25 Aprel 2024

Cümə axşamı, 14:42

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ – IV HİSSƏ

Njde və nasistlər: bolqar izi

Müəllif:

01.11.2018

2018-ci ilin yanvarından rusdilli erməni mətbuatında bir informasiyanın fəal şəkildə yayımına başlanılıb: Bolqarıstanın şimal-şərqində yerləşən Pliska şəhərindəki «Kirilitsa həyəti» tarixi-mədəniyyət kompleksində müxtəlif xalqların və ölkələrin yazıçılarının, mütəfəkkirlərinin 80 abidəsi arasında Qaregin Njdenin tunc heykəli də ucaldılacaq. Kompleksin yaradıcısı Karen Aleksanyan onu «görkəmli xadim və filosof» kimi təqdim edib. Amma təəssüf ki, bu insanın tərcümeyi-halında İkinci Dünya müharibəsi illərində nasistlərlə mütəmadi və hərtərəfli əməkdaşlıq etdiyinə dair faktlar var. Üstəlik, onun kollaborasionizmi üçüncü ölkələrə, məsələn, SSRİ və ya Türkiyəyə qarşı yox, məhz Bolqarıstanın özünə və qonşusu Makedoniyaya qarşı yönəlmişdi.

Əlbəttə, nasistlərin Bolqarıstana və bolqar xalqına qarşı fəaliyyət göstərmiş əlaltısının abidə ucaldıb-ucaltmamaq, bununla da, faktiki olaraq nasizmi qəhrəmanlaşdırıb-qəhrəmanlaşdırmamaq Bolqarıstan hökumətinin daxili işidir. Biz, sadəcə, Beynəlxalq Nürnberq Tribunalının qərarına əsasən, onun Bolqarıstana qarşı hansı cinayətləri həyata keçirdiyini göstərmək istəyirik.

Hərbi-siyasi kəşfiyyatın VI idarəsinin hərbi əsir düşmüş əməkdaşı Pyotr Kamsarakanın 1949-cu il yanvarın 10-da verdiyi və Rusiya Dövlət Arxivinin SSRİ Xalq Daxili İşlər Komissarlığı Fondunda saxlanılan, maşında yığılmış 18 səhifəlik ifadəsində (onu Njde şəxsən əməkdaşlığa cəlb etmişdi) nasistlərin bu əlaltısının «icarədar»ları (bəli, məhz «icarədar»ları. Çünki o, Bolqarıstana qarşı SD-ausland-ın maraqlarına uyğun kəşfiyyat işini yalnız maddi ödəniş qarşılığında edib) qarşısındakı xidmətləri detallı şəkildə əks olunub. Sənədin detallarına varmadan, Njdenin Hitler Almaniyasının kəşfiyyat orqanları ilə əməkdaşlığının əsas istiqamətlərini təqim edirik.

1940-cı ilin martında Njde Avropadakı erməni diasporunun VI idarənin SS-in oberşturmbanfüreri, İmperiya Təhlükəsizliyi Baş İdarəsinin Avstriyadakı məsul şəxsi Vilhelm Hettlin simasında əməkdaşlıq təklif etdiyi ilk nümayəndəsi olub. Hettl bunu erməni əsilli işçisi Pyotr Kamsarakan vasitəsilə edib. Njde nəinki təklifi sevincə qəbul edib, həm də özünün «Seqakron» və ya «İrqçilər» təşkilatı adından «Daşnaksutyun» partiyasının tanınmış xadimlərilə bağlı tövsiyə məktubları da yazıb. Partiyanın Avropa, Mərkəzi və Cənubi Amerika, Balkanlar və Yaxın Şərqdəki yerli strukturları alman hərbi və hərbi-siyasi kəşfiyyatına məhz onun vasitəsilə cəlb olunublar. Beləliklə, Njde erməni diasporunun SSRİ və Böyük Britaniya ərazisindəkilər istisna olmaqla, demək olar ki, bütün siyasi strukturlarının Üçüncü reyxə xidmət etməsinə nail olub. Doğrudur, bu işdə Njde daha fəal Drastamat Kananyan («Dro») tərəfindən kənara itələnmişdi və 1942-ci ilədək proseslərdən kənarda qalmışdı. Çünki «Daşnaksutyun» nasistlərlə əməkdaşlıq üçün Hitler Almaniyası ilə bütün diaspor adından özünün danışması barədə şərt irəli sürmüşdü. Məhz bu üzdən nasistlər 2 il Njde və «İrqçilər» qrupundan olan silahdaşlarının xidmətindən istifadə etməyib. O zaman daşnak partiyası daha böyük idi və onun yerli təşkilatları daha çox şaxələnmişdi. Bu üzdən o, mövcud olduğu ölkələrdən nasistlərə lazım olan informasiyaları daha asan toplayırdı. Amma Njdenin qrupu ideoloji baxımdan daşnaklardan çox nasistlərə yaxın idi.

