29 Mart 2024

Cümə, 16:32

QORUYAQ VƏ İNKİŞAF ETDİRƏK

Qafqazda ilk Keramika və Tətbiqi İncəsənət Mərkəzi Azərbaycanda işə başladı

Müəllif:

15.11.2018

Şəki qalası, Şəki Xan sarayı, qədim karvansaraylar... Azərbaycanda heç bir turist marşrutu bu görməli yerlərdən yan keçə bilmir. Dağların ətəyində yerləşən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu turistlərin ən sevdiyi yerdir. Burada keçmişə səyahət etmək, Böyük İpək yolunun tarixindən çox maraqlı şeylər öyrənmək və hətta orta əsr hökmdarlarının taxtında belə oturmaq olar. Buradan qədim Şəki şəhərinin qırmızı kirəmitli damlarının gözəl mənzərəsi açılır. Bu maraqlı ekskursiyadan sonra isə sizi mütləq Şəki pitisinə, üstündən də ətirli Azərbaycan çayının yanında dadlı Şəki paxlavasına qonaq edəcəklər. 

Ancaq Şəki qonaqlarını yalnız qədim abidələri, gözəl təbiəti və dadlı mətbəxi ilə ovsunlamır. Şəki ipəyinin, keramikasının və rəngarəng şəbəkə vitrajlarının şöhrəti bütün dünyaya yayılıb. Çətin ki, hansısa turist özü ilə bu yerlərdən xatirə kimi ipək kəlağayı, saxsı qab və başqa yerli suvenirlərdən alıb aparmasın. İndi isə artıq yerli sənətkarların işini müşahidə etmək imkanı da yaranıb. Özü də bunun üçün uzağa getmək lazım deyil.

 

Saxsı qablar, heykəllər, suvenirlər…

Xan sarayından çıxan kimi siz ABAD Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında olacaqsınız, Mərkəzin rəsmi açılışı bu il oktyabrın sonlarında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə gerçəkləşdirilib.  

Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin yerləşdiyi bina XIX əsrin sonlarında qala divarlarının içərisində tikilmiş beş kazarmadan biridir. O, qəzalı və istismar üçün yararsız vəziyyətdə olub. Lakin «Paşa Holdinq»in dəstəyi ilə bərpadan və bütün lazımi avadanlıqlarla təchiz olunduqdan sonra Şəkinin dulusçuları və digər tətbiqi sənət ustaları burada yeni iş yeri qazanıblar. İndi onlar Mərkəzdə öz məhsullarını istehsal edib satmaqla yanaşı, gənc nəslə sənətin sirlərini də öyrədə bilirlər.

Mərkəzin kuratoru, keramikaçı-rəssam Mir Teymur Məmmədov Azərbaycandan kənarda da məşhurdur. O, mühazirə və master-klasslarla bütün dünyanı gəzib. Bakıya gələn xarici turistlər Mir Teymurun İçərişəhərdəki evini yaxşı tanıyırlar. Fasadı müxtəlif keramika əşyaları ilə bəzədilmiş bu ev artıq bir turizm obyektinə çevrilib. Öz işini sevən sənətkar indi Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində çox həvəslə gəncləri yetişdirir.

"Bu, hazırda Cənubi Qafqazda yeganə belə bir mərkəzdir. Çəkinmədən deyə bilərəm ki, hətta Avropada da beləsi yoxdur. Prezidentin və Birinci xanımının xoş niyyəti və iradəsi sayəsində ilk dəfə Azərbaycan sosial proqramlarda tamamilə yeni yanaşmalar tətbiq etməyə başladı. Bu yanaşmanın əsasında yerli əhalinin öz ənənələrini qorumaqla çörək pulu qazanmaq imkanı əldə etməsi dayanır", - deyə Mir Teymur Məmmədov vurğulayır.

Şəkidə heykəltəraşlıq parkının yaradılması üçün də yer ayırılıb, bu, bir növ çağdaş kreativ heykəllərin açıq hava altında muzeyi olacaq.  

Keramika və Tətbiqi Sənət Mərkəzinin önəmli bir özəlliyi də onunla bağlıdır ki, burada yalnız yerli gildən istifadə edilir. "Bu, bizim prinsipimizdir. Azərbaycan nəhəng gil palitrası ehtiyatına malikdir. Dünya gil palitrasının 128 rəngindən 98-i bizdə var. Gil palitrası nə deməkdir? Hər bir gilin xam şəkildə öz rəngi var – bu, həmin gildə olan oksidlərin göstəricisidir. Bizim torpaqlarımızda isə Mendeleyevin cədvəlinin butun elementləri var", - deyə Mir Teymur Məmmədov bildirir.

