19 Aprel 2024

Cümə, 12:39

YENİ REALLIQLAR

Azərbaycan KTMT-yə qoşulmalımı, qoşulmamalımı?

Müəllif:

01.10.2018

SSRİ-nin süqutundan sonra Azərbaycan-Rusiya münasibətləri heç də hər zaman birmənalı xarakter daşımayıb. Bir tərəfdən bütün əməkdaşlıq istiqamətlərində sabitlik və təxminedilən gedişlər müşahidə olunubsa, digər yandan Azərbaycan müstəqil suveren dövlət kimi, hər zaman regionda öz maraqlarını müdafiə edib və müstəqil siyasət yürüdüb. Bakının hər zaman xarici siyasətini supergüclər arasında balanslaşdırması bəzən ikitərəfli münasibətlərdə bəzi qeyri-müəyyənliyə də yol açıb.

Lakin son yüzilliyin əvvəlindən iki ölkə arasında ən yüksək səviyyədə əlaqələr intensivləşib və bu, ticarət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və müdafiə kimi sahələrdə münasibətlərin inkişafına impuls olub. Yalnız 2018-ci ilin sentyabrında Azərbaycan və Rusiya rəhbərləri geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə 2 dəfə görüşüb, bu zaman vacib hökumətlərarası sənədlər imzalanıb, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üzrə yol xəritələri hazırlanıb. Bütün bunlar, əlbəttə ki, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə hesablanıb.

Beləliklə, Moskva ilə Bakı arasında siyasi, iqtisadi və humanitar əlaqələrin getdikcə dərinləşməsi, son illər yaranmış güclü hərbi-texniki əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığının tezliklə müttəfiq münasibətlərinə çevriləcəyini gözləməyə əsas verir. İki ölkə münasibətlərinin yaxınlaşmasına yalnız prezidentlər İlham Əliyev ilə Vladimir Putinin şəxsi münasibətləri deyil, Cənubi Qafqaz regionunun geosiyasi vəziyyəti də təkan verir.

Münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qalxması və regionda cərəyan edən geosiyasi dəyişikliklər, təbii ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi və ya tamhüquqlu üzv kimi qoşulması məsələsini də aktuallaşdırıb. Bu gün KTMT vacib beynəlxalq regional təşkilatdır. O, təhlükəsizlik sahəsinə aid geniş fəaliyyət sahəsinə malikdir. Hərbi təhlükələrlə yanaşı, beynəlxalq terrorçuluq, narkotik qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, fövqəladə vəziyyətlərə, humanitar fəlakətlərə kollektiv reaksiya, informasiya sahəsindəki təhlükələrlə və kibercinayətkarlıqla mübarizə kimi sahələr də KTMT-nin diqqət mərkəzindədir.

KTMT başlanğıcını 1992-ci il mayın 15-də Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ermənistan və Özbəkistan arasında Daşkənddə (Özbəkistan) imzalanmış Kollektiv təhlükəsizlik müqaviləsindən götürür. Sonradan ona Azərbaycan, Belarus və Gürcüstan da qoşulub (1993).

O zaman təhlükəsizlik müqaviləsi 5 il müddətinə imzalanmış, lazım gələrsə, onun müddətinin uzadılacağı bəyan olunmuşdu. 1999-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan arasında Kollektiv təhlükəsizlik müqaviləsinin müddətinin uzadılmasına dair Protokol imzalanıb. Azərbaycan, Gürcüstan və Özbəkistan isə müqavilədə iştirakı dayandırıb. Həmin vaxt Rusiya ilə Azərbaycan arasında münasibətlər heç də ən yaxşı dövrünü yaşamırdı və geosiyasi vəziyyət Bakının belə qərar verməsini zəruri edirdi.

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi xarici siyasətini heç zaman rusiyapərəst, qərbpərəst və ya türkpərəst kimi xarakterizə etməyib. O, hər zaman azərbaycanpərəst siyasət yürüdüb. 1999-cu ildə də müstəqil, özünü dolandırmaq qabiliyyətində olan Azərbaycan yenə də öz milli maraqlarına əsaslanaraq, Kollektiv təhlükəsizlik müqaviləsində iştirakını davam etdirməyi lazım bilməyib. Bu gün isə beynəlxalq münasibətlərdəki reallıq dəyişib. İndi milli maraqlarımızın təmini üçün ölkəmizin yeni platformalara cəlbi zəruridir. Bu, xüsusilə regiondakı qüvvələr balansı ilə bağlı maraqlara aiddir.

Azərbaycanın KTMT-yə üzvlüyü və bu platformada sıx fəaliyyəti, şübhəsiz ki, ona bir çox üstünlük və imtiyaz qazandıracaq.

