29 Mart 2024

Cümə, 04:38

ARZU, YOXSA HƏRƏKAT?

Gürcüstanın yeni prezidentinin adı ümumxalq səsverməsinin ikinci turunda bəlli olacaq

Müəllif:

01.11.2018

Gürcüstan son dəfə prezidentini ümumxalq səsverməsilə seçir. Prezident seçkisinin oktyabrın 28-də keçirilmiş ilk turunda qalib məlum olmayıb. İkinci tura «hakimiyyət partiyası»nın dəstəklədiyi Salome Zurabişvili ilə müxalifətin namizədi Qriqol Vaşadze keçiblər.

 

25-dən 2-si

Gürcüstan Konstitusiyasına edilmiş dəyişikliyə əsasən, 2024-cü ildən ölkə prezidentini parlamentin müəyyənləşdirdiyi nümayəndələr seçəcək. Yəni prezident dövlət başçısı və Silahlı Qüvvələri Ali Baş Komandanı olaraq qalacaq, məhbusların əfv edilməsi, parlamentin qəbul etdiyi qanunlara veto qoymaq, referendum təyin etmək səlahiyyətlərini özündə saxlayacaq. Lakin o, bütün qərarlarını hökumətlə razılaşdırmalı olacaq. İcraedici hakimiyyətin işində əsas rolu məhz hökumət oynayacaq.

Bu seçkinin spesifik xüsusiyyəti 6 il müddətinə seçiləcək prezidentin artıq məhdud səlahiyyətlərlə işləyəcəyindədir. Lakin bu, Gürcüstan prezidenti postunu tutmaq istəyənlərin sayına təsir göstərməyib. Seçkidə ümumilikdə 25 namizəd mübarizə aparıb. Lakin onlardan heç biri ilk turda qələbə üçün tələb olunan 50 % səsi yığa bilməyib. İlk yerləri ölkənin sabiq xarici işlər nazirləri Salome Zurabişvili ilə Qriqol Vaşadze tutublar. Müvafiq olaraq 38,6 və 37,75% səs yığmış bu namizədlər mübarizəni ikinci turda davam etdirəcəklər.

66 yaşlı Salome Zurabişvili Fransada gürcü emiqrantların ailəsində doğulub, orada yaşayıb. O, seçkiyə partiyasız, bitərəf namizəd kimi qatılıb. Lakin onu Gürcüstanın faktiki lideri sayılan milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi «Gürcü arzusu» partiyası da dəstəkləyir. Partiya seçki kampaniyasının gedişində Zurabişviliyə istər partiya fəalları tərəfindən, istərsə də maliyyə baxımından dəstək verdiyini açıq şəkildə bəyan edib. Yeri gəlmişkən, İvanişvilinin bundan əvvəlki layihəsi – hazırkı prezident Georgi Marqvelaşvili ikinci müddətə dövlət başçısı seçilmək istəməyib. O, səlahiyyətləri məhdud prezident olmaq istəmədiyini bildirib.

60 yaşlı Qriqol Vaşadzeyə gəlincə, o, Gürcüstanın sabiq prezidenti, «Vahid Milli Hərəkat»ın (VMH) yaradıcısı Mixail Saakaşvilinin ən davamlı tərəfdarlarındandır. Ona Saakaşvilinin şəxsi dəstəyini sabiq prezidenti Gürcüstan vətəndaşı olan holland əsilli həyat yoldaşı Sandra Rulofsun Vaşadzenin seçki kampaniyasında fəal iştirakı da göstərib. Mtasmind rayonundakı seçki məntəqəsində Vaşadzeyə səs verən sabiq birinci ledi onun qələbəsinə əminliyini ifadə edib.

Vaşadze, həqiqətən də, Zurabişviliyə əsl rəqib olub. Halbuki çoxları ikincinin ilk turdaca qələbə qazanacağını düşünürdü. VMH-nin namizədinin ikinci tura yüksəlməsi birincisi, Gürcüstanda hakimiyyətə 2012-ci ildə gəlmiş «Arzu»nun artıq əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənmədiyini, ikincisi, eks-prezident Saakaşvilinin partiyasının hələ də ölkədə ciddi güc olduğunu ortaya qoyub.

