28 Mart 2024

Cümə axşamı, 19:54

HUMANİTAR MƏRKƏZ

Bakı dünyanı narahat edən məsələlərin müzakirə yerinə çevrilib

Müəllif:

01.11.2018

Bakı Beynəlxalq Humanitar Forumunun humanitar xarakterli məsələlərin, dinlərarası münasibətlərin müzakirəsi, mədəniyyətlərarası dialoq üçün vacib qlobal meydana çevrildiyi heç kəsə sirr deyil. Forum mövcud olduğu illər ərzində qabaqcıl ideyaların akkumulyasiya yerinə çevrilib. Sonradan dünya ölkələrinin liderləri və ekspertlər məhz bu ideyaları özləri üçün əsas götürür.

Oktyabrın 25-26-da Azərbaycan paytaxtında növbəti – VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Onun əsas mövzusu insanın yeni texnologiyalara və müasir həyat reallıqlarına qoşulması yollarının axtarışı olub.

Bu dəfə forum iştirakçılarının tərkibi daha geniş olub: tədbirdə dünyanın 90-dan çox ölkəsi və 24 beynəlxalq təşkilatından 580-dən artıq nümayəndə iştirak edib. Onların arasında BMT baş katibinin iki müavini, ISESCO, IRSIKA, TÜRKPA, TÜRKSOY, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası İttifaq, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri, həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniyadan parlament sədrinin müavinləri, Türkiyə, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirlər və nazir müavinləri, Türkiyə, Qazaxıstan, Tacikistan və Özbəkistan ombudsmanları, həmçinin 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik missiyasının rəhbərləri, elm xadimləri, müxtəlif sahələrə aid çox sayda ekspert olub.

İki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən artıq məruzə dinlənilib. Forum iştirakçıları dünyanın gələcəyini formalaşdıracaq müxtəlif kreativ ideyalarla bağlı fikirlərini, baxışlarını bölüşüb. Bu, şübhəsiz ki, bəşəriyyəti narahat edən ən aktual mövzulardandır.

 

Azərbaycan inkişaf və kreativlik nümunəsi kimi

Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan prezidentlərinin hamiliyilə keçib. Bu, öz-özlüyündə əlamətdar faktdır. Rusiyanın dövlət başçısı Vladimir Putin iş qrafikinin sıxlığı üzündən tədbirə şəxsən qatıla bilməsə də, onun iştirakçılarına təbrik məktubu göndərib. Putinin məktubunu forum iştirakçıların diqqətinə Rusiya baş nazirinin müavini Olqa Qolodes çatdırıb.

«Əminəm ki, siz qiymətli peşəkar təcrübənizi və mütərəqqi praktiki yeniliklərinizi mübadilə edəcək, həmçinin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirə biləcəksiniz», - deyə Rusiya prezidentinin məktubunda bildirilir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev isə öz növbəsində, forumun ilk gününün əsas fiquru olub. Onun tədbir iştirakçıları ilə sərbəst şəkildə müxtəlif dillərdə danışması əksər qonaqların diqqətini cəlb edib.

Prezidentin forumun rəsmi açılış mərasimindəki çıxışı qonaqların Azərbaycanın son nailiyyətləri haqda məlumatlandırılmasına yönəlmişdi. İlham Əliyev qonaqlara Azərbaycan çox gənc dövlət olduğunu və bu yaxınlarda yalnız 27 yaşını qeyd etdiyini xatırladıb. O, üstəlik, müstəqilliyin çox ağır şəraitdə, daxili və xarici təlatümlər fonunda qurulduğunu bildirib. Qonşu Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, nəticədə 1 milyondan artıq insanın qaçqın düşməsini isə prezident «humanitar fəlakət» adlandırıb. İ.Əliyev deyib ki, Azərbaycan bütün bunlara rəğmən, bir çox sahədə, ilk növbədə, iqtisadi sahədə sürətli inkişafa nail olub.

«Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını, demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq», - deyə dövlət başçısı qeyd edib.