Birincisi, KTMT Azərbaycan üçün xarici siyasi maraqların təmini, həyati əhəmiyyətli problemlərin həlli baxımından əla platforma ola bilər. Ermənistan illərdir Azərbaycanın KTMT-də təmsil olunmamasından istifadə edərək, həyasızcasına Bakını «DQR»ə qarşı «təcavüz»də, «beynəlxalaq norma və prinsiplərə məhəl qoymamaqda» günahlandırır. İrəvan məhz bu təşkilata üzvlüyündən istifadə edərək, KTMT Kollektiv Təhlükəsizlik Şurasında və Parlament Assambleyasında dəfələrlə «Azərbaycanın təcavüzkar xarici siyasi kursu»nu pisləyən qətnamələrin qəbulu üçün lobbiçilik edib. Doğrudur, təşkilatın digər üzvləri Azərbaycanın qaralanmasına hesablanmış sənədləri absurd hesab etdiyindən, onlar hər dəfə fiaskoya uğrayıb. Məsələ ondadır ki, KTMT-nin Qazaxıstan, Qırğızıstan və Belarus kimi üzvləri Bakının təbii müttəfiqləridir və onlar hər zaman Azərbaycana dəstək verir. Məşhur aprel savaşı zamanı da Belarus lideri Aleksandr Lukaşenko İlham Əliyev ilə əlaqə saxlayaraq, ona dəstəyini ifadə etmişdi. Bu yerdə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin 2014-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının yaradılmasına dair müqavilənin imzalanması mərasimindəki mövqeyini də yada salmaq olar. Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına məktubunu oxuyan Nazarbayev həmin vaxt ölkəmizin ərazi bütövlüyünə bir daha dəstək vermişdi.

KTMT üzvü olan dövlətlərin (Ermənistan istisna olmaqla) Azərbaycana xoş dost münasibəti, onların ölkəmizin ərazi bütövlüyünü tanıması bir şeyə əminlik yaradır: Azərbaycan KTMT-nin tamhüquqlu üzvü olarsa, İrəvanın işğalçı siyasətini uğurla ifşa edə, daha bir beynəlxalq təşkilat çərçivəsində Ermənistana effektiv təzyiq göstərə bilər.

İkincisi, Azərbaycanın KTMT-yə üzv olacağı təqdirdə, Bakı ilə Moskva arasında strateji yaxınlaşma sürətlənəcək və iki ölkə arasında sözün əsl mənasında müttəfiq münasibətlərinin qurulması prosesi başa çatacaq. Bu iki ölkə tarixin müxtəlif dövrlərində Avrasiya sivilizasiyasının kənar təhdidlərdən qorunması naminə dəfələrlə vahid cəbhədə çıxış ediblər. Bu halda özünü dolandırmaq gücündə olan Azərbaycanın Rusiyanın bərabərhüquqlu tərəfdaşı kimi çıxış edəcəyinə də şübhə yoxdur. Bakı müstəqillik qazandığı andan ölkənin inkişafı istiqamətində çox böyük işlər görüb və bu gün o, şübhəsiz ki, öz taleyini özü müəyyənləşdirən dövlətlər sırasındadır.

Onu da qeyd edək ki, Rusiyadakı erməni lobbisi və ermənipərəst isteblişment uzun illər ərzində Azərbaycanın etibarlı tərəfdaş olmadığına, təhlükəsizliyə təhdid olduğuna dair təbliğat aparıb. Təbliğata böyük pullar ayıran və Rusiya KİV-i ilə əlaqələrindən istifadə edən ermənilər bu yolla Azərbaycandan Rusiyanın cənub sərhədlərindəki forpostlarının düşməni obrazı yaratmağa çalışıb, rusları bizə qarşı düşmənçiliyə təhrik edib. Azərbaycanın KTMT-yə üzvlüyü isə ermənilərin illərdir davam edən təbliğatına zərbə olacaq.

Bu, Ermənistana həm də ciddi psixoloji zərbə vuracaq. Çünki Ermənistan əhalisi illərdir KTMT-yə müdafiə çətiri kimi yanaşır. Bu ölkənin siyasi elitası hər imkanda bildirir ki, Ermənistanla hərbi cəhətdən daha güclü olan Azərbaycan arasında müharibə başlayarsa, İrəvanın arxasında güclü hərbi blok dayanacaq. Bu, əlbəttə ki, sıravi erməni üçün psixoloji anesteziya rolunu oynayır, onu sakitləşdirir. Bakının KTMT-yə qoşulması halında isə «psixoloji kart» aradan qalxacaq və ermənilər vəziyyətə daha ayıq başla yanaşa biləcək.

