiyyətilə Bakı uğrunda döyüş gedirdi

 

Məhvə məhkum Bakı Soveti

Daşnak-bolşevik hökuməti olan Bakı Sovetilə müharibədə əks-hücum nəticəsində dönüşə nail olmuş Qafqaz İslam Ordusunun uğurları Bakıda siyasi və iqtisadi böhranı daha da dərinləşdirmişdi. Bakı Soveti daxilində bolşeviklərə qarşı əks cəbhə qurmuş eserlərlə menşeviklər Bakıya general Layonel Denstervilin rəhbərlik etdiyi Britaniya ekspedisiya qüvvələrinin dəvət olunmasını təbliğ edirdi. Sonradan daşnaklar da onlara qoşulmuşdu. Bakı Sovetinin tezliklə çökəcəyini hiss edən daşnaklar eserlər və menşeviklərlə bir bloka daxil olmuşdular.

Daşnak-eser-menşevik blokunun Bakını Bakı Sovetinin nəzarətində saxlamağa ümidi keçmiş çar polkovniki Lazar Biçeraxovun kazak qoşununa arxalanmaları ilə bağlı idi. 1,5 minlik dəstəyə başçılıq edən Biçeraxov «Bakının müdafiəsi xətti»nin birinci qanadına komandanlığı öz üzərinə götürmüşdü. Lakin 1918-ci ilin iyulun sonunda hücumda olan Azərbaycan-Türkiyə qoşunlarının qarşısıalınmaz olduğunu anlayan Biçeraxov dəstəsilə birlikdə cəbhəni tərk edərək şimala - Petrovsk (Mahaçqala) istiqamətində hərəkətə başlayıb.

Siyasi gərginliyin pik həddə olduğu biri şəraitdə iyulun 25-də Bakı Sovetinin toplantısı keçirilib. İclasda ingilis qoşunlarının Bakıya dəvət olunması məsələsi səsə qoyularaq, qəbul edilib. Bu tələbə tabe olmaq məcburiyyətində qalan Bakı Xalq Komissarları Soveti səlahiyyətlərinə xitam verib. Bununla da, Bakıda hakimiyyət daşnak-eser-menşevik blokuna keçib. Blok avqustun 1-də «Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin» hökumətini formalaşdırıb. Elə həmin gün özünü antibolşevik orqanı kimi təqdim edən və müvafiq olaraq, Rusiyada Lenin hökumətinə qarşı çıxan «Sentrokaspi Diktaturası» öz nümayəndələrini ingilis komandanlığının İrandakı qərargahına göndərib. Avqustun 4-də Britaniya ordusunun polkovnik Stoksun başçılıq etdiyi ilk dəstəsi Ənzəlidən hərbi nəqliyyatla Bakıya gəlib. Həmin ayın 9-17-də isə ingilislərin general Denstervilin rəhbərlik etdiyi əsas qüvvəsi Bakıya yerləşib. Lakin daşnaklarla müttəfiqləri Böyük Britaniyadan daha ciddi yardım gözləyirdi. İngilis korpusu isə öz növbəsində, «Diktatura»nın hərbi qüvvələrinin nizam-intizamsızlığından, ruh düşkünlüyündən və hətta qorxaqlığından şikayətlənirdi.

Nəhayət, Birinci Dünya müharibəsində Antantaya qarşı döyüşmüş Osmanlı imperiyası qoşunlarının hücuma keçdiyi şəhəri «xilas etməyi»n mümkünsüzlüyünü anlayan Denstervil Bakını tərk etmək qərarına gəlib. Lakin «Sentrokaspi Diktaturası» hökuməti sahili tərk etməyə cəhd göstərəcək istənilən gəmiyə atəş açılacağını bəyan edib. Belə olduqda, Denstervilin Bakını daşnak-eser-menşevik blokunda təşvişin pik həddinə çatdığı anda tərk etmək üçün Qafqaz İslam Ordusunun son hücumunu gözləməkdən başqa yolu qalmayıb.

 

«Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq istəyənlər üçün dərs»

Azərbaycan xalqına düşmən rejimin idarə etdiyi Bakıda təlaş və çaxnaşmanın getdikcə gücləndiyi bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti Osmanlı imperiyası ilə fəal danışıqları davam etdirirdi. Danışıqlarda məqsəd Bakının azad olunması uğrunda savaşı qələbəyədək davam etdirmək idi.

1918-ci il sentyabrın 6-da Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdskinin daxil olduğu nümayəndə heyəti İstanbulda VI Sultan Məhəmmədlə görüşüblər. Rəsulzadə Osmanlı hökmdarını Azərbaycan dövlətinin onlara dost münasibətinə inandıra bilib və Azərbaycanın milli azadlıq savaşında Türkiyənin qardaş dəstəyini yüksək qiymətləndirdiklərini söyləyib. Sultan isə öz növbəsində, ümumi düşmənlə savaşı qələbəyədək davam etdirmək sözü verib və Azərbaycan xalqına ən xoş arzularını dilə gətirib.

