19 Aprel 2024

Cümə, 17:08

SÜLHƏ DOĞRU ADDIM

Koreya yarımadası nüvəsiz zonaya çevriləcəkmi?

Müəllif:

01.10.2018

«Biz düz 5 min il birgə yaşamışıq. Ayrı yaşama tariximiz isə cəmi 70 ildir. Biz bir xalqıq». Bunu Koreya Respublikasının prezidenti Mun Çje İn sentyabrın 20-də Pxenyan stadionuna toplaşmış 150 min Şimali Koreya sakininə müraciətində bildirib. Bu, iki Koreya tarixində Cənub rəhbərinin Şimal xalqı ilə ilk birbaşa təmasıdır.

65 il əvvəl, təxminən, 5 milyon insanın həyatına son qoymuş Koreya müharibəsi (1950-1953) sülhlə deyil, sadəcə, barışıq və ölkənin iki yerə bölünməsilə bitib. Demək, onlar hələ də müharibə şəraitindədirlər. Bu yaxınlaradək iki tərəf arasında münasibətlər son dərəcə gərgin qalır, Şimalın təxribatları isə getdikcə daha təhlükəli xarakter alırdı.

ABŞ müttəfiqi olan Cənubi Koreyanı qorumaq üçün onun ərazisində 2 aviabaza, 1 quru qoşunları bazası yaradıb. Koreya Xalq Demokratik Respublikası (KXDR) isə ötən əsrin 70-ci illərindən nüvə silahının istehsalına başladığını elan edib. 2015-ci ilin dekabrında hidrogen bombasına sahib olduğunu açıqlayan Pxenyan ötən ildən ballistik raketlərinin artıq nəinki əsas düşməni olan ABŞ ərazisinə çatmaq, hətta onun istənilən nöqtəsini vurmaq iqtidarında olduğunu bəyan edib.

Nəticədə, BMT və ABŞ Şimali Koreyaya sanksiyaların tətbiqinə başlayıb (2006-cı ildən) və hər ötən il sanksiyalar daha da sərtləşdirilib. Onların ləğvi isə birbaşa ölkənin nüvə silahından imtinası və delimitirasiya ilə əlaqələndirilir.

 

«Dəli» heyranedici insana necə çevrildi?

Heç kəsin gözləmədiyi halda, ötən ilin noyabrında Şimali Koreya lideri Kim Çen In növbəti ballistik raket sınağından sonra sülhdən, Cənubi Koreya ilə münasibətlərin normallaşdırılmasının vacibliyindən danışmağa başlayıb. O, hətta xoş məram kimi, idmançılarının Qış Olimpiya Oyunlarında vahid Koreya bayrağı altında çıxış etməsinə razılıq verib.

Nəticədə, bu ilin əvvəlindən Pxenyanla Cənubi Koreyanın təhlükəsizliyinin qarantı olan ABŞ arasında da münasibətlər normallaşmağa başlayıb. Son dövrlərədək Şimali Koreyanı «tamamilə məhv edə biləcəklərindən» danışan, onun liderini «nüvə başlığına malik dəli» adlandıran ABŞ prezidenti Donald Tramp isə qəflətən Kim Çen Inı «açıq və heyranedici insan» kimi qiymətləndirməyə başlayıb.

ABŞ və KXDR rəhbərlərinin iyunda baş tutmuş Sinqapur görüşü isə şübhəsiz ki, fövqəladə hadisə sayıla bilər. Cəmi 1 il əvvələdək bunun mümkünlüyünü təsəvvür etmək belə, olmazdı. Üstəlik, görüş kifayət qədər təmtəraqlı keçib, kamera qarşısında bir-birinin əlini sıxan liderlərin üzündən təbəssüm əskik olmayıb. Onlar Koreya yarımadasının nüvə silahının olmadığı zonaya çevrilməsinin vacibliyi və s. kimi səs-küylü bəyanatlar da səsləndiriblər. Lakin bu bəyanatların davamı gəlməyib.        

BMT-nin bu yaxınlarda açıqladığı məruzədə bildirilir ki, Şimali Koreya nüvə proqramının icrasını davam etdirir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik isə Pxenyanın uranın zənginləşdirilməsi üzərində fəal iş apardığına dair məlumat əldə edib.

Nəticədə, «isti görüş»dən sonra Pxenyan yenidən sanksiyalara məruz qalıb. Şimali Koreyanın nəzərinə çatdırılıb ki, o, Vaşinqtonun tələblərinə əməl etməzsə, ABŞ faktiki olaraq müharibənin başa çatdığını bildirəcək hər hansı sülh bəyannaməsinə, sanksiyaların dayandırılmasına dair hər hansı sənədə imza atmayacaq.

