20 Aprel 2024

Şənbə, 02:41

GEOSİYASİ DETEKTİV

Jurnalist Qaşıqçının qətlilə bağlı yaranmış qlobal hiddətə söz azadlığının heç bir aidiyyəti yoxdur

Müəllif:

01.11.2018

Türkiyə hökumətinin «Washington Post» qəzetinin səudiyyəli icmalçısı, 2017-ci ildən ABŞ-da yaşayan Camal Qaşıqçının yoxa çıxdığını bəyan etməsilə, əsl geosiyasi detektiv başlayıb. Jurnalist sənəd qeydiyyatı məqsədilə oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olub və o andan Qaşıqçını heç kəs görməyib.

 

Versiyalar

Ər-Riyad jurnalistik ölüm faktını yalnız oktyabrın 20-də qəbul edib. O vaxtadək iddia olunurdu ki, Qaşıqçı konsulluq binasını tərk etdikdən sonra itkin düşüb. Lakin sonda Səudiyyə Ərəbistanı mətbuatı Baş Prokurorluğun baş verənlərlə bağlı açıqlamasını yayıb. Açıqlamada bildirilir ki, «köşə yazarı konsulluq əməkdaşları ilə gözlənilmədən yaranmış mübahisə sonunda ölüb». «Bunu edənlər səlahiyyətlərini aşıb. Aydındır ki, dəhşətli yanlışlıq baş verib və onu gizlətmək cəhdləri vəziyyəti daha da ağırlaşdırıb», - deyə krallığın xarici işlər naziri Adel əl-Cubeyr Amerikanın Fox News telekanalına açıqlamasında bildirib. Artıq baş verənlərlə əlaqədar 18 nəfər saxlanılıb, ümumi kəşfiyyat xidməti rəhbərinin müavini Əhməd Asiri və krallıq dəftərxanasının məsləhətçisi Səud əl-Kahtani vəzifələrini itiriblər.

Bu arada «Reuters» agentliyi və ABC News telekanalı Səudiyyə hökumətindəki yüksəkrütbəli mənbələrinə istinadən jurnalistin qətlə yetirilməsi planının, həqiqətən də, olmadığını xəbər verir. Məlumata görə, həmin gün Səudiyyə Ərəbistanından məhz Qaşıqçı ilə bağlı gəlmiş şəxslər sadəcə, onu vətəninə dönməyə razı salmalı imişlər. Bu zaman jurnalist hədələnib, müqavimət göstərdiyi zaman isə onun ağzını tutmağa cəhd olunub («boğucu» fənd). Nə baş veribsə, bu anda baş verib. Məlumata görə, hadisəni gizlətməyə çalışan bu şəxslər jurnalistin cəsədini xalçaya büküb, konsulluğa məxsus avtomobillə konsulluqdan çıxarıb və İstanbulda yaşayan «yerli silahdaşları»na təhvil veriblər. Daha sonra cinayətin iştirakçılarından birinin diplomatik missiyadan əynində mərhum jurnalistin paltarı ilə çıxdığı müşahidə kameralarına düşüb.

Nəhayət, Səudiyyə hökumətini jurnalistin konsulluq ərazisində öldüyünü etirafa Türkiyənin mövqeyi məcbur edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, «prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı kralı ilə söhbətindən sonra Ər-Riyad əlaqəyə daha asan çıxmağa başlayıb və nə vacibi, gec və təzyiq qarşısında olsa belə, qətli etiraf edib». Hadisənin istintaqını isə prezident Ərdoğan şəxsi nəzarətinə götürüb. Türkiyə Daxili İşlər Nazirliyinin istintaqı çərçivəsində Baş Konsulluğun binasına baxış keçirilməsi qərara alınıb.

Türkiyə KİV-nin «rəsmi dairələrdən sızan» məlumatlara əsasən verdiyi xəbərlərdə bildirilir ki, Qaşıqçının qətli zamanı onun «ağıllı qol saatı» qoşulub və onun vasitəsilə audio-video informasiyalar «bulud»a ötürülüb. O anda jurnalistin «iPhone»u konsulluğun qarşısında gözləyən, Türkiyə vətəndaşı olan nişanlısında imiş. Qadın «bulud»a qoşulmaq üçün tələb olunan kodu bilir…

Müxtəlif mənbələrin məlumatına görə, audioyazıda Qaşıqçının döyüldüyü, daha sonra ona iynə vurulduğu və diri-diri doğrandığı aydın bilinir. «Washington Post»un məlumatına görə, Türkiyə tərəfi jurnalistin işgəncələrə məruz qaldığını və öldürüldüyünü təsdiqləyən audio-video məlumatları ABŞ-ın dövlət katibi Mayk Pompeoya verib. Lakin bu məlumatı həm Çavuşoğlu, həm də Pompeo təkzib edir.