1942-ci ilin aprelində Njde Abverlə əməkdaşlığa dəvət olunur. O, tapşırığa əsasən, Bolqarıstanın erməni əsilli vətəndaşlarından ibarət (o zaman Bolqarıstan krallıq idi) 10 nəfərlik kəşfiyyat-diversiya qrupu yaradır. Məqsəd qrupun Ermənistana və Qızıl Ordunun arxa cəbhəsinə göndərilməsi idi. Lakin alman qoşunları cəbhədə uğur qazanmağa başladığından, az sonra Abverin ona marağı azalır və o, Təhlükəsizlik Xidmətinin tabeliyinə keçir. Njdenin yaratdığı qrup yarım il ərzində Berlin yaxınlığında xüsusi təlim keçir və Krıma aparılır. Lakin hərbi vəziyyət dəyişdiyindən, birbaşa təyinatı üzrə istifadə olunmur, 1944-cü ilin yanvarında isə Bolqarıstana qaytarılır.

Bundan sonra qrupdan Türkiyəyə, yazdan etibarən isə Bolqarıstanın özünə qarşı istifadə olunmağa başlanır. O zaman Njde Berlindən Sofiyaya qayıtmışdı və ona bütün tərəfdarlarını Təhlükəsizlik Xidmətilə əməkdaşlığa cəlb etmək tapşırılmışdı.

Njdenin Bolqarıstan ərazisində SD-ausland-ın maraqlarına uyğun casusluq fəaliyyətinə 1944-cü ildə VI idarəsinin Vyanadakı səlahiyyətli nümayəndəsi, SS-in hauptşturmfüreri Maydl, Təhlükəsizlik Xidmətinin mərkəzi aparatının VIE şöbəsinin Bolqarıstan üzrə referenti, hauptşturmfürer Praç və Təhlükəsizlik Xidmətinin Sofiyadakı səlahiyyətli nümayəndəsi, SS-in hauptşturmfüreri Koob rəhbərlik ediblər. Məlumatı Njdedən məhz onlar alır, onun agenturasını məhz bu şəxslər maliyyələşdirirdilər.

Onlarla Njde arasında vasitəçi və ya «əlaqələndirici» isə artıq adını qeyd etdiyimiz Kamsarakan olub. Agentlərə pulu da o çatdırıb - hər ay ona 100 min bolqar levi verilirmiş.

Njdenin agenturası Bolqarıstan hökumətinin Hitler Almaniyasına və müttəfiqlərinə qarşı istənilən əməli və qərarı haqda, Bolqarıstan kommunistlərinin və türk diplomatlarının fəaliyyəti haqda məlumatları toplayaraq ünvanına çatdırmalı idi. Onun əlaltılarının bəziləri isə təxribatçı və casus qismində Türkiyənin Avropa hissəsində çalışmalı, Türkiyənin Bolqarıstanla sərhədindəki türk qoşunlarının sayı və yerləşməsi haqda məlumat yığmalı, onların arasında antihitler koalisiyasına daxil olan dövlətlərdən təlimçilərin, dəstələrin olub-olmadığını müəyyənləşdirməli idi. Ədalət naminə qeyd etmək lazımdır ki, Njdenin «Seqakron» və ya «İrqçilər» təşkilatından olan əlaltıları ilə nasist Almaniyasının hərbi-siyasi kəşfiyyatı arasında belə sıx və məhsuldar əməkdaşlıq uzun çəkməyib. Cəmi 2 ay davam etmiş (1944-cü ilin iyulundan sentyabrınadək) bu əməkdaşlıq Sovet qoşunlarının bir güllə belə, atmadan Bolqarıstan ərazisinə girməsilə sona çatıb. Maraqlıdır ki, Hitler Almaniyasının hərbi süqutunun qaçılmaz olduğu ortaya çıxdıqdan sonra belə, Njde və əlaltıları ona sadiqlik nümayiş etdiriblər. 1944-cü ilin yayının hərbi-siyasi reallığında onlar asanlıqla kənara çəkilə, nasist kəşfiyyatı ilə əlaqəni kəsə bilərdilər. Lakin bu dəstənin nasizmə simpatiyası o qədər böyük idi ki, onlar sağlam düşüncənin, özünü qoruma instiktinin əksinə olaraq, əməkdaşlığı sonadək davam etdiriblər.