Vaşinqtonun tələblərini isə dövlət katibi Pompeo kifayət qədər tez-tez səsləndirir: KXDR-in malik olduğu silahların, həmçinin laboratoriyalar və poliqonların tam siyahısı BMT-yə təqdim olunmalı, 5-7 ay ərzində nüvə arsenalının 60-70%-i üçüncü tərəfə verilməli, uranın zənginləşdirilməsi prosesi dayandırılmalıdır.

Mayk Pompeo Sinqapur sammitindən sonra tələblərini təkrar-təkrar səsləndirmək niyyətilə 3 dəfə Pxenyana səfər də edib. Avqustun sonunda onun bu ölkəyə dördüncü səfəri baş tutmalı idi. Lakin səfərə az qalmış ABŞ prezidenti onu ləğv edib. Səbəb Dövlət katibinin Şimali Koreyanın yüksək rütbəli məmurundan aldığı məktub olub. Məktubda danışıqların mənasız olduğu bildirilir, ABŞ prezidentinin vədlərinə əməl etmədiyindən təəssüf ifadə olunurdu.

Elə həmin günlərdə Şimali Koreyanın «Rodonq simunq» qəzeti Vaşinqtonu Pxenyana qarşı «ikili standartlar»dan çıxış etməkdə, «cinayətkar əlbirlikdə» ittiham edib. Qəzetin iddiasına görə, Vaşinqton rəsmiləri «Pxenyanla üzlərində təbəssümlə dialoq apardıqları bir vaxtda», Amerikanın xüsusi təyinatlıları Şimali Koreyada diversiya törətməyə hazırlaşır.

Doğrudur, Tramp hələ bu ittihamlara sərt cavab verməyib. O, hər şeyin nəzarətdə olduğunu, Kim Çen Inla razılaşmanın qüvvədə qaldığını nümayiş etdirən ifadələr işlədir. Guya proses ləng də olsa, düz istiqamətdə gedir. Hətta bəzən ortaya ikinci görüşün təşkilinə dair fikirlər belə atılır.

ABŞ prezidentinin vədinə əməl etmədiyini söyləyən koreyalı general isə bildirir ki, Tramp Kim Çen Inla görüşdə sülh bəyannaməsini Şimali Koreyanın nüvə proqramını ləğv etməyə başlamasınadək imzalayacağını deyibmiş. Lakin sonradan dövlət katibinin səsləndirdiyi şərtlər irəli sürülüb.

 

Dalandan çıxış yolu

ABŞ ilə KXDR arasında danışıqların dalana dirəndiyi bir vaxtda Cənubi Koreya Pxenyanla münasbətlərin qaydaya salınması istiqamətində kifayət qədər fəal və uğurlu addımlar atır. Artıq vaxtilə müharibə nəticəsində sərhədin ayrı-ayrı tərəflərində qalmış ailə üzvlərinin görüşləri başlayıb. Bu qohumlar bir-birini 60 ildən çoxdur ki, görmürdülər. Artıq Cənubi Koreyanın Müdafiə Nazirliyi illik rəsmi hesabatında Şimali Koreyanı «düşmən» siyahısından çıxarmağa da hazırdır. Ehtimala görə, Cənubi Koreya liderinin Pxenyana yollanmaq qərarı verməsinin səbəblərindən biri Vaşinqtonla Şimali Koreya arasında dalana dirənmiş danışıqlara impuls vermək istəyidir. Daha bir səbəb yerli əhalinin Muna inamının azalması ola bilər. O, ötən ilin mayında hakimiyyətə yiyələnən zaman xalqın 80%-dən çoxunun dəstəyinə malik idi. Lakin iqtisadi problemlər, artan işsizlik, mənzillərin bahalaşması nəticəsində yayda prezidentin reytinqi 50%-dən yuxarı olmayıb. Prezidentin reytinqinin 61%-dək qalxdığını bir də sentyabrın 18-20-də aparılmış sorğu göstərib - bu, Mun Çje İn ilə Kim Çen Inın Pxenyanda hərbi, iqtisadi və sosial sahələrdə əməkdaşlığa dair razılığa gəldikləri dövrdür.

Amma bu, Cənubi Koreya prezidentinin Pxenyana ilk səfəri deyil. 2007-ci ildə ölkənin o zamanı başçısı No Mu Xen və Kim Çen Inın atası da hərbi qarşıdurmanın yumşaldılması, Sarı dənizdə xüsusi sülh və iqtisadi əməkdaşlıq zonasının yaradılması haqda razılığa gəlmişdilər. Lakin o razılaşma elə kağız üzərində qalmışdı. Koreyalı siyasətçilərin indiki nəslisə bu dəfə hər şeyin fərqli olacağına əmindir.