Nəhayət, oktyabrın 23-də Türkiyə prezidenti Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasından olan parlamentarilər qarşısındakı çıxışında Qaşıqçının qətlinin əvvəldən planlaşdırıldığını, qətlin son dərəcə amansızcasına, barbarcasına həyata keçirildiyini bildirib, şübhəlilərin məhkəmə qarşısına İstanbulda çıxarılmasına çağırış edib. Ərdoğanın sözlərinə görə, Səudiyyə Ərəbistanı kralı ona bu işdən məlumatsız olduğunu söyləyib: «Kralın səmimiyyətinə şübhə etmirəm».

 

Ziddiyyətli şəxs

Qərb KİV-i Qaşıqçını ölkəsinin ən cəsarətli, mütərəqqi mütəfəkkirlərindən biri, islahatçı hərəkatın fəal üzvü, Səudiyyə Ərəbistanı hakimiyyətinin ən ardıcıl tənqidçisi kimi tanınırdı. Bununla yanaşı, 59 yaşlı jurnalist çox ziddiyyətli baxışları və meyilləri ilə də yadda qalıb. Onun zəngin tərcümeyi-halından bəzi faktlara nəzər salaq.

Gəncliyində «Müsəlman qardaşlar» qruplaşmasına yaxın olmuş Qaşıqçı, güman ki, bu yaxınlığı bütün ömrü boyu davam etdirib. Amma bu, onun Qərbdə təhsil almasına, uzun müddət Səudiyyə monarxiyasına yaxınlığı ilə tanınmasına mane olmayıb.

1980-ci illərdə Qaşıqçının Əfqanıstan mücahidlərilə əlaqələri olub, üstəlik, o, şəxsən Üsəma ben Laden ilə dostluq edib. 2011-ci ildə Amerika xüsusi təyinatlılarının Ben Ladeni məhv etdiyi vaxt Qaşıqçı «Twitter» sosial şəbəkəsindəki səhifəsində «göz yaşı tökürdü»: «Əfqanıstanın xoşbəxt günlərində sən gözəl idin, cəsarətli idin. Nifrət, qorxu hələ səni əhatə etməmişdi».

Qaşıqçı Londonda «Əlcəzair demokratiyasının dostları» hərəkatını yaratmış, ölümündən az əvvəlsə təbliğat işlərilə məşğul olan «Müasir ərəb dünyasında demokratiya» təşkilatını təsis etmişdi. Vaxtilə jurnalist «ərəb baharı»na heyranlığını ifadə edirdisə, sonradan onu sərt tənqid atəşinə tuturdu.

Qaşıqçı tanınmış nəsildən idi. Onun babası Səudiyyə Ərəbistanının birinci kralını müalicə edib, əmisi tanınmış silah alverçisidir, əmisi oğlu Dodi əl-Fayed isə şahzadə Diananın sevgilisi olub. O, 1985-ci ildə İndiana ştatında universiteti bitirdikdən sonra evinə qayıdıb və ingilisdilli qəzetdə iş həyatına başlayıb. Qaşıqçının uğurlu jurnalist karyerası məhz oradan start götürüb. Kral ailəsinə yaxınlığı baxımından onu adi jurnalist adlandırmaq çətin idi. Qaşıqçı şahzadə Əl-Valid ibn Talal (sonradan vəliəhd Məhəmmədin həbs etdirdiyi milyarder investor) ilə dost olub, uzun illər Səudiyyə kəşfiyyatına rəhbərlik etmiş, daha sonra ölkəsinin Böyük Britaniyadakı və ABŞ-dakı səfiri olmuş şahzadə Turki ibn Feysəlin məsləhətçisi işləyib.

