25 Aprel 2024

Cümə axşamı, 04:05

«DƏMİR LEDİ»SİZ VƏ DE QOLLSUZ

Merkelin gedişindən sonrakı Avropanın işi necə olacaq?

Müəllif:

15.11.2018

Kompyen şəhərinin yaxınlığında yeni memorial lövhə qurulub. Bu, 1918-ci il noyabrın 11-də Almaniyanın özünü qalib elan etdiyi, 1940-cı ildə isə Hitlerin Fransanı məğlubiyyətin etirafına məcbur etdiyi yerdir. Bu il noyabrın 10-da Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Emmanuel Makron əl-ələ verərək, memorial lövhənin qarşısına gül dəstələri düzüblər. Lövhənin üzərində bu sözlər yazılıb: «Fransa prezidenti Emmanuel Makron ilə Almaniya kansleri Angela Merkel Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü münasibətilə burada fransız-alman barışığının Avropa və dünyanın rifahı üçün nə qədər dəyərli olduğunu təsdiqləyiblər».

Bu, həqiqətən də, böyük jestdir – iki ölkə liderləri nəinki dost münasibətlərini nümayiş etdirib, həm də Avropanın və dünyanın taleyinə görə məsuliyyət daşıdıqlarını etiraf ediblər.

Sonradan, daha dəqiq desək, həmin günün axşamı Birinci Dünya müharibəsinin başa çatmasının ildönümünə həsr olunmuş mərasiminə dünyanın 60-dan çox ölkəsinin başçısı, o cümlədən ABŞ prezidenti Donald Tramp da qatılıb. Tramp Fransa torpağına enər-enməz, onu qarşılayan Makrona narazılığını bildirib. Ağ Evin sahibini narazı salan Fransa prezidentinin ABŞ, Rusiya və Çindən qorunmaq üçün ümumavropa ordusunun yaradılmasına çağırış etməsidir.

 

Ümumavropa ideyaları

Bu, Makronun heç də yeganə ümumavropa təşəbbüsü deyil. O, prezident səlahiyyətlərinə başlar-başlamaz, yəni ötən ilin yazından bir-birinin ardınca Avropa İttifaqının iqtisadi, maliyyə, hüquqi, təhsil, hüquq mühafizə və digər strukturlarında islahatların aparılması təkliflərilə çıxış edir. Makron hesab edir ki, Aİ-nin böhranlara daha dözümlü olması üçün bunlar vacibdir.

Fransa prezidentinin ən çox müzakirə olunan təşəbbüsü isə Aİ-nin maliyyə naziri postunun, avrozonanın birgə büdcəsinin yaradılması, ümumi iqtisadi siyasətə nəzarət edəcək strukturun formalaşdırılmasıdır.

Təklif olunan yeniliklər son dərəcə miqyaslı və radikaldır. Məhz bu üzdən təklif ötən ilin yayında irəli sürüldükdən bu yana onun ətrafında müzakirələr bitmək bilmir. Makronun təkliflərinin əsas əleyhdarları isə Baltikyanı ölkələr və «Vışeqrad dördlüyü»dür. Onlar islahatlardan sonra Aİ-nin inkişaf etmiş ölkələrinin mövqelərini daha da gücləndirəcəyindən ehtiyatlanır.

Lakin Aİ-nin əsas donoru və aparıcı qüvvəsi olan Almaniyanın hansı qərarı qəbul edəcəyindən çox şey asılıdır. Almaniya kansleri Angela Merkel uzun illər ərzində bütün dünyada şəksiz nüfuz sahibi olub və hər kəs onun ölkəsində bütün sahələri nəzarətdə saxladığını düşünüb. Lakin ötən ilin sentyabrından – parlament seçkisindəki ciddi səs itkisi və Almaniya Sosial-Demokrat Partiyası (ASDP) ilə koalisiyanın yaradılmasına dair danışıqların aylarla uzanmasından sonra çoxları Merkel dövrünün başa çatmaqda olduğunu düşünməyə başlayıb.

Amma onu da qeyd etmək lazımdır ki, Merkel siyasi nüfuzunu bundan əvvəldən – 2015-ci ildə Avropada «açıq qapı» siyasətini elan etməsilə itirməyə başlamışdı. Bu siyasət nəticəsində Afrika və Yaxın Şərqdən Avropaya miqrant axını demək olar ki, nəzarətdən çıxmış, bununla da istər Almaniyada, istərsə də Avropanın bir çox digər ölkəsində millətçi əhval yüksəlməyə başlamışdı. Aİ dövlətlərilə miqrantların qəbulunda kvotanın müəyyənləşdirilməsinə dair razılığa gələ bilməyən Merkel sonda Aİ-nin xarici sərhədlərinin qapadılmasına razılıq vermək məcburiyyətində qalmış, nəticədə, qaçqınlar üçün Şimali Afrikada və Türkiyədə tranzit mərkəzlərin yaradılmasına qərar verilmişdi.

