25 Aprel 2024

Cümə axşamı, 19:11

ÜMİD «FRANSIZ XANIM»ADIR

Gürcü politoloq Zviad AVALİANİ: «Gürcüstanda prezident kürsüsünü ilk dəfə qadın tuta bilər»

Müəllif:

01.10.2018

Gürcüstanda növbəti prezident seçkisi kampaniyası sona çatmaq üzrədir. Oktyabrın 28-də keçiriləcək seçki Azərbaycanın Cənubi Qafqazdakı yaxın qonşusu və strateji tərəfdaşı olan ölkə üçün çətin beynəlxalq fonda baş tutacaq. Azərbaycanla Gürcüstanı dinamik inkişafda olan münasibətlər, nəhəng birgə layihələr birləşdirir. Azərbaycanın Gürcüstan iqtisadiyyatının nəhəng investoru olması ilə yanaşı, Bakı ilə Tbilisi, demək olar ki, hər il yeni və hər kəs üçün səmərəli layihələr həyata keçirir. Bakı-Tbilis-Qars dəmir yolunun istismara verilməsini qeyd edər-etməz, 2020-ci ildə Qafqaz regionunda ilk sürətli dəmir yolunun inşasına başlanacağı elan olunub. O, Bakıdan Gürcüstan sərhədinədək uzanacaq. Artıq «Gürcüstan-Azərbaycan» vahid turizm paketinin hazırlanması istiqamətində də addımlar atılıb.

Bakı ilə Tbilisinin strateji əməkdaşlığına dair faktları çox sadalamaq olar. Odur ki, Gürcüstanda gedən siyasi proseslər Azərbaycan ictimaiyyətinin də təbii marağına səbəb olur. Politoloq, siyasi icmalçı Zviad AVALİANİ «R+»a müsahibəsində Gürcüstanda keçiriləcək prezident seçkisi haqda danışıb.

- Seçkidə iştirak hüququnu neçə namizəd və siyasi hərəkat qazanıb?

- Bu günə MSK-da 25 namizəd qeydiyyatdan keçib. Onlardan 19-u siyasi partiyaları, 6-sı təşəbbüs qruplarını təmsil edir. Qeydiyyatdan keçmək istəyənlərin sayı 46 nəfər idi. Lakin onlardan bəziləri MSK-nın tələblərinə cavab verə bilməyib. Qeydiyyatdan keçmiş namizədlərdən də sonradan geri çəkilənlərin, namizədliyini geri götürənlərin olacağı istisna deyil. Hələliksə onların sayı 25-dir.

Lakin bu seçkinin fərqli tərəfi namizədlərin sayı yox, tarixdə ilk dəfə hakim partiyanın favoritinin qadın olmasıdır. Yəni Gürcüstanda prezident kürsüsünü ilk dəfə qadın tuta bilər.

Qarşıdan gələn seçkinin daha bir xüsusiyyəti prezidentin ümumxalq səsverməsilə müəyyənləşəcəyi son seçki olmasıdır. 2024-cü ildə seçki yeni sistemlə keçiriləcək – prezidenti parlamentdən və yerli özünüidarə orqanlarından olan 300 nümayəndə müəyyənləşdirəcək.

- Hakim partiyanın namizədi kimdir və onun qalib gəlmək şansı nə qədərdir?

- 2018-ci il seçkisinin daha bir xüsusiyyəti hakim «Gürcü arzusu» partiyasının səsverməyə öz namizədi ilə qatılmamasıdır. O, seçkidə müstəqil namizəd Salome Zurabişvilinin namizədliyini dəstəkləmək qərarına gəlib. Zurabişvili 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. Lakin ozamankı prezident Mixail Saakaşvili ilə aralarındakı münaqişə üzündən müxalifətə keçib. Ölkədə hakimiyyətin dəyişməsindən sonra Zurabişvili fəal siyasətə qayıdıb və 2016-cı ildə deputat seçilib. İndiki kimi, o vaxt da Zurabişvili seçkiyə müstəqil namizəd kimi qatılmışdı. Lakin «Gürcü arzusu» ilə onun arasındakı qarşılıqlı simpatiya hələ 2 il əvvəl hiss olunurdu. Bu baxımdan, opponentləri Zurabişvilinin müstəqil namizəd olduğuna inanmır. Halbuki formal olaraq o, «Gürcü arzusu»nun üzvü deyil. İstənilən halda, hakim partiya onu dəstəkləyir və «Gürcü arzusu»nun keçmiş parlament seçkilərində göstərdiyi yüksək nəticəni nəzərə alsaq, Zurabişvilini favorit saymaq olar. Amma qalibin ikinci turda müəyyənləşəcəyini də istisna etmək olmaz.

- Qeydiyyatdan keçmiş namizədlər arasında Gürcüstanın Avropaya inteqrasiya, NATO-ya üzvlük kursuna qarşı olanlar varmı?

