20 Aprel 2024

Şənbə, 05:30

BAL AYI

Dünya bazarındakı əlverişli konyunktur və artan tələbat Azərbaycan balının ixrac imkanlarını artırır

Müəllif:

15.10.2018

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son beş ildə dünya üzrə bal ticarətinin həcmi 18% artaraq 2017-ci ildə 790,3 min ton olub, bunun da ümumi dəyəri 2,37 milyard dollar təşkil edib. Ümumi ixracda 19% paya malik olan Çin bal ixracatçıları arasında lider mövqedədir. Argentina, Ukrayna, Vyetnam və Hindistan isə Çindən önəmli fərqlə geridə gəlirlər. Bu ölkələr əsasən 1 kq-nın qiyməti, orta hesabla, 2.1-4 dollar arasında dəyişən ucuz bal ixrac edirlər və onların keyfiyyət göstəriciləri heç də həmişə tələb olunan standartlara uğun gəlmir. Bəs, bu baxımdan Azərbaycanın ixrac mövqeləri necədir və ölkədə bal istehsalının artırılmasının hansı perspektivləri var?

 

Bəxtləri gətirdi...

Hələ son vaxtlara qədər Azərbaycanın bal ixracının həcmi çox kiçik idi. Bu, bir sıra amillərə, ilk növbədə, Azərbaycan pətəklərinin məhsuldarlığının son dərəcə aşağı olması ilə bağlı idi. Uzun illərdir ki, yerli arıçılar bir pətəkdən, orta hesabla, 10-11 kq bal götürürlər, dünya miqyasında isə bu göstərici 30 kq-dır. Hətta Almaniya və bir sıra digər inkişaf etmiş ölkələrdə bir pətəkdən 50 kq-dan artıq bal götürülür. Yəni bərabər sayda pətək götürəndə azərbaycanlı arıçıların məhsuldarlığı üç və ya daha çox dəfə azdır, uyğun olaraq balın maya dəyəri və son qiyməti daha yüksəkdir. Bunun səbəbləri yetərincə texniki bazanın qurulmaması, istehsal həcminin artırılması üçün müasir üsulların çatışmaması, həmçinin yetərincə baytarlıq dəstəyinin olmamasına görə xəstəliklər və parazitlər üzündən arı ölümü səviyyəsinin yüksək olması ilə bağlıdır. Savadlı seleksiya işinin olmaması da yerli avtoxton Qafqaz arı növlərinin xaricdən gətirilən cinslərlə qarışmasına səbəb oldu ki, nəticədə, məhsuldarlığı aşağı olan hibridlərin sayının artmasına gətirib çıxardı.

Həm də bir fakt nəzərə alınmalıdır ki, Azərbaycan balın daxili istehlakının yerli istehsal həcmlərini dəfələrlə üstələyən ölkələr sırasındadır. Belə ki, təxminən, 8 il əvvəl ölkədə bal istehsalı ildə 1,5 min ton aralığında olub ki, bu daxili istehlakdan, təxminən, 3 dəfə azdır. 2009-cu ildə "Arıçılıq haqqında" qanunun qəbul olunması və pətəklərin sayının artırılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsindən sonra vəziyyət bir qədər yaxşılaşıb, nəticədə, arı ailələrinin sayı, təxminən, 85% artaraq 271 minə çatıb.

İstehsalın iki dəfə artırılmasına (2017-ci ildə 3 min tona çatmasına) baxmayaraq, İqtisadiyyat Nazirliyinin məlumatına görə, yerli bal istehsalçıları yerli ehtiyaclarının, təxminən, 2/3 hissəsini ödəyirlər, qalan həcm isə idxal olunur. Tələb və təklif arasında nisbətin belə olması balın ucuzlaşmasını stimullaşdırmır və ötən illər ərzində 1 kiloqram balın qiyməti, orta hesabla, 20 manat səviyyəsində qalıb. Bu qiymət Azərbaycan üçün əlverişli sayılsa da, kütləvi ixracın təşkili üçün heç də uyğun deyildi: 1 ABŞ dollarının 0,78 manata bərabər olduğu devalvasiyadan əvvəlki məzənnə ilə 1 kq Azərbaycan balının ixrac qiyməti 25 dolları ötürdü. Bu isə onu xüsusi ərzaqlar kateqoriyasına çıxarırdı ki, orada Yeni Zelandiya və bal bazarının digər liderləri ilə rəqabət aparmalı olurduq.

