20 Aprel 2024

Şənbə, 05:21

SABAHIMIZ NAMİNƏ

Şirvanşahların bütün dünyaya səpələnmiş zəngin irsi Bakıda vahid sərgidə toplanıb

Müəllif:

01.11.2018

"Bakı şəhəri çox xoşuma gəldi. Burada dəniz sahilində möhtəşəm qədim bir qala var və əlbəttə, əfsanəvidir. Deyirlər ki, hansısa hökmdarın gözəl qızı ordan özünü dənizə atıb. İndi qala artıq qurudadır, çünki su səviyyəsi düşüb. Burada kiçik olsa da gözəl bir bazar var, məscidlər var və ümumiyyətlə, hər yerdə Şərq çalarları hiss olunur. Amma burada hər şeydən daha qiymətli olan yer xan sarayıdır, onun qədim giriş tağlarının üzəri kaşı ilə örtülüb. Onu pis qoruyurlar və qala talan edilir. Mən özüm də bir kaşı oğurlamışam, bunu səmimi etiraf edirəm. Ancaq o, Radişşev muzeyindədir. Hərçənd bəlkə də, belə bir xeyirxah iş xatirinə daha çox oğurlamaq lazım idi " (A.P. Boqolyubov, "Dənizçi-rəssamın qeydləri ", 1861-1862).

Aleksey Petroviçin səmimi etirafına o, bəraət qazandırır ki, Şah sarayının giriş tağlarından oğurladığı kaşılar 19-cu əsrin sonlarında Saratov muzeyində nümayiş etdirilib və qonaqlar bizim memarlar tərəfindən hazırlanmış gözəlliyi seyr edə biliblər. "Qeydlər" Rusiyada bir neçə dəfə nəşr olunub. Sovet dövründə 1996-cı ildə Saratovun "Volqa" jurnalının xüsusi sayında çap olunub. Amma Şah sarayını "xatirə üçün" talayanların heç də hamısı səmimi etiraf etməyib və Şirvanşahların tarixi və memarlıq irsinin yerini göstərməyib... Bu sülalənin miras qoyduğu nə qədər artefaktın dünyaya səpələndiyini, hətta "İçərişəhər" tarixi-memarlıq qoruğunun elmi işçiləri belə deyə bilmirlər.  

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və dəstəyi ilə Bakı Konqres Mərkəzində Şirvanşahlar dövlətinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib, tədbirdə 30 ölkədən 150 nəfər iştirak edib. "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı konfransın keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da dəstək verib.  

Tədbirin məqsədi Şirvanşahlar dövlətinin tarixi keçmişinin prizmasından baxaraq, Azərbaycan tarixinin öyrənilməsinə və təbliğinə dünyanın diqqətini cəlb etməkdir. Tədbirin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əli-zadə, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış ediblər. Konfrans çərçivəsində Şirvanşahlar Saray Kompleksində "Dünya muzeylərində Şirvanşahların mirası" sərgisi açılıb və bu, 2019-cu il yanvarın 23-dək davam edəcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

 

Bütün dünyadan  

Xatırladaq ki, Şirvanşahlar dövləti müasir Azərbaycan ərazisində Kür çayından Dərbənd şəhərinə qədər ərazidə mövcud olmuş müsəlman dövləti olub. O, 861-ci ildə yaranıb 1529-cu ilə qədər mövcud olub.

Sülalənin devrilməsindən sonra dəfələrlə və 19-cu əsrin sonuna qədər Bakı xanlarının sarayının talan edilməsi nəzərə alınarsa, dünyanın nə qədər muzeyində, şəxsi kolleksiyalarda və çox güman ki, sandıqlarda, çardaqlar, zirzəmilərdə öz gerçək yiyələrini «xatırlayan» və öz həyatlarını "yaşayan" əşyaların olduğunu təsəvvür edə bilərsiniz. Hələ ki, tədqiqatçılar Şirvanşahlara məxsus olan əşyaları London Nyu-York, Berlin, Sankt-Peterburq, Paris, İstanbul, Tiflisdəki muzeylərdən tapıb gətirə biliblər, Azərbaycanın müxtəlif muzeylərində (Bakı, Şamaxı) də onlar saxlanırlar.

Toplanan kolleksiya öz mahiyyətinə və məzmununa görə unikaldır. Məsələn, Gürcüstandakı həmkarlarımızın təqdim etdiyi böyük qazanlar hərbi kampaniyalar üçün nəzərdə tutulub və ya Türkiyənin hərbi muzeyi iki zireh, dörd dəbilqə təqdim edib! Dəbilqələrin üzərində ərəbcə yazılıb: bunların ya müqəddəs Qurandan surələr, ya da qoruyucu dualar olduğu düşünülür. Bəs, reallıqda nədir?

Səadat Ələkbərova, Elm və ekspozisiya şöbəsinin müdiri:

- Qoruyucu dəbilqələr müxtəlif zaman dövrlərinə aiddir. Mütəxəssislər yazıların açılması üzərində işləyirlər.