Üçüncüsü, Azərbaycanın KTMT üzvü olması onun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini sürətləndirməsinə imkan yaradacaq. Bu halda Rusiya təşkilatdakı iki tərəfdaşı arasındakı münaqişənin tezliklə həlli üçün səylərini artırmalı olacaq. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın aşkar qərbpərəst mövqeyi üzündən İrəvanla Moskva arasında münasibətlərin sərinləşdiyini də nəzərə alsaq, Azərbaycan Ermənistanı birdəfəlik təcrid duruma salmaq, bununla da, İrəvanı beynəlxalq prinsipin norma və prinsiplərinə uyğun sülhə razılaşmağa məcbur edə bilər.

Artıq Kremldə anlayırlar ki, Ermənistan etibarlı tərəfdaş və müttəfiq ola bilməz. İrəvan uzun illər ərzində Rusiyanın loyal müttəfiqi obrazı yaratmaqla, sadəcə, nəhəng həcmdə ucuz kredit almağa, təmənnasız maliyyə və hərbi yardımdan yararlanmağa çalışıb. Rusiyada iqtisadi vəziyyət pisləşər-pisləşməz, Ermənistan hökuməti tərəddüd etmədən «böyük qardaş»ın mərhəmətini unudub və Qərbdəki himayədarlarına tərəf boylanmağa başlayıb.

Dördüncüsü, Azərbaycan KTMT-yə üzv olmaqla, hərbi potensialının təkmilləşdirilməsi prosesini də tam başa çatdıra bilər. Məsələ ondadır ki, bu təşkilata üzv olan dövlətlər KTMT çərçivəsində silah-sursatı güzəştli qiymətlərlə alır. Beləliklə, Azərbaycan Rusiyadan daxili qiymətlərlə yeni silah-sursat ala, üstəlik, hərbi kadrların təmənnasız hazırlanması üçün Rusiyanın profil təhsil ocaqlarına üz tuta bilər.

Beşincisi, Ermənistanla sülh danışıqlarının iflasa uğrayacağı və işğal altındakı torpaqların azad olunması üçün hərbi əməliyyatlara başlanacağı təqdirdə Bakı KTMT-nin məsələyə birbaşa müdaxiləsini önləmək, onun neytral qalmasını təmin etmək imkanı qazanacaq. Çünki artıq Azərbaycan da KTMT-nin üzvü olacaq. Analoji addımı 1974-cü ildə Türkiyə Kiprin azad olunması və adada sülhün bərqərar olunması əməliyyatı zamanı atmışdı. Həm Türkiyə, həm də Yunanıstan NATO üzvü olduğundan, alyans Nizamnaməsinin 5-ci maddəsinin tətbiqindən çəkinmiş, tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırmaqla kifayətlənmişdi.

Altıncısı, Bakı KTMT-nin təcrübə və potensialından istifadə edərək, üzləşdiyi regional və qlobal çağırışlara effektiv cavab verə biləcək. Bu, ilk növbədə, dini ekstremizm və onun fəsadları ilə mübarizəyə aiddir.

Lakin KTMT-yə üzvlüyün bütün üstünlükləri ilə yanaşı, Azərbaycan bu qərarın verəcəyi imtiyazlarla məhdudiyyətləri diqqətlə müqayisə etməlidir. Azərbaycan müstəqillik qazandıqdan bu yana Heydər Əliyevin müəyyənləşdirdiyi pozitiv neytrallıq siyasətinə sadiq qalıb, hər hansı hərbi blok və birliyə qoşulmayıb, bütün regional və beynəlxalq güclərlə tərəfdaş münasibətlərini qoruyub saxlayıb. Bakının 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olması onun bütün xalqlarla müstəqillik və bərabərhüquqluluq prinsipləri əsasında yaşamaq istəyini bir daha təsdiqləyib. Xarici qüvvələrin Bakının xarici siyasi kursunu dəyişmək cəhdlərinə baxmayaraq, ölkə rəhbərliyi hər zaman milli maraqlara cavab verən müstəqil, balanslı siyasət yürüdüb. Nəticədə, Azərbaycan regionun bütün dövlətlərilə (Azərbaycana qarşı təcavüzkarlıq siyasəti aparan Ermənistan istisna olmaqla) mehriban qonşuluq münasibətləri, qarşılıqlı səmərəli əməkdaşlıq qurub.

Lakin Azərbaycanın neytrallığını qoruması ilə yanaşı, bu gün regionda birgə həll olunmalı məsələlər var. Azərbaycan ərazisinin 20%-nin hələ də işğal altında olması, regional ekstremizmin, terrorçuluğun artması, dünya düzəninin pozulması və bir sıra digər ciddi problemlər bu gün bir sıra dövlətlərin birləşməsini zəruri edir. Sabitlik və təhlükəsizliyin qorunması üçün bu, vacibdir.



MƏSLƏHƏT GÖR:

311