Bununla da, Qafqaz İslam Ordusu Bakıya həlledici hücuma keçib. Əməliyyat sentyabrın 15-i səhər saatlarında başlayıb. Artıq günün sonunda Denstervilin qoşunlarının yer aldığı gəmilər buxtanı tərk edib. Onların ardınca isə «Sentrokaspi Diktaturası» hökuməti qaçıb.

Belə olduqda, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Azərbaycanın Gəncədə yerləşən hökumətini xəbər göndərib: «Allahın köməyilə, Bakı qüvvələrimizin nəzarətinə keçdi».

Osmanlı Türkiyəsinin Bakıdan sevindirici xəbər alan hərbi naziri Ənvər paşa dərhal İstanbuldakı Azərbaycan nümayəndələrinin rəhbəri Rəsulzadəyə zəng edib: «Təbrik edirəm, Əmin bəy. Bakı azad olundu». Rəsulzadənin AXC hökumətinin başçısı Fətəli xan Xoyski və xarici işlər naziri Məmmədhəsən Hacınskiyə elə həmin gün ünvanladığı xəbərdə deyilirdi: «Ənvər paşa Bakının azad olunduğu xəbərini mənə telefonla Qurban bayramı axşamı çatdırdı. Həmin an onun yanına yollandım. Qucaqlaşdıq, öpüşdük, təbrikləşdik».

Rəsulzadə sonradan AXC-dəki fəaliyyəti dövründə yazırdı: «Qorxu dolu 5 aydan sonra müsəlman əhali sakitləşdi. Müqəddəs gündə - Qurban bayramında Bakı yenidən əsl sahiblərinə qaytarıldı… Bakının xilası möcüzəyə bərabərdir».

Türkiyənin Gürcüstandakı hərbi nümayəndəsi Abdul Kərim paşa Azərbaycanın Gürcüstandakı diplomatik təmsilçisi Məmməd Yusif Cəfərova yazırdı: «Bakının Türkiyə və Azərbaycan qoşunlarının fədakarlığı nəticəsində azad olunması münasibətilə təbriklərimi qəbul edin».

2 gün sonra AXC hökuməti Gəncədən Bakıya köçüb. Baş nazir Fətəli xan Xoyskinin yazdığı müraciətdə deyilirdi: «Respublikanın paytaxtı Bakıya köçmüş Azərbaycan hökuməti şəhər və ətraf qəsəbələrin sakinlərinin nəzərinə çatdırır ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar milliyyətindən və dini inancından asılı olmayaraq, bərabər hüquqlara malikdir. Hökumət bütün vətəndaşların həyatını, mülkiyyətini və hüquqlarını eyni dərəcədə qoruyacaq. Soyğunçular, qatillər və ümumiyyətlə, sakitliyi, ictimai asayişi pozacaq şəxslər hərbi dövrün qanunlarının ölüm hökmü də daxil olmaqla, ən sərt tələblərinə uyğun cəzalandırılacaq».

Bakının azərbaycanlı əhalisi Türkiyə qoşunlarını xilaskar kimi qarşılayıb. Qafqaz İslam Ordusunun komandanlığı isə Bakının azad olunması prosesində Azərbaycan hökumətinin istəyilə iştirak etdiyini bildirirdi.

Bakının azad olunması ilə Azərbaycan hökuməti faktiki olaraq respublikanın sərhədləri çərçivəsində hakimiyyətini təsdiq edib. Bu münasibətlə izdihamlı nümayiş də keçirilib və mitinqdə AXC hökumətinin üzvləri təbrik çıxışları edib.

 

«Bizim də azad yaşamaq haqqımız var. Tarixin axışını nə zirehli maşınlar, hidroplanlar, aeroplanlar, kanonerkalar, tikanlı məftillər, minalar və digər texniki qurğular, nə də ingilislər, hər hansı digər qüvvələr və onların himayədarları əngəlləyə bildi. Düşmənin 5 minlik ordusu və texnikası kiçik bir qüvvənin qarşısında duruş gətirə bilmədi. Qoy, bu, öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq istəyənlərə dərs olsun».

