29 Mart 2024

Cümə, 13:52

ORBİTAL MÖVQELƏRİ MÖHKƏMLƏNDİRƏRƏK

Azərbaycan kosmik sənayenin inkişafında yeni mərhələyə keçdi

Müəllif:

01.10.2018

Artıq 5 ildir ki, Azərbaycan dünya kosmik klubuna daxil olub və öz mövqeyini inamla saxlayır. «Azerspace-1» telekommunikasiya peyki və «Azersky» müşahidə peyki kimi uğurla fəaliyyət göstərən peyklərdən sonra bu günlərdə üçüncü Azərbaycan peyki "Azerspace-2"nin buraxılışı gerçəkləşdirilib. Beləliklə, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" yüksək keyfiyyətli telekommunikasiya və coğrafi kəşfiyyat xidmətləri göstərmək üzrə öz imkanlarını genişləndirib.

 

Telekommunikasiya müstəqilliyi

Azərbaycanın üçüncü peyki "Azerspace-2" sentyabrın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 01:35-də Yerin orbitinə çıxarılıb. Raketdaşıyıcı «Ariane 5» uçuşu fransız Qvianasındakı «Spaceport ELA-3» buraxılış kompleksindən gerçəkləşdirib. Uçuş «Arianespace»in rəsmi «Youtube» kanalında, digər Azərbaycan və xarici saytlarda yayımlanıb. Bu, «Ariane 5» yubiley 100-cü uçuşu, özü də iki qat yüklə – «Horizons 3e» və «Azerspace-2/Intelsat 38» peykləri ilə birlikdə uçuşu idi. 

Yapon «Horizons 3e»si ilk buraxıldı - uçuşdan 28 dəqiqə sonra. Bu da yetərincə vacib kosmik peykdir - aviasiya və dəniz yerdəyişmələri, sabit və simsiz operatorlar, həmçinin mobil və dövlət müştəriləri üçün kommunikasiya xidmətlərinin əhatə edilməsini təmin edir.

«Horizons 3e»dən 14 dəqiqə sonra Azərbaycanın ikinci geostasionar peyki «Azerspace-2/Intelsat 38»in buraxılışı gerçəkləşdi, peyk Kanadanın MDA şirkətinin törəmə şirkəti olan «Space Systems Loral» tərəfindən podratçı "Maxar Technologies" şirkətinin köməyi ilə istehsal edilib. Artıq 42-ci dəqiqədə hər iki peyk geostasionar orbitdə müvəffəqiyyətlə yerləşdirilmişdi.

Azərbaycan xalqına təbrik məktubunda Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu, ölkəmizin Azərbaycan Demokratik Respublikasının və dövlət müstəqilliyinin 100 illiyinə həsr olunmuş daha bir qələbəsidir.

«Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir», - deyə dövlət başçısı bildirib. 

Üçüncü peykin buraxılmasından gözlənilən effektə toxunan  İlham Əliyev qeyd edib ki, ilk növbədə, bu, informasiya təhlükəsizliyi baxımından çox mühüm addımdır, çünki Azərbaycan televiziya kanallarının verilişlərinin dünyanın əksər ölkələrinə ötürülməsinə artıq heç bir maneə yoxdur. Beləliklə, Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tamamilə aradan qaldırıb.

«Eyni zamanda “Azersky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu vardır», - deyə Prezident İlham Əliyev vurğulayıb və əlavə edib ki, müşahidəçi peyk "Azərsky" kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqdan rasional istifadə və s.-də xüsusi rola malikdir.

 

Gəlirliliyi dəyərindən iki dəfə yüksəkdir 

Rəsmi məlumatlara görə, yeni peyk vasitəsi ilə "Azərkosmos" xidmətlərinin çeşidini və coğrafiyasını genişləndirəcək, bu peyk həm də ilk telekommunikasiya peyki «Azerspace-1» üçün ehtiyat kimi xidmət edəcək. Bu, öz növbəsində «Azərkosmos»un genişmiqyaslı beynəlxalq tenderlərdə iştirak etməsinə imkan verəcək, çünki bu günə qədər ehtiyat peykinin olmaması səbəbindən bunu edə bilmirdi. Bir sözlə, «Azerspace-2» yüksəkrəqabətli beynəlxalq peyk xidmətləri bazarında «Azərkosmos»un mövqelərini və təkliflərini gücləndirəcək.

«Azerspace-2»nin işə salınmasından hələ əvvəl onun potensialının 46%-i dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan «Intelsat» şirkətinə satılıb. "Intelsat" ilə müqavilə üzrə ödənişləri "Azerspace-2"nin işə salınması üzrə layihə və maliyyə xərclərinin 60%-ni ödəyəcək. Hazırda yeni peykin potensialının qalan 54%-nin satılması ilə bağlı digər ölkələrlə danışıqlar aparılır. Ekspertlərin fikrincə, ümumi dəyəri 190 milyon dollar olan "Azerspace-2" peyki Azərbaycan iqtisadiyyatına 400 milyon dollar gətirəcək.