Bu arada mümkün əməkdaşlığın genişliyi, həqiqətən də, heyranedicidir. İki tərəf transsərhəd mübadilələrinin artırılması, Koreya yarımadasında balanslı iqtisadi inkişaf üzərində birgə çalışmaq haqda razılığa gəlib. Bununla yanaşı, sərhəd zonası minalardan təmizlənəcək, orada hərbçilərin mövcudluğu ciddi şəkildə azaldılacaq. Sarı və Yapon dənizlərində bufer zona yaradılacaq və orada hərbi təlimlər keçirilməyəcək. Münaqişənin həllilə məşğul olacaq birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

İqtisadi əməkdaşlıq əvvəllər mövcud olmuş, sonradan müxtəlif səbəblərdən dayandırılmış birgə logistik, sənaye və turizm layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Hər halda, prezident Munu Pxenyana səfəri zamanı Cənubi Koreyanın «Samsung», «LG Group», «Hyundai» və s. kimi aparıcı şirkətlərinin rəhbərləri əbəs yerə müşayiət etmirdi.

Məsələn, Cənubi Koreyanı trans-Monqolustan və trans-Sibir magistralları ilə birləşdirəcək dəmir və avtomobil yollarının inşası nəzərdə tutulur ki, bu da Cənubi Koreya məhsullarının Avropaya çatdırılmasını asanlaşdıracaq. Lakin skeptiklər bu planların tezliklə həyata keçəcəyinə inanmır. Çünki bunun üçün bir çox iqtisadi və siyasi problemlərin aradan qaldırılması vacibdir.

Şimali Koreyanın Keçon şəhəri yaxınlığındakı nəhəng texnoparkın fəaliyyətinin bərpası isə çox realdır. O, 2004-cü ildən kifayət qədər uğurla fəaliyyət göstərirdi. Seul onu 2016-cı ildə şimalın nüvə sınaqlarına cavab olaraq bağlayıb.

Tərəflər arasında Sarı dəniz sahili boyunca xüsusi iqtisadi zonanın, Yapon dənizi sahili boyunca turizm zonasının yaradılması, 2023-cü ildə keçiriləcək Olimpiya oyunlarına birgə ev sahibliyi etmək üçün ərizə ilə müraciət və s. kimi razılaşmalar da var.

Bütün bunlarla yanaşı, bir «əmma» qalmaqdadır. Bütün bunlar yalnız Şimali Koreyanın nüvə proqramından imtinası və müvafiq olaraq, ona tətbiq edilmiş sanksiyaların ləğvi halında mümkündür. Bəs, Pxenyan buna gedəcəkmi? İlk baxışdan Kim Çen In bu addımı atmağa razılıq vermişdi və hətta iyulda Soxe kosmik-raket kompleksindəki obyektlərin söküntüsünə də başlanılmışdı. 1 ay əvvəl isə müharibədə həlak olmuş 200-dən artıq hərbçinin cəsədinin qalıqları ABŞ-a təhvil verilmişdi. Lakin indi Şimali Koreya lideri Amerika prezidentindən cavab addımları gözləyir.

 

İkinci görüş gözləntisi

Donald Tramp iki Koreya arasında birgə bəyannamənin imzalanmasını «tarixi hadisə» adlandırıb. BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində prezident Mun ilə bir araya gələn Ağ Ev sahibi Kim Çen Inla keçirəcəyi ikinci görüşün vaxtı və yeri haqda tezliklə məlumat verəcəklərini də söyləyib.

Amerika KİV-nin yazdığına görə, bəzi ABŞ rəsmiləri prezident Trampın Şimali Koreyada baş verənlərə ümidlə yanaşmasından narahatdır. Administrasiya daxilində sülh bəyannaməsinin imzalanmasına qəti etiraz edənlər var. Həmin qüvvələr hesab edir ki, bu sənədin imzalanması nəinki onlara xüsusi üstünlüklər qazandırmaya, hətta xoş olmayacaq fəsadlara yol aça bilər. Məsələn, Pxenyan Cənubi Koreya ərazisindəki 18 minlik ABŞ hərbi kontingentinin yarımadadan tam çıxarılmasını olmasa da, kəskin şəkildə ixtisar olunmasını tələb edə bilər.

Amma bəyannamənin imzalanmasına tərəfdar olanlar da var. Birincisi, bəyannamə hələ sülh müqaviləsi demək deyil. Əvəzində bu, Pxenyana qarşı nüvə proqramı ilə bağlı tələblər irəli sürən ABŞ-ın əlində ciddi kozıra çevrilə bilər. İkincisi, bu, ABŞ Konqresinə noyabrın 6-da keçirilməli olan aralıq seçkisi ərəfəsində respublikaçılar üçün yaxşı təbliğat vasitəsi olacaq. Üçüncüsü, Donald Tramp yəqin ki, sülh mükafatı haqda da düşünür.

Bu məsələdə insanı yalnız bir məqam çaşdırır. Cənubi Koreya, ABŞ və dünya birliyinin fəaliyyəti məntiqli və bu üzdən də az-çox təxminediləndir. Kim Çen Inın nə düşündüyünü isə heç kəs bilmir.



MƏSLƏHƏT GÖR:

307