29 Mart 2024

Cümə, 18:11

GƏLƏCƏK NAMİNƏ OYUNLAR

İdmançılarımız yeniyetmələrin yay olimpiadasından yeddi medalla qayıdıb

Müəllif:

01.11.2018

Yeniyetmələrin III Yay Olimpiya Oyunları da başa çatdı. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən və 206 ölkədən 4 mindən artıq idmançının qatıldığı Olimpiadada 29 qızıl, 18 gümüş və 12 bürünc medal qazanan Rusiya millisi komanda hesabında birinci olub. Çin ikinci, Yaponiya üçüncü, Macarıstan dördüncü, İtaliya isə beşinci olub. Ümumilikdə, 92 ölkənin idmançıları medal qazanıblar.

On yeddi idmançı ilə Olimpiadaya yollanan milli komandamız 3-ü qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 7 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Bədii gimnastımız Yelizaveta Luzan beynəlxalq komandanın tərkibində qızıl medala layiq görülüb.

 

Güclülər arasında

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, bu oyunlarda gimnastika növləri üzrə təmsilçilər şəxsi hesabla yanaşı, komanda hesabında da mübarizə aparıblar. Belə ki, bütün iştirakçılar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölüşdürülüblər.

Y. Luzan da dördqat Olimpiya çempionu Simona Baylzın komandasına daxil olub. Həmin komanda da bizim gimnastla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan gimnastlar yer alıb. Oyunların iştirakçıları, həmçinin Y. Luzan fərdi çıxışlarının nəticələri əsasında komanda hesabında xal toplamış və yekunda gimnastımıza da qızıl medaldan pay düşüb.

Digər qızıl medalçımız, güləşçi Turan Bayramovun builki nəticələrinə istənilən idmançı qibtə edə bilər. Bir ildə həm Avropa, həm dünya, həm də olimpiya çempionu olmaq – bir idmançı üçün böyük uğurdur. Sərbəst güləşçimiz hələ ötən il potensialını ortaya qoymuşdu. Gəncə güləş məktəbinin yetirməsi 2017-ci ildə 58 kq-da dünya ikincisi və Avropa üçüncüsü oldu. Bu il isə 65 kq-da özünü ən yaxşı tərəfdən göstərə bildi. Argentinada hələ qrup mərhələsinin püşkü atılanda Bayramovun final yolunun açıq olduğu görünürdü. A qrupunda nə Yeni Zelandiya, nə də Pakistan təmsilçisi güləşçimizə boy göstərəcək səviyyədə deyildi. Sensasiya baş vermədi və Bayramov müvafiq olaraq, 10:0 və 8:0 hesablı qələbələrlə adını finala yazdırdı. Həlledici görüşdə onu tanış sima gözləyirdi. Turan Zaqrebdəki DÇ-nin yarımfinalında 8:2 hesabıyla məğlub etdiyi Məhəmməd Baqi Kərimiseyfabadla üz-üzə gəldi. İranlı pəhləvan bu dəfə də həmyerlimiz qarşısında duruş gətirə bilmədi. 6:1 hesabı görüşün gedişiylə bağlı təsəvvür yaratmaq üçün kifayət edəcək hesabdır. Beləliklə, yığmamızın böyük perspektiv vəd edən üzvü ümidləri doğruldaraq olimpiya çempionu oldu.

Vüqar Talıbova gəldikdə isə o, Azərbaycanın yeniyetmə cüdoçuları arasında ən perspektivli idmançılardan sayılır. Talıbov bu il Makauda keçirilən Asiya Kubokunda bürünc medal qazanıb. Eyni zamanda mayda Avropa Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 18 yaşlılar arasında Afrika Kubokunda gümüş medal qazanıb. Argentinadakı uğur onun gənclər komandasına keçidini sürətləndirdi.

Bu arada ağırlıqqaldırmada çıxış edən idmançımız Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər.

Beləliklə, Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 31-ci, medal sayında isə 37-ci yerdə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan idmançıları "Sinqapur-2010” olimpiadasında 8 (5 qızıl, 3 gümüş), "Nankin-2014”də 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar. Yığma ilk olimpiadanı 204 ölkə arasında 11-ci, ikincisini isə 203 ölkə arasında 10-cu yerdə başa vurub.

 

İdmançılar təəssüratlarını bölüşür

Vətənə qızıl medalla qayıdan gimnast Yelizaveta Luzan “R+”a açıqlamasında karyerasının ən böyük yarışı haqqında bunları dedi: “Bu, mənim üçün böyük yarış və məsuliyyət idi. İndiyədək yalnız Avropa Çempionatına qatılıb və orada lentlə hərəkətlərdə finala yüksəlmişdim. Bu cür komanda yarışı ilk dəfə keçirilirdi. Bu, yarışın çox maraqlı formatıdır. Böyük fəxr hissi keçirirəm ki, Bakıya medalla qayıdıram”.

Buenos-Ayresdə qızıl medal qazanan cüdoçu Vüqar Talıbov da təəssüratlarını “R+” oxucularıyla bölüşüb: “Çox xoşbəxtəm ki, belə mötəbər yarışda Azərbaycan üçün qızıl medal qazanmışam. Bildiyiniz kimi cüdoda lisenziya ölkəyə verilir. Yarışdan əvvəl hansı idmançının Argentinaya yollanacağı müzakirə edilirdi. Federasiya rəhbərliyi, o cümlədən məşqçim mənə etimad göstərdi. Bu inamı doğrultmaq əsas məqsədim idi. Qısa istirahətdən sonra yenidən məşqlərə başlayacam. Əsas uğurlarımın irəlidə olduğuna inanıram”.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) isə qələbəsini belə şərh edib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm”.

 

Əsas arxayınlaşmamaqdır

Ümumiyyətlə, Yeniyetmələrin Yay Olimpiya Oyunları bütün idmançılar üçün karyerada yüksəlişə səbəb olmur. Bu yarışlarda çıxış edən yeniyetmə idmançıların bəziləri sonradan arxayınlaşır və potensialını tam aça bilmir, bəziləri isə hətta idmandan ayrı düşür. Bunu nəzərə alan mütəxəssislər hesab edirlər ki, yeniyetmələrin Olimpiya Oyunlarında uğur qazanan idmançıların gənclərdən ibarət komandaya qoşulması üçün dəstək olmaq lazımdır.

Xatırladaq ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.



MƏSLƏHƏT GÖR:

350