23 Aprel 2024

Çərşənbə axşamı, 11:02

QADIN İŞİ

Azərbaycanda zərif cins biznes təşəbbüslərinin tutarlılığını getdikcə daha çox sübut edir

Müəllif:

15.10.2018

Son dövrlərlə kifayət qədər populyar olan gender bərabərliyi mövzusu iqtisadi münasibətlərdən də yan keçmir. Qadınlar müxtəlif profilli müəssisələrdə rəhbər vəzifələri çoxdan tutsalar da, onların ictimai həyatda fəallıqlarını artırması ilə zərif cins nümayəndələrinin sahibkarlıq fəaliyyəti də ayrıca sahə kimi nəzərə çarpmağa başlayıb.

Bu gün qadınlar bütün dünyada – Avropada, Yaxın Şərqdə, Afrika ölkələrində – inkişaf etməkdə olan iqtisadiyyatın əsas bəndlərindən birinə çevriliblər.

Azərbaycanda da qadın iş adamlarının sayı ildən-ilə artır. Qadınlar arasında sahibkarlıq fəaliyyətinin inikşafına dövlət də xüsusi diqqət ayırır. Bu gün onların uğur yolunda əsas maneə mental stereotiplər və biznesin ümumi, qeyri-gender problemləridir.

 

Səssiz inqilab

Qadın sahibkarlığı dedikdə, ənənəvi olaraq, xanımların rəhbərlik etdiyi biznes başa düşülür. XX əsrdə onların sahibkarlığa kütləvi axınını səssiz inqilab da adlandırırlar. Belə hesab olunur ki, «qadın işi»nin zərif cins nümayəndələrinin sosial-psixoloji keyfiyyətlərilə bağlı xüsusiyyəti var: qeyri-standart şəraitlərdə yeni ideyalar irəli sürmək, etibar qazanmaq bacarığı, intuisiya və s.

Ekspertlərin qiymətləndirməsinə görə, bu gün qadın sahibkarlığının ən dinamik inkişaf etdiyi ölkə ABŞ-dır. Orada kiçik biznes obyektlərinin 30%-dən çoxu xanımların əlindədir. Üstəlik, bu rəqəm durmadan artır.

Ümumilikdə isə dünyada biznesin 1/3-i qadınlardadır. İşçi qüvvəsinin 1/4-i məhz onların əlindədir. Həm ərin, həm də xanımın çalışdığı ailələrin 1/4-də qadın daha çox qazanır.

«Mastercard» tərəfindən aparılmış «Sahibkar qadınlar indeksi» («Index of Women Entrepreneurs») araşdırmasına görə, sahibkar qadınlar daha çox iqtisadiyyatı inkişaf etmiş ölkələrdə parlayır. Başqa sözlə, sənaye bazarı olan ölkələrdə biznes qurmuş xanımlar daha böyük imkanlardan və resurslardan yararlana bilir. Buraya kapitalın əlçatan olması, maliyyə xidmətləri, akademik təhsil proqramları və s. aiddir. İnkişaf etməkdə olan ölkələrin sahibkar xanımları belə imkanlara malik deyil.

Ümumilikdə reytinq göstərir ki, zərif cins nümayəndələrinin biznesinin inkişafına əngəl ola biləcək gender stereotiplərinə rəğmən, bütün dünyada istər təcrübəli, istərsə də yeni fəaliyyətə başlamış xanım sahibkarlar uğur qazana bilir. Statistik rəqəmlərdən o da bəlli olur ki, dünyada xanımların siyasətə və iqtisadiyyata təsiri də artır. Məsələn, bu gün bir sıra inkişaf etmiş ölkədə ÜDM-in az qala 60%-ni qadınlara məxsus müəssisələr təmin edir. Almaniya ilə ABŞ-da bu 50-52%, Yaponiyada 55, İtaliyada isə düz 60%-dir. Dünyada resursların 1/10-i bilavasitə qadınlara məxsusdur.

