29 Mart 2024

Cümə, 12:21

DİQQƏT! KSENOFOBİYA!

Gürcüstanın potensial prezidentinin qalmaqallı bəyanatı ölkənin maraqlarına və qonşu dövlətlərlə münasibətlərə zərbədir

Müəllif:

15.10.2018

Prezident seçkisinə hazırlaşan Gürcüstanda dövlət başçısı postuna namizədlərdən birinin ksenofob əhvallı bəyanatı cəmiyyətdə qalmaqala səbəb olub. Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Samtsxe-Cavaxetiyada yaşayan erməni seçicilərlə oktyabrın əvvəlində Ninosmindedə keçirdiyi görüşdə deyib: «Bu vaxtadək Gürcüstanda vətəndaşlıq yalnız prezident tərəfindən verilirdi və onlardan biri (Mixail Saakaşvili – red.) çox sayda türkə vətəndaşlıq verməsinə rəğmən, sizə bu hüququ tanımayıb».

Doğrudur, prezidentliyə namizədin, yumşaq desək, yanlış fikrinə diqqət ayırmamaq, bunu erməni seçicilərin xoşuna gəlmək üçün atılmış banal addım kimi qiymətləndirmək olardı. Amma Zurabişvili inadkarcasına türklərlə erməniləri qarşı-qarşıya qoymaq cəhdlərini davam etdirib. «Bir vaxtlar adını çəkmək belə, istəmədiyim prezident Batumiyə gəlmiş türklərə sağa-sola vətəndaşlıq paylayırdı. Halbuki həmin şəxslərin o anadək Gürcüstanla heç bir əlaqəsi olmamışdı», - deyə S.Zurabişvili bu dəfə erməni əhali ilə Axalsixedə keçirdiyi görüşündə bildirib. Üstəlik, bu zaman o, gürcü pasportu almış «türk»lərin əksəriyyətinin Türkiyə vətəndaşlığına malik etnik gürcülər olduğunu «unudub». Vətəndaşlıq istəyi rədd edilmiş ermənilər isə vaxtilə Gürcüstandan kütləvi şəkildə imtina etmiş, Ermənistanın və Rusiyanın təbəəliyini qəbul etmiş insanlardır.

Gürcüstanın ictimai təşkilatları, müxalifət və müxtəlif ekspertləri prezidentliyə namizədin bu bəyanatını təxribatçılıq və ksenofobiya kimi qiymətləndirib. Ölkənin 15 qeyri-hökumət təşkilatı, hətta xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, düşmənçiliyə, etnik qarşıdurmaya səbəb ola biləcək belə fikirlərin səsləndirilməsi yolverilməzdir.

«Bəyanatda (namizəd Salome Zurabişvilinin) qeyri-qanuni təbliğat əlamətləri də var. Məsələn, Gürcüstanın Seçki Məcəlləsinə əsasən, seçki subyektləri gələcək fəaliyyətinə dair proqramla çıxış etməli, lakin bu proqramda müharibəyə, zorakılığa, mövcud dövlət və ictimai quruluşun zor yolu ilə dəyişdirilməsinə, dini və etnik qarşıdurmaya çağırışlar yer almamalıdır», - deyə Gürcüstan QHT-lərinin nümayəndələrinin bəyanatında bildirilir.

 

Separatçılara kart-blanş?

Görünür, Salome Zurabişvili separatçı erməni dairələrinin Cavaxetiyanı «əzəli erməni torpağı» adlandırdığını unudub. Halbuki onların əcdadları bu ərazilərə 1830-cu illərdə, üstəlik, oradan yerli əhali olan müsəlman gürcülərin qovulması nəticəsində köçürülüb. Belə çıxır ki, prezidentliyə namizəd faktiki olaraq, Gürcüstan dövlətini parçalamağa çalışan separatçı dairələrin əlinə oynayır.

SSRİ-nin süqutu ərəfəsində erməni separatçılarının Azərbaycana qarşı olduğu kimi, Gürcüstana qarşı da təcavüzə başlamasını yalnız 1 səs əngəlləyib. Terrorçu daşnakların qurultayında «artsax» (erməni separatçıları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunu belə adlandırır) istiqaməti «cavaxk» istiqamətini cəmi bir səslə üstələyib.