Bəs, gil necə qablara və ya suvenirlərə çevrilir? Texnoloji prosesin dərinliklərinə varmadan, qeyd edək ki, Şəkidəki Mərkəzdə eyni zamanda beş yerli gil növündən istifadə olunur və yaxın gələcəkdə daha iki növün də əlavə edilməsi planlaşdırılır. Əvvəl gil bir vannaya toplanır, sonra mikserdə qarışdırılır, daha sonra borularla ələyə yönəldilir. Şliker, yəni gil sıyığı ələkdə süzgəcdən keçirildikdən sonra qəliblərə tökülür. Qalanı bacarıqlı usta əllərinin işidir.  

"İndiyə qədər mən gipslə işləyirdim. Ancaq gips əbədi material deyil. Buna görə də, çoxdan gillə işləməyi öyrənmək istəyirdim və indi ABAD belə bir fürsət yaradıb. Bu, incəsənətlə məşğul olmaq və ailəni dolandırmaq üçün qazanmaq fürsətidir",- deyə heykəltəraş Vahid Elimov bildirir.

Qeyd edək ki, yeni mərkəzdə, ümumilikdə, 40-a yaxın şəkili işlə təmin olunacaq.

 

Qədimlərə gedən ənənələr  

Hələ XIX əsrin ortalarında Şəki keramikası Vyanada keçirilən beynəlxalq sərgidə birinci yerlərdən birini qazanıb. Lakin Azərbaycanda keramika sənətinin kökləri daha dərin keçmişlərə dayanır. "Şəki, Gəncə, Oğuz, Qəbələ... Fikir verin, bizim eradan öncə VI əsrdə Qəbələdə dulusçuluq sobaları tikilib - bu, böyük bir mədəniyyət layıdır. Ən önəmlisi odur ki, keramika ilə avtoxton, oturaq xalqlar məşğul olur. Azərbaycanlılar isə həmişə keramika ilə məşğul olublar. Bunu etmək üçün öz torpağınızı yaxşı tanımalısınız, sobanın tikiləcəyi yeri müəyyən etmək üçün küləyin hardan əsməsini, sobanın ağzını hansı tərəfə yönəltməyi, hansı odundan istifadə edəcəyinizi bilməlisiniz, üstəlik suyun qələvili, yoxsa turşulu olduğunu da öyrənməlisinz", - deyə Mir Teymur Məmmədov sənətin bəzi sirlərini bizimlə paylaşır.  

Dulusçuluq sobalarının, yəni kürələrin tikintisi azərbaycanlılara qədimdən məxsus olan böyük mədəniyyətdir. Keramikaçı rəssamın sözlərinə görə, Mingəçevir su anbarı tikilən zaman çox sayda belə kürə suyun altında qalıb. Lakin onların eskizlərii bu günə kimi Rusiya Dövlət Ermitajında saxlanılır. Qəbələdə də möhtəşəm kürə kolleksiyası mövcuddur.  

Bir sözlə, ənənələr qədim, potensial isə böyükdür. Yalnız qorumaq və inkişaf etdirmək qalır ki, ABAD-ın Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi də bu nəcib işdə ilk addımdır. Yaxın gələcəkdə isə Bakının Nardaran kəndində daha bir belə mərkəzin açılması planlaşdırılır.

"Biz hər zaman irəliləyirik və bütün Azərbaycan belə mərkəzlərlə əhatə olunacaq, bu mərkəzlər hər bir bölgədə milli ənənələri dirçəltməyə kömək edəcək. Axı, hər bölgənin öz ənənələri, öz naxışları, öz emal üslubu var", - deyə usta aydınlaşdırır.

Peşə tarixi öyrədir ki, bir sənətin yaşaması üçün onun ənənə kimi ötürülməsi vacibdir. Bəzən turistlər Şəkidəki Mərkəzin şagirdləri arasında 15 yaşlı qızın ustalarının hərəkətlərini necə həvəslə izlədiyini görəndə təəccüblənirlər. Ancaq təəccüblənməyə dəyməz. Axı, dulusçuluğun əsasını qadınlar qoyub. "Dünyanın ilk saxsısının 18 min yaşı var və onda qadın əlinin izləri aşkarlanıb ", - deyə Mir Teymur Məmmədov bildirir: "Kişilər mamontun dalınca qaçırdılar, onların qab-qacaq düşünəcək halı yox idi. Yemək üçün giləmeyvə və otlar toplayan qadınlar isə torpaqla ünsiyyətdə idilər və təsadüfən keramikanı icad ediblər".

