20 Aprel 2024

Şənbə, 16:39

ÇOXTƏRƏFLİ ALVER

ABŞ taliblərlə məcburiyyət qarşısında danışıqlar aparır

Müəllif:

01.11.2018

Oktyabrda ABŞ-ın ən uzunmüddətli hərbi kampaniyasının 17-ci ildönümü tamam olub. O, Əfqanıstanda terrorçuluqla mübarizə aparan beynəlxalq koalisiyaya düz 2001-ci ildən başçılıq edir. Amma bu tarixlə əlaqədar heç bir təntənəli çıxışlar olmayıb. Hər halda, bütün bu illər ərzində Vaşinqton bu regiondan yalnız itkilər və məğlubiyyətlər haqda xəbərlər alır.

Əfqanıstan ərazisində «Əl-Qaidə»nin 11 sentyabr hücumuna cavab aktı adı ilə 2001-ci ilin oktyabrında girmiş ABŞ o zaman bu savaşın bu qədər uzanacağını, 2400 amerikalı hərbçinin həyatına son qoyacağını, ölkə büdcəsinə isə bu işdən 3 trilyon dollar zərər dəyəcəyini, yəqin ki, ağlına gətirməyib.

2014-cü ildə koalisiya Əfqanıstanda müharibənin başa çatdığını rəsmən bəyan edib. O zaman bu ölkədə koalisiyanın 3408 hərbçi itirdiyi də açıqlanıb. 2015-ci ildən isə Əfqanıstanda yerli hərbi qüvvələrin təlimi və dəstəklənməsi kimi yeni missiyaya start verilib. O andan oradakı 130 minlik hərbi kontingenti 15-20 minlik hərbçi qrupu əvəzləyib.

Lakin koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra yerli hökumətin əsas düşməni sayılan taliblərin qismən və ya tam nəzarətində olan ərazi durmadan artır. Müxtəlif hesablamalara görə, artıq ölkə ərazisinin 50-65%-i taliblərin nəzarətindədir. Üstəlik, «Taliban»ın silahlı tərəfdarları da çoxalmaqdadır. Halbuki hər il minlərlə talibin məhvi və ya əsir götürüldüyü haqda xəbərlər yayılır. Əgər 10 il əvvəl «Taliban» üzvlərinin sayının 15 min nəfər olduğu deyilirdisə, bu gün söhbət ən azı 60 mindən gedir. Bununla paralel, Kabilə sadiq qoşunlarda azalma müşahidə olunur.

Əfqanıstanda hər gün partlayışlar, qətllər, insanların girov götürülməsi, müxtəlif ərazilərə od vurulması və digər diversiya hadisələri baş verir. Yalnız bu ilin yanvar-sentyabr aylarında Əfqanıstanda 8 mindən artıq insan həlak olub və ya yaralanıb. 2018-ci ildə ölkədəki silahlı qarşıdurmalar istər hərbçilər, istərsə də mülki əhali arasındakı itkinin sayına görə, dünyada ilk yerə yüksələ bilər. Hər halda, AFP agentliyinin məlumatında belə deyilir.

Bütün bunların fonunda Əfqanıstan hökuməti parlament seçkisi keçirib. Daha doğrusu, səsvermə yalnız hökumət qüvvələrinin təhlükəsizliyi bu və ya digər dərəcədə təmin edə bildiyi yerlərdə təşkil olunub.

 

Piroqun tikələri uğrunda mübarizə

Yerli Seçki Komissiyasının məlumatına görə, oktyabrın 20-21-də qeydiyyatdan keçmiş 9 milyon seçicinin 3 milyondan çoxu səsvermədə iştirak edib. Onlar ciddi mühafizə altında olan 5 min seçki məntəqəsində səs veriblər. Məntəqələrin 2 mini «Taliban» və «İslam Dövləti» təşkilatlarının hücum riski yüksək olduğundan, ümumiyyətlə, açılmayıb.

Əfqanıstan parlamentinin aşağı palatası olan Volesi Cirqaya seçki 5 ildən bir keçirilir. Bundan əvvəlki seçki, 2010-cu ildə təşkil olunmuşdu. Sonrakı səsvermə ölkədə vəziyyətin qarışıq olması üzündən 3 il idi təxirə salınırdı. Doğrudur, Əfqanıstanda durum bu il də yaxşı deyil. Üstəlik, «Taliban» ilin əvvəlində səsverməni pozmaq üçün əlindən gələni edəcəyini açıqlamışdı. Lakin 2019-cu ilin aprelinə təyin olunmuş prezident seçkisinə çox az vaxt qalır və ona hazırlıq üçün ölkənin lazımi səviyyədə işləyən qanunverici orqana ehtiyacı var.