Qeyd edək ki, Azərbaycanın birinci və ikinci geostasionar telekommunikasiya peyklərinin təyinət istiqamətləri fərqlənir. Belə ki, «Azerspace/Africasat-1a» rəqəmsal yayım xidmətləri, internetə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkələrinin yaradılması və hökumət rabitəsi üçün «Arianespace» şirkəti tərəfindən 46 dərəcəlik şərq uzunluq dairəsində geostasionar orbitə yerləşdirilib. İkinci peyk isə DTH (Direct-to-Home) peyk yayım xidmətlərini təmin etmək üçün 45 dərəcəlik şərq uzunluq dairəsində geostasionar orbitə yerləşdirilib.

Başqa sözlə desək, "Azerspace-2/Intelsat 38" peyki «Azərkosmos»a Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikanın Böyük Səhradan cənuba olan bölgələrində DTH peyk yayım xidmətlərinə artan tələbatın qapanmasına şərait yaradacaq. Öz növbəsində, «Intelsat»ın Lüksemburq ofisi 45 dərəcəlik orbit mövqeyindən fasiləsiz xidmətlə, DTH xidmətlərinin Mərkəzi və Şərqi Avropaya, Asiya-Sakit okean regionuna çatdırılması və eyni zamanda Afrikada rabitə xidmətlərinin göstərilməsi imkanı ilə təmin ediləcək.

«Azərkosmos»un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdən olan müəssisələrdir, çünki bu, bir ixracyönümlü şirkətdir. «Azərkosmos»un idarəsində olan «Azerspace-1» peykinin gəlirlərinin 80%-i və «Azersky» peykinin gəlirlərinin 98%-i xarici bazarlarda formalaşır. Bu gün «Azərkosmos» dünyanın 25-dən çox ölkəsini təmsil edən 100-dən çox dövlət və özəl şirkəti əhatə edən sabit bir müştəri bazasına malikdir. «Reuters», MTV, «National Geographic» kimi media nəhəngləri məhz «Azərkosmos»u biznes tərəfdaşı kimi seçirlər.

Qeyd etməyə dəyər ki, bu gün 233 milyon dollar dəyəri olan "Azerspace-1" peykinin resurslarının 80%-i kommersiya istismarına verilib. Son beş ildə peyk imkanlarının istismarı hesabına ölkə 80 milyon dollar gəlir əldə edib, sonrakı illərdə ölkə iqtisadiyyatının bu peykdən proqnozlaşdırılan gəlirləri 220 milyon dollar təşkil edir. 

Azərbaycanın müdafiəsini və təhlükəsizliyini təmin etməyə xidmət edən "Azersky" peykinin də böyük kommersiya potensialı var. Onun xidmətlərindən Azərbaycanla yanaşı, Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və digər ölkələr də fəal istifadə edir. Dəyəri 157 milyon avro olan "Azərsky" peykindən istismara başlayandan bu günə qədər alınan gəlir 24 milyon dollar təşkil edir. 

Həm də qeyd edək ki, yaxın zamanlarda "Azərkosmos" kosmik xidmət sahələri və ona bağlı sahələr üzrə yeni ideyaların və start-ap bizneslərinin aşkar edilməsini, onların kommersiya fəaliyyətinin gücləndirilməsinə dəstək verməyi nəzərdə tutan biznes akselerasiya proqramını həyata keçirməyi planlaşdırır. Beləliklə, yaxın gələcəkdə kosmik xidmətlər Azərbaycanın dövlət büdcəsi üçün sabit və yüksək mənfəət mənbəyi ola bilər.

 

BİZİM MƏLUMAT

Yer ətrafında müxtəlif orbitlərdə 1200-dən çox kosmik uçan aparat fırlanır. Onların hər biri öz təyinatına görə digərindən fərqlidir. Bunlardan bəziləri kəşfiyyat məqsədi ilə, digərləri peyk televiziyası və rabitə xidmətlərinin təşkil edilməsi üçün, digərləri isə peyk naviqasiya sistemləri üçün GPS (Global Positioning System) istifadə olunur.

Onlar, həmçinin Yer kürəsinin real vaxt rejimində müşahidəsi, elmi tədqiqatlar, artan cazibə zonasını müəyyən etmək, dəniz səviyyəsinin illik artımı, günəş partlamalarına nəzarət, hər hansı dövlət üçün birinci dərəcəli əhəmiyyətə malik problem - milli təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Hal-hazırda orbitdə olan peyklərin, təxminən, yarısı Birləşmiş Ştatlara məxsusdur, ondan sonra Rusiya gəlir və o isə estafeti orbitdə əhəmiyyətli yer tutan Çinə verir.



MƏSLƏHƏT GÖR:

297