"Mən heykəl düzəltməyi çox sevirəm və Şəkidə belə bir mərkəzin açıldığını eşidən kimi qərara gəldim ki, məktəbdən sonra bura sənət öyrənməyə yollanım", - deyə 15 yaşlı Fəridə Rəsulova bizimlə söhbətində bildirib.

Onun ustadı digər tələbələri kimi Fəridənin də böyük ümidlər verdiyini vurğulayır.

 

Turistlər heyrandır  

Şəki mərkəzində ən çağdaş avadanlıqlar, yapon istehsalı olan elektrik dulus çarxları işlədilir. Mexaniki - ayaq və əllə işləyən dulus çarxlarından da istifadə etmək planlaşdırılır. Bu, turistlərin cəlbi baxımından çox dəyərlidir. Buraya turistlər rahat şəkildə daxil olaraq istehsal prosesini müşahidə edə, bütün suallarına cavab ala bilərlər. Mərkəzin yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq ona turistlər tərəfindən böyük maraq müşahidə edilir.

Şəki Keramika Mərkəzində rastlaşdığımız Yelizaveta Yakovleva və Roza Filippova həkimdirlər – Yakutiyadan Naftalana müalicə üçün gəliblər. Ancaq Gəncə və Şəkini ziyarət etmədən, qayıdan başı isə Bakıda dayanmadan, Azərbaycana səfərin nə önəmi var?  

"Bura çox xoşumuza gəlir, hər şey çox rahatdır, həyatdan tam zövq alırıq. Hazırda burada çox yaxşı hotellər var, internetlə sifariş verdik, gəldik və gördüklərimiz bizi bütünlüklə valeh etdi", - deyə Yelizaveta Yakovleva bizimlə söhbətdə bildirdi.  

"Yaxınlarımıza və dostlarımıza çoxlu fotoşəkil göndərmişik, hamısı heyran qalıb və buraya gəlmək istəyirlər",- deyə Roza Filippova rəfiqəsinə dəstək verdi və qonaq xanımlar mərkəzdə fəaliyyət göstərən «ABAD» etnobutikinə getdilər.  

Yeri gəlmişkən, mərkəzdə fəaliyyət göstərən etnobutiklə qonşuluqda xalçaçılıq otağı da var. Oksana Məcidova və Yeganə Güləhmədova 10 ildən çoxdur ki, bu sənətlə məşğul olurlar. Onların əvvəl işlədiyi sex qapandıqdan sonra xalçaçı xanımlar özəl sifarişlərlə işləməyə başlayıblar. Amma sifariş yığmaq və öz məhsulunu bazarda çıxarmaq elə də asan iş deyil axı. Odur ki, bu məsələdə ABAD yerli xalçaçıların da köməyinə gəlib. İndi rəfiqələr başqa qayğıları kənara qoyub sadəcə xalça toxuyur və böyüməkdə olan nəsli öyrədirlər.  

Ümumiyyətlə, ABAD mərkəzlərinin əsas məqsədləri sırasına ailə biznesini dəstəkləmək, ənənələri gələcək nəsillərə çatdırmaq və ötürmək də daxildir.

 

 

BİZİM MƏLUMAT 

ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi 2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə «ASAN xidmət»in nəzdində yaradılıb. ABAD dekorativ-tətbiqi xalq yaradıcılığı və ərzaq məhsulları istehsalında ailə biznesinə dəstək verir, ailələri istehsal üçün xüsusi təchiz edilmiş konteynerlərlə və digər vasitələrlə təmin edir, brendinq, qablaşdırma, logistika və məhsulların satışında kömək edir, maliyyə yardımı, hüquqi yardım və digər növ yardımlar göstərir.  

Bu günə qədər dekorativ-tətbiqi sənət və ərzaq məhsulları istehsalı ilə məşğul olan 320-dən çox ailəyə dəstək verilib.

ABAD öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Satışların təşkili məqsədilə müxtəlif bölgələrdə və Bakıda etnobutiklər açıb ki, bu da turizm baxımından əlverişlidir.



MƏSLƏHƏT GÖR:

303