Son iki ildə Azərbaycandan bal ixracının təşkilinə şərait yaradan əsas amil isə manatın məzənnəsinin düşməsi oldu: 1 dollar 1,7 manata çatdıqdan sonra 1 kq Azərbaycan balının qiyməti dollar ifadəsində iki dəfədən çox ucuzlaşdı və müvafiq olaraq, ixracda rəqabət qabiliyyəti artdı.

 

Yaponiyadan Əmirliklərə qədər

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, təxminən, iki il bundan əvvəl yerli arıçılar genişmiqyaslı ixracata başlayıb: ən böyük partiya - 6 min ton Yaponiyaya göndərilib və 48 milyon dollardan çox vəsait əldə edilib. Önəmli istiqamətlərdən biri kimi Yaxın Şərq bölgəsi, xüsusilə də Fars körfəzi ölkələri görünür. Artıq üçüncü ildir ki, Azərbaycanda turizm sektorunun inkişafının əsas hərəkətvericisi olan ərəb turistlərin yerli bal xoşuna gəlib. Balın ən uğurlu ixrac kanalı Birləşmiş Ərəb Əmirliklərinə açılıb, Bəhreyn və Qətərlə danışıqlar aparılır. Hətta Çin belə Azərbaycan balını almaqda maraqlıdır.

"Ərəb ölkələrindən gələn qonaqlar fəal şəkildə yerli balı alırlar və bu gün arıçılar öz məhsullarının əhəmiyyətli hissəsini bu regiona satırlar. Nazirliyin əsas vəzifəsi arıçılıq məhsullarının tanınmasının təmin edilməsidir, bununla, biz ölkəyə əlavə valyutanın cəlb edilməsi üçün şərait yarada bilərik", - deyə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Vüqar Hüseynov bildirib.

Qeyd edək ki, Azərbaycan balının qiyməti dünya bazarındakı orta qiymətdən bir qədər yüksəkdir, çünki öz tərkibinə görə fərqlənir və əsasən orqanik məhsullar kateqoriyasına aiddir. Onu ekoloji təmiz ərazidə ekoloji təmiz xammaldan toplayırlar, istehsal və emalın bütün mərhələlərində sintetik maddələrdən istifadə olunmur. Bu, təəccüblü deyil, çünki Cənubi Qafqazın nektar daşıyıcı zonalarının 61%-i Azərbaycanda yerləşir və ölkədə istehsal olunan orqanik mənşəli balın yüksək xüsusiyyətləri dünya mütəxəssisləri səviyyəsində tanınır, xüsusilə də FAO tərəfindən təsdiqlənib.

Yeri gəlmişkən, bu təşkilat Azərbaycanda arıçılığın inkişafına hərtərəfli yardım göstərir: FAO-nun dəstəyi ilə yerli arıların gen fondunu yaxşılaşdırmaq üzrə layihəsi həyata keçirilir, həmçinin Azərbaycan balının qablaşdırılması və beynəlxalq sertifikatlaşdırılması ilə bağlı problemlərin həlli üçün edilən layihənin həyata keçirilməsinə hazırlıq işləri görülür.

"Dəyəri, təxminən, 800 min dollar səviyyəsində olan yeni layihə birincinin davamıdır və bir çox mütəxəssislərin fikrincə, dünyanın ən yaxşı ballarından biri olan Azərbaycan balının ixrac potensialını artırmağa istiqamətlənib", - deyə FAO-nun Azərbaycandakı tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melke Çakmak bildirib.

