16 Noyabr 2018

Cümə, 05:28

VALYUTA

PAŞİNYAN TAYM-AUT GÖTÜRDÜ

Bakı İrəvana daxili siyasi burulğandan çıxması və danışıqlar masası arxasına qayıtması üçün vaxt verdi

Müəllif:

01.11.2018

Başa çatmaqda olan 2018-ci il, güman ki, yaddaşlarda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş ili kimi qalmayacaq. Ermənistanda baş vermiş «məxməri inqilab» Konstitusiya dəyişikliyi və saxtalaşdırılmış parlament seçkisi nəticəsində hakimiyyətini bu dəfə baş nazir qismində uzatmağa çalışan Serj Sarqsyanın kriminal-oliqarx hakimiyyətinə son qoyub. Küçə etirazlarının lideri Nikol Paşinyan isə hökumət başçısı kürsüsünə əyləşdikdən sonra həlli vacib olan problemləri çözmək əvəzinə, devrilmiş elitanın nümayəndələrilə savaşa, bununla da, hakimiyyətini daha da gücləndirmək cəhdlərinə başlayıb. Nəticədə, elə bir vəziyyət yaranıb ki, sözdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olan hazırkı Ermənistan rəhbərliyi əməldə danışıqlar formatının dəyişdirilməsi kimi aşkar qəbuledilməz şərtlər irəli sürməklə, substantiv danışıqlardan yayınır.

Paşinyan hakimiyyətdə olduğu bir neçə ayda kifayət qədər ziddiyyətli bəyanatlar səsləndirib. O, ya Bakını Dağlıq Qarabağdakı marionet rejimlə danışıqlara çağırıb, gah aşkar təxribatçılığa gedərək, işğal olunmuş ərazilərin Ermənistana birləşdirilməsinin qaçılmaz olduğunu deyib. Aydındır ki, Koçaryan-Sarqsyan cütlüyünün «Qarabağ klanı»nı korrupsiyada, qanunsuzluqda günahlandıran Paşinyan mümkün «ərazilərin boşaldılması» qərarı halında radikal millətçi dairələrin əks-hücumu ilə üzləşəcəyindən qorxur. Məhz bu riski neytrallaşdırmaq üçün Ermənistan prezidenti Armen Sarqsyan ilə baş nazir Nikol Paşinyan az qala hər ay Dağlıq Qarabağa baş çəkir, separatçı rejimin hərbi və siyasi rəhbərliyilə müzakirələr aparırlar. Öz övladlarını hərbi xidmətə Qarabağa göndərməklə isə Paşinyan və onun müdafiə naziri populizmi, «Qarabağ məsələsi»nə loyallıq nümayişini beynəlxalq hüquq normalarından da yuxarı tutduqlarını nümayiş etdiriblər.

Paşinyanın lazımsız fikirlərini bir kənara qoysaq, onun qarışıq bəyanatları əslində İrəvanın məzmunlu danışıqlara hazır olmadığını göstərir. Məsələ ondadır ki, Paşinyan və hökuməti çətin kompomis razılaşmaya getmək gücündə deyil. Çünki bu razılaşma istənilən halda, ilk addım kimi erməni silahlılarının Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasını nəzərdə tutacaq. Artıq Nikol Paşinyanın «xalq hərəkatı və demokratiya»nın Ermənistana ciddi maliyyə yardımı gətirəcəyi, Qarabağ nizamlanmasında əlavə siyasi-diplomatik dəstək qazandıracağı haqda xülyaları da yox olmaqdadır. Paşinyanın anlayışına və dəstəyinə bel bağladığı hər kəs – Moskva, Vaşinqton, Paris və Brüssel onu ATƏT-in Minsk qrupu çərçivəsində yaranmış danışıqlar formatını pozmamağa, əsasını məşhur «Madrid prinsipləri»nin təşkil etdiyi gündəliyə sadiq qalmağa çağırıb.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz «EVN Report»a bu ölkədəki diplomatik missiyasının başa çatması münasibətilə verdiyi müsahibədə bildirib ki, işğal olunmuş ərazilərin bir qismi boşaldılmadan, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. «Mən ilk dəfə buraya gəldikdə qarşıma çıxan əksər erməninin mövqeyindən çox təəccüblənmişdim. Onlar danışıqlar prosesinin bir hissəsi kimi, işğal olunmuş torpaqların geri qaytarılmasına qarşıdırlar. Ermənistanın faktiki olaraq, məqbul qərarlar və kompromislərlə bağlı müzakirələr aparmaması məni təəccübləndirir», - deyə Millz bildirib.

ABŞ Dövlət Departamentinin bu yaxınlarda Bakı və İrəvana səfər etmiş rəsmisi cənab Kent isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi bazanın BMT TŞ-nin 4 məlum qətnaməsi olduğunu açıq şəkildə bəyan edib.