Erməni millətçilərinin Gürcüstanın parçalanması, əzəli gürcü torpağı olan Samtsxe-Cavaxetiyanın ələ keçirilməsi ideyasından əl çəkmədiyini son hadisələr də təsdiqləyir. Cəmi 1 il əvvəl məhz Salome Zurabişvilinin sözügedən çıxışı etdiyi ərazinin yaxınlığında erməni ekstremistləri gürcülərin müqəddəs məkanı olan Kumurdo məbədini ələ keçirməyə cəhd etmişdi. Nəticədə, qarşıdurma yaranmış, gürcü polisi daş-qalaq olunmuşdu. Odur ki, Zurabişvilinin dediyi kimi, bütün ermənilərə ucdantutma Gürcüstan vətəndaşlığı verilərsə, ölkənin güc strukturlarının artıq pasporta malik separatçı döyüşçülərə atəş açacağı gün uzaqda deyil. Onların vaxtilə Abxaziyada belə təcrübəyə yiyələndikləri məlumdur.

Xatırladaq ki, Abxaziyada və Sxinvali regionunda da separatçılıq məhz erməni ekstremistlərinin birbaşa iştirakı ilə qızışmışdı. Onlar Azərbaycanın Qarabağ bölgəsində separatçılığa başladıqdan sonra Qafqazın digər regionlarında da sərhədlərin dəyişməsi, etnik təmizləmə kimi presedentlərə ehtiyac duyurdular. Nəticədə, Baqramyan batalyonu və digər qruplaşmalardan olan erməni yaraqlıları 1992-1993-cü illərdə Abxaziyadan gürcü əhalinin qovulmasında, onlara qarşı soyqırımının törədilməsində aparıcı rol oynayıb. Bu gün isə Ermənistan BMT Baş Assambleyasında hər dəfə gürcü qaçqınların doğma evlərinə qayıtmasının əleyhinə səs verir. Onların Suxumidə və Qaqradakı evlərinin əksəriyyətində məhz etnik ermənilər məskunlaşıb. Ermənistan rəhbərliyinin və erməni lobbisinin onlar üçün işğal olunmuş Abxaziya və Sxinvali regionundan tranzit yolu açılması üçün Tbilisiyə göstərdiyi təzyiqlər isə faktiki olaraq, Gürcüstanın əzəli torpaqlarından birdəfəlik əl çəkmək tələbidir.

Bundan başqa, bu yaxınlarda Abxaziyada separatçı hökumət məhz erməni millətçilərinin tələbilə Qali rayonunda qalmış etnik gürcüləri əsas hüquqdan – yaşadıqları bölgənin pasportundan məhrum edib. Halbuki onlar bütün ermənilərə ucdantutma Gürcüstan pasportunun verilməsini tələb edir!

Daha bir son dərəcə təhlükəli məqam ermənilərə Gürcüstan pasportu paylayacağını vəd edən Zurabişvilinin Türkiyədə, Rusiyada və digər ölkələrdə yaşayan etnik gürcülərə eyni «mərhəmət»i göstərməkdən boyun qaçırmasıdır. Statistik rəqəmlərin Gürcüstan pasportunun ən çox Rusiya və Türkiyə vətəndaşlarına verildiyini göstərməsi vətəndaşlığı ruslarla türklərin aldığı anlamına gəlmir. Bu insanların əksəriyyəti etnik gürcülərdir. Buraya Türkiyədə yaşayan müsəlman gürcülər, bir neçə nəsil Rusiyada yaşamış gürcülər də daxildir.

Aydındır ki, erməni millətçiləri Gürcüstanda gürcülərin sayının artmasına qarşıdır. Onlar nəinki Samtsxe-Cavaxetiya, hətta Tbilisi kimi gürcü ərazisinə iddia edir və bu bölgələri öz xəritələrində çəkinmədən «Böyük Ermənistan»ın tərkibində göstərirlər. Bəs, Gürcüstan prezidentliyinə iddialı siyasətçinin belə təcavüzkar plana dəstək verməsi nə deməkdir?

 

Gürcüstan iqtisadiyyatına və qonşularla münasibətlərə qarşı?

