19 Aprel 2024

Cümə, 04:09

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ – III HİSSƏ

Njde və onun «irqçiləri» Üçüncü reyxin kəşfiyyat xidmətində

Müəllif:

15.10.2018

Qaregin Njde uzun müddət Sovet kəşfiyyatı və əks-kəşfiyyatının diqqət mərkəzində olub. Amma o, sonradan Beynəlxalq (Nürnberq) Hərbi Tribunalı tərəfindən cinayətkar struktur elan olunmuş Üçüncü reyxin xüsusi xidmət orqanları ilə əlbir şəxs kimi deyil, SSRİ-nin ideoloji düşməni kimi nəzarətdə saxlanılıb. Bu şəxsin adı «SMERŞ» Baş Əks-Kəşfiyyat İdarəsinin direktivlərində heç zaman xarici kəşfiyyat və ya əks-kəşfiyyat orqanlarının agenti kimi keçməyib. «SMERŞ»in xüsusi direktivində Qaregin Njdenin adına yalnız bir yerdə rast gəlinir - Şərqi Avropa ölkələrində daşnak ideoloqların axtarışına dair 1945-ci il 14 aprel tarixli 9200 saylı sənəddə. Yeri gəlmişkən, 1944-cü il oktyabrın 12-də o, Bolqarıstanda məhz bu direktivə əsasən həbs edilmişdi.

1948-ci il aprelin 24-də isə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi yanında xüsusi müşavirə onu əks-inqilabçı fəaliyyətdə təqsirli bilərək, 25 il müddətinə azadlıqdan məhrum edib. O zaman Njde, ilk növbədə, 1921-ci ilin fevral-aprel aylarında Zəngəzurda antisovet qiyamı təşkil etməkdə, «Dağ Ermənistanı Respublikası» yaratmaqda və bu qiyam zamanı kommunistlərə qarşı kütləvi qətliamın təşkilində günahlandırılırdı (bu ittiham onu hiddətləndirmişdi, çünki hələ 1921-ci ildə qiyamın iştirakçılarına amnistiya elan olunmuşdu). Bununla yanaşı, hökmdə Njdenin Hitler Almaniyasının kəşfiyyat xidmətilə Sovet İttifaqına qarşı əməkdaşlıq etdiyinə dair heç nə yox idi. Bu haqda məlumat yalnız yarım il sonra, Kamsarakanın şəxsiyyətinin müəyyənləşdirilməsilə ortaya çıxıb (bu vaxtadək o, uydurma adla – vermaxtın unter-zabiti, Almaniyanın Rumıniyadakı səfirliyinin mühafizəçisi Peter Karer adı ilə SSRİ-də əsir olub). Beləliklə, Kamsarakan Baş İmperiya Təhlükəsizlik İdarəsinin (BİTİ) VI idarəsində və Abverdəki fəaliyyəti haqda ifadələr verməyə başlayıb.

Peter Kamsarakanın öz əlilə yazdığı ifadələri çap olunaraq ən azı 2 dəfə şəxsən İ.A.Stalinə göndərilib - 1949-cu il yanvarın 10-da və 1949-cu il noyabrın 18-də. Bununla yanaşı, onun çap maşınında yazılmış mətnlə 28 səhifə olan ikinci ifadəsinin yarıdan çoxu Njdenin nasist Almaniyasına məxsus BİTİ-nin VI idarəsilə əməkdaşlığından bəhs edir. Kamsarakanın ikinci ifadəsi Rusiya Federasiyası Dövlət Arxivində də saxlanır. O, SSRİ DİN Katibliyi ilə şəxsən Stalin arasında 1949-cu ilin yanvar-may aylarında getmiş yazışma materiallarında da yer alır. İkinci ifadə ilk ifadənin davamıdır və orada məsələlər daha detallı göstərilir. Sənəddə həm Kamsarakanın özünün, həm də Üçüncü reyxlə əməkdaşlığa cəlb etdiyi erməni millətçilərinin fəaliyyətindən söz açılır. Bu məsələdə bu şəxsin rolu prinsipial olub. Çünki əməkdaşlığa cəlb olunacaq şəxslərin axtarışını və onlarla danışıqları məhz Kamsarakan aparıb, sonda ən uğurlu agentləri və agentura qruplarını şəxsən Kamsarakan mükafatlandırıb. Daşnakların və digər erməni millətçilərinin nasist Almaniyasının xüsusi xidmət orqanları ilə əməkdaşlığının «texniki təchizatı» da Kamsarakanın öhdəsində olub və bu üzdən onun verdiyi məlumatlar operativlik baxımından son dərəcə vacib sayılıb. Bu gün isə onun ifadələri tarixi qiymətə malikdir.

