25 Aprel 2024

Cümə axşamı, 05:57

MƏHKUMLARIN QORXUSU

Azərbaycanla sülh olmazsa, Ermənistan «inqilab»ının uğur qazanmaq şansı yoxdur

Müəllif:

15.10.2018

Ermənistanda daxili siyasi böhran sürətlə dərinləşir. Ölkənin «məxməri inqilabçı» rəhbərliyi hakimiyyəti əldə saxlamaq və gücləndirmək üçün əlindən gələni edir. Keçmiş hakim qüvvələr isə hakimiyyəti geri qaytarmaq məqsədilə «əks-inqilabi» gedişlər edir.

 

Paşinyan parlamentə qarşı

Küçə hərəkatının hakimiyyətə gətirdiyi Nikol Paşinyan anlayır ki, hakimiyyətinin tam legitimlik qazanması üçün maraqlarına uyğun parlamentə sahib olmalıdır. Bu üzdən də, o, növbədənkənar parlament seçkisinin təşkili məsələsini gündəmə gətirir. Məsələ ondadır ki, hazırkı parlamentdə çoxluq baş nazirin əleyhinə olan qüvvələrdə, ilk növbədə isə sabiq prezident Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasının (ERP) əlindədir.

Bu ilin yazında «küçə» sarqsyançı parlamenti «xalq hərəkatının başçısı» Paşinyanı hökumətin başına gətirməyə məcbur edib. O vaxtdan Ermənistanda faktiki olaraq, ikihakimiyyətlilik hökm sürür. Bir tərəfdən hələ də xalqın böyük hissəsinin inamına və dəstəyinə arxalanan Paşinyanla komandası, digər tərəfdən məşhur «Qarabağ klanı»nın nəzarətində olan parlament. Üstəlik, parlamentdə daşnaklarla Qaqik Sarukyanın eyniadlı bloku da ERP ilə eyni mövqedən çıxış edir. Ən azı, bu yaxınlaradək belə idi.

Əslində, növbədənkənar seçkinin keçirilməsi və yeni parlamentin formalaşdırılması zərurəti «məxməri inqilab»ın zəfər qazandığı andan aydın idi. Lakin Paşinyan əvvəlcə seçkinin 2019-cu ilin may-iyun aylarında keçirilməsini təklif edirdi. Prosesin sürətləndirilməsi planı baş nazirin «Vətəndaş müqaviləsi» partiyasının da daxil olduğu «Mənim addımım» blokunun İrəvan Ağsaqqallar Şurasına (şəhər soveti) keçirilən seçkidə 81,06% səs yığaraq qalib gəlməsindən sonra ortaya çıxıb. Paşinyan xalqın onu dəstəklədiyini bir daha gördükdən sonra növbədənkənar parlament seçkisinin gələn ilə saxlanmasının mənasız olduğu qənaətinə gəlib. Nəticədə, o, seçkinin 2018-ci ilin dekabrında keçirilməli olduğunu bəyan edib – ölkə yeni ilə yeni parlamentlə daxil olmalıdır. O, buna nail olmaq üçün vəzifəsindən istefa verməyə belə, hazır olduğunu bildirib.

Lakin mövcud parlamentin sərt reaksiyası özünü çox gözlətməyib. Oktyabrın 2-də deputatlar «Parlamentin reqlamenti haqqında» qanuna dəyişiklikləri ikinci və yekun oxunuşda səs çoxluğu ilə qəbul ediblər. Sənəd parlamentə baş nazirin istefasından sonra belə, fəaliyyətini davam etdirmək hüququ verir. Bundan başqa, parlament baş nazirin qatılmadığı iclası təxirə salmaq hüququ da əldə edib. Demək, Paşinyan vədinə əməl edərək istefa verərsə, hazırkı qanunverici qurumun son iclası sonsuzadək təxirə salına bilər.

Beləliklə, 3 fraksiya – ERP, Sarukyanın Bloku və «Daşnaksutyun» parlamentinə buraxılmasını əngəlləyən qanun layihəsinə səs verib. Hökumət başçısı bunu «əks-inqilab»ın başlanğıcı kimi qiymətləndirərək, ona müxalifətdə olan bütün nazir və qubernatorları vəzifədən kənarlaşdırıb. Söhbət xüsusilə «Daşnaksutyun» və «Çiçəklənən Ermənistan» partiyalarının təmsilçilərindən gedir. Bununla, Paşinyan növbədənkənar parlament seçkisinin reqlamentin müəyyən dərəcədə pozulması ilə keçirilə biləcəyini də nümayiş etdirib. Yəni seçki prosesi zamanı baş nazir vəzifəsini tərk etməyəcək. Paşinyan bunu «xalqın bunu istəmədiyi» ilə əsaslandırır. Beləliklə, «məxməri inqilab»ın lideri ERP və müttəfiqlərinin yaratdığı əngəlləri aşmaq əzmini nümayiş etdirir. Sonuncuların onun səsini yaxşı eşitməsi üçün isə Paşinyan sevimli siyasi mübarizə yoluna yenidən əl ata biləcəyini açıq şəkildə dilə gətirib. Söhbət mitinqlərdən gedir.