Beləliklə, Gürcüstanın seçki kampaniyası əslində kölgədə qalmağa üstünlük verən lider Bidzina İvanişvili ilə hazırda Niderlandda mühacirətdə olan, lakin ölkəsində ali hakimiyyətə iddiasını gizlətməyən Mixail Saakaşvilinin mübarizəsi sayıla bilər. Doğrudur, sonuncunun tərəfdarları 2003-cü ildə Saakaşvilini hakimiyyətə gətirmiş miqyaslı etiraz aksiyaları təşkil edə bilməyib. Bu və seçicilərin fəallığının zəif olması (MSK xəbər verir ki, səsverməyə seçicilərin cəmi 46,74%-i qatılıb) əhalinin siyasi proseslərə müəyyən qədər laqeyd olduğunu göstərir. Bu, həm də vətəndaşların əksəriyyətinin ölkənin əsas siyasi partiyalarının sosial-iqtisadi problemləri tez bir zamanda çözəcəyinə, ən başlıcası, Gürcüstanın ərazi bütövlüyünü bərpa edəcəyinə inanmaması ilə bağlıdır.

Politoloq Giya Xuxaşvilinin bu haqda dedikləri də təsadüf deyil: «Elektorat pislə daha pis arasında seçim etməlidir. Fikrimcə, namizədlərdən heç biri seçicilər üçün cəlbedici deyil. Demək, resursları daha çox olan qalib gələcək».

«Resurslar» kontekstində qeyd edilməlidir ki, gürcü ekspertlərinin hesablamalarına görə, bu seçki ölkənin postsovet dövrünün ən «çirkli» seçkisi olub. Qarşı-qarşıya duran tərəflər ortaya bir-birləri haqda kompromatlar qoymaqdan çəkinməyib. Xüsusilə müxalifət dairələri Salome Zurabişvilinin seçki kampaniyasına saxta hesablardan böyük məbləğlər ödənildiyini bəyan ediblər. Məlumata görə, həmin hesablar mövcud seçki qanunvericiliyindən yayınmaq məqsədilə açılıb - namizədin bir mənbədən maliyyələşdirilməsini qadağan edir.

Hakim partiya isə öz növbəsində, Qriqol Vaşadzeni Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğu dövrdə DTK ilə əməkdaşlıqda, sonradan isə SSRİ XİN-nin nüvə silahlarının ləğvi departamentində vəzifə tutmaqda günahlandırıb.

Vaşadze, təbii ki, ittihamları cavabsız qoymayıb. O, da «Gürcü arzusu»nun liderlərinin karyerasında «Moskva izi» axtarmağa başlayıb. VİH-nin tərəfdarları Rusiyada milyardlar qazanmış Bidzina İvanişvilini ənənəvi olaraq, Kremllə əməkdaşlıqda günahlandırıblar. Şəxsən Zurabişvilini isə Vaşadze 2008-ci ilin avqustunda baş vermiş müharibəyə görə məsuliyyəti Tbilisinin və ozamankı prezident Mixail Saakaşvilinin üzərinə atdığı üçün sərt tənqid edib.

 

Tərəfdaşlıqda «təhlükəli bəyanatlar»a yer yoxdur

Ümumiyyətlə, Rusiya ilə münasibətlər Gürcüstanda prezident seçkisi yarışında böyük yer tutur. Məlum olduğu kimi, 2008-ci ilin avqust müharibəsindən sonra iki ölkə arasında münasibət, demək olar ki, tam kəsilib. «Gürcü arzusu»nun hakimiyyətə gəlişilə Tbilisi-Moskva dialoqu bir qədər canlansa da, münasibətlərin normallaşdırılması istiqamətində miqyaslı iş aparılmayıb. Bu, özünü sadəcə tərəflərin qarşılıqlı olaraq hərbi ritorikadan imtinasında göstərib. Ümumilikdə isə vəziyyət əvvəlki kimidir: Gürcüstan Avratlantik yolla gedişini davam etdirir, bu isə Tbilisidən qisasını Suxumi və Sxinvalinin onun nəzarətindən yalnız faktiki yox, həm də hüquqi baxımdan çıxarmaqla almış Rusiyanın maraqlarına ziddir.

