24 Aprel 2024

Çərşənbə, 16:11

GÜLƏŞÇİLƏR SEYTNOTDA

Güləş üzrə Azərbaycan yığması qısa zamanda gücünü səfərbər edib Olimpiadaya vəsiqələr uğrunda yarışlara qatılmalıdır

Müəllif:

15.11.2018

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı başa çatıb. Azərbaycan güləşçiləri ilin əsas yarışından 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 5 medalla qayıdıb.

Azərbaycan yığmasında yeganə qızıl medala yunan-Roma güləşində son Avropa çempionumuz Eldəniz Əzizli layiq görüldü. Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov və qadınlardan Mariya Stadnik gümüş medal qazandı. Bürünc medal qazanan güləşçilərimiz isə İrina Netreba və yunan-Romada Rəsul Çunayev oldu.

Bu nəticə ilə millimiz ümumi sıralamada dörd ölkədən geri qaldı. Rusiya 13 medalla (10 qızıl, 1 gümüş və 2 bürünc) birinci yeri tutdu. Yaponiya və ABŞ isə müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib çıxdı. Azərbaycandan bir üst sırada isə Türkiyə qərarlaşdı.

Əslində ötən illə müqayisə etsək, nəticələrimiz yüksəlib. Belə ki, ötən il Parisdə keçirilmiş dünya çempionatında Azərbaycan cəmi 3 medal qazanmışdı. Bu nəticə ilə yığmamız yalnız doqquzuncu yeri tuta bilmişdi. Hətta Gürcüstan və Ermənistan kimi qonşularımız 2 qızıl medal qazanmaqla yığmamızı qabaqlaya bilmişdi. Bu il isə Gürcüstan 9-cu, cəmi 2 bürünc medal qazanmış Ermənistan isə 26-cı sıranı tutdu.

 

Sərbəst güləş

Firdovsi Umudovun rəhbərlik etdiyi sərbəst güləş üzrə Azərbaycan millisi adətən azarkeşləri qızıl medallarla sevindirsə də, bu dəfə 9-cu yerlə kifayətlənməli olub – sərbəst güləşçilərimizin gücü cəmi 1 medala çatıb. “Əlbəttə, medalların sayının çox olmasını istəyərdik, ancaq dünya çempionatı adi turnir deyil. Burada ən güclülər mübarizə aparır. Bu səbəbdən, təmsilçimizin medal qazanmasının özü belə artıq sevindirici məqamdır”- deyə baş məşqçi Firdovsi Umudov nəticələri qiymətləndirib.

Onun sözlərinə görə heyətdə yer almış 4 gənc idmançının təcrübəsizliyi də təsirsiz ötüşməyib. “Zədəli güləşçilərimiz də var idi. Məsələn, Hacı Əliyev, demək olar ki, bir ay məşqlərə qatılmadı. Mundialda çıxış edib-etməyəcəyi belə sual altında idi. Lakin üçqat dünya, Avropa çempionudur, çox istəkli idi. Biz ona inanırıq, ruhdan düşməməlidir. Bu ildən 65 kq-da güləşir. Yenə etimadı doğruldacağına şübhə etmirik. Məni ən çox Şərifovla Alborov məyus etdi. İmkanlarından aşağı səviyyədə çıxış etdilər. Edişeraşvili isə birinci görüşdə zədələndi və bunun bədəlini əvvəl iki dəfə yendiyi ABŞ güləşçisi ilə qarşılaşmada ödədi. Yəni qismətdir, ruhdan düşmək lazım deyil. Cəmaləddinin də çiynində qopma var, gips qoyulub. Böyük ehtimalla Bakıya dönəndən sonra əməliyyat olacaq... ” - deyə baş məşqçi bildirib.

Püşkatmaya münasibət də birmənalı deyil. “Bunu bəhanə gətirmək istəmirəm. Qalib olmaq istəyirsənsə, bütün rəqiblərini yenməlisən. Amma ən güclülərin eyni səbətdə yer alması dəhşətli bir şeydi. Bu dünya çempionatı bizə dərs oldu” - Firdovsi Umudov deyib.