Baş nazirin daha bir əməli göstərib ki, o, ERP-nin tam iflasa uğradılması üçün cəmiyyətdə radikallığın azalmasına imkan vermək istəmir. Paşinyan «Sasna srer» partiyasının formalaşdırılması prosesinə dəstəyini ifadə edib. Bu, 2016-cı ilin iyulunda İrəvanda bir polis alayının binasını ələ keçirərək 2 həftə nəzarətdə saxlamış yaraqlıların birləşdiyi təşkilatdır. O zaman hökumət qüvvələri ilə yaraqlılar arasındakı qarşıdurmada 3 polis həyatını itirmişdi. Lakin bu, Paşinyanın hakimiyyətə gəldikdən sonra təşkilatın 27 üzvünü həbsdən azad etməsinə mane olmayıb. Baş nazir onları «siyasi məhbus» sayırmış.

Sonuncular isə öz növbələrində, partiya yaradaraq, yeni parlamentin formalaşmasınadək Paşinyanı dəstəkləyəcəklərini bəyan ediblər. Üstəlik, yeni partiyanın nümayəndələri, əlbəttə ki, yeni parlamentdə təmsil olunacaqlarını da düşünürlər.

Bundan başqa, «Sasna srer» partiyası hazırkı parlamentdə yer alan keçmiş hakimiyyətin tərəfdarlarına birmənalı mesaj da ünvanlayıb: parlament dərhal buraxılmalı və bu, güc tətbiqi bahasına olarsa belə, baş verməlidir. «Müqavimət göstərənlər, sadəcə, əlindən-qolundan tutularaq parlamentin binasından çölə atılmalıdır», - deyə «Sasna srer»in liderlərindən olan Varujan Avetisyan bildirib.

Bu hədələr, deyəsən, vəziyyətə praktiklik nöqteyi-nəzərindən yanaşan Sarukyanı «ağıllandırıb». Görünən odur ki, onun başçılıq etdiyi blok indiki mərhələdə Paşinyana müqavimət göstərməyin yeni etiraz aksiyalarına yol aça biləcəyini anlayıb. Bu, əlbəttə ki, «məxməri inqilab» əleyhdarlarına yaxşı şeylər vəd etmir. Nəticədə, baş nazir Paşinyanla «Çiçəklənən Ermənistan» partiyasının lideri Qaqik Sarukyan memoranduma imza atıblar. Sənəd bu ilin dekabrında növbədənkənar parlament seçkisinin keçirilməsini nəzərdə tutur. Bundan başqa, memorandumda bildirilir ki, baş nazirin istefa verəcəyi təqdirdə, Sarukyanın bloku bu posta namizəd irəli sürməyəcək və hər hansı başqa namizədi dəstəkləməyəcək.

Parlament müxalifəti olan ERP ilə «Daşnaksutyun» isə bir sıra şərtlər irəli sürüb və onlara əməl olunacağı təqdirdə, dekabrda növbədənkənar seçkinin keçirilməsinə dair müzakirələrə qoşulmağa hazır olduqlarını bəyan edib. Oktyabrın 9-da isə ERP-dən olan bir neçə deputat Paşinyanın ideyasına dəstək belə verib. Bundan sonra baş nazir oktyabrın 16-dək istefaya hazır olduğunu bəyan edib. «Növbədənkənar parlament seçkisi dekabrın 9-10-da keçirilməlidir. Mən oktyabrın 16-dək istefa verərəmsə, bu, reallaşa bilər», - deyə «Armenpress» agentliyinin məlumatına görə Paşinyan bildirib.

Beləliklə, müxalifətlə razılığa gələn Paşinyan, bəlkə də, dekabrda növbədənkənar seçkinin keçirilməsi üçün həlledici addımını atıb. Bu isə ona «tam qələbə» perspektivi vəd edir.