Amerikalı diplomatların sözləri ermənilər üçün əsl soyuq duş təsiri bağışlayıb. Çünki onlar hakimiyyət dəyişikliyindən sonra Rusiyanın dəstəyini qoruyub saxlamaqla yanaşı, Qərbdən də dəstək ala biləcəklərini düşünürdülər. Beləliklə, Paşinyan və hökuməti danışıqlara sıfırdan başlanılmalı olduğu, üstəlik, prosesdə marionet Dağlıq Qarabağ rejiminin də iştirakının vacibliyi haqda bəyanatları unutmaq məcburiyyətində qalıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yayın əvvəlində Minsk qrupu həmsədrlərinin təşkil etdiyi Nyu-York görüşündə də substantiv, yəni məzmunlu danışıqlara başlanılmasının vacibliyi bildirilib, prosesə separatçı rejimin qoşulması ehtimalı haqda isə ümumiyyətlə, söhbət getməyib. Üstəlik, Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Patruşev erməni həmkarı ilə Moskvada keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə tərəfdar olduqlarını açıq şəkildə ifadə edib.

Beləliklə, görünən odur ki, ölkə daxilində qısa müddətə də olsa effekt verən populist şüarlar beynəlxalq arenada işləmir. Paşinyanı dolaşdığı paytaxtlarda mehribanlıqla qarşılayıb, dostcasına yola salsalar da, onun gözlədiyi maliyyə axını gəlib çıxmır. Ona həmin ölkələrdə sadəcə, bir şeyi izah ediblər: xarici maliyə yardımı, ən başlıcası isə investisiya axını üçün sabit və uzunmüddətli xarakterə malik hökumət qurulmalı, islahatlar aparılmalı və Azərbaycan, Türkiyə kimi qonşularla münasibətlər qaydaya salınmalıdır.

Ermənistanın yeni hökumətinin böyük həcmli maliyyə yardımı xahişini (İrəvan 1 milyard avroluq yardıma ümid edirdi) Avropa İttifaqı ilə kansleri Angela Merkelin bu yaxınlarda regiona səfər etdiyi Almaniya da Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişə bağlayıb. Başqa sözlə, bu baş verməzsə, Ermənistan nəqliyyat blokadasından çıxa bilməyəcək və bazarlar onun üzünə bağlı qalacaq. Hər halda, İrəvanın silahlanmaya, Azərbaycan ərazilərini işğalda saxlanmasına öz zəif iqtisadiyyatına uyğun olmayan həcmdə vəsait xərclədiyi vaxtda ona ciddi maliyyə yardımının göstərilməsi məntiqsiz olardı. Üstəlik, bu, həm də dolayısı ilə İrəvanın işğalçı siyasətinə dəstək anlamına gəlir. Odur ki, Brüssel Ermənistana maliyyə yardımını son dərəcə azaldıb, ona «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində ayrılan qrantın həcmini isə cəmi 10 milyon avroya qaldırıb.

Bütün bunların fonunda Ermənistanın maddi durumu pisləşməkdə davam edir. Yalnız Paşinyanın ölkəyə rəhbərliyi dövründə Mərkəzi Bankın ehtiyatları 10% azalıb. Vergi yığımında da çətinliklər var. Amerikanın sanksiyaları dolayısı ilə Ermənistana da zərbə vurur. Məsələn, ABŞ-ın sanksiyalar siyahısına düşmüş rusiyalı oliqarx Oleq Deripaska sahib olduğu ARMENAL-ı çətin vəziyyətə salıb. O, əvvəllər istehsal etdiyi alümin folqanın 70%-ni (dəyəri 50 milyon dollardan çox) ABŞ-a ixrac edirdi. İndi isə bu müəssisə istehsalı saxlamaq, işçilərini ödənişsiz məzuniyyətə göndərmək məcburiyyətində qalıb. Moskvadan kredit alınacağına ümidlər də doğrulmur. Buna səbəb həm Rusiyanın özünün üzləşdiyi çətinliklər, həm də Paşinyan hökumətinə olan inamsızlıqdır. Ermənilərin ABŞ-ın maliyyələşdirdiyi «Minilliyin çağırışı» proqramının bərpası cəhdləri də baş tutmayıb. Çünki Ermənistan statistik məlumatlarla manipulyasiyası üzündən gəliri orta səviyyədən yuxarı olan dövlətlərin siyahısına daxil edilib. Sözügedən proqram isə yalnız ən yoxsul ölkələrə yardımı nəzərdə tutur.