Qaregin Njde «Seqakron»dan olan silahdaşlarından fərqli olaraq, heç zaman nasistlərin adi əlaltısı sayılmayıb. 1943-cü ildə o, SD-ausland tərəfindən Bolqarıstanın qonşusu Makedoniya ərazisində keçirilmiş əməliyyatın əsas fiqurlarından olub. Bu haqda məlumatlara istər Təhlükəsizlik Xidmətinin əməkdaşı Pyotr Kamsarakanın ifadələrində, istərsə də həmin əməliyyatın təşkilatçısı, SS-in oberşturmbanfüreri Vilhelm Hettlin alman (1953), ingilis (1955) və rus dillərində (1991) çap olunmuş «Məxfi cəbhə» memuarlarında rast gəlinir. P.Kamsarakan həmin əməliyyat haqda bunları danışıb: «1943-cü ilin mayında o zaman «E» şöbəsinin referentı olan Hettl mənə Bolqarıstandan məlumat aldıqlarını dedi. Bildirilirdi ki, agent makedoniyalılar Şərq cəbhəsində Almaniyanın vəziyyətinin ağırlaşması ilə əlaqədar problemlər yaradır, Təhlükəsizlik Xidmətində çalışmaqdan boyun qaçırırlar. Bu qurumun makedoniyalılar arasındakı agentləri sırasında mərkəzi Zaqrebdə yerləşən Makedoniya Daxili İnqilab Təşkilatının rəhbərləri də var idi. Bu partiyanın lideri Vanço Mixaylov, onun silahdaşları doktor Çilev və Burov bizim Sofiyadakı agentlərimiz idilər. Hettl onlara qarşı repressiyalara əl atmaq istəmədiyindən və Njdenin makedoniyalılarla əməkdaşlıq etdiyi bildiyindən təşkilata bizə lazım olan istiqamətdə təzyiq göstərmək üçün ondan istifadə etmək qərarına gəldi. 1943-cü ilin mayında Hettl bu məqsədlə Berlində Njde ilə görüşdü və ona Zaqrebə Vanço Mixaylovun yanına getməyi tapşırdı. Njde makedoniyalılardan kəşfiyyat məlumatlarının kəsilməsini önləməli idi. Njde tapşırığı qəbul etdi. İyunun əvvəlində mən Njde ilə birlikdə Zaqrebə yollandım. Hettl bizim gələcəyimizi Mixaylova əvvəldən demişdi və o, Njdeni gözləyirdi. Zaqrebdə Yelaçiç meydanındakı hoteldə yerləşdik. Səhəri gün Njde maşınla şəhərdən kənardakı villada yaşayan Mixaylovun yanına yollandı. İki gün ərzində Njde bu məsələni həll etdi və Mixaylov Sofiyada olan doktor Silevə Təhlükəsizlik Xidmətilə əməkdaşlığa davam tapşırığı verəcəyini bildirdi. Mən onların söhbətində işitirak etməmişəm. Njde məni Mixaylovun yanına alman dili tərcüməçisi qismində yalnız vidalaşmaq üçün gedərkən apardı. Zaqrebdən Berlinə qayıtdıq və orada Njde Hengelhaupta tapşırığı yerinə yetirdiyinə dair məruzə etdi. Mən isə müvafiq məruzə hazırlayaraq Hettlə verdim. Sonradan Hettldən öyrəndim ki, makedoniyalılar kəşfiyyat işlərini son anlaradək davam etdiriblər».