Qaşıqçı Səudiyyə Ərəbistanının radikal islam sahəsində eksperti kimi də tanınırdı. Onun fikirlərinə Qərb KİV-də kifayət qədər tez-tez rast gəlinirdi. Problem 2015-ci ildə taxt-taca sahib çıxmış kral Salmanın oğlu, vəliəhdə Məhəmmədə geniş səlahiyyətlər verməsilə başlayıb. Bundan sonra Qaşıqçının «Twitter» sosial şəbəkəsində belə, nəsə yazması qadağan olunub və o, ABŞ-a yollanıb. Artıq Amerikada jurnalist vəliəhdi son dərəcə sərt tənqid etməyə başlayıb. Ölümünə az qalmış o, ailə həyatı qurmağa və İstanbulda yaşamağa hazırlaşırdı.

 

Özünün oyunu

Qaşıqçının qətli bir andaca kriminal hadisədən geosiyasi fırtınaya çevrilib. Amma təəssüf ki, səbəb dünyanın söz azadlığına hücumdan, yaxud jurnalistin belə amansızlıqla qətlə yetirilməsindən hiddətlənməsi deyil. Hər halda, dünyanın müxtəlif ölkələrində onlarla KİV təmsilçisi həlak olur və bəzən ölüm halları daha faciəvi (söz azadlığı baxımından) şəkil alır. Lakin həmin hadisələrə reaksiya bu qədər kəskin olmur. Üstəlik, Qaşıqçı ölümünə ən yüksək səviyyədə reaksiya veriləcək dərəcədə görkəmli jurnalist deyildi. Əvəzində, onu qarışıq tərcümeyi-halı və idealları ilə Yaxın Şərqin, həmçinin orada milli maraqları olan üçüncü dövlətlərin bütün siyasi və iqtisadi ziddiyyətlərinin təcəssümçüsü saymaq olardı. Odur ki, nə qədər qəribə səslənsə də, onun qətlinin əsl səbəbi (təsadüf, kiminsə qəzəbini saxlaya bilməməsi və ya planlaşdırılmış qisas) o qədər də vacib deyil. İndi daha önəmlisi bu qətlin hansı nəticələr verəcəyidir.

Birincisi, ilk növbədə, ABŞ bütün dünyanın gözündə son dərəcə etibarsız dövlət imici qazanıb. Vaşinqton özündə insan haqlarının qatı müdafiəçisi imicini yaratmaq üçün əlindən gələni edir. Odur ki, bu məsələdə amerikalılar susmamalıdır. Lakin o, Yaxın Şərqdəki ən vacib müttəfiqi, nəhəng siyasi və iqtisadi tərəfdaşı, neft idxalçısı olan Ər-Riyadla münasibətləri korlamaq da istəmir. Yalnız onu xatırlatmaq kifayətdir ki, ABŞ prezidentləri bu posta seçildikdən sonra ilk səfərlərini, adətən, qonşu dövlətlərdən birinə edirlərsə, Donald Tramp ilk rəsmi səfərlə Səudiyyə Ərəbistanına getmişdi. Bu üzdən, Ağ Evin hazırkı rəhbərinin «Səudiyyə Ərəbistanı ilə tərəfdaşlıqdan imtina etmək» istəməməsi anlaşılandır. O, «qətlin qəsdən törədilmədiyi» versiyasına inanmaq istəyir. Bunun fonunda daha bir maraqlı məqam ondan ibarətdir ki, Qaşıqçının Səudiyyə Ərəbistanında dərc edilməsi məhz Ər-Riyad-Tramp münasibətlərini tənqid etdiyi üçün qadağan olunmuşdu.

Nəhayət, bu yerdə ən maraqlı məqam – Vaşinqtonda Trampla heç də hər kəs razı deyil. Artıq Konqres ona təzyiq etməyə başlayıb. Konqresmenlərin bir çoxu hesab edir ki, Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunmalı, silah sövdələşmələri dondurulmalıdır. Məsələn, nüfuzlu respublikaçı senator Lindsi Qrem insidenti şəxsən özü üçün təhqir saydığını bildirib.

Digər Qərb ölkələrində də reaksiyalar oxşardır. Almaniya artıq Krallığa silah ixracını dayandırıb, Kanada isə dəyəri milyardlarla olan müdafiə müqaviləsini pozacağını deyir. Bundan başqa, dünyanın bir çox nəhəng şirkətlərinin rəhbərləri Səudiyyə Ərəbistanının təşəbbüsü ilə keçirilən və «Səhrada Davos» adlandırılan investisiya konfransında iştirakdan imtina edib. Söhbət BVF-nin rəhbərindən, «Standard Chartered», «Credit Suisse» kimi banklardan, HSBC-nin Britaniya nümayəndəliyindən, «Societe Generale», «JP Morgan Chase» kimi qurumların baş direktorlarından, «Uber»in baş icraçı direktorundan və s. gedir. «New York Times», «Bloomberg» və CNN də daxil olmaqla, bir çox media qrupu isə Səudiyyə Ərəbistanındakı jurnalistlərini geri çağırıb, Avstraliya, Çexiya, Yeni Zelandiya kimi ölkələrin nümayəndə heyətləri Krallığa səfərdən imtina edib. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin də Səudiyyə Ərəbistanına biletini geri qaytarmalı olub.