ABŞ-da yaşayan politoloq Ağasi Yenokyan Ermənistanın «Aravot» qəzetində dərc etdirdiyi «Tələsik seçkinin Qarabağ səbəbi» adlı məqaləsində yazır ki, Qarabağ nizamlanmasında zaman və məzmun məhdudiyyəti var, «onları dəyişmək və ya təxirə salmaq Nikol Paşinyanın gücü daxilində deyil, çünki bu haqda razılaşmalar Ermənistandan kənarda əldə olunub». Paşinyan seçkini gələn ilə saxlamağa və artıq imzalanmış Qarabağ razılaşması ilə mayda seçkilərə getməyə ehtiyat edir, çünki dərhal radikallar və millətçilərin basqısına məruz qalacağını dərk edir. Amma Paşinyan onu da bilir ki, danışıqların uzadılması və ya prosesdən yayınma təmas xəttində miqyaslı hərbi qarşıdurmaların bərpası ehtimalını artırır. Bu halda uğursuzluğun məsuliyyəti onun çiyinlərinə düşəcək. Ermənistan hökumətinin problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu deməsinə rəğmən, 2019-cu ilin dövlət büdcəsində müdafiə xərclərini 25% artırmaq qərarı da təsadüf deyil. Yeni büdcədə bu rəqəm 626,3 milyon dollar olacaq. Məbləğin 100 milyon dolları bundan əvvəl Rusiyadan alınmış kredit əsasında hərbi texnikanın alınmasına sərf olunacaq.

Göründüyü kimi, Paşinyan bir yandan silahlanmanı gücləndirir və Qarabağ münaqişəsilə bağlı populist bəyanatlar verir, digər tərəfdən Ermənistanın xarici işlər naziri, təcrübəli diplomat Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla konstruktiv dialoq aparır. Nazirlər bu il artıq 2 görüş keçirib. Üstəlik, ATƏT-in Minsk qrupu həmsədrlərinin tezliklə İrəvana və Bakıya səfər edəcəkləri də bəyan olunub. Onlar iki ölkənin XİN başçısının bu ilin dekabrında daha bir dəfə görüşməsi üzərində işləyirlər.

Paşinyanın özü isə MDB-nin Düşənbə sammitindən yararlanaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə qısa «ayaqüstü» söhbət edib. Tərəflər təmas xəttində gərginliyin azaldılması yolları, qəfil atışmalar və insidentlərin qarşısının alınması üçün yüksək siyasi və hərbi dairələr arasında operativ əlaqənin yaradılması imkanları haqda danışıblar. Sonradan bu haqda açıqlama verən Paşinyan görüşdən məmnunluğunu gizlətməyib: «Biz razılaşdıq. Azərbaycan tərəfilə etibarlı operativ əlaqə yarandı. İndi deyə bilərik ki, istənilən informasiya yarım saat sonra Azərbaycan Prezidentinə çatacaq. Onların informasiya verəcəyi təqdirdə, isə o, mənə çatdırılacaq».

Qoşunların təmas xəttində, həqiqətən də, sakitlikdir. Lakin bu, Paşinyanın rahat şəkildə parlament seçkisi keçirməsi üçün yox, konkret nəticələrə hesablanmış danışıqlar üçün əlverişli atmosferin yaradılması üçün edilib. Bakıda anlayırlar ki, çətin kompromislərə görə məsuliyyəti yalnız Ermənistan parlamentində dayanıqlı çoxluğa malik hökumət üzərinə götürə bilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da RİA «Novosti»yə müsahibəsində deyib: «İrəvandakı hakimiyyət dəyişikliyi və indiyədək müşahidə olunan siyasi turbulentlik prosesi müəyyən mənada dayandırıb. Ümid edirik ki, yaxın vaxtlarda Ermənistan rəhbərliyi mövcud format çərçivəsində və məlum gündəlik əsasında danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək».

Bu arada siyasətçilərin, analitiklərin və KİV-in diqqəti məlum səbəblərdən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun regiona səfərinə yönəlib. Bolton Bakıda verdiyi açıqlamada bildirib ki, «Dağlıq Qarabağ münaqişəsinin həlli strateji nöqteyi-nəzərindən bizim üçün də vacib əhəmiyyət daşıyır». Bu baxımdan, Vaşinqton bütün tərəfləri Rusiyadan silah almamağa çağırır. Bolton prezident Trampın Ermənistana və Azərbaycana silah satışını qadağan edən 907-ci düzəlişi dayandıra biləcəyini də söyləyib.

İrəvanda isə C.Bolton bildirib ki, Ermənistan üçün xarici təzyiqləri azaltmağın ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Danışıqlar masası üzərində hansı sənədin olacağı, müzakirələrin hansı heyətlə aparılacağına dair sualı cavablandırmaqdan yayınan məsləhətçi bildirib ki, o, hadisələri qabaqlamaq istəmir və Ermənistanın ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməsindən məmnundur.

Beləliklə, Dağlıq Qarabağ probleminin həlli prosesində müəyyən taym-aut götürülüb. Düzdür, intensiv danışıqlara diplomatik hazırlıq həm münaqişə tərəfləri, həm də vasitəçi fövqəldövlətlər tərəfindən davam etdirilir. Lakin qarşıdan gələn növbədənkənar parlament seçkisində qələbə qazanacaq Paşinyan danışıqlarla deyil, imitasiya ilə məşğul olacaqsa, qoşunların təmas xəttindəki sakitlik uzun sürməyəcək.



MƏSLƏHƏT GÖR:

6