- Gürcüstanın xarici siyasi kursunu tənqid edən namizədlər var. Lakin onların qələbə şansı yüksək deyil. Əsas mübarizə indiki və keçmiş hakim partiyaların namizədləri arasında gedəcək. Daha doğrusu, gedir. Maraqlıdır ki, Gürcüstanın NATO-ya üzvlüyünü məqsədəuyğun saymayan, ölkənin bloklara qoşulmamasına tərəfdar olan, 2013-cü il seçkisində 10% səs yığmış Nino Burcanadze bu dəfə namizədliyini irəli sürməyib. Ümumiyyətlə, prezidentin səlahiyyətlərinin azaldılması fonunda bəzi partiyalar və siyasi qüvvələr, deyəsən, prezident seçkisinə əvvəlkitək maraq göstərmir. Onlar diqqəti parlament seçkisinə yönəltməyi lazım bilir.

- İvanişvili seçkiyə təsir etmək üçün hansı resurslara malikdir? Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat üzərində qələbədə məhz İvanişvili amili həlledici rol oynamışdı…

- İvanişvili hakim partiyanın sədridir və istər partiyada, istərsə də tərəfdarları arasında böyük nüfuza sahibdir. Bir məqamı qeyd etmək kifayətdir ki, Zurabişvilini məhz İvanişvilinin nüfuzu seçkinin favoritinə çevirib. Əks təqdirdə, onun qələbə şansı xeyli az olardı. Odur ki, İvanişvili amili bu dəfə də seçkidə həlledici rol oynayacaq.

- Gürcü kilsəsi Müqəddəs Sinodun üzvü, mitropolit Pyotr Saavın simasında Salome Zurabişvilinin namizədliyinə qarşı çıxıb. O, vətəndaşları «fransız xanım»a səs verməməyə çağırır. Bu, nə ilə bağlıdır və kilsənin seçki prosesinə təsiri nə qədərdir?

- Mitropolit Pyotr Saavın və gürcü ruhaniliyinin bəzi digər nümayəndələrinin fikirləri Gürcü Pravoslav kilsəsinin rəsmi mövqeyi deyil. Bu, daha çox şəxsi mövqedir və kilsənin konkret nümayəndələrinin Zurabişvilinin ictimaiyyətdə mübahisələrə yol açmış bəzi fikirlərinə reaksiyasıdır. Məsələn, Zurabişvilinin 2008-ci ilin avqust hadisələrinə və marixuananın leqallaşdırılmasına görə keçmiş hakim partiyanı günahlandırması polemikaya yol açmışdı. Lakin bütün Gürcüstanın patriarxı artıq ruhanilərə müraciət edərək, onları siyasi, yanlış bəyanatlardan çəkinməyə çağırıb.

Məsələ ondadır ki, Zurabişvili Fransada yaşayan gürcü emiqrantlarının ailəsində doğulub və 2004-cü ilədək orada yaşayıb, orada işləyib. Onunla bağlı «fransız xanım» ifadəsi buradan yaranıb. Opponentləri tez-tez Zurabişvilinin gürcü dilini o qədər də yaxşı bilmədiyinə də diqqət çəkir. Yeri gəlmişkən, bu üzdən o, bəzən qəribə fikirlər səsləndirir və nəticədə, pis vəziyyətə düşür.

Kilsənin seçki prosesinə təsirinə gəlincə, Gürcüstanda kilsə bu prosesə qarışmır. Bəzən ayrı-ayrı ruhanilər bu və ya digər namizədə dəstək verir, yaxud hansısa namizədi tənqid edir. Lakin bunu nə kilsə, nə ictimaiyyət təqdir edir. Ümumilikdə, belə hallar seçkinin nəticəsinə təsir edəcək miqyasda deyil.

- Vahid Milli Hərəkatın revanş şansı nə qədərdir?

- Artıq geridə qalmış parlament və bələdiyyə seçkilərinin nəticələrinə, həmçinin 2012-ci ildən sonra yaranmış ümumi tendensiyaya əsasən demək olar ki, VMB-nin revanş şansı azdır. Üstəlik, keçmiş hakim partiya bu gün bir neçə yerə bölünüb. Onların hər biri seçkiyə ayrı qüvvə kimi gedir. Bununla yanaşı, VMB-nin və ondan ayrılmış «Avropa Gürcüstanı» partiyasının namizədlərindən biri ikinci tura yüksələ bilər. Düşünürəm ki, bu, onların əldə edə biləcəyi maksimum nailiyyətdir. Beləliklə, hakim partiya və namizədi seçkiyədək hər hansı faciəvi yanlışlığa yol verməzsə, VMB-nin revanş şansı çox azdır.

- Bəs, ictimai rəyin öyrənilməsi təşkilatlarının proqnozu nədən ibarətdir?

- Seçki həyəcanı bu yaxınlarda başlayıb və hələ, nüfuzlu neytral təşkilatların proqnozları yoxdur. Lakin seçki kampaniyasının kifayət qədər gərgin keçəcəyi bəllidir. Fikrimcə, sorğuların üzə çıxarmalı olduğu əsas məqam ikinci tur ehtimalının nə qədər olduğudur. Hakim partiya əmindir ki, Zurabişvili ilk turdaca qələbə qazanacaq. Lakin ötən seçkilərin də xüsusiyyətini nəzərə alsaq, intriqa, yəqin ki, nəticələrin açıqlanmasınadək davam edəcək.



MƏSLƏHƏT GÖR:

437