26 Aprel 2024

Cümə, 01:33

FƏTH OLUNMAYAN “QIZIL”

Cüdo üzrə Azərbaycan millisi doğma divarlar arasında keçirilən Dünya Çempionatında 1 gümüş və 1 bürünc medalla kifayətlənməli olub

Müəllif:

01.10.2018

Azərbaycan paytaxtı Bakı daha bir yarışa ev sahibliyi edib. Milli Gimnastika Arenasında cüdo üzrə böyüklər arasında Dünya Çempionatı keçirilib. Yarışı yüksək rütbəli qonaqlar da izləyib.

Yarışın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer iştirak ediblər. Ayrı-ayrı günlərdə isə çempionatın gedişini Rusiyanın dövlət başçısı Vladimir Putin, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa da izləyiblər.

Çempionatda 125 ölkədən 800-dək idmançı mübarizə aparıb. Azərbaycan yarışda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunub və müxtəlif çəki dərəcələrində 2 medal qazanıb.

73 kq çəki dərəcəsində Hidayət Heydərov bürünc, 100 kq-dan yuxarı kateqoriyada isə Uşanqi Kokauri gümüş medala layiq görülüblər. Nəticədə, Azərbaycan millisi komanda hesabında 11-ci yeri tutub.

Bürünc medala layiq görülən Hidayət Heydərov karyerasının ən böyük uğuruna imza atıb. Bundan əvvəl Budapeştdə keçirilmiş mundialda o, 5-ci olmuşdu. Bu dəfə isə Heydərov finala da çıxa bilərdi. Lakin yarımfinalda yapon cüdoçuyla görüşdə yol verdiyi səhv onun həlledici döyüşdən kənarda qoyub.

Ümumiyyətlə, Hidayət Heydərovun çıxışı haqqında yalnız xoş sözlər demək olar. Sadəcə, gələcək yarışlarda idmançımız üzərində daha çox çalışmalıdır.

Super ağır çəkidə isə əsl sürpriz yaşanıb. Hər halda, Uşanqi Kokauridən heç kəs medal gözləmirdi. Ardıcıl 5 görüşdə qələbə qazanan idmançımız yalnız finalda gürcü həmkarına uduzmaqla, gümüş medalla kifayətlənib. Əzmkar mübarizə və yüksək fiziki hazırlıq sayəsində Kokauri dünya ikincisi ola bilib. Bununla yanaşı, onu qızıl medaldan final görüşünün başa çatmasına 3 saniyə qalmış yol verdiyi səhv məhrum edib.

Dünya Çempionatında bürünc medal qazanan Hidayət Heydərov təəssüratlarını “R+”la bölüşüb: “Bu, mənim dünya çempionatlarındakı ilk medalımdır. Yarımfinalda uduzduğum yaponiyalı Soiçi Haşimoto dünya çempionudur. O, çox güclü cüdoçudur. Cənab Prezident İlham Əliyevin yarışa gəlişindən sonra həvəslənmişdim. Qalib gələcəyimi düşünürdüm. Yarımfinaldakı məğlubiyyətdən sonra özümə söz verdim ki, bürünc medalı qazanacağam. Yarımfinaldakı rəqibim çox yaxşı hazırlaşmışdı və həmin görüşdə yoruldum. Dünya Çempionatının bürünc medalı karyeramın ən böyük uğurudur. Finalda uduzmaqdansa, bürünc medal uğrunda qalib gəlməyi üstün tuturam”.

100 kq-dan yuxarı çəkidə çıxış edən və Dünya Çempionatını gümüş medalla başa vurmuş Uşanqi Kokauri də öz çıxışından razıdır: “Medal qazandığım üçün şadam. Çoxdandır medalım yox idi. Finala çıxacağımı da gözləmirdim. Amma finalda nə isə alınmadı. Rəqib kifayət qədər güclüdür. Buna görə də saxlama fəndindən çıxa bildi. İndiyədək onunla üç dəfə qarşılaşmışdım. İl ərzində xeyli güc sərf etdik ki, medal qazanaq. Finala yüksələndə gözləntilərim qeyri-adi idi. Hətta dərhal final görüşünə çıxmaq istəyirdim. Final qarşılaşmasını gözləyə bilmirdim”.

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının məşqçisi, dünya çempionu Elxan Məmmədov da “R+”a açıqlamasında yekun nəticəni qənaətbəxş saydığını bildirib: “Komandamızdan çox şey gözləyirdik. Düşünürəm ki, psixoloji stress idmançılarımıza tam olaraq güclərini göstərməyə imkan vermədi. Doğma meydanda mübarizə aparanda həm dəstək çox olur, həm də idmançı sıxılır. Doğma meydanda mübarizə aparmaq bizə mənfi təsir etdi. Uşanqi Kokauri heç vaxt bu cür güləşməyib. Hazırlıq proseslərini tam keçdiyi üçün necə idmançı olduğunu göstərdi. Bütün idmançılar yaxşı güləşə bilərdi. Sadəcə, psixoloji təsir oldu. Ümumilikdə nəticədən razıyam”.

Bununla yanaşı, idmançı karyerasını başa vurmadığını deyən Məmmədov növbəti yarışlarda çıxış etməyi düşünür.

Milli üzvlərindən Kəramət Hüseynovun çıxışını xüsusi qeyd etməliyik. Beşinci yeri tutmaqla medalsız qalan 19 yaşlı cüdoçu, bununla yanaşı, yüksək ustalıqla məşqçilərin rəğbətini qazandı. 18 finalda güclü rus idmançını ippon fəndiylə məğlub etməklə hamını təəccübləndirib. Yığmada böyük ümid bəslənilən Dünya Çempionatının gümüş mükafatçısı Rüstəm Orucov, Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov, Avropa Çempionatının gümüş medalçısı Orxan Səfərov isə fəxri kürsüdə yer almayıblar. Məşqçilər bunun səbəblərini təhlil etməlidir. Millidə islahatların aparılması, əksər çəkilərdə rəqabətin artması vacibdir.

Medalların sayına və əyarına görə Yaponiya millisi komanda hesabında birinci olub. Onların aktivində fərdi yarışlarda 7 qızıl, 5 gümüş və 4 bürünc var. Koreya 2 qızıl və 1 bürünclə ikinci yeri tutub. 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən Fransa üçüncü olub.

Bakıda yarışın bayrağı 2019-cu ildə mundiala ev sahibliyi edəcək Yaponiyaya təqdim edilib.



MƏSLƏHƏT GÖR:

321