Həqiqətən də, Hettlın «Məxfi cəbhə»də yazdıqlarına inansaq, o, Vanço Mixaylovdan son dəfə yalnız 1945-ci il mayın ortalarında ayrılıb. Bu, müasir Astriya ilə Slovakiyanın sərhədində yerləşən Alt-Auszee adlı kurort zonasında baş verib. Bu yer Təhlükəsizlik Xidməti arxivlərinin toplanması və Avropadakı Amerika işğalçı komandanlığının əməkdaşlarına təhvil verilməsi üçün seçilibmiş. Hər halda, İmperiya Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri, SS-in oberbriqadenfüreri, polis generalı Ernst Kaltenbrunner adyutantları ilə birlikdə amerikalılara məhz burada təslim olmuşdu ki, bu da təəccüblü deyil. Çünki onun özü əslən bu diyardan idi. 1945-ci il iyunun ortalarınadək xorvat ustaşlarının lideri Ante Paveliç də bu ərazilərdə gizlənib. Hettl də 1953-cü ilədək orada qalıb və Britaniya hərbi kəşfiyyatının (MI-6) tapşırığı ilə memuarlar üzərində işləyib.

Balkanların yeni dövrə aid tarixində Vanko Mixaylov daha çox 1934-cü il oktyabrın 9-da Marseldə (Fransa) Serbiya kralı Aleksandr I Karageorgiyeviçin və Fransanın xarici işlər naziri Lui Bartunun qətlilə əlaqədar «şöhrət qazanıb». Hettlın xatirələrinə inansaq, onun həyat yoldaşı da özünə bənzər olub: «Avstriyanın reyxə birləşdirilməsindən bir neçə il əvvəl xanımı barəsində Makedoniya Müstəqillik hərəkatının məhkəməsi tərəfindən ölüm hökmü çıxarılmış bir bolqar siyasətçinin qətlində bilavasitə iştirak etmişdi. Qadın siyasətçini Vyana Dövlət Operasının lojasındaca güllələmiş, qaçmağa cəhd belə göstərmədən, Avstriya polisi tərəfindən saxlanılmışdı».

Başqa sözlə, Njde Bolqarıstanın düşmənlərinin, beynəlxalq terrorçuların liderlərinin yaxın dostu olub. Lakin bu gün Bolqarıstan erməniləri Pliska şəhərində ona «görkəmli filosof» kimi, abidə ucaltmaq istəyir.

Əlbəttə ki, ölkə ərazisində kimə abidə qoyulmasına, kimə qoyulmamasına Bolqarıstan hökuməti qərar verir. Onlara bununla bağlı heç kəs göstəriş verə bilməz və bilməməlidir. Bununla yanaşı, biz BMT Baş Assambleyasının 2013-cü il dekabrın 13-də «Nasizmin qəhrəmanlaşdırılması, müasir irqçiliyə yol açan, irqi ayrı-seçkiliyi, ksenofobiyanı və bunlarla əlaqəli dözümsüzlükləri canlandıran digər hallarla mübarizə» adlı qətnamə (A/RES/68/150) qəbul etdiyini xatırlatmaq istəyirik. Bu sənədə əsasən, Bolqarıstan torpağında Njdeyə abidə ucaldılması nasizmin qəhrəmanlaşdırılmasının müasir forması kimi qiymətləndirilə bilər. Bu, faktiki olaraq, Üçüncü reyxin xeyrinə Bolqarıstın xalqına və qanunlarına qarşı cinayət törətmiş şəxsin şəxsiyyətinin göylərə qaldırılmasıdır.

Vətəndaşı olduğun ölkəyə qarşı pul qarşılığında casusluq eləmək bütün zamanlarda bu əməlin siyasi məqsədlərindən asılı olmayaraq, ən alçaq və ağır dövlət cinayəti sayılıb. Njde isə nəinki Bolqarıstana qarşı nasist Almaniyasının maraqlarına uyğun casusluq edib, üstəlik, bunun üçün Bolqarıstan krallığında yaşayan ermənilər vasitəsilə casuslar şəbəkəsi yaradıb, onların sıralarından nasistlərin Qafqazdakı hərbi kəşfiyyat işlərinə adamlar cəlb edib. Muzdlular isə hər zaman, hər yerdə, bütün silahlı münaqişələrdə qanunsuz sayılır – onları ələ almış şəxslər kimi. Beynəlxalq terrorçularla dostluq isə ən azı ekstremizm formasında cinayətə aiddir. Belə çıxır ki, Njde nəinki nasistlərin əlaltısı, həm də satqın, casus, ekstremist və muzdluları ələ alan şəxs olub.

Belə bir insana abidə ucaldılması Bolqarıstanın nəyinə gərəkdir?



MƏSLƏHƏT GÖR:

344