25 Aprel 2024

Cümə axşamı, 07:37

SEKTORLARIN BALANSI

Yeni islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək

Müəllif:

15.10.2018

Son 15 ildə Azərbaycan iqtisadiyyatı yüksək artım templərinə nail olub və bu gün bu proses yeni islahatlarla davam edir.

Beləliklə, ölkə ÜDM-i sözügedən dövrdə 3,2 dəfə artıb, qeyri-neft sektorunda 2,8 dəfə, sənaye istehsalında 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında isə 4,1 dəfə artım olub. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatıb. 2003-2018-ci illərdə qoyulan investisiyaların həcmi 250 milyard dolları keçib.

Bundan əlavə, son illərdə iqtisadi siyasət getdikcə daha çox dövlət gəlirlərinin şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəlir.

Bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı yalnız 0,8% artsa da, qeyri-neft sənayesi 10,8%, kənd təsərrüfatı isə 4,3% artıb. Bu meyil ölkəyə sərmayə yatırımlarında da müşahidə edilir - 9 milyard dollarlıq ümumi məbləğin böyük hissəsi (5,6 milyard dollar) məhz qeyri-neft sektoruna yönəldilib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında qeyd edib ki, son zamanlar qəbul edilmiş qərarlar iqtisadiyyatın qeyri-neft sektorunda çox böyük canlanmaya səbəb olub.

«Təkcə, onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır», - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, aqrar sektorda ciddi islahatlar aparılır və onların nəticəsində kənd təsərrüfatının uzunmüddətli, davamlı inkişafı təmin ediləcək.

«Düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik. Eyni zamanda kənd təsərrüfatının ekstensiv inkişafı da nəzərdə tutulmalıdır», - deyə İlham Əliyev vurğulayıb.

O, xatırladıb ki, mövcud planlara əsasən, 192 min hektar sahədə 45 aqropark yaradılacaq. Onlardan dördü artıq açıqdır və ilin sonuna qədər mövcud aqroparkların sayı 13-ə çatacaq.

İslahatlar son nəticədə xarici ticarət dövriyyəsinin həcminə müsbət təsir göstərir və bu, üç rüb ərzində 37% artıb. Eyni zamanda qeyri-neft ixracatı, təxminən, 14% artıb.

Gömrük sahəsindəki yeniliklər nəticəsində dövlət büdcəsinə əlavə 800 milyon manat daxil olub. «Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir», - deyə Prezident İlham Əliyev vurğulayıb.

Təqdirəlayiqdir ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin fəal mərhələsinin tamamlanmasına, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artmasına baxmayaraq, 2018-ci ilin ilk 9 ayı ərzində neft sektoru gəlirlərində vergi daxilolmaları 1,6% artıq yığılıb. Vergilər naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət meyillər fonunda proqnoz 100.2% yerinə yetirilib. Eyni zamanda ödənən vergilərin 65,8% -i qeyri-neft sektorunun payına düşüb.

«Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb», - deyə M.Cabbarov bildirib.

Prezident İlham Əliyev isə, öz növbəsində hesab edir ki, iri müəssisələrin istismara açılmasından sonra qeyri-neft sektorunda müsbət artım meyilləri daha da güclənəcək. Məsələn, “SOCAR Polymer” propilen zavodu artıq işə salınıb, ilin sonuna qədər isə bu şirkətin ikinci layihəsi - yüksək sıxlıqlı polietilen zavodu açılmalıdır. Bu zavodlarda yatırılan sərmayələrin həcmi 800 milyon dollardan çoxdur.

Həmçinin, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək. «Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək», - deyə prezident fikrini tamamlayıb.

Bir sözlə, yalnız bu ilin sonuna qədər deyil, Azərbaycan iqtisadiyyatında sektorlararası balans arzuolunan nisbətə çatana qədər, yəni uzunmüddətli perspektivdə də qeyri-neft sektorunun məqsədyönlü inkişafı iqtisadi islahatların əsas hədəfi olaraq qalacaq.


MƏSLƏHƏT GÖR:

301