Fətəli xan XOYSKİ, AXC-nin baş naziri

«Azərbaycan» qəzeti, 19.09.1918

 

 

NURU PAŞA

(1881-1949)

1918-ci ilin sentyabrında Bakının azad olunmasında görkəmli türk sərkərdəsi, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Killigil böyük rol oynayıb. O, 1881-ci il noyabrın 22-də İstanbulda doğulub və Birinci Dünya müharibəsində Osmanlı imperiyasının hərbi naziri postunu tutmuş Ənvər paşanın ögey qardaşıdır. Nuru paşanın özü Birinci Dünya müharibəsində əvvəlcə «Afrika» qoşun qrupuna başçılıq edib, sonradan isə Qafqaz cəbhəsində əsas fiqurlardan birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında 1918-ci il iyunun 4-də imzalanmış dostluq sazişinə əsasən, sonuncu üzərinə Azərbaycan hökumətinə hərbi yardım göstərmək öhdəliyi götürüb. Bu missiyanın həyata keçirilməsi Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna tapşırılıb. Bu birləşmiş Azərbaycan-Türkiyə ordusunun əsas hədəfi Bakını Bakı Soveti hökumətindən azad etmək idi. Qeyd edək ki, Bakı Soveti hələ Azərbaycanın müstəqilliyini elan etməsi ərəfəsində qarşısına Azərbaycan milli hərəkatının mərkəzi, sonradansa AXC-nin ilk (müvəqqəti) paytaxtına çevrilmiş Gəncəni ələ keçirmək məqsədi qoymuşdu.

Türkiyə komandanlığı bildirirdi ki, «yüz minlərlə türk və müsəlman Bakıda və şəhər ətrafında özünü inqilabçı adlandıran quldurların amansız, qanlı zülmü ilə üz-üzə qalıb».

Qafqaz İslam Ordusunun əks-hücumu zamanı vacib nailiyyətlər kimi Göyçay, Kürdəmir və Şamaxıdakı qələbələri göstərmək olar. Nəhayət, ordu 1918-ci il sentyabrın 15-də Bakını da azad edib.

Nuru paşanın həyatında Bakı mərhələsi sadəcə onun sərkərdə kimi şöhrətini bir daha təsdiqləməsilə yadda qalmayıb. O, Azərbaycan xalqı, respublikanın görkəmli ziyalıları, siyasi və sənaye dairələri tərəfindən milli qəhrəman kimi qəbul olunub.

Böyük mesenat Hacı Zeynalabdin Tağıyevlə tanışlıq Nuru paşanın şəxsi həyatında əlamətdar hadisə ilə qala bilərdi. Görkəmli sərkərdə Tağıyevin qızı Sara xanıma aşiq olmuşdu və onunla ailə qurmaq istəyirdi. Lakin Hacı Zeynalabdin Tağıyev sevimli övladının ondan uzaqda yaşamasını istəmədiyi üçün qızını Nuru paşaya verməyib. Sara xanımın özü sonralar görkəmli türk sərkərdəsilə görüşlərini xatırlayarkən uzaq 1918-ci ildə «romantik, poetik arzularla yaşadığını» etiraf edib.

Yeri gəlmişkən, Nuru paşa ailə həyatını ömrünün son dövründə qurub. O dövrdə artıq Nuru paşa yalnız qələbə sevincilə yaşamırdı. Osmanlı imperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra Bakının azad olunmasında iştirak etmiş digər türkiyəli hərbçilər kimi, Nuru paşa da Azərbaycan paytaxtını tərk edib. Qalib ingilislər onu Batumiyə aparıb və Nuru paşa orada 6 ay həbsdə qalıb. İngilislərin onu edam etməyə hazırlaşdığı bir vaxtda sərkərdənin saxlandığı həbsxanaya hücum olub. Hücumu təşkil edənlər Nuru paşanı oradan oğurlayıb. Müxtəlif mənbələrin sonradan verdiyi məlumata görə, Batumidə yaşayan azərbaycanlı Təməl bəyin başçılıq etdiyi hücum AXC xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı imiş.

Nuru paşanın Azərbaycan tarixində iştirakı, bununla da, bitmir. 1920-ci ilin iyulunda o, Qarabağda Sovet hakimiyyətinə qarşı qiyama başçılıq edib. Qafqaz İslam Ordusunun sabiq komandanı bolşeviklərə qarşı fədakarlıqla savaşsa da, bir müddət sonra Türkiyəyə qayıtmaq məcburiyyətində qalıb. O, türk xalqının azadlıq hərəkatına qoşulub. Ankara hökumətilə Ermənistan Respublikası arasında Sarıqamış uğrunda gedən savaşda Nuru paşa ilə birlikdə Türkiyəyə yollanmış Azərbaycan atlı qoşunu da iştirak edib. 1920-ci ilin oktyabrında Nuru paşa azərbaycanlı hərbçilərlə birlikdə artıq Ərzurumda döyüşürdü

Bir müddət sonra Nuru paşa hərbi sahədən uzaqlaşıb. Bundan sonra onun maraq dairəsinə silah istehsalı düşüb. 1938-ci ildə isə o, kömürçıxarma zavodu alıb. «Nuru Killigil» yarımavtomat tapançanı məhz Nuru paşa yaradıb. Silahın nümunələrindən biri bu gün də İstanbulun hərbi muzeyində saxlanılır.

Nuru paşa 1949-cu il martın 2-də vəfat edib. O, 26 nəfərlə birlikdə fabrikdə baş vermiş partlayış nəticəsində dünyasını dəyişib.



MƏSLƏHƏT GÖR:

367