20 Aprel 2024

Şənbə, 05:58

ZİRVƏNİN ASTANASINDA

Azərbaycan şahmatçıları yenindən Olimpin iki addımlığında qərar tutub

Müəllif:

15.10.2018

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Şahmat Olimpiadası Azərbaycan yığmaları üçün yaxşı başlasa da, sonluq istədiyimiz kimi olmadı. Millimiz yenə də medalsız qalıb.

Kişilərdən ibarət yığmamızın heyəti iki il əvvəl Bakıda keçirilən olimpiadada olduğu kimi idi. Şəhriyar Məmmədyarov (2820), Teymur Rəcəbov (2751), Arkadi Naydiç (2721), Rauf Məmmədov (2699) və Eltac Səfərlinin (2676) yer aldığı komandanın kapitanı funksiyasını bu dəfə Qədir Hüseynov yerinə yetirdi. Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamızda isə Günay Məmmədzadə (2438), Zeynəb Məmmədyarova (2358), Gülnar Məmmədova (2355), Xanım Balacayeva (2326) və Ülviyyə Fətəliyeva (2320) yer alıb.

Turnirə hazırlıq baxımından da problem yaşanmamışdı. Qadınların hamısı, həmçinin Rauf Məmmədov və Eltac Səfərli bir həftə Qaxda təlim-məşq toplanışında olmuşdusa, Teymur Rəcəbovla Arkadi Naydiç Batumiyə erkən yollanaraq, hazırlığı yarış məkanında tamamlamışdı. Yalnız Şəhriyar Məmmədyarov istisna idi ki, onun da Qaxdakı toplanışda iştirakına ailə vəziyyəti mane oldu. Bununla belə, şahmatımızın lideri Bakıda hazırlıq keçib.

Tarixə qısa nəzər salsaq, bir neçə dəfə uğur qazanmağa çox yaxın olduğumuzu xatırlayarıq. Kişi şahmatçılarımız dörd il əvvəl Norveçin Trömse şəhərində təşkil olunan analoji yarışda finişə dörd tur qalmış vahid lider idi. Ancaq Rumıniya ilə oyunda qeydə alınan “sülh” işləri korladı və yığma yekunda 5-ci olub. Qadınlar isə 2010-da Rusiyanın Xantı-Mansiysk şəhərində 3-cü olan Gürcüstanla eyni (16) xal toplasa da, əlavə göstəricilərə görə 7-ci pillədə qərarlaşıb.

Batumidə Olimpiadanın reytinqə görə 4-cü komandası kimi mübarizə aparan kişilərimiz Polşa ilə 7-ci tura təsadüf edən heç-heçədən sonra “qara zolağa” düşüb. Nəticədə liderlik əldən çıxdı, daha sonra ardıcıl 3 turda yaşanan məğlubiyyət arzularımızın üstündən xətt çəkib. Yekunda kişi şahmatçılardan ibarət Azərbaycan yığması 15 xalla 15-ci pilləni tutub. Olimpiadanın 11-ci komandası olan qadınlarımız isə sabit çıxış fonunda finiş xəttinə qədər medal iddiasından əl çəkməyib. Yalnız Vyetnamla 11-ci tura təsadüf edən “sülh” və digər oyunlarda qeydə alınan nəticələr əleyhimizə işləyib. Lakin istənilən halda, xanımlar boyundan yuxarı tullanıb – 16 xalla 10-cu yer!

Yığmaların mübarizəsində fəxri kürsüdən kənarda qalsaq da, təmsilçilərimiz lövhələr üzrə fərqlənib. Teymur Rəcəbov 2-ci, Rauf Məmmədov isə 4-cü lövhədəki çıxışına görə bürünc medal qazanıb. Üçüncü lövhədə yarışan Xanım Balacayeva “qızıl”a layiq görülüb.

Ümumilikdə qadın yığmamızın çıxışından fərqli olaraq, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin nəticəsi qənaətbəxş sayıla bilməz. Yığma üzvlərinin altı turluq uğurlu seriyadan sonra xal itkisi yekunda onları medallardan uzaqlaşdırıb. Şahmat Olimpiadasındakı reqlament medal üçün son üç turda qələbəni mütləq edir. Mükafatçılar sırasında yer almaq üçün son turlarda xal itkisi olmamalıdır. Azərbaycan yığması isə əksinə son 8-9-10-cü turlarda məğlub olmaqla liderlərdən çox uzağa düşüb.