Kamsarakanın ifadələri bu gün də Rusiya Federasiyası Dövlət Arxivinin SSRİ Xalq Daxili İşlər Komissarlığı Fondunun məxfi hissəsinə aid işə tikili vəziyyətdədir. Bunu arxiv sənədlərinin üzərindəki şifrlər və titul vərəqələrindəki xidməti qeydlər də təsdiqləyir. Elmi dairələrsə onların mövcudluğundan və məzmunundan yalnız 2010-cu ildə xəbər tutub.

Rusiya Federasiyası Dövlət Arxivinin bütün elektron kataloqlarından bu sənədlərə istinad var və demək, onlar tədqiqatçılar üçün açıqdır. Bununla yanaşı, Rusiya XİN-i ölkə rəhbərliyində Njdenin nasistlərlə əlaqələrini sübut edəcək kifayət qədər dəlilin olmadığını iddia edir. Məhz buna əsaslanan Rusiya XİN-i deyir ki, Njdenin qəhrəmanlaşdırılması BMT-nin beynəlxalq hüquq prinsiplərinə zidd deyil və Ermənistanın «daxili işi»dir. Bu isə tarixi həqiqətlərlə tam ziddiyyət təşkil edir. Rusiya rəhbərliyinin buna əmini olmaq üçün öz arxivlərinə nəzər yetirməsi kifayətdir.

Kamsarakanın Njdenin nasistlərlə əməkdaşlığına dair ifadələrində bu şəxslərin arasında münasibətlərin daha sıx olduğunu təsdiqləyən məqamlar var. Ona görə, mənbədən sitat gətirən zaman mövzudan kənar hissələri buraxsaq da, ifadənin məntiqi axarını pozmamağa çalışacağıq. Beləliklə, söz Pyotr Kamsarakanındır:

«… 1942-ci ilin əvvəlinədək təhlükəsizlik xidmətində çalışdığım illərdə tanınmış daşnak general, Njde ləqəbli Ter-Arutunyan və ətrafı ilə bilavasitə iş aparmamışdım. Halbuki onu 1937-ci ildən – şəxsi işlərimlə əlaqədar Sofiyada olduğum zaman baş tutmuş görüşümüzdən tanıyırdım. Sonralar da Njde ilə tez-tez görüşürdüm. Lakin onu kəşfiyyat işlərinə cəlb etməmişdim. Çünki Təhlükəsizlik Xidmətinin VI idarəsilə daşnak partiyası arasında razılaşma var idi: Təhlükəsizlik xidmətinin erməni mühacirləri ilə əməkdaşlığı daşnakların monopoliyasında idi.