Beləliklə, taliblərin ciddi müqavimətinə rəğmən, seçki baş tutub. İki gün davam edən səsvermənin gedişində insanlar 440 hücuma məruz qalıb və nəticədə, 600-dən artıq insan həlak olub və ya yaralanıb.

Lakin parlamentdəki 249 deputat yeri uğrunda 2,7 min namizədin mübarizə apardığı seçki kampaniyasına əngəl heç də yalnız terror aktları deyildi. Səsvermə başa çatar-çatmaz, Seçki Komissiyasına 5 mindən artıq şikayət daxil olub. Şikayətçilər prosesin gedişində şahidi olduqları çoxsaylı fırıldağa və texniki nöqsanlara etiraz edir.

Seçkinin ilkin nəticələri noyabrın 10-da, yekun nəticələrsə dekabrda məlum olacaq. Lakin məğlub tərəfin onu tanıyacağına artıq indidən böyük şübhə var.

Əfqanıstanda faktiki olaraq, siyasi mübarizə mədəniyyəti hələ də formalaşmayıb. Ölkədə istər qanunverici, istər icraedici hakimiyyət uğrunda daha çox siyasi və ya ictimai partiyalar, hərəkatlar deyil, səhra komandirləri mübarizə aparır. Bu şəxslər hesab edirlər ki, hakimiyyətə loyallıqlarının qarşılığında idarəçilik piroqunun bir hissəsi onlara çatmalıdır. «Əksər sabiq və ya indiki silahlı dəstə rəhbərlərinin məğlub elan olunduqları seçkinin nəticəsini tanıması mümkün deyil», - deyə «Deutsche Welle» kabilli seçicilərdən birinə istinadən yazır. Bununla yanaşı, bu liderlərin əksəriyyəti 1990-cı illərdə baş vermiş vətəndaş müharibəsinin gedişində insanlığa qarşı cinayət törətməkdə ittiham olunur.

Məhz bu üzdən ABŞ və Qərb Əfqanıstandan azad və ədalətli seçki tələb etməkdənsə, əfqanların «məqbul» saydığı nəticələri qəbul etməyə üstünlük verir. Amerikalı diplomatlardan birisə jurnalistlərə açıqlamasında açıq şəkildə deyib ki, seçkinin siyasi baxımdan yeganə məqbul nəticəsi «bütün hərbi komandirlər və onların övladlarının qalib gəlməsi» olacaq.

 

Generalların ölümü

Əsas hərbi kontingentin Əfqanıstanı tərk etməsindən sonra ABŞ Kabil hökumətinə loyal olan regional komandirlərə dəstək vermək məcburiyyətində qalıb. Lakin onlar hökumətə dəstəyi yalnız özlərinə sərf etdiyi halda verir. Problem ondadır ki, onların dəstəyi olmazsa, nə Vaşinqton, nə də prezidenti Əşrəf Qəni ölkə ərazisinə nəzarət etmək iqtidarındadır.

Yeri gəlmişkən, səhra komandirlərinə dəstək taktikasından istifadə edən yalnız ABŞ deyil. Bu ölkədə Səudiyyə Ərəbistanı, Rusiya, İran və bir neçə Avropa ölkəsi, son illərdə isə Çin də eyni cür davranır.

Bu mənada, seçki ərəfəsində – oktyabrın 19-da Qəndəhar polisinin rəisi general Abdulla Razakın, həmçinin puştunların yaşadığı Gelmand əyalətinin nüfuzlu siyasətçisi, general Abdulla Cabbar Qəhrəmanın qətlə yetirilməsi bütün ölkə üçün ciddi fəsadlara yol açacaq. Onlar həmin gün Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı general Ostin Millerlə görüşmüşdülər. Hücum zamanı ABŞ Silahlı Qüvvələrinin Qəndəhardakı komandanı və əyalətin qubernatoru da yaralanıblar.

General Razak ölkənin ən nüfuzlu sərkərdələrindən biri idi. O, faktiki olaraq, bütünlükdə Cənubi Əfqanıstana rəhbərlik edirdi. 2014-cü ildə keçirilmiş prezident seçkisi zamanı Razak Əşrəf Qəninin qələbəsində böyük rol oynamışdı. Lakin son dövrlərdə o, prezidentin siyasətini sərt tənqid edir, xüsusilə indiki baş nazir Abdulla Abdullanı tənqid atəşinə tuturdu. Prezident Qəninin onu vəzifədən çıxarmağa cəhd etdiyi zaman isə Razak birbaşa ABŞ-ın dəstəyini almışdı – Vaşinqton nüfuzlu regional fiquru itirmək istəmirdi. Çünki artıq 7 il idi Qəndəharı taliblərdən məhz onun sayəsində qorumaq mümkün olurdu. Generalın ölümündən sonra taliblərin bu əyaləti yenidən nəzarətə qaytarmasına heç kəsin mane ola bilməyəcəyi deyilir.