Budəfəki seçki kampaniyasından o da bəlli olub ki, Gürcüstanın siyasi elitası arasında sərt daxili mübarizə getsə də, onların xarici siyasətlə bağlı fikir ayrılıqları yoxdur. «Gürcü arzusu» və VMH də daxil olmaqla, ölkənin aparıcı siyasi qüvvələri Avratlantik məkana inteqrasiya, Avropa İttifaqı və NATO-ya üzvlük yoluna sadiqdir. Məsələ sadəcə, çalarlardadır: Vaşadze Abxaziya ilə Cənubi Osetiyanın geri qaytarılmasınadək Moskva ilə münasibətlərin normallaşdırılmasına qarşıdırsa, Zurabişvili «Arzu» rəhbərliyi kimi, Moskva ilə dialoqun inkişafını lazım bilir. Bununla yanaşı, nə qədər ki, Kreml Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyır, onunla münasibətlərin yaxşılaşdırılmasını Zurabişvili də real saymır.

Bu məqam Gürcüstan əhalisinin Rusiya ilə mehriban qonşuluq münasibətləri arzusunda olan hissəsində müəyyən ümid yaradır. Məsələn, Gürcüstan parlamentinin «Gürcüstan vətənpərvərlərinin alyansı» fraksiyasının deputatı Georgi Lomiya deyir ki, əgər prezidentliyə namizədlər Qriqol Vaşadze ilə «Avropa Gürcüstanı» partiyasının lideri David Bakradze Rusiya ilə dialoqun Tbilisiyə heç nə verməyəcəyini, onunla Qərbin köməyilə danışılmalı olduğunu bildirirlərsə, Zurabişvili belə düşünmür.

Beləliklə, böyük əminliklə, demək olar ki, Gürcüstanın xarici siyasəti ikinci turda məlum olacaq yeni prezidentin dönəmində də hər hansı prinsipial dəyişikliyə məruz qalmayacaq. Bu, Gürcüstanın Cənubi Qafqazdakı qonşuları ilə münasibətlərinə də aiddir.

Ekspertlər deyir ki, ölkədə prezident seçkisi ikinci tura Gürcüstan azərbaycanlılarının mövqeyi üzündən qalıb. Onların əksəriyyəti Qriqol Vaşadzeni dəstəkləyir. Əksər ekspertlərin fikrincə, bunun səbəbi Salome Zurabişvilinin seçkiqabağı kampaniya dövründə ermənilərin yaşadığı Cavaxetiyada səsləndirdiyi qalmaqallı bəyanatlardır. «Hakimiyyət partiyası»nın namizədi çıxışlarında insanlara Gürcüstan vətəndaşlığının verilməsi haqda danışarkən bildirib ki, eks-prezident Mixail Saakaşvili dövlət başçısı olduğu dövrdə bu məsələdə etnik türklərə üstünlük verib. «Bu vaxtadək vətəndaşlıq yalnız prezidentin qərarı ilə verilirdi. Mənim opponentim olan bir prezident çox sayda türkə vətəndaşlıq versə də, bu haqqı sizə tanımayıb», - deyə Zurabişvili Cavaxetiya bölgəsində yaşayan ermənilərə müraciətində bildirib (o, bölgənin Gürcüstan vətəndaşı olmayan erməniləri nəzərdə tutub).