Ötən ilin payızında Angela Merkel özünün Xristian-Demokrat İttifaqından (XDİ) olan partiyadaşları, Xristian-Sosialist Blokunu (XSB) və hakim koalisiyada yer alan ASDP-ni təmsil edən tərəfdaşları ilə fasiləsiz kompromis axtarışında idi. Bütün bunlar isə əlbəttə ki, kifayət qədər vaxt və güc alan işlərdir. Halbuki həmin vaxtı Avropa səviyyəsində miqrasiya siyasəti, «Brexit», avrozonada islahatlar və s. vacib məsələlərlə bağlı qərarların qəbuluna xərcləmək olar.

Hakim koalisiyaya daxil olan partiyaların (XDİ, XSB və ASDP) yerli seçkilərdə bir-birinin ardınca mövqelərini itirməsilə vəziyyət daha da ağırlaşırdı. Xüsusilə Bavariyada və Hessendə, həmçinin Almaniyanın maliyyə mərkəzi sayılan federal torpaq – Frankfurt-Maynda itkilər daha ciddi idi. Nəticədə, XDİ-nin reytinqini durmadan itirdiyini görən Merkel noyabrın əvvəlində partiyanın sədrliyindən gedəcəyini elan etməli olub. O, bu postu 2000-ci ildən tutur.

İndi onun Almaniya kansleri kimi vəziyyəti daha çox partiyadaşlarının dekabrın 8-də kimi yeni sədr seçəcəklərindən asılıdır. Bu yarışda 3 favorit olsa da, onlardan yalnız 1-i Merkelin tərəddüdsüz silahdaşıdır. Bu, hazırda partiyanın baş katibi postunu tutan Anneqret Kramp-Karrenbauerdir. «Deutsche Welle» nəşrinin yazdığına görə, onu zarafatla «Merkelin yenilənmiş surəti və ya modern variantı» adlandırırlar. Kramp-Karrenbauerin partiya sədri seçiləcəyi təqdirdə Angela Merkel 2021-ci ildə keçiriləcək parlament seçkisinədək kansler postunda qala bilər.

Digər namizədlər isə qalib gələcəkləri halda kanslerin istefası məsələsini gündəmə gətirə bilərlər. Bunlar Almaniyanın hazırkı səhiyyə naziri, Merkeli mütəmadi olaraq idarəçilik üslubuna və miqrasiya siyasətinə görə tənqid edən Yens Şpan və partiyanın Bundestaqdakı fraksiyasının sabiq rəhbəri, vaxtilə Merkel tərəfindən «kölgəyə atılmış» Fridrix Mertsdir.

Prinsipcə, Almaniya qanunları hakim partiyanın sədri olmadan da hökumətə başçılıq etməyə icazə verir. Məsələn, iki müddət kansler olmuş Helmut Şmidt heç zaman ASDP-nin sədri seçilməyib.

Ölkənin daxili sabitliyinə daha bir təhlükə var – ASDP istənilən an hakim koalisiyanı tərk edə bilər. Məsələ ondadır ki, Almaniyada bu partiyanın reytinqini sürətlə itirməsini onun əksər funksioneri məhz hökumətdə ikinci rolda çıxış etmələrilə əlaqələndirir. Son sosioloji sorğular göstərir ki, ASDP-ni əhalinin yalnız 14%-i dəstəkləyir (XDİ/XSİ blokunu dəstəkləyən respondentlər 24% təşkil edir ki, bu da çox aşağı rəqəmdir). Halbuki cəmi 1 il əvvəl keçirilən parlament seçkisində ASDP 20,5% səs yığmışdı və onda bu rəqəm belə, faciə kimi qiymətləndirilmişdi.

 

Aİ-də seçkilər

Hazırda Merkelin başçılıq etdiyi koalisiya ümumilikdə əhalinin 38%-i tərəfindən dəstəklənir. Vəziyyətinin yaxşı olmadığını anlayan A.Merkel isə Almaniyanın Aİ rəhbərliyindəki mövqeyini möhkəmləndirməyə çalışır. Əvvəllər kanslerin şəxsi beynəlxalq siyasi çəkisi çox yüksək olduğundan, o, buna ehtiyac duymurdu.

Bu arada gələn ilin mayında Avropa İttifaqı Şurası və Avropa Komissiyasının rəhbərliyinə, həmçinin Avropa Mərkəzi Bankının (AMB) sədri, qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı postlarına seçkilər keçiriləcək. «Handelsblatt» Almaniya hökumətindəki mənbəyə istinadən xəbər verir ki, kansler Avropa Komissiyasının sədri postunda Almaniya nümayəndəsini görmək istəyir. Bunun üçün o, Avropa Mərkəzi Bankının rəhbəri postuna Almaniya Federal Bankının sədri Yens Vaydmanın namizədliyini irəli sürməkdən imtina etməyə də hazırdır. «Merkel üçün prioritet AMB yox, Avropa Komissiyasıdır», - deyə Almaniya hökumətindəki yüksəkrütbəli mənbə nəşrə bildirib.