Məhz bu razılaşmaya əsasən, tam almaniyapərəst şəxs olan Njdedən və tərəfdarlarından 1942-ci ilə, yəni mənim Abverə keçidimədək çox məhdud miqyasda istifadə olunub. Halbuki Njde «İrqçilər» adlı erməni emiqrant təşkilatının lideri idi. 1935-ci ildə ABŞ-a da bu işlərinin arxasında getmişdi. Njdenin bir sıra ölkələrdəki tərəfdarları, şübhəsiz ki, alman kəşfiyyatı üçün maraqlı idi. <…>

O, kommunist sistemini və onunla hər hansı əməkdaşlığı rədd edirdi. Türkiyədəki erməni probleminin sülh yolu ilə həlli imkanlarını da yaxın buraxmırdı. Digər tərəfdən mənimlə söhbətlərində Hitlerin fəaliyyətinə heyran olduğunu, qədim və indiki Almaniyaya böyük hörmətlə yanaşdığını, Almaniyadan dünyanın yenidən bölüşdürülməsini və erməni məsələsinin həllini gözlədiyini deyirdi. Ümid edirdi ki, nasist Almaniyasının yardımı ilə almanlara sıx bağlı Ermənistan dövlətini yaratmaq mümkün olacaq.

Njde faşist baxışları sayəsində əsasən gənclərlə işləyirdi. Deyirdi ki, Bolqarıstanda erməni millətçilərindən ibarət, ona sadiq olan böyük bir təşkilat var. Njde Bolqarıstanda və digər ölkələrdəki erməni emiqrantları arasında böyük hörmətə sahib idi. «Daşnaksutyun» partiyasından kənarlaşdırılmasına rəğmən, daşnaklar da ona böyük hörmətlə yanaşırdı.

1940-cı il martın əvvəlində mən Təhlükəsizlik Xidmətinin VI idarəsinin Vyanadakı rəhbəri, hauptşturmfyurer Hettlin tapşırığı ilə Sofiyada Njde ilə görüşdüm. Erməni emiqrantları arasındakı görkəmli siyasi xadimlərlə əlaqə qurmaq, onları Almaniya ilə əməkdaşlığa cəlb etmək tapşırığı almışdım. Aldığım tapşırıq haqda Njdeyə açıq danışdım və o, prinsipial şəkildə almanlarla işləməyə hazır olduğunu dedi. Lakin daşnak partiyasından dostu olan və Buxarestdə yaşayan daha məlumatlı siyasətçi Araratyana müraciət etməyimi məsləhət gördü. Orada Njdenin daha bir yaxın silahdaşı, Sofiyada irqçilər tərəfindən buraxılan «Razmiq» erməni qəzetinin redaktoru, doktor Hayk Assaturyanla da tanış oldum. Assaturyan da faşist Almaniyasının qatı pərəstişkarı idi. Njde Sarkis Araratyanla bağlı tövsiyə məktubu verdi və onun vasitəsilə daşnak partiyası almanlarla əməkdaşlığa cəlb edildi.

Lakin mənə tövsiyə məktubu vermiş Njde almanların daşnaklarla ondan kənar əlaqə qurduğunu bildikdə çox qəzəblənmişdi. O, sonrakı görüşlərimizdə mənə bununla bağlı dəfələrlə iradını bildirib. <…>

Njde bizi Plovdivdə, Burqasda, Varnada, Rusada öz adamları ilə tanış etmişdi. Söhbət onun əmri qarşısında hər şeyə hazır olan gənc ermənilərdən gedirdi. Njde bizi onlarla əsasən adlarını çəkməklə tanış edir, soyadlarını açıqlamağa o qədər də həvəs göstərmirdi. Həmin insanlardan yalnız bir nəfər yadımda qalıb: Varnada onun tanışı yalnız Seto Camalyan idi. Məktəbdə müəllim işləyən və rusca danışan Camalyanın özünün də irqçi erməni gənclərindən ibarət qrupu var idi. Onun namizədliyi məqbul sayıldı və qərara alındı ki, Şərq cəbhəsinə göndərilmək üçün seçilmiş ermənilərə məhz o başçılıq etsin <…>