FAO-nun dəstəyi ilə Gəncə və Astara şəhərlərində iki bal qablaşdırma müəssisəsinin yaradılması planlaşdırılır. Azərbaycan Arıçılar Assosiasiyasının təşəbbüsü ilə daha belə bir müəssisə Qax rayonunda yaradılacaq.

Azərbaycan arıçılarına yardım Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) xətti ilə də həyata keçirilir: Agentliyin təşəbbüsü ilə onlarla azərbaycanlı fermer Türkiyədə damazlıq arıçılıq təcrübəsini öyrəniblər, TİKA həm də ana arı yetişdirilməsi üzrə təcrübə təsərrüfatlarının yaradılmasına texniki yardım və dəstək göstərib.

"TİKA mütəxəssisləri Cəbrayıl bölgəsinin işğaldan azad olunan Cocuq Mərcanlı kəndində arıçılığın bərpasına və inkişafına kömək edir. Yaxın vaxtlarda Azərbaycanın şimal-qərb bölgələrində qadınlar arasında arıçılığın inkişafı üzrə daha bir pilot layihənin gerçəkləşdirilməsi planlaşdırılır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi «USAID» ilə birlikdə gerçəkləşdirilir, artıq biz Balakən, Şəki, Zaqatala və Qax rayonlarından beş qadın seçmişik", - deyə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

 

Arılara pasport

Azərbaycanda arıçılığın inkişafına son illərdə hökumət səviyyəsində genişmiqyaslı dəstək göstərilir. Bu istiqamətdə vacib addımlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya vermək haqqında sərəncamı olub. Sənədə görə, 2018-ci ildən başlayaraq beş il müddətinə arıçılara hər bir arı ailəsinin (pətəyin) saxlanması üçün 10 manat məbləğində subsidiya veriləcək. Sənədin həyata keçirilməsi üçün bu ilin oktyabr ayının ortalarında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində yaradılmış xüsusi komissiya regionlar üzrə arı ailələrinin pasportlaşdırılmasına başlayacaq və hər bir arı ailəsi identifikasiya kodu alacaq ki, bu, ölkədə arı ailələrinin dəqiq sayını müəyyənləşdirməyə imkan verəcək.

Vüsal Hüseynovun sözlərinə görə, Dövlət Aqrar İnkişaf Mərkəzi bundan sonra Nazirliyin komissiyası ilə birlikdə subsidiyaların verilməsini təşkil edəcək.

«Subsidiyaların verilməsinin məqsədi arıçılığın inkişafına və arı ailələrinin gen fondunun qorunmasına dövlət tərəfindən kömək göstərilməsidir. Məhsulun götürülməsi zamanı arıçılar balın çoxunu alır ki, bu da çox vaxt arıların qidalanması ilə bağlı problem yaradır, nəticədə, mart-aprel aylarında arı ailələrinin bir hissəsi ölür. Dövlət tərəfindən verilən subsidiya arılar üçün lazım olan bal miqdarını saxlamağa və arı ailələrinin ölüm səviyyəsinin azaldılmasına imkan verəcək", - deyə Vüqar Hüseynov bildirib.

Arıçıların dövlət fondlarının xətti ilə subsidiyalaşdırılması ilə paralel olaraq bu sahənin güzəştli kreditləşdirilməsi gerçəkləşdirilir. Belə ki, son illərdə arıçılığın inkişafının dəstəklənməsi məqsədilə, təxminən, 400 sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.

Sahənin inkişafı üzrə əsas addım Azərbaycan Arıçılar Assosiasiyasının ekspertləri tərəfindən İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri ilə birlikdə hazırlanmış 2018-2022-ci illər üzrə arıçılığın inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi olmalıdır.