 

İkinci de Qoll olmayacaq

Ötən il «Time» jurnalı Avropanın növbəti liderinin Emmanuel Makron olacağını yazmışdı. Nəşr, yəqin ki, onun parlaq çıxışları, Aİ-də islahatların vacibliyi haqda fikirləri üzündən bu qənaətə gəlmişdi. Fransanın yeni prezidenti dünya liderlərilə qarşılıqlı etibara əsaslanan münasibətlərin qurulması işində də yaxşıdır. O, bu bacarığını Donald Tramp, Vladimir Putin, Si Cinpin və Rəcəb Tayyib Ərdoğan kimi çətin xarakterli şəxslərlə dil tapmaqla da sübuta yetirib.

Lakin Makronun ümumavropa təşəbbüslərilə çıxış etməsindən 1 il keçsə də, onlar elə təşəbbüs olaraq qalır. Bu gün həmin təşəbbüslərin həyata keçib-keçməyəcəyi, keçəcəksə bunun hansı formada və hansı müddətə baş tutacağı naməlum qalır. Bundan başqa, Makron Fransaya rəhbərlik etdiyi 1,5 ildə mövqeyinin həlledici olmasına imkan verəcək beynəlxalq siyasi nüfuz da toplaya bilməyib. Üstəlik, burada söhbət yalnız onun şəxsi xarakterindən yox, həm də onun təmsil etdiyi dövlətin çəkisindən gedir. Böyük Britaniyanın Aİ-ni tərk etməsilə, Fransa ittifaqın ikinci iqtisadiyyatına çevrilib. Lakin bu gün onun iqtisadi durumu Avropa məsələlərində daha ciddi rol oynamasına imkan vermir.

Makron hökumətinin həyata keçirdiyi sərt iqtisadi islahatlara rəğmən, iqtisadiyyatın inkişafına dair proqnozlar hələ ki, doğrulmur. «Moody's» reytinq agentliyi 2018-ci ilin yekununa görə Fransa iqtisadiyyatının inkişaf proqnozunu 2%-dən 1,8%-ə endirib. Ölkədə işsizliyin səviyyəsində də ciddi azalma yoxdur. Bu gün bu ölkədə işsizlik səviyyəsi Aİ-dəki orta səviyyədən yuxarıdır. Əgər ilyarım əvvəl o, 9,4% idisə, bu gün 9% ətrafındadır.

Əvəzində, əmək qanunvericiliyində aparılan və biznesə təzyiqlərin onun sosial öhdəliklərinin ixtisarı hesabına azaldılmasını nəzərdə tutan islahatlar bütün ölkə boyu bitib-tükənməyən etiraz aksiyalarına yol açıb. Xatırladaq ki, Paris bu islahatları Brüssel və Berlinin israrlı tələbi nəticəsində həyata keçirib.

Beləliklə, Fransada bu yaxınlaradək «yeni de Qoll» roluna iddia edən Makronun da reytinqi sürətlə azalır. Ötən ilin yayında onu fransızların 64%-i dəstəkləyirdisə, hazırda bu rəqəm 29% təşkil edir.

 

Avropada fırtına

Londonun «Telegraph» qəzeti yazır ki, Aİ-nin ikinci böyük iqtisadiyyatının bloku tərk etdiyini, bu sahədə üçüncü olan Fransanın Aİ-yə üzvlük məsələsini referenduma çıxarmağa risk etmədiyini (o, nəticənin mənfi olacağından qorxur), İtaliya ilə Avstriyanın populist hökumətlər seçdiyini, Şərq blokunun yenidən avtoritarizmə doğru yuvarlandığını nəzərə alsaq, Avropa İttifaqı ciddi problemlərlə üz-üzədir. Buraya Avropanın ən güclü iqtisadiyyatı olan Almaniyada baş verənləri də əlavə etsək, Fransada əsl fırtınadır.

Beləliklə, Angela Merkelin qatarı getsə də, Emmanuel Makron yeni de Qoll ola bilməsə də, bu gün Avropanın ən yaxşıları onlardır və onlardan başqa Aİ-nin gələcəyi haqda düşünəcək heç kəs yoxdur. Məhz bu üzdən onlar Kompyen meşəsində dünyaya münasibətlərinin çox möhkəm olduğunu, «Avropanın və dünyanın rifahı naminə işləmək əzmlərini» nümayiş etdirmək qərarına gəliblər.

Hər halda, onlara bu imkan veriləcək. Almaniya və Fransa rəhbərliyi noyabrın 18-də Berlində bir araya gələrək Aİ-də islahatlarla bağlı birgə fəaliyyət planını müzakirə edəcək. Müzakirə olunacaq məsələlərin ümumi cizgiləri onların iyunda qəbul etdikləri «Mezeberq bəyannaməsi»ndən yer alıb. Söhbət miqrasiya böhranının nizamlanmasının ümumi prinsiplərindən, avrozonada yeni maliyyə mexanizmlərinin tətbiqindən və Avropanın yeni müdafiə strukturunun yaradılmasından gedir.



MƏSLƏHƏT GÖR:

286