 

«Xalqın başçısı»na qarşı

Lakin Paşinyanın hakimiyyətini möhkəmləndirmək və genişləndirmək istiqamətindəki addımları bu prosesi müşayiət edən ciddi problemləri yox etmir. İlk problem ondadır ki, Paşinyanın parlament uğrunda mübarizədə küçədən başqa resursu yoxdur. Bunu erməni ekspertlər də etiraf edir. Baş naziri daha çox onun ölkənin gələcəyilə bağlı baxışlarını bölüşənlər deyil, Koçaryan-Sarqsyan rejimindən bezənlər dəstəkləyir. «İnqilab» zamanı ölkədə «Serji devir!» şüarının populyarlıq qazanması da təsadüf deyildi və yeni hakimiyyət bu gün də həmin şüarın üzərində dayanır. İrəvanın rəhbəri də məhz bu şüar və onu dəstəkləyən kütlə sayəsində seçilib. İnsanlar aktyor Ayk Marutyana şəxsən Paşinyanın deyil, keçmiş rejimin devrilməsinə dair sosial sifarişi reallaşdırmış qüvvənin təmsilçisi kimi səs verib.

İki ay sonra keçirilməsi planlaşdırılan parlament seçkisində də, yəqin ki, eyni şey olacaq. Məhz bu üzdən «Qarabağ klanı»nın təmsilçiləri olan Robert Koçaryanla Serj Sarqsyanın tərəfdarları növbədənkənar seçkiyə mane olmağa çalışır. Artıq yalnız parlamentdəki çoxluqdan ibarət üstünlüyü qalmış ERP anlayır ki, seçki, məsələn, gələn ilin mayında keçirilərsə belə nəticə dekabrda keçiriləcək səsvermənin nəticəsindən ciddi fərqlənməyəcək. Onun nəticəsi istənilən halda, Paşinyanın xeyrinə olacaq. Lakin baş nazirə dəstək aksiyalarına qatılanların sayı artıq bu gün «inqilab» zamanı olduğundan xeyli azdır. Bu mənada Sarqsyanın tərəfdarları haqlı olaraq, Paşinyana sevginin getdikcə azalacağını düşünür. İnqilab eyforiyası getdikcə yatmağa, bununla bərabər, Paşinyan sevgisi də azalmağa başlayacaq. Demək, ERP-nin ən azı siyasi proseslərin əsas iştirakçısı olaraq qalmaq şansı var. Belə olan təqdirdə, müəyyən müddət sonra o, revanş şansı belə qazana bilər. Ermənistanın insanları qane etməyən reallıqları da belə düşünməyə əsas verir. Söhbət, ilk növbədə, iqtisadi vəziyyətdən gedir. «İnqilab»ın iqtisadiyyata heç bir müsbət təsiri olmayıb və o, sürətlə geriləməkdədir. Üstəlik, yeni hakimiyyət hələ də real daxili və ya xarici siyasi proqram ortaya qoymayıb. Paşinyan hökuməti əhaliyə həyat səviyyəsinin yaxşılaşacağına dair zəmanət də vermir. Halbuki o, müxalifətdə olarkən durmadan əməkhaqqı və pensiyaların artırılmalı olduğunu deyirdi. Bu gün irəli sürülmüş 2019-cu ilin dövlət büdcəsi layihəsində isə minimum əməkhaqqı və pensiya olduğu həddə saxlanılıb.

Bütün bunlara bir də ölkədəki kriminal durumu əlavə etmək olar. Sabiq deputat Karo Karapetyanın qətli Ermənistanda ciddi əks-səda doğurub. Maddi zəmində törədildiyi bildirilən cinayətdə yenə də parlamentin sabiq deputatı, aradan çıxmağa macal tapmış Arutyun Karaqezyan ittiham olunur. Az sonra Zovuni qəsəbəsində onun cəsədi tapılıb. Hüquq mühafizə orqanları sabiq deputatın intihar etdiyini düşünür.

Bir sözlə, ciddi iqtisadi və siyasi böhran içərisində olan, Azərbaycana qarşı hərbi təcavüz üzündən regional inteqrasiyadan kənarda qalmış Ermənistanda reallıq bundan ibarətdir. Son aylarda yaşananlar Ermənistan ictimaiyyətini və ilk növbədə, hakimiyyətini ayıltmalıdır: Ermənistanın xilas yolu Azərbaycanla sülhə nail olmaq, əməkdaşlıq qurmaqdır. Əks təqdirdə o, iflasa məhkumdur. Paşinyanın Azərbaycanla substantiv dialoqa başlanılması istiqamətində konkret addımlar atmaması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin sonunu gətirəcək. Bu isə o deməkdir ki, «inqilab»ın əhalinin yoxsulluğuna və qanlı «razborkalar»a son qoymaqda aciz olduğu, Azerbaycanla müharibənin isə getdikcə daha real olduğu şərait keçmiş rejimin tərəfdarlarında hakimiyyətə qayıtmaq ümidi yaradacaq.



MƏSLƏHƏT GÖR:

308