…Təhlükəsizlik Xidmətinin Sofiyadakı nümayəndələri, orada Almaniya səfirliyinin əməkdaşları adı altında fəaliyyət göstərən Koob və ya oberşturmfyurer Folman bu şəxsləri Vidin limanında alman paroxodlarına dolduraraq, qeyri-leqal yolla, vizasız, pasportsuz Almaniyaya apardılar. Onlar Berlin yaxınlığındakı Erknerdən bir qədər aralıda yerləşən kiçik xutora yerləşdirilmişdilər. Orada 2 unter-zabit bu insanlara hərbi işlər öyrədirdi. Njdenin özü isə almanlarla əməkdaşlığı gücləndirərək, 1940-cı ilin payızında Berlinə gəldi. O, doktor Hayk Assaturyanı da tərcüməçi kimi, özü ilə gətirmişdi. Njde qorxurdu ki, birdən alman qoşunlarının Qafqazı götürdüyü vaxt Dro onu qabaqlayar. <…>

Artıq qeyd olunduğu kimi, 1943-cü ilin yanvarında Njde Berlində idi. Onun Bolqarıstandan gətirilmiş 10 nəfər adamı isə Erkner yaxınlığındakı xutorda qalırdı. Njde bu insanlara tez-tez baş çəkir, Şərq cəbhəsinə hazırlaşan bu şəxslərin hazırlığının gedişilə maraqlanırdı. 1943-cü ilin fevralında Njde Camalyanla mübahisə etdi və Təhlükəsizlik Xidmətinin VI idarəsinin əməkdaşı olan Hengelhaupt vasitəsilə onun qrupdan kənarlaşdırılmasına nail oldu. Məhz Təhlükəsizlik Xidmətinin köməyilə Camalyan Hamburqdakı fabriklərdən birində işə düzəldi.

Mənim Təhlükəsizlik Xidmətinə dönüşümdən az sonra bu 10 nəfər Hengelhauptun göstərişilə Krıma göndərildi. Çünki almanlar hələ Qafqaza hücuma keçəcəklərinə ümidli idilər və bu şəxslər orada kəşfiyyat işləri aparmalı idi… 1943-cü ilin payızında hərbi vəziyyətin ağırlaşması və bu şəxslərdən Ermənistanda istifadə etməyin mümkünsüzlüyü üzündən onlar geri – Almaniyaya qaytarıldılar. Məhz Njdenin israrı ilə 1944-cü ilin Milad bayramında onlar Bolqarıstana göndərildi, Njdenin özü də Sofiyaya yollandı. <…>

Türkiyə Almaniya ilə diplomatik əlaqələri kəsmiş, Bolqarıstanda isə Şərq cəbhəsində vəziyyətin pisləşməsilə panika başlamışdı. Belə olduqda Hettl 1944-cü ilin iyulunda mənə Sofiyada olan Njdeyə çıxmağı tapşırdı. Məqsəd Bolqarıstanda və Yaxın Şərqdə kəşfiyyat işlərinin gücləndirilməsinə nail olmaq idi. Bunda E şöbəsinin Bolqarıstan üzrə referenti, hauptşturmfyurer Praç xüsusilə maraqlı idi. Çünki o, bolqar agentlərinə inamını itirmişdi.

Mən Njdedən öz adamlarının Bolqarıstanda kəşfiyyat işlərinə cəlb olunmasına razılıq almalı idim. Mənə Sofiyada Təhlükəsizlik Xidmətinin VI idarəsinin E şöbəsinin nümayəndəsi, hauptşturmfyurer Koob ilə əlaqə yaratmaq, Njde ilə əməkdaşlığa dair bütün məsələləri yerindəcə həll etmək tapşırılmışdı…

…Biz Koob ilə birlikdə Njdenin yanına getdik və mən onu soyadı ilə – Kolberq kimi təqdim etdim. Njde ilə Koob arasında birgə fəaliyyətə dair prinsipial razılığın əldə olunmasından sonra Koob bu işlərin görülməsinə nə qədər vəsaitin tələb olunduğunu soruşdu. Belə qərara alındı ki, informasiya çatdıracaq şəxslərə mən lazım bildiyim miqdarda ödəniş edəcəyəm. Koob dedi ki, bu işə ayda 100 min lev ayırmağa hazırdır. Bu razılaşmadan sonra mən Njde ilə onun adamlarının yanına yollandım. <…>