Bu fikir ayrılıqları ABŞ-ın hazırkı siyasi rəhbərliyindəki mövcud parçalanmanın nə qədər dərin olduğunu bir daha ortaya qoyur. Səudiyyə Ərəbistanı-ABŞ əlaqələrinin tarixində ən nəhəng silah sövdələşməsi olan, 2017-ci ilin mayında Tramp tərəfindən imzalanmış 110 milyard dollarlıq müqavilə Ağ Ev rəhbərinin böyük nailiyyəti sayılır və o, ABŞ üçün, həqiqətən də, çox sərfəli razılaşmadır. Lakin Trampın opponentləri 500 min iş yerinin bağlanmasına, yaxud «The Times»ın qeyd etdiyi kimi, «Səhrada Davos»u boykot etmiş Qərb liderlərinin boşluğunu Rusiyanın doldurmasına» belə, razıdır. ABŞ-da keçiriləcək aralıq seçkisi ərəfəsində hərənin «öz oyunu» gedir və onun öz qaydaları var.

Bununla yanaşı, Vaşinqtonda siyasi isteblişmentin əksər nümayəndəsi Trampı sevmirsə, Səudiyyə Ərəbistanında da deyəsən, əksəriyyət hakimiyyətin tamamilə öz əlində cəmləmiş vəliəhd Məhəmməd ibn Salmanı bəyənmir. Qərb KİV-dəki tənqidçilər onun kral ailəsinin 4 üzvünün həbsinə dair göstərişini, Livanın baş naziri Saah Həririyə təzyiqlərini, Qətərə tətbiq etdiyi sanksiyaları, Yəməndə başlatdığı hərbi əməliyyatları xatırladır.

Bununla yanaşı, bin Salmandan yalnız Krallıqda deyil, ABŞ-da da narazılıq var. Artıq Birləşmiş Ştatlarda şahzadə Məhəmmədin nüfuzunu itirdiyinə, onu kral ailəsinin başqa nümayəndəsinin əvəzləməsinin vacibliyinə dair fikirlər eşidilir. «Le Figaro» yazır ki, ABŞ-da kral Məhəmməd bin Salmandan ən çox narazı olan MKİ-dir (onun rəhbəri Cina Haspel məlum hadisədən dərhal sonra İstanbula göndərilib). MKİ «bin Salmanın 2017-ci ilin yayında əmisi oğlu, şahzadə Məhəmməd ibn Naifi taxt-tacdan kənarlaşdırması ilə barışa bilmir. Çünki o, Səudiyyə Ərəbistanının terrorla mübarizəsinin siması və Amerika xüsusi xidmət orqanlarının sevimlisi idi».

Qaşıqçının qətlindən sonra oynamağa başlamış geosiyasi partiya Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı rəqabət istiqamətində də oynarır. Bu, ilk növbədə, Səudiyyə Ərəbistanının ABŞ və İsraillə birlikdə eyni cəbhədə dayandığı İran vasitəsilə baş verir. ABŞ-ın müttəfiqi, üstəlik, Ər-Riyaddan fərqli olaraq, NATO üzvü olan Türkiyəninsə İrana, Fələstin probleminə, Suriyaya, həmçinin «Müsəlman qardaşlar» təşkilatına öz yanaşması var. Hazırda Səudiyyə Ərəbistanına açıq meydan oxuyan Ərdoğan bununla öz mövqelərini gücləndirməyə çalışır. Lakin o, açıq ad çəkməməklə, kral Salman haqda hörmətli ifadələr işlətməklə, manevr, danışıqlar imkanını da qoruyub saxlamağa çalışır.

Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətinin necə dəyişəcəyi, bu «detektiv»ə cəlb olunmuş tərəflərin hansı itkiləri verəcəyi, hansı qazanclarla çıxacağını yaxın gələcək göstərəcək. İnsan ölümü isə əlbəttə ki, kədərli hadisədir…



MƏSLƏHƏT GÖR:

314