O, Azərbaycanın inkişafını insan kapitalının güclənməsilə əlaqələndirib. İ.Əliyevin sözlərinə görə, ölkə təhsilin inkişafına böyük vəsait qoymaqla, gələcəyə inamla baxmaq imkanı qazanıb: «Təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük».

İlham Əliyev ölkə əhalisinin maddi durumunun yaxşılaşdığını da söyləyib, bunun sosial sahədə və səhiyyədə həyata keçirilmiş islahatlar sayəsində mümkün olduğunu bildirib: «Hər il 5 milyondan çox insan dövlət hesabına pulsuz tibbi müayinədən keçir. Yəni bunlar humanitar sahənin çox önəmli hissələridir və bundan sonra da bu istiqamətlər üzrə ardıcıl siyasət aparılacaq».

Dövlət başısı forum iştirakçılarını Bakıda əhaliyə xidmət göstərən 5 «ASAN xidmət» mərkəzindən hər hansına baş çəkməyə dəvət edib. O, bu xidməti «sosial və humanitar sahədə son dərəcə vacib təşəbbüs» adlandırıb.

Prezident çıxışının bir hissəsini ayrıca olaraq nəqliyyat infrastrukturunun inkişafına, Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat habına çevrilməsinə həsr edib. Qonaqların diqqəti böyük potensiala malik «Şimal-Cənub» və «Şərq-Qərb» layihələrinə çəkilib. Prezident İlham Əliyev nəqliyyat əlaqələrinin praktiki olaraq, regionun bütün ölkələrilə mehriban qonuşuluq münasibətlərinin qurulmasına imkan verdiyini də söyləyib.

«Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər», - deyə İ.Əliyev qeyd edib.

Azərbaycanın multikulturalizm və tolerantlığın inkişafı sahəsində oynadığı rol da dünyada humanitar əməkdaşlığın vacibliyini vurğulayır. Ölkə bu istiqamətdə bir çox əhəmiyyətli layihənin müəllifidir. Məsələn, «Bakı prosesi»nə 10 ildə 170-dək ölkə qoşulub. Bu, Bakının dünyanı narahat edən məsələlərin müzakirə olunduğu məkana çevrildiyini bir daha təsdiqləyir.

 

İnnovasiyalar və kreativ

VI Bakı Beynəlxalq Humanitar Forumunun vacib hədəflərindən biri innovativ texnologiyaların, onların kreativ iqtisadiyyatın inkişafına və insanların şüuruna təsirinin təhlili idi.

Azərbaycanın innovativ texnologiyalar sahəsində də dünyadan geri qalmaması, regionda isə şəksiz lider olması sevindiricidir. Ölkədə yüksək texnologiyalara böyük diqqət ayrılır, bu sahəyə ciddi vəsait xərclənir. Artıq bu sahədə müəyyən uğurlar da qazanılıb. Azərbaycan artıq bir neçə ildir ki, iştirakçısı o qədər də çox olmayan beynəlxalq kosmik klubun üzvüdür. Bu yaxınlarda isə Azərbaycanın 3-cü süni peyki fəzaya buraxılıb. Bu, texnoloji inkişaf üçün əlavə impuls olmaqla yanaşı, həm də biznesə yeni imkanlar açır.

Çətinlik ondadır ki, XXI əsrin innovasiyalarını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Lakin kreativ fikirlərin yaradıcılığa yönləndirilməsi və mümkün qədər çox qazanc götürülməsi üçün onlara hazırlaşmaq mümkün və vacibdir. Bakı Forumunun panellərindən biri də məhz buna həsr olunmuşdu. Paneldə diskussiya iştirakçıları bir çox mühüm suala cavab axtarıblar. Onlardan ən başlıcası isə belə idi: sürətlə inkişaf edən innovativ texnologiyalarınn insana və insanlığa xidmət etməsinə necə nail olmalı?

Bakı Forumunun keçirildiyi günlərdə Azərbaycan paytaxtında ilk dəfə beynəlxalq «İnnovasiyalar həftəsi»nin açılışı da təsadüf deyildi.

Ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi «İnnovasiyalar həftəsi» Azərbaycandan və ondan kənardan maksimum sayda gəncin diqqətini yüksək texnologiyalar cəlb etməyə yönəlib. Yüksək texnologiyalar sahəsində ən son yeniliklərin nümayiş olunduğu sərgilər, həmçinin konfranslar, forum və yarışlar buna hesablanıb. «İnnovasiyalar həftəsi»nin iştirakçıları artıq dünyanın ən ağıllı süni intellekti sayılan robot Sofiya ilə söhbətləşmək imkanı əldə ediblər. Cazibədar, ağıllı və dürüst Sofiya Bakı publikasını valeh etməyi bacarıb. Ekspertlər hesab edir ki, yaxın illərdə belə robotlar adi hala çevriləcək və onlar, məsələn, evdə insanın ən yaxşı köməkçisi olacaq. Beləliklə, cəmi bir neçə onillik əvvəl bizim sadəcə, gözəl xəyal saydıqlarımız bu gün reallığa çevrilir.

 

Yalanla mübarizə

Bakı Forumunun daha bir mövzusu «siyasi dezinformasiya»lar olub. AZƏRTAC Dövlət Teleqraf Agentliyilə Rusiyanın TASS agentliyi tərəfindən təşkil olunmuş paneldə «saxta xəbərlər»lə mübarizə yolları axtarılıb. Müzakirəyə qatılanlar qeyd ediblər ki, bu gün yalan informasiyanın sürətlə yayılması informasiya tenxologiyalarının inkişafının, dünyada qarşılıqlı əlaqələrin güclənməsinin yan təsiridir.

Həqiqətə uyğun olmayan informasiyanın yayılması yenilik olmasa da, bu gün sərbəst, idarə olunmayan informasiya sürətlə artmaqdadır. Sosial şəbəkələrdə işıq sürətilə yayılan saxta xəbər tez bir zamanda ictimaiyyətə çatır, bəzən həqiqətən də, lazımlı, dəqiq informasiyanı kölgədə qoyur. Elə hallar olub ki, məqsədli şəkildə yayılmayan bir yalan informasiya bədxah qüvvələrin əlinə keçərək yalan xəbərə çevrilib və insanların etibar etdiyi KİV tərəfindən belə, tirajlanmağa başlayıb. Nəticədə, daha çox insan «dezinformasiya hücumu»na məruz qalıb. Bir sıra hallarda belə informasiyaların qarşısını «söz azadlığına müdaxilə» kimi qiymətləndiriləcək addımlar atmadan almaq mümkün olmur. O üzdən də əksər hallarda məsuliyyət saxta xəbəri yayan jurnalistin üzərində qalır.

İstənilən informasiyanın dəqiqliyini təkrar-təkrar yoxlamaq jurnalistin bilavasitə borcudur. Peşə etikasına çağırış isə heç zaman artıq sayıla bilməz. Bununla yanaşı, saxta xəbərlərin dərhal aradan qaldırılması, onların yayılmasının önlənməsi yalnız dünyanın aparıcı KİV-nin əməkdaşlığı ilə mümkündür. Bununla əlaqədar olaraq, AZƏRTAC ilə xarici ölkələrə məxsus bir sıra informasiya agentliyi arasında əməkdaşlıq sazişləri imzalanıb.

VI Bakı Beynəlxalq Humanitar Forumuna yekun olaraq, Azərbaycanın beynəlxalq mədəni-humanitar əməkdaşlıq sahəsində artan rolunu əminliklə vurğulamaq olar. Bu gün planetdə müxtəlif təhdidlərin güclənməsi onlara ciddi müqavimət üçün də stimuldur. Belə olan təqdirdə, sivil inkişaf vektoruna gənc, inkişaf etməkdə olan ölkədən başqa kim etməlidir? Üstəlik, o, dünyaya mədəniyyət, tolerantlıq, xeyirxahlıq nümunəsi göstərirsə, müxtəlif sahələrdə ali ideallara çatmağa çalışırsa…

Bu yolda növbəti mərhələ V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olacaq. O, gələn il yenə də Azərbaycan paytaxtında keçiriləcək. Bu cür forumlar insan təhlükəsizliyinə, sülhə, ölkələrin dayanıqlı inkişafına töhfə ola bilər.



MƏSLƏHƏT GÖR:

334