19 Aprel 2024

Cümə, 17:36

VACİB MƏRHƏLƏ

2018-ci ili Azərbaycan bədii gimnastlarının davamlı uğurlarının başlanğıc ili saymaq olar

Müəllif:

01.10.2018

Sofiyada təşkil olunmuş bədii gimnastika üzrə 36-cı dünya çempionatı başa çatıb. 3 gün ərzində bütün dünyanın diqqəti Bolqarıstanın 61 ölkədən 350 gimnastın çıxış etdiyi “Armets” arenasına cəmləşmişdi.

Ölkəmizi bu turnirdə təmsil edən Zöhrə Ağamirova, çempionatın debütantlarından olan Veronika Hudis və Darya Sorokina çempionatda Azərbaycanı layiqincə təmsil ediblər. Nəticədə, Azərbaycan komandası 38 ölkə arasında 9-cu pilləni tutub.

Çoxnövçülük yarışlarında isə Zöhrə 24 ən yaxşı gimnastın siyahısına daxil olmağı bacarıb, debütant idmançımız Veronika Hudisi isə finaldan cəmi 1 addım ayırıb. Nəticədə, gimnastımız 25-ci yerdə qərarlaşıb. Darya Sorokina ən yaxşı nəticəni topla çıxışında göstərib və 148 gimnast arasında 48-ci pillədə qərar tutub.

Azərbaycan gimnastları dünya birinciliyi uğrunda mübarizə aparan 36 qrup komandası arasında da iştirak ediblər. İcra etdikləri hər iki kompozisiya üzrə finala adlamağı bacaran qızlarımız – Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovanın halqa ilə çıxışları 20.100 xalla dəyərləndirilib. Bununla da, onlar Dünya Çempionatının 5-cisi olublar. Gimnastlarımızın 3 top-2 ip ilə icra etdiyi digər final çıxışı isə onları 7-ci edib. Komandamız çoxnövçülük proqramında sıralamada da 7-ci yerdə qərarlaşıb.

Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva Azərbaycan gimnastlarının Dünya Çempionatındakı çıxışını uğurlu sayır. Onun sözlərinə görə, gimnastların nəticələri ildən-ilə yaxşılaşır. “Ötən il dünya çempionatında fərdi yarışlarda çoxnövçülük üzrə finallara çıxa bilməmişdik, çünki gimnastımız Zöhrə Ağamirova gənc və təcrübəsiz idi. Bu il isə o, finala çıxa bildi və 1690 gimnast arasında 24 ən yaxşı gimnastdan biri oldu. Nəzərə alsaq ki, onun 16 yaşı var, bu çox yaxşı göstəricidir. Bu il Dünya Çempionatına ilk dəfə Darya Sorokina və Veronika Qudis qatılıb. Nəticədə, Azərbaycan komanda hesabında 36 ölkə arasında 9-cu yeri tutdu. Mən bunu yaxşı nəticə hesab edirəm. Əsas odur ki, idmançılarımızın çox şey vəd edən gələcəyi var. Bizim gənc komandamız var, Dünya Çempionatında ən gənc komandalardan biri hesab oluna bilər”, - deyə baş məşqçi “R+”a açıqlamasında bildirib.

M.Vasilyevnın sözlərinə görə, ən yaxşı nəticəni qrup komandası göstərib və ümumiyyətlə, Azərbaycan millisi bədii gimnastikada lider komandalardandır: “Əlbəttə, top və iplə hərəkətlərdə bürünc medal qazandığımız Avropa Çempionatından sonra çıxış etmək bir qədər çətin idi. Çünki hər kəs bizdən yaxşı nəticə göszləyirdi. Amma hər şey yaxşı alındı və biz hər iki finala çıxa bildik. Bundan başqa, Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə, Bakıda keçiriləcək Dünya Çempionatına vəsiqə də qazandıq”.