- Deyin görək, sərgilənən zirehlər real insanlara aid olub? Ölçüyə görə, onları çox uzun və möhkəm bədənli kişilər geyiniblər.

- Haqlısınız. Bax, bu, Şirvanşah Birinci Xəlilullaha məxsus zirehli geyimdir. Bilindiyi kimi, onun boyu iki metrdən hündür olub, yüz ilə qədər yaşayıb və son günə qədər fiziki gücünü və dözümünü saxlayıb. Təsəvvür edin ki, həmin dövrün döyüşə gedən əsgəri zamanın döyüşçüləri zireh və dəbilqə ilə yanaşı, dizlik və qolçaq geyinməli, qalxan, qılınc və xəncər daşımalı idi. Hamısı birlikdə, təxminən, 25 kq idi! Şah düşmənə qarşı döyüşçüləri ilə birlikdə vuruşurdu.

- Və yüzə qədər yaşadı?

- Nəinki yaşadı. Hətta görmə qabiliyyəti və ağlı da gözəl idi! O, həm oxuyur, həm yazırdı, son nəfəsinə qədər xəncərlə mükəmməl döyüşürdü...

İndi özünüz bu insanı təsəvvür edin. Belə çıxır ki? Əfsuslar olsun ki, assosiativ olaraq yaddaşda yalnız Böyük Pyotr canlanır, yeri gəlmişkən, o, Bakının tarixində elə də yaxşı rol oynamayıb. Onun gəmilərinin topları İçərişəhərə ciddi ziyanlar vurmuşdu. O cümlədən saraya da ziyan dəymişdi. Bu barədə İ.Kurukinin "Böyük Pyotrun Fars kampaniyası" kitabında belə bir sübut var. Xəzər sahillərində aşağı hövzə korpusu (1722-1735)."

 

Bizim gözəl atalarımız  

Ekspozisiyanın birinci baxış zalında 3D formatda Şirvanşahların həm hərbi atributlara (dəbilqələrə, qalxanlara, döyüş maskalarına), həm də məişət əşyalarına (qablara, fincanlar və s.) eyni dərəcədə bağlı olduqlarını göstərən eksponatlar var. Göründüyü kimi, onlar bugünkülərdən çox fərqli olublar. Həyat sevgisi, nə qədər qəribə səslənsə də silahın estetik mükəmməlliyinə sevgidə də özünü göstərir.

Məsələn, Milli Tarix Muzeyimizdən bir eksponatı götürək. O, üzlükdür. Bu, döyüş maskasıdır, üst hissədə (alın hissədə) xüsusi bir sancaqla dəbilqəyə bərkidilir, qulaq-gicgah hissədə isə siyirtməli qarmaqlarla sağa və sola bağlanır. Üzlük maska elə də güclü olmayan, sürüşkən zərbələrdən qoruyur; bu halda o, sənət əsəridir, çünki üzəri naxışlanıb və gözəl bir şəxsin üz cizgiləri çəkilib.  

Sərginin incisi də Azərbaycan Milli Tarix Muzeyi tərəfindən təqdim edilib - haçansa Şirvanşah Birinci Xəlilullahın anası Bikə xanıma məxsus olan firuzə və yaqutlarla bəzədilmiş kiçik bir broşdur. Bu mücəvhər heç də bədii tərtibatına və işlənməsinə görə müasir zərgərlərin işlərindən geri qalmır, əksinə üstündür. Yalnız bir dəfə baxmağa dəyər ki, daş-qaşın gözəlliyi və zərifliyi unudulmasın. Maraqlıdır, oğlu iki metrdən uzun olan qadın necə görünüb? Mücəvhərlərindən görünür ki, o, zərif estetik zövqə malik qadın olub! Bəs, o nə geyinib? Hansı rənglərə üstünlük verib? Necə hərəkət edib? Necə danışıb? Onun səs tembri necə olub? Bəs Birinci Xəlilullahın səsi necə olub?..

Burada gözəl şamdanlar, gündəlik məişət istifadəsinin kiçik detallarını, küpləri, boşqabları, kasaları, «Quran» surətini daşımaq üçün asqını, qədim Quran-i Kərimi görürük ...

Elə gələ bilər ki, xüsusi bir şey deyil. Ancaq düşünəndə ki, bir çox əsrlər əvvəl bu əşyalara indi sadəcə Şirvanşahlar adlandırdığımız insanların əli toxunub, onların hər birinin öz həyat, sevgi və ölüm hekayəsi olub, istər-istəmədən zamanın nəfəsini hiss edirsən.

Mədəniyyətimizin mirasına həm də Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünün Azərbaycan dövləti tərəfindən qorunub saxlanan mədəniyyəti daxildir. Onu yalnız bu günün xatirəsi üçün deyil, tarixi yaddaşımız və mədəniyyət vəhdətimiz naminə deyil, həm də sabahımız naminə qorumaq gərəkdir. Çünki uşaqlarımızın və sabahımızın naminə keçmişin üzərinə kül səpmək olmaz. Çünki keçmişdə bu günün həqiqətləri var. Sabahkı günün həqiqətləri də...



MƏSLƏHƏT GÖR:

316