20 Aprel 2024

Şənbə, 04:50

İKİNCİ TEMP

Mundial nümaiş etdi ki Azərbaycan voleybalunun ciddi reformasiyaya ehtiyacı var

Müəllif:

15.10.2018

Gözlənildiyi kimi qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyadakı Dünya Çempionatında çıxışı vaxtından əvvəl başa çatdı. Millimiz ikinci mərhələdə zəif çıxış etməklə yarışla erkən vidalaşdı. Ardıcıl məğlubiyyətlərdən sonra Faiq Qarayevin yetirmələrinin növbəti mərhələyə çıxa bilməyəcəyi dəqiqləşdi.

Etiraf edək ki, indiki vəziyyətdə Azərbaycan millisinin bu mötəbər yarışda iştirakı artıq alqışlanmalı haldır. Lakin ikinci mərhələyə vəsiqə qazanmaq Faiq Qarayevin komandasının maksimum nəticəsi sayıla bilərdi.

Ölkə voleybolunda problemlərin olması, çempionatın səviyyəsinin aşağı düşməsi milli komandaya təsir etməyə bilməz. Bununla belə, yığma üzvlərindən hər zaman olduğu kimi əzmkar oyun gözləyənlər də az deyildi. Mundial göstətdi ki, Faiq Qarayevin komandasında dəyişikliyə ehtiyac var. Sadəcə dəyişiklik etməyə layiqli ehtiyat qüvvə yoxdur.

Heyətimizdə ən güclü voleybolçumuz kimi Polina Rəhimovanın adını çəkmək olar. Amma voleybol komanda idman növüdür və qazanılan qələbələrdə böyük əməyi olan Rəhimova təklikdə İtaliya və Çin kimi ölkələrin yığmalarının öhdəsindən gələ bilməzdi.

Ölkə çempionatında rəqabətsizlik millidə də özünü göstərir. Son illər ölkə voleybolunda yeni adlar meydana çıxmır. Natalya Məmmədova da əvvəlki səviyyəsində deyil. Yığmanın əksər voleybolçuları isə təcrübəsizlikdən böyük yarışlarda fərqlənmək gücündə deyil.

Azərbaycan voleybolunun inkişafından böyük əməyi olan Faiq Qarayev mundial zamanı iki dəfə həkimə müraciət etməli oldu. Ürəyindəki ağrılardan şikayətçi olan təcrübəli məşqçi iki oyunda komandanın yanında olmadı. Bununla belə, o, yetirmələrini nəzarətsiz də buraxmadı.

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında 15-ci yeri tutdu. Dörd il əvvəl Faiq Qarayevin yetirmələri İtaliyada keçirilən mundialda da 15-ci pillədə qərarlaşmışdı. Amma 4 il əvvəl yarışda 4 qələbə qazanan voleybolçularımız bu dəfə 2 qələbəylə kifayətləndi. Xatırladaq ki, 1994-cü ildə ilk dəfə dünya çempionatında iştirak edən milli 9-cu yeri tutmuşdu. 2006-cı ildə isə voleybolçularımız  13-cü yerlə kifayətlənmişdi. Statistikaya əsasən millinin inkişafdan geri qaldığını hiss etmək çətin deyil. Milli dünya çempionatlarında tarixi ərzində üçüncü dəfə ikinci mərhələyə adlasa da, ilk dəfə bu mərhələdə qələbə üzünə həsrət qaldı.

Beləliklə, Azərbaycan yığmasını gücləndirmək üçün yeni güclü nəslə ehtiyac var. Bunun üçün mütləq şəkildə ölkə çempionatında klubların sayı artmalıdır, gənclərə oynamağa daha çox şərait yaradılmalıdır. Regionlarda yeni voleybol klubları yaradılmalıdır, eyni zamanda peşəkar klubların aşağı yaş qrupları üzrə komandaları təşkil olunmalıdır. Əks halda, milli növbəti mötəbər yarışlarda daha zəif çıxış edəcək, tədricən isə dünya, Avropa çempionatlarından kənarda qalacaq.



MƏSLƏHƏT GÖR:

311