 

Ənənələr və mentalitet

Azərbaycana gəlincə, statistika göstərir ki, bizdə qadın sahibkarlığının inkişafı ilə bağlı vəziyyət idealdan uzaq olsa da, nikbinlik üçün kifayət qədər əsas var. Yalnız son il ərzində zərif cins nümayəndələrinin yaratdığı biznes subyektlərinin sayı 7-8% artıb. Bununla da, onların Azərbaycanın özəl sektorundakı payı 30%-ə çatıb. Beləliklə, bu gün ölkədə xanımların rəhbəri olduğu 200 minədək müəssisə qeydiyyatdan keçib.

«Fikrimcə, bu, kifayət qədər yüksək göstəricidir və o, birmənalı olaraq artacaq. Bu gün Azərbaycanda sahibkar xanımlar özəl sektorun inkişafına az töhfə vermir», - deyə Azərbaycanın Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva bildirib. Lakin statistika sanki bal çəlləyidir: nə qədər şirin görünsə də, acılığı da var. Üstəlik, bütün regiona xas bənzər problemlər də öz yerində – istər iqtisadi, istərsə də mental.

Ümumiyyətlə, bütün dünyada öz işini qurmaq istəyən qadınlar, ilk növbədə, cəmiyyətin psixoloji təzyiqilə üzləşir. Bu, əsasən, kişi tərəfdaşların qadının yaratdığı müəssisənin uğuruna inanmaması, ona ciddi yanaşmaması ilə bağlıdır. Başqa sözlə, zərif cinsin nümayəndəsinin müvəffəqiyyətli şəxs olduğunu sübut etməsi üçün vaxt tələb olunur. Bununla yanaşı, ilk anda cəmiyyətin ona mənfi yanaşmsı bir çox daxili problemlərə də yol açır – liderlik qorxusu, uğur qazana bilməmə narahatlığı və s. Qadınlar uğursuzluqla qarşılaşacaqları təqdirdə, ikinci şans əldə etməyəcəklərindən narahat olurlar. Daha bir amil isə «dərs alacaq» nümunənin azlığıdır.

Ənənəvi Şərq mədəniyyətinin hökm sürdüyü ölkələrdə bu amillərə sırf mental məqamlar da əlavə olunur. Bu ölkələrdə qadına yalnız ailənin baxıcısı kimi yanaşırlar. Doğrudur, bu gün Şərqdə də işləyən qadınların sayı kifayət qədər çoxdur. Lakin onların gəliri sadəcə, ailə büdcəsinə kiçik dəstəkdir.

Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu Azərbaycanda isə qadınların biznesdə lider roluna yüksəlməsi o qədər ağrılı başa gəlmir. Bununla yanaşı, bizdə də xanımlar, hələ ki, öz işlərini məhdud profilli istiqamətlərdə qurmağa üstünlük verir. Bu, onlar üçün çoxdan münasib sahələr sayılan təhsil, səhiyyə, toxuma, xidmət və sairdir. Bu gün Azərbaycanda klinikaların, gözəllik salonlarının, dəb evləri və atelyelərin, təhsil kurslarının və uşaqlar üçün dərnəklərin əksəriyyəti xanımların layihəsi hesabına yaranıb.

Başqa sözlə, bu gün Azərbaycanda qadınlar kiçik, ən yaxşı halda orta bizneslə məşğuldur. Nəhəng holdinqlərin və ya məsələn, bankların, sənaye müəssisələrinin rəhbərliyində zərif cins nümayəndələrinə nadir hallarda rast gəlinir.

 

İstiqamət – kənd təsərrüfatı

Lakin kiçik və ya orta biznesdə belə, qadınların ən müxtəlif səviyyələrdə dəstəyə ehtiyacı var. Məsələn, elə ilk mərhələyə nəzər salaq. Kişilərlə müqayisədə qadınların fəaliyyətə başlaması üçün ilkin kapitalı əldə etməsi çətindir. Xüsusilə onun hər hansı tərəfdaşı yoxdursa, kapital təkbaşına toplanmalıdırsa, vəziyyət ağır olur. Bundan başqa, Azərbaycanda xanımların maliyyə və iqtisadi sahədə savadı, təhsili, profil istiqamətlərlə çalışma təcrübəsi də yüksək deyil. Bir sıra başqa problemlər də var. Bir sözlə, zərif cins nümayəndəsinin biznes niyyəti nə qədər güclü olsa da, dəstəksiz uğur qazanmaq alınmır.