Njde ilə birlikdə bu şəxslərə bolqarların almanlara qarşı istənilən addımı və fəaliyyəti haqda məlumat ötürmələrini tapşırdıq. Onlar bizi bolqar kommunistlərinin fəaliyyəti, türklərin əlaqələri və fəaliyyəti, xüsusilə türk konsulların işi haqda da məlumatlandırmalı idilər. <…>

1944-cü ilin avqustunda Vyanadan Budapeştə yollandım. O vaxt Hettl da orada idi. O, mənə yenidən Sofiyaya – Njdenin yanına yollanmalı olduğumu dedi. Kəşfiyyata yararlı yeni insanlar tampalı idim.Njde ilə son dəfə, təxminən, avqustun 21-də görüşdüm. Görüşün heç bir praktiki nəticəsi olmadı və oradan Buxarestə getdim. Buxarestdə isə 1944-cü il avqustun 25-də Almaniyanın Rumıniyadakı heyətilə birlikdə əsir düşdüm.

Alman kəşfiyyatı erməni emiqrantlarla işində daşnaklarla Njdedən kənar əməkdaşlığa üstünlük versə də, Njde alman kəşfiyyatının ən sadiq agentlərindən idi. O, bütün gücünü nasist Almaniyasının sərəncamına vermişdi».

Kamsarakanın ifadəsindən göründüyü kimi, onun ələ aldığı Njde Təhlükəsizlik Xidmətinin iki fərqli şöbəsilə əməkdaşlıq edib: VI C (SSRİ, Ön və Orta Asiya ölkələri və Uzaq Şərqdə siyasi kəşfiyyat) və VI E (düşmən dövlətlərdə əhvalın öyrənilməsi). Bununla yanaşı, o, birinci strukturda sırf ideya ilə, yalnız xərclərin ödənməsilə, ikincidə isə məvaciblə çalışıb. Görünür, Njdenin daşnakları Ermənistandan qovmuş SSRİ-yə və ümumiyyətlə, «Rusiya» anlayışı ilə bağlı hər şeyə nifrəti o qədər böyük, irrasional olub ki, bunlara qarşı təmənnasız savaşa belə «yox» deməyib. Çətin vaxtlarında ona sığınacaq vermiş Bolqarıstanda isə Njde Hitlerçilərin xeyrinə casusluğu yalnız pul qarşılığında edib.

Diqqəti çəkən daha bir məqam var: Peter Kamsarakan ikinci ifadəsini yalnız ilk ifadəsilə SSRİ siyasi rəhbərliyindəki hansısa yüksək ranqlı şəxsin tanış olmasından sonra verib. Məhz həmin şəxs İkinci Dünya müharibəsi zamanı Almanyianın kəşfiyyat orqanları ilə əməkdaşlığa dair əlavə, daha detallı məlumat istəyib. Tələb olunan isə daşnak partiyasının fəaliyyətilə bağlı deyildi. Sovet liderləri və xüsusi xidmət orqanları onlarla bağlı hər şeyi onsuz da bilirdi. Rəhbərlik hitlerçilərlə erməni diasporunun daşnaklara aid olmayan hissəsinin əməkdaşlığı haqda öyrənməyə çalışırdı.

Nəzərə alsaq ki, Kamsarakanın sonrakı ifadəsi SSRİ DİN Katibliyinin şəxsən Stalinə göndərdiyi sənədlər arasında yer alır, böyük ehtimalla Njdenin alman nasistlərilə əməkdaşlığı haqda məlumatlar şəxsən Stalinin özünü maraqlandırırmış.