Mariana Vasilyeva bildirib ki, Azərbaycanda gimnastikanın inkişafında böyük rol ölkənin Birinci vitse-prezidenti, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məxsusdur. “Heç kəs Mehriban Əliyeva kimi işləmir və inkişaf üçün imkan yaratmır. Bu, obyektiv reallıqdır və 5-10 il əvvəlki vəziyyətlə indiki durum arasındakı fərqi hər birimiz görürük. Bizim üçün ən vacibi mənəvi dəstəkdir. Biz heç də hər zaman yarışlardan medallarla qayıtmırdıq, uğursuz günlərimiz də olurdu. Amma hər zaman Mehriban Əliyevanın dəstəyini hiss edirik, o, hər zaman bizim yanımızdadır. Bundan başqa, Federasiyanın vitse-prezidenti Altay Həsənova da dərin minnətdarlığımı bildirmək istəyirəm. O, bu illər ərzində bizim inkişafımız üçün lazım olan bütün işləri görüb”, - deyə Vasilyeva qeyd edib.

M.Vasilyevanın sözlərinə görə, yaradılmış şərait sayəsində bu gün bədii gimnastika yalnız Bakıda deyil, ölkənin regionlarında da inkişaf edir: “Bu gün bizdə bədii gimnastika 15 regionda inkişaf edib, artıq üçüncü ildir ki, regional yarışlar keçirilir və çox sayda gimnastlar burada iştirak edir. Ötən ilin sonuna olan hesabata əsasən, regionlarda 1258 gimnast məşq edib. Əlbəttə, indi onların sayı daha çoxdur, çünki il ərzində daha 3 regionda gimnastika bölmələri açılıb, ilin sonunadək isə daha 3 regionda bu cür bölmələr açılacaq. Fikrimcə, ilin sonunadək gimnastların sayı 2500-ə çatacaq. Bakıya gəldikdə isə, bura, əlbəttə ki, ölkənin bədii gimnastika mərkəzidir. Burada bir neçə klub var və biz bütün klublarla fəal əməkdaşlıq edirik”.

M.Vasilyeva hesab edir ki, 2018-ci ili Azərbaycan bədii gimnastikasında davamlı uğurların başlanğıc ili saymaq olar: “Bu il biz yaxşı nəticələr əldə etdik. Gimnastımız Arzu Cəlilova Avropa Çempionatında bürünc medal qazandı, qrup komandası Avropa Çempionatında 3 top və 2 iplə hərəkətlərdə bürünc medal əldə etdi, Dünya Çempionatında halqalarla hərəkətlərdə beşinci və çoxnövçülükdə yeddinci yeri tutdu. Bundan başqa, onlar “Challenge Cup” turnirində qalib gəldilər ki, bu da bizim üçün böyük nüfuz hesab olunur. Bu il biz, həmçinin gənclərin Olimpiya Oyunlarında iştirakına nail olduq və artıq iki həftə sonra Yelizaveta Luzan Azərbaycanı Buenos-Ayresdə təmsil edəcək”.

Lakin məsələ yalnız nəticələrdə deyil. Baş məşqçi hesab edir ki, bu gün bədii gimnastika üzrə Azərbaycan millisi inkişafının vacib mərhələsindədir: “Əsas odur ki, artıq bizim perspektivli gimnastlarımız var. Hazırda bizdə 63 qız məşq edir və biz artıq müxtəlif istiqamətlərdə inkişaf edirik. Mənim üçün əsas budur”.

Bununla yanaşı, mütəxəssis kəmiyyət göstəricisinin keyfiyyətlə uzlaşmalı olduğunu da deyir: “Məsələn, indi bizim gənclərdən ibarət milli komandamızda 23 gimnast var. Müqayisə üçün deyim ki, 2014-cü ildə Bakıda Avropa Çempionatı keçiriləndə cəmi iki gimnastımız var idi. Bizdə, həmçinin qrup komandasının ikinci heyəti var. Onlar gələn ilin fevralında starta hazırlaşırlar. Belə bir hal bizdə ilk dəfədir və mən inanmaq istəyirəm ki, biz digər Avropa ölkələri kimi, inkişafımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Dünya Çempionatının bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağının bədii gimnastika üzrə növbəti Dünya Çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdimetmə mərasimi də baş tutub. Federasiyanın bayrağı qurumun prezidenti Morinare Vatanabe tərəfindən Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovaya təntənəli şəkildə təqdim edilib.



MƏSLƏHƏT GÖR:

306