Prezidentlik yarışının favoritinin bu fikri yalnız Gürcüstanın azərbaycanlı icmasının üzvləri tərəfindən deyil, bir çox gürcü siyasətçisi, həmçinin ictimai təşkilatlar tərəfindən də sərt qarşılanıb. Məsələn, «Gürcüstanın demokratik təşəbbüsü» qeyri-hökumət təşkilatının sədri Georgi Mşveniradze prezidentliyə namizədin bu bəyanatını «çox təhlükəli» fikir adlandırıb və bunun «türkfobiyaya yol açdığını» bildirib. «Bu bəyanat Türkiyənin yaranmasınadək mövcud olmuş Osmanlı imperiyasına müəyyən qədər problemli münasibətdə olan etnik qrupa ünvanlanırsa, onun təhlükəsi ikiqat artır», - deyə Mşveniradze qeyd edib.

Gürcü politoloq Vladimir Sxvediani də prezidentliyə namizədin «milli kartlar»dan istifadəsinin ölkədə millətləarası problemə yol aça biləcəyini deyib. Onun fikrincə, bu, ermənilər arasında separatçı əhvalı stimullaşdıra, Gürcüstanın yaxın tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə münasibətlərini korlaya bilər. «Maraqlıdır ki, prezidentliyə namizədin, hətta bəlkə də gələcək prezidentin ksenofob bəyanatları Gürcüstan üçün, onun iştirakı ilə reallaşdırılmış beynəlxalq nəqliyyat layihələri üçün strateji əhəmiyyət daşıyan bölgədə səsləndirilir. Halbuki, Gürcüstanın iqtisadi perspektivi məhz bu layihələrlə bağlıdır. Bu layihələr yaxın qonşularımız olan Türkiyə və Azərbaycanla dostluq münasibətlərini, qarşılıqlı səmərəli əməkdaşlığımızı inkişaf etdirir», - deyə V.Sxvediani bildirib.

Bütün bunlarla yanaşı, «hakimiyyət partiyası»na yaxın şəxslər «tamamilə tolerant şəxs olan» Salome Zurabişvilinin sözügedən bəyanatlarının azərbaycanlılara heç bir aidiyyətinin olmadığını deyir.

Lakin istənilən halda, Zurabişvili həmin fikirlərilə Azərbaycanla Türkiyədə də narahatlıq yaradıb. Tbilisinin iki qonşusu və ən yaxın iqtisadi tərəfdaşları olan bu ölkələrin KİV-də prezident seçkisi yarışının favoritinin fikirləri sərt tənqid olunub. Əvəzində, onun dedikləri erməni separatçılarının iştahını artırıb və bu, özünü «Rusiyadakı Cavaxk diasporu»nun Gürcüstandakı həmvətənlərinə müraciətində də göstərib. Müraciətdə aşkar separatçı çağırışlar yer alıb, ermənilər «desentralizasiynı, «Cavaxk»a (ermənilərin yaşadığı Samsxe-Cavaxetiya bölgəsi) daha geniş özünü idarəetmə hüquqlarını prioritet sayan namizədə» səs verməyə çağırılıb. Sənədin müəllifləri hesab edir ki, həmin namizəd «Cavaxk ərazisində demilitarizasiya zonasının yaradılmasını, «Cavaxk»ın erməni icmasının ən azı 1 üzvünü prezident administrasiyasında işə götürülməsini, «Cavaxk»ın etnik ermənilərinin itirilmiş vətəndaşlıqlarının geri qaytarılmasını, onlara ikili vətəndaşlıq verilməsini» vacib sayır…

Müraciətdə namizədin adı çəkilməsə də, müşahidəçilər sadalanan prioritetlərin, demək olar ki, hamısının Zurabişvilinin seçkiqabağı vədləri olduğunu deyir.

İstənilən halda, hələ də yarışın favoriti hesab olunan Salome Zurabişvili Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu deyir. Qriqol Vaşadze isə öz növbəsində, VMH-nin ənənəvi mövqeyindən çıxış edir. Söhbət Gürcüstanla Azərbaycan arasında ən sıx dostluq və müttəfiqlik münasibətlərinin dəstəklənməsindən gedir. Demək, seçkinin nəticəsindən asılı olmayaraq, Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji məğzi dəyişməyəcək. Bu əməkdaşlıq bundan sonra da Cənubi Qafqazın geosiyasətində əsas amillərdən biri olaraq qalacaq.



MƏSLƏHƏT GÖR:

318