 

Məcburi danışıqlar

İdarəçilikdə bitməyən və bu dəfə prezident Əşrəf Qəni ilə baş nazir Abdulla Abdulla arasındakı fikir ayrılıqları üzündən davam edən xaos, Əfqanıstan təhlükəsizlik qüvvələrinin zəifliyi, uzunmüddətli anti-terror əməliyyatlarının nəticəsizliyi (Pentaqon 2018-ci ildə Əfqanıstanda 45 milyard dollar xərcləməyi planlaşdırır) ABŞ-ı böhran bataqlığından çıxmaq üçün alternativ yollar axtarışına vadar edib. Vaşinqton əvvəlcə Kabil hökumətini taliblərlə dialoqa məcbur etmək istəyib. Nəticədə, bu ilin fevralında Əşrəf Qəni onlara ilkin şərt irəli sürmədən danışıqlara başlamağı təklif edib, üstəlik, «Taliban» hərəkatının legitimliyini tanımağa, Kabildə onlar üçün nümayəndəlik açmağa hazır olduğunu bildirib. Lakin taliblər hər zaman olduğu kimi, bu dəfə də hökuməti ölkənin qanuni rəhbərliyi saymadıqlarını bəyan ediblər. Bu üzdən, onlar rəsmi Kabillə hər hansı danışıqlar aparmaq niyyətində olmadıqlarını bir daha hökumətin nəzərinə çatdırıb. «Taliban» hesab edir ki, vaxt onların xeyrinə işləyir. Çünki ölkədə parlament və qarşıdan gələn prezident seçkisilə əlaqədar siyasi böhran dərinləşməkdədir. Bundan başqa, taliblər bütün ölkəboyu törətdikləri terror aktları və digər diversiya aktları ilə ABŞ-ı Əfqanıstandan çıxmğa məcbur edəcəklərini düşünürlər. Üstəlik, son zamanlar Vaşinqtonun siyasi dairələrində buna çağırış daha tez-tez səslənir. «Taliban» bu ilin martında Əfqanıstanla bağlı Daşkənddə təşkil olunmuş konfransa dəvəti də bu üzdən rədd edib.

Taliblər rəsmi Kabillə yalnız bəzi məqamlarla bağlı sövdələşməyə razıdır: məhbusların mübadiləsi, bu ilin iyununda olduğu kimi, qısamüddətli atəşkəs və s. Həmin vaxt Qəni 3 günlük barışığa çağırış etmiş və uzun illər ərzində ilk dəfə Əfqanıstanda 3 gün ərzində partlayış, atəş səsi eşidilməmişdi. Lakin hökumətin atəşkəsin müddətini uzatmaq təklifi taliblər tərəfindən rədd olunmuşdu.

Bütün bunlar Birləşmiş Ştatların özünü taliblərlə danışıqlara vadar edib. Onlarla iyulda Qətərin paytaxtı Dohada keçirilmiş ilk görüşə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisinin müavini Elis Uellsin başçılıq etdiyi nümayəndə heyəti yollanmışdı.

Bu ilin sentyabrında isə əfqan əsilli amerikalı diplomat, ABŞ-ın Əfqanıstandakı sabiq səfiri Zalmay Xəlilzadə Əfqanıstanda barışıq üzrə xüsusi nümayəndə təyin olunub. Əfqanıstanda keçirilmiş parlament seçkisindən 1 həftə əvvəl o, yenə də Dohada «Taliban» nümayəndələrilə bir araya gəlib. Lakin görüşün uğurlu keçdiyini söyləmək mümkün deyil. Çünki seçki günü taliblər ölkənin, demək olar ki, hər yerində terror aktları törədiblər.

Beləliklə, Əfqanıstanda keçirilmiş parlament seçikinin ilkin nəticələri noyabrın 10-dan sonra məlum olacaq. Hazırda ölkədə çoxtərəfli sövdələşmələrin getdiyinə şübhə yoxdur – indi müxtəlif dairələr seçkinin legitimliyini tanıyıb-tanımamaq qərarı üzərində baş sındırır. Məlum olan odur ki, bu seçki Əfqanıstanı sülhə bir addım da olsun yaxınlaşdırmayıb.



MƏSLƏHƏT GÖR:

312