"Ölkənin arıçılıq sahəsində həll edilməli kompleks problemlər var. Xüsusilə ixtisaslı kadrlar hazırlamaq, seleksiyanı, bal bazasını yaxşılaşdırmaq lazımdır. Həm də hər bir pətəkdən bal yığımının artırılması məsələsi də aktualdır. Bu, istehsal xərclərinin azaldılmasına, ixrac potensialının artırılmasına gətirib çıxaracaq ", - deyə Assosiasiyanın rəhbəri Bədrəddin Həsrətov bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, baldaşıyıcı baza ölkədə arı ailələrinin sayını ən az 5 dəfə, məhsuldarlığı isə 2-3 dəfə artırmağa imkan verir. Ancaq bunu etmək üçün sahənin güzşətli kreditləşdirilməsini genişləndirmək, damazlıq təsərrüfatların sayını artırmaq, arıçılıq məhsullarının xaricdə promouşnu və reklamı üzrə addımları genişləndirmək, qablaşdırma və balın keyfiyyətinin yoxlanması üzrə problemləri həll etmək lazımdır.

Hökumət subsidiyalaşdırması və yerli arıçılığın güzəştli maliyyələşdirilməsi son dərəcə önəmli addımlardır, çünki bu sahədə məşğul olan fermerlər hava şəraitindən çox asılıdırlar. "2018-ci ilin sonunadək ölkədə bal istehsalının 3 min ton və ya bir qədər çox olacağını gözləyirik. Özü də, bəzi bölgələrdə balın süzülməsi prosesi tam başa çatmadığından bunlar ilkin proqnozlardır", - deyə B. Həsrətov bildirib.

Onun sözlərinə görə, assosiasiya daha öncə builki bal istehsalını 5 min ton proqnozlaşdırmışdı, lakin soyuq yaz və daha sonra gələn kəskin istiləşmə çiçəklərin lazım olan miqdarda toz və nektar ayırmasına mane olub ki, bu da arıların yığdığı balın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Yalnız Aranın bir sıra bölgələrində və ölkənin cənub rayonlarında çox yüksək məhsuldarlıq müşahidə olunduğundan, bəzi yerlərdə hər bir arı ailəsindən 50 kiloqram bal götürdükləri üçün həcmləri ötən il səviyyəsində saxlamaq mümkün olub.

Bəzi ekspertlər hesab edirlər ki, təbiətin şıltaqlığı üzündən yaranan itkilərin qarşısını almaq üçün, arıçıların məhsul qıtlığı riskindən sığortasının təşkili üçün dövlətin dəstəyi lazımdır. Yüksək məhsuldar arı ailələrinin Azərbaycana gətirilməsi və yerli şəraitə uyğunlaşdırılması məsələsində meşə arıçılıq təsərrüfatlarına texniki yardım göstərilməsi də eyni dərəcədə vacibdir.

Vüqar Hüseynovun sözlərinə görə, bu gün yüksək məhsuldar arı cinsləri Azərbaycana xaricdən, xüsusilə də Almaniyadan idxal olunur, lakin bu məsələ dövlət tərəfindən tənzimlənmir, bütün iş arıçıların özü tərəfindən həyata keçirilir. Lakin arıçılar bir çox arı ailələrini gətirə bilmirlər, çünki arılar daşınmaya çox həssasdırlar və onların yerli şəraitə uyğunlaşması problemini həll etmək lazımdır.

Azərbaycanda arıçılığın inkişafına və bal satışının artmasına kömək edən ən vacib amil hər il keçirilən bal satışı yarmarkalarının keçirilməsidir. Yarmarkalar fermerlərə məhsullarını geniş paytaxt bazarında tanıtmağa kömək edir. Belə ki, bu ilin oktyabr ayında keçirilmiş yarmarkada 371 arıçı iştirak edib, 120 ton seçmə bal, həmçinin digər arıçılıq məhsulları - arı südü, tozcuq, nektar, propolis və s. satışa çıxarılıb.

Son vaxtlarda ölkənin bir sıra regionlarında yerli bal satışı yarmarkaları, eləcə də turizm yönümlü şopinq-festivalları keçirilir, bu da şəksiz turistlər və Azərbaycanın qonaqları arasında yerli arıçılıq məhsullarının tanınmasına yardım edir, dolayısı ilə ixrac trendlərini stimullaşdırır.

 



MƏSLƏHƏT GÖR:

310