Millinin lideri Şəhriyar Məmmədyarovun çıxışını normal qiymətləndirmək olar. Belə yarışlarda ilk lövhədə oynamaq çox çətindir. Məmmədyarovun komandanın uğuru üçün maksimum səy göstərdiyini hamı hiss edib.

İkinci lövhədə çıxış edən Teymur Rəcəbov isə son illərin ən yaxşı oyununu sərgiləyib. Güclü rəqiblərlə görüşdə vacib qələbə qazanıb. Son dəfə apreldə Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında çıxış edən Rəcəbov 4 aylıq fasilədən sonra qatıldığı olimpiadada özünü yaxşı tərəfdən göstərib. Hətta ikinci lövhədə fərdi çıxışına görə bürünc medala layiq görülüb.

Eltac Səfərliylə Rauf Məmmədovun çıxışını qənaətbəxş saymaq olar. Rauf son aylar olduğu kimi vacib qələbələr qazandı. Təəssüf eyni sözləri yığmanın digər üzvü Arkadi Naydiç haqqında demək olmur. Naydiç Bakı Şahmat Olimpiadasında olduğu kimi yenə ümidləri doğrultmadı. Gözləniləndən aşağı çıxış edən Naydiçin lazımi oyunlarda da xal itkisi ümumi uğursuzluğa təsirsiz ötüşmədi.

Bu arada Azərbaycan idmanı, xüsusilə şahmatımız üçün əlamətdar hadisə FIDE-nin seçki xarakterli konqresində baş verib. Qurumun Baş Assambleyasının toplantısında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin müavini vəzifəsinə seçilib. Xatırladaq ki, Dvorkoviç Rusiya baş nazirinin keçmiş müavinidir.  Azərbaycan Prezidenti İlham Əliyev Arkadi Dvorkoviçə FIDE prezidenti, Mahir Məmmədova isə qurumun vitse-prezidenti seçilməsi münasibətiylə təbrik məktubu ünvanlayıb.

Mahir Məmmədovun özü Beynəlxalq Şahmat Federasiyasında (FIDE) rəhbər posta seçilməsini şərh edərkən «R+»a bunları deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriki mənə şərəf verdi və məsuliyyətimi daha da artırdı. Beynəlxalq Şahmat Federasiyasında belə yüksək vəzifəyə seçilməyim Azərbaycana və Azərbaycan idmanına dünya ölkələrinin göstərdiyi yüksək etimadın nəticəsidir”.

O, qeyd edib ki, Prezident İlham Əliyev dünya ölkələri arasında ilk dəfə şahmatın inkişafına dair 2009 - 2014-cü illəri əhatə edən Dövlət Proqramını imzalamaqla bu idman növünün yeni inkişaf mərhələsinə yüksəlməsinə dəstək olub. “Məhz şahmata və şahmatçılara göstərilən bu diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda böyük qələbələr qazanıb, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alıb”, - deyə Federasiyanın vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası keçirilib. Hər il Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur.

FIDE rəsmisi Azərbaycan şahmatçılarının Batumidəki olimpiadada çıxışına da toxunub: “Kişilərdən ibarət Azərbaycan yığması medala çox yaxın idi. Təəssüf ki, 6-cı turdan sonra mübarizə istədiyimiz kimi alınmadı. Son turlardakı xal itkiləri bizi medallardan uzaqlaşdırdı. Bu komanda üç dəfə Avropa Çempionatının qalibi olub. İnanırıq ki, gələcəkdə şahmatsevərləri yenidən sevindirəcək. Xanım şahmatçılarımız isə bizi yaxşı mənada təəccübləndirdi. Qadın şahmatçılarımız əsl mübarizə sərgilədilər. Son turda Vyetnamla görüşdə qələbə qazansaydıq, fəxri kürsüdə yer alacaqdıq. Ona görə qadın şahmatçılarımızın çıxışından razıyıq”.

Qeyd edək ki, kişi və qadın şahmatçılarımızın istirahətə vaxtı olmayacaq. Onlar “Odlar Yurdu” şahmat klubunun heyətində Avropa Çempionlar Kubokunda mübarizə aparmaq üçün Yunanıstana yollanıb.



MƏSLƏHƏT GÖR:

317