Sovet liderinin Kamsarakanın ifadəsinə bu qədər diqqətini yəqin ki, yalnız bir səbəblə əsaslandırmaq olar: həmin dövrdə Sovet İttifaqı özü Türkiyəyə ərazi iddiaları irəli sürməyə hazırlaşırdı. O, türklərdən Birinci Dünya müharibəsi nəticəsində güzəştə getmək məcburiyyətində qaldığı Cənubi Qafqaz ərazisini – Qars, Artvin və Ərdahanın geri qaytarılmasını istəyirdi. O vaxt artıq bu ərazilərin məskunlaşdırılması üçün ermənilərin SSRİ-yə köçü elan olunmuşdu və onların müvəqqəti saxlanması üçün azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasına başlanılmışdı. O anda Sovet İttifaqının partiya-siyasi rəhbərliyi üçün erməni diasporu arasında daşnaklardan başqa hansı düşmənlərin olduğunu müəyyənləşdirmək son dərəcə önəmli idi. Bu, dövlət təhlükəsizliyi orqanlarının onları neytrallaşdırması üçün adekvat və müvafiq önləyici addımlar atması üçün vacib sayılırdı. Bunun üçün isə bu haqda maksimum dəqiq və geniş məlumat lazım idi.

Njde şəxsiyyəti və nəzəriyyəsinin məddahları deyir ki, nasistlərin əlaltısı olmuş bu insan SSRİ rəhbərliyinə Türkiyə ilə mübarizədə öz xidmətlərini, erməni diasporu ilə əlaqələrini dəfələrlə təklif edib. Stalin, Beriya, Molotov və digərləri, şübhəsiz ki, onun bu təşəbbüsünü müzakirə ediblər. Əks təqdirdə, İkinci Dünya müharibəsi illərində Njdenin keçmişinə bu qədər diqqət nəyə gərək imiş? Lakin sonda onlar Njdenin təklifini rədd ediblər: bu insanın fəaliyyətindəki mənfi şleyf onunla əməkdaşlıqdan gələcək istənilən qazancı üstələyib. Doğrudur, Stalinin xalq komissarları da mələk olmayıb. Onların hər birində praqmatizm etika və humanizmi üstələyib. Lakin Qaregin Njdenin nasistlərlə əlaqələri onlar üçün belə ciddi tabu sayılıb. Bu insanlar siyasi prinsipsizliklərinə rəğmən, bu məqamın üzərindən keçə bilməyiblər. Çünki totalitar kommunist rejimi Njdenin seqakron nəzəriyyəsi ilə daha da totalitar ideya ilə üzləşə bilərdi. Əvvəllər nasistlərə yararlı olduğu kimi, bolşeviklərin də işinə yaramaq üçün əlindən gələni etməyə hazır olan Njde ömrünü məhz, bu səbəbdən SSRİ DİN Vladimirski həbsxanasında başa vurub.

Başqa sözlə, SSRİ-nin ali siyasi rəhbərliyi 50 il əvvəl Qaregin Ter-Arutyunyanın («Njde» və ya «Qastarbayter») alman nasizminin sadəcə köməkçisi olmadığını, onun irqçi nəzəriyyəsinin ermənilər arasında yayılmasına can atdığını yaxşı biliblər. Demək, o, həm də nasizm ideyalarının təbliğçisi imiş.

Bütün bunları nəzərə aldıqda, müasir Rusiyanın siyasi elitasının İrəvanda Njdeyə heykəl ucaldılmasını Ermənistanın «daxili işi» kimi qiymətləndirməsi, həqiqətən də, təəccüblüdür. Halbuki, bu, nasizmin, irqçiliyin qəhrəmanlaşdırılmasının yeni formalarından biridir. Bu isə BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdliyi «Nasizmin qəhrəmanlaşdırılması, müasir irqçiliyə yol açan, irqi ayrı-seçkiliyi, ksenofobiyanı və bunlarla əlaqəli dözümsüzlükləri canlandıran digər hallarla mübarizə» adlı qətnaməsinin (A/RES/68/150) tələblərinə tam ziddir.



MƏSLƏHƏT GÖR:

391