Maraqlıdır ki, prezidentliyə namizədin və bəlkə də, Gürcüstanın gələcək prezidentinin (ölkənin hakim «Gürcü arzusu» partiyası məhz Zurabişvilinin namizədliyini dəstəkləyir) ksenofob bəyanatları ölkə və onun iştirak etdiyi beynəlxalq tranzit layihələri üçün strateji əhəmiyyət daşıyan bölgədə səsləndirilib. Gürcüstanın yaxın qonşuları – Türkiyə və Azərbaycanla qarşılıqlı səmərəli münasibətlərinin perspektivi isə məhz bu layihələrlə bağlıdır.

Bu layihələr hesabına Samtsxe-Cavaxetiyada yeni iş yerlərinin açılmasına, bununsa, ilk növbədə, orada yaşayan ermənilərin xeyrinə olmasına baxmayaraq, separatçı əhvallı erməni dairələri bu layihələrə o qədər də xoş münasibət göstərmir. Separatçılar Gürcüstan iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan bu layihələrə qarşı bacardıqları qədər mübarizə apardıqlarını belə gizlətmirlər. «Yerli özünüidarəetmə orqanlarına seçkidə qələbə uğrunda mübarizə apardığımız vaxt əsas şüarımız «Axalkalaki-Qars dəmir yolunun istismara verilməsinə yox!» idi. Bunu unutmamaq və daha da irəli getmək lazımdır. Bu istiqamətdə hansı addımların atıla biləcəyi haqda düşünməliyik», - deyə erməni separatçılarının liderlərindən olan Vaaqn Çaxalyan 2017-ci ilin payızında Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışından dərhal sonra verdiyi bəyanatda bildirmişdi.

Separatçılar belə addımları, təəssüf ki, bu gün də atır. Göründüyü kimi, onlar Gürcüstan prezidentliyinə namizədləri «yoldan çıxararaq», onları məsuliyyətsiz, Gürcüstanın maraqlarına zidd bəyanatlar vermək məcburiyyətində qoyurlar.

Bu kontekstdə Zurabişvilinin türkfob bəyanatlarının Türkiyə və Azərbaycanda yaratdığı narahatlıq da təbiidir. Bakı ilə Ankara Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, gürcü torpaqlarının işğaldan dərhal azad olunmasını, gürcü qaçqınların öz yurd-yuvasına qaytarılmasını tələb edir. Digər tərəfdən Türkiyə və Azərbaycanla əməkdaşlıq Gürcüstan iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların həcminə görə Azərbaycanla Türkiyə liderdirlər. Gürcüstan iqtisadiyyatına 2018-ci ilin əvvəlindən yatırılmış 1,8 milyard dollarlıq birbaşa xarici investisiyanın, təxminən, 0,5 milyard dolları Azərbaycanın, 0,3 milyard dolları isə Türkiyənin payına düşür.

Xarici ticarət dövriyyəsinə gəlincə, burada da Gürcüstanın əsas tərəfdaşı Türkiyədir. 2017-ci ildə bu iki dövlət arasında ticarət dövriyyəsi 1,58 milyard dollar olub. Eyni dövrdə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 0,9 milyard dollar təşkil edib.

Bir faktı da unutmaq olmaz: Azərbaycan faktiki olaraq, Gürcüstanın enerji təhlükəsizliyinin qarantıdır. Türkiyənin yalnız çay plantasiyalarında 10 minədək Gürcüstan vətəndaşının işlədiyini də buraya əlavə etsək, Salome Zurabişvilinin qalmaqallı bəyanatının əks-sədası Tbilisi üçün təhlükəli miqyas ala bilər.

 

REDAKSİYADAN. Vaxtilə Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı olmuş Salome Zurabişvilinin türkfob bəyanatları Fransada hər zaman güclü olmuş erməni lobbisinin təzyiqilə səsləndirdiyi istisna deyil. İstənilən halda, prezident seçkisi yarışında favorit olan namizədin milli kartlarla oynaması Gürcüstanın Salome Zurabişvilinin namizədliyini dəstəkləyən indiki hakimiyyəti üçün həyəcan siqnalı olmalıdır.



MƏSLƏHƏT GÖR:

319