Bununla belə, baş məşqçi nikbindir. Yığmada səhvləri təhlil edib nəticə çıxarmaq, daha çox məşq etməyi düşünürlər. Federasiya rəhbərliyi gənclərə şans vermək və komandada nizam-intizamı gücləndirmək fikrindədir. Lakin təəssüf ki, islahatlara çox vaxt olmayacaq. 2019-cu ildən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar başlayır. Ona görə qısa zaman ərzində millinin əvvəlki nüfuzunu qaytarmaq lazımdır.

 

Yunan-Roma güləşi

Dünya çempionatında yunan-Roma güləşində qazanılan 1 qızıl və 1 bürünc medal Azərbaycanı 60 xalla 4-cü edib. İlk üç sıra isə Rusiya, Macarıstan və Türkiyəyə qismət olub. Bürünc kubokdan Azərbaycanı 15 xal ayırıb. Müqayisə üçün qeyd edək ki, ötən il komandamız 22 xalla 10-cu yerdə qərarlaşmışdı. Ona görə yunan-Roma millimizin builki çıxışını müsbət qiymətləndirmək olar.

Azərbaycana qızıl medal qazandıran yunan-Roma millimizin baş məşqçisi Şaban Donat da komandanın çıxışı ilə bağlı açıqlama verib: “Şadam ki, 55 kq-da Azərbaycanın himnini səsləndirdik. Eldəniz Əzizli öz sözünü söyləyərək qızıl medal qazandı. Bilirdik ki, bizim üçün hər şey çətin olacaq. Bəzi çəkilərdə dəyişikliklər etməli olduğumuzu gördük. Çox güclü dünya çempionatı keçdi. Güləşçilərimiz çətin səbətə düşdü. Ən əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yaxşı hazırlaşıb, Olimpiadaya vəsiqə qazanmaqdır”.

O qeyd edib ki, hakimlərin bəzi qərarları mübahisəli olub: “Buna baxmayaraq, daha güclü olmalıyıq. Bu, güləşdir. Məncə, daha iki medal qazana bilərdik. Elvin Mürsəliyev və Kamran Məmmədovun təsəlliverici görüşlərində hakim səhvləri oldu. Komandamız daha da yaxşı olacaq. Heyətdəki gənclərin uyğunlaşma prosesini geridə qoyması zaman tələb edir. Qızıl medal qazanmaq istəyiriksə, hakimi də, rəqibi də udmalıyıq. Gələn il çoxlu yarış olacaq. Ancaq ən əsas turnir Astanadakı dünya çempionatıdır. Ora ən yaxşı heyətlə, ən güclü güləşçilərlə gedib, uğur qazanmaq istəyirik”.

 

Qadın güləşi

Qadın güləşində qazandığımız 2 medalla 10-cu olduq. Ötən il isə komandamız bir medal belə qazanmamışdı. Yeri gəlmişkən, bu il ilk üç sıra Yaponiya, Çin və ABŞ-a qismət oldu.

Qadın güləşində artıq canlı əfsanə deyə biləcəyimiz Mariya Stadnik gümüş medal qazanıb. Yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi və IV İslam Həmrəylik Oyunlarının çempionu finalda “yapon səddi”ni aşa bilməyib. 19 yaşlı Yui Susaki gücün yaşla əlaqəli olmadığını göstərib. Stadnik isə finaldan sonra özünə arxayınlığın qurbanı olduğunu etiraf edib.

Xatırladaq ki, Azərbaycan millisi bu il Dağıstanda keçirilmiş Avropa çempionatında 18 medal qazanmışdı. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 9-u bürünc medal olmuşdu. Medal sayına görə Rusiyadan sonra 2-ci olsaq da, əyar baxımından Türkiyədən sonra 3-cü sıranı tutmuşduq.



MƏSLƏHƏT GÖR:

299