Bu üzdən də, qadınların biznesinə dövlət dəstəyi vacibdir. Azərbaycanda bu, proqram səviyyəsində həyata keçirilir. Proqramın əsas məqsədi «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə əksini tapıb.

Sənəddə tam ədalətli olaraq bildirilir ki, Azərbaycanda biznes sahəsində qanunvericilik səviyyəsində gender məhdudiyyətləri olmasa da, qadın sahibkarlar üçün güzəştlər də nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, qadınların biznes fəaliyyətinin stimullaşdırılması üçün müəyyən mexanizmlər yaradılmalıdır. İndi qadın sahibkarların təşəbbüslərinə dəstək verilməsi üçün xüsusi biznes-inkubatorların yaradılması, onların layihələrinə əlavə investisiyaların cəlbi gündəmdədir. Bu halda regionlarda qadınların iqtisadi maraqlarının reallaşdırılmasına xüsusi diqqət ayrılmalıdır. Beləliklə, paralel olaraq, kəndlərdə qadınların işsizliyi problemi də həllini tapacaq, ümumilikdə, aqrar sektorun inkişafına əlavə təkan veriləcək.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyevin sözlərinə görə, qadın sahibkarlığının inkişafı üçün Dünya Bankının dəstəyilə həyata keçirilən AZRIP layihəsi («Azərbaycan kənd investisiyaları») çərçivəsində artıq 5 rayonda qadın sahibkarlardan ibarət 5 pilot qrup yaradılıb. «Bu qrupların yaradılmasında məqsəd kənd regionlarında qadınların biznesə cəlbi, işlə təmin olunmasıdır. Artıq kifayət qədər ciddi nəticələrimiz var. Lakin bununla kifayətlənmək fikrində deyilik. Odur ki, gənclərdən ibarət qruplar da yaratmışıq. Onlar xüsusi biznes-inkubatorlar formalaşdıracaq. Layihə yeni olsa da, onda artıq 100-dək qadın iştirak edib və onların öz vəsaitləri hesabına yeni müəssisələr yaradılıb», - deyə M.Əliyev qeyd edib.

Onun sözlərinə görə, Dövlət Xidməti sahibkarlara öz vəsaitlərilə yanaşı, xüsusi qrantlar da ayıracaq: «Artıq hərəsi 5 min manat olmaqla, 2 qrant ayırmışıq. Eyni zamanda qadın sahibkarların asanlıqla kredit ala bilməsini təmin etmişik. Bildiyiniz kimi, bu gün bank və kredit təşkilatlarının əsas problemi girov və zaminin olmamasıdır. Sahibkarların bir qrupda toplanması onlara kredit resurslarını birlikdə əldə etmək imkanı yaradıb. Burada hər bir qadın digərləri üçün zamindir. Beləliklə, bankların riski şaxələnir. Kreditlər isə 5 ilədək müddətə verilir».

Azərbaycanda məhz bu tip qadın sahibkarlarının dinamik inkişafı sonda, əlbəttə ki, yeni brendlərin, ixrac məhsullarının yaranmasına imkan verəcək. «Kənd təsərrüfatı sahəsində çalışan sahibkarların bütün vergilərdən azad olunması ölkədə biznesin, o cümlədən qadın sahibkarlığının inkişafı üçün ciddi imkanlar açıb. Məhz bu üzdən aqrar sahəyə üstünlük verən qadın sahibkarların sayı artmaqdadır», - deyə S.Babayeva qeyd edib.

Qlobal anlamda qadınların istehsalatla məşğul olmaq istəyi ölkənin qeyri-neft sektorunun inkişafı baxımından səmərəlidirsə, fərdi baxımdan, gender nöqteyi-nəzərindən bu, Azərbaycan qadınının iqtisadi müstəqilliyinin təmininə ciddi töhfə, onların bir çox sosial probleminin həlli deməkdir. Odur ki, güclü dövlətin xanımların biznesinə dəstək verməsi bu gün hər zamankından daha aktualdır.



